Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-797/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2961,03 manat əsas borc, 11,81 manat faiz borcu olmaqla, cəmi 2972,84 manat kredit borcu, 0,40 manat xidmət haqqının və ərizənin verilməsi üçün ödənilmiş 49,73 manat dövlət rüsumunun kreditor "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla 3327,74 manat məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı Cavabdeh məxsus 5419tkGNDJ/14 və 8571nkGNDJ/14 saylı kredit müqavilələri üzrə restrukturizasiya olunan kredit borcunun 3327,74 manat qalıq məbləğinin ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilədən 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 3.5.1 maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bank borcun qaytarılmasını “Müştəri”dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir və nəticədə cavabdehin 02 sentyabr 2022-ci il tarixinə 2961,03 manat əsas borc, 11,81 manat faiz borcu olmaqla, cəmi 2972,84 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1376rstkpz/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 3327,74 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.5.1-ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda Bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə vaxtından əvvəl qaytarılmasını “Müştəri”dən tələb edə bilər. Ərizəyə əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu əsas məbləğ üzrə 2961,03 manat, faiz üzrə 11,81 manat, cəmi 2972,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin kredit müqaviləsi üzrə iddiaçıdan aldığı pulu faizlər ödəmək şərtilə hər ay hissə-hissə qaytarmaq öhdəliyi olduğu, bu öhdəliyini isə kifayət qədər uzun müddət ərzində icra etmədiyi müəyyən edilir. Cavabdeh öhdəliyi icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 manat xidmət haqqı və 49,73 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 1376rstKPZ/19 saylı kredit müqaviləsi üzrə 2961,03 manat əsas borc, 11,81 manat faiz borcu olmaqla, cəmi 2972,84 manat (iki min doqquz yüz yetmiş iki manat, səksən dörd qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 50,13 manat (əlli manat, on üç qəpik) pul tutularaq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(125)-797/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-797/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver