Məhkəmə qərarları › İş №2(125)-80/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-80/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-80/2025 21.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh Ruzigar oğlunun iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh Ruzigar oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh Ruzigar oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh Ruzigar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ruzigar oğlunun mənzilindən su axması nəticəsində onun mənzilinə və əşyalarına dəymiş zərərin əvəzi olaraq 2680 manat pul vəsaitinin və 47 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ruzigar oğlu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 630 manat pulun və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat rüsumun İddiaçı alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Adil Ziyadxanov küçəsi, ev 38, mənzil 59 onun xüsusi mülkiyyətindədir. O, ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. 2024-cü ilin fevral ayının 07-də onlar evdə olmamışlar. Evə gələn zaman qonşunun mənzilindən (üst mərtəbədən) onların mənzilinə su daşmasını görmüşdürlər. Üst mərtəbədə yaşayan qonşu evdə olmadığı üçün onlar məcbur olub binaya su verənə zəng edərək suyun verilməsini dayandırmışdırlar. Həmin vaxt onun mənzilinin demək olar ki, bütün otaqlarına su daşmışdır. Onun nmülkiyyətində olan mənzil və əşyaları yararsız vəziyyətə düşmüşdür. Onlar, həmin vaxt mənzili su basmasını video-çəkiliş etmişdirlər. Bundan sonra DİN-in 102 çağrı mərkəzinə zəng edərək bu barədə məlumat vermişlər. Lakin hazırki günə kimi polis bu barədə hər hansı tədbir görməmiş, şifahi olaraq hazırki iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan əlavə olaraq həmin əraziyə baxan MKTİB-ə bu barədə məlumat vermiş, oradan gələrək onun mülkiyyətində olan mənzilə qonşu tərəfindən su axıdılması, mənzilinin və ev əşyalarının yararsız vəziyyətə düşməsi barədə akt tərtib edilmişdir. O, cavabdehlə dəfələrlə əlaqə saxlamaq istəsə də, onun telefonlarına cavab verməmişdir. Sadəcə olaraq bir nəfər şəxslə ona ismarıc göndərərək 200 manat pul verəcəyini bildirmişdir. O, dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, onunla heç cür əlaqə saxlaya bilməmişdir. Belə olan halda məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin mənzilindən onun mənzilinə su axması nəticəsində onun mənzili tamamilə bərbad hala düşmüş, eyni zamanda onun ev əşyalarına da müəyyən zərər dəymişdir. Belə ki, mənzilini su basdıqdan sonra o məcbur olub ailəsi ilə birlikdə başqa evdə qalmışdır. Mənzilini təmir etdirmək məqsədilə mənzilinə usta gətirmiş, usta onun mənzilinə dəymiş zərəri hesablayaraq əl haqqı və mal-materialla birgə 2500 manat xərcinin olmasını bildirmişdir. Bundan əlavə olaraq o, ev əşyalarını yuduzdurmuş, həmin əşyaların yuyulması, təmizlənilməsi üçün 180 manat pul ödəmişdir. Beləliklə, cavabdehin məznizilindən onun mənzilinə su axıdılması nəticəsində ona 2680 manat zərər dəymişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh iddia etdiyi pulu ustaya verib öz evində iş gördürmüşdür, onlara hər hansı pul verməmişdir. Suyu açıq qoymaları nəticəsində çən dolmuş, onların mənzilini su basmışdır. Polisə müraciət etdikdə polis də bu vəziyyətdə necə yaşayacaqlarını soruşmuş, bundan sonra mənzili təmir etdirmişlər, ancaq yenə də cavabdehin mənzilindən onların mənzilini su basmışdır. İlkin iddianın təmin olunmasını qarşılıqlı iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ziyadxanov küçəsi 197, ev 38, 62 nömrəli mənzil ona məxsusdur. Cavabdehin iddiası əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh noyabr ayında ona zəng edərək evindən suyun onun evinə sızması barədə məlumat vermişdir. O, dərhal gedib evə baxış keçirmiş və məlum olmuşdur ki, cavabdehin evinə 100 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ona bildirmişdir ki, öz ustası vardır və o, evi 400 manata düzətdirəcəkdir. O isə cavabında demişdir ki, “Nə qədər pul lazımdı verirəm, lakin sən əminsən ki, bir daha su axmayacaq?” Vüqar bir daha onun evindən heç bir su axıntısı olmayacağını bildirmişdir. O, Vüqara guya ustaya ödəmək üçün 400 manat pul vermiş, 2 gündən sonra Vüqar yenə ona yığıb material üçün 180 manat, zibili evdən çıxarmağa görə 50 manat pul tələb etmişdir. O isə 580 manat+50 manat məbləğində pul vermişdir. Öz ustası təmir edəndən bir ay sonra ona pul tələbi ilə bağlı yenidən zənglər daxil olmağa başlamışdır. xx.xx.2024-cü il tarixində o, seçki məntəqəsində sədr vəzifələrini icra edən zaman ona yenidən Vüqardan zəng gəlmiş, yenidən su axdığını bildirmişdir. O isə iş başında olduğunu, gələ bilməyəcəyini demişdir. Evə əmisinin nəvəsi Ramini göndərmiş, Ramin bildirmişdir ki, tavanın küncü və döşəyin üstü nəmlənmişdir. O, Vüqara 480 manat verdikdə “Öz ustamı gətirim?” deyə soruşmuş, Vüqar isə “Yox, mən öz ustamı gətirəcəm.” Cavabını vermişdir. O, yenidən sualla müraciət etmişdir ki, “Sənin ustan evi düzəldəndən sonra məni yenidən narahat etməyəcəksən ki, sənin mənzilindən su sızır?” Vüqar da öz növbəsində onu narahat etməyəcəyi barədə vəd vermişdir. O, lazımi qədər pul məbləğini ilkin iddia üzrə iddiaçıya vermişdir. O da öz növbəsində evi təmir etdirəcəyini və bir daha onu narahat etməyəcəyini bildirmişdir. Lakin Vüqar hər vəchlə ona zəng etmiş, əsassız yerə hədə-qorxu ilə ondan müxtəlif məbləğlərdə pul tələb etmişdir. Onun xəstə olduğunu bilərək ona maddi-mənəvi ziyan vurmağa çalışmışdır. İlkin iddia ərizəsində Vüqar qeyd etmişdir ki, guya su sızmaqla onun televizoruna ziyan dəymişdir, halbuki su sızan evin ərazisinə televizor yaxın belə durmur. Bundan əlavə evə 2500 manat məbləğində ziyan dəydiyini qeyd etsə də, dəymiş zərərin müəyyən edilməsi ancaq ekspertin səlahiyyətindədir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evi uzun müddət təmirsiz vəziyyətdə olmuşdur. O, sözügedən iddia ərizəsini verməklə 2500 manat məbləğində pulu evinin tam təmir edilməsi məqsədilə tələb etmişdir. O, 4-cü mərhələ onkoloji xəstədir. Cavabdeh hər ay ondan şantaj yolu ilə hədə-qorxu ilə pul almış, pul verildikdən bir müddət sonra yenidən ona zəng vuraraq müxtəlif məbləğlərdə hədə-qorxu ilə pul almışdır. Bundan əlavə, Vüqar dəfələrlə ona zəng edərək guya evindən onun balkonuna zibil atılması nəticəsində asılqanda qurudulan paltarların üstünə sözügedən zibillərin düşməsi barədə məlumat vermiş, bu səbəbdən təcili 50 manat məbləğində pul vəsaitinin ona göndərilməsini tələb etmişdir. Lakin o bildirmişdir ki, evdə hal-hazırda heç kim yaşamır, həmin zibillər onun evindən düşə bilməz. Vüqar isə yenidən onu şantaj etməyə başlamış, o isə xəstə olması və Bakı şəhərində müalicədə olması ilə əlaqədar əsəblərini korlamamaq və bir müddət narahat edilməmək üçün 100 manat məbləğində pulu ona göndərmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh Ruzigar oğlu qarşılıqlı iddianı müdafiə edib ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, dəyən zərər İddiaçı mənzili təmir etdirdikdən sonra olmuşdur. Cavabdeh özü ustanı gətirmiş, başında durmuş, usta düzgün iş görmədiyi üçün cavabdehin mənzilinə zərər dəymişdir. O, hər hansı cavabdehlik daşımır. Evi düzgün təmir etdirmədiyinə görə cavabdehə verdiyi pulu geri tələb edir. Qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********43-05101-093004 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB 13 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Adilxan Ziyadxanov 197, bina 38, mənzil 59 ünvanına baxış keçirilərkən müəyyən olunmuşdur ki, üst mərtəbədən 62 nömrəli mənzildən su axaraq 59 nömrəli mənzilin dəhliz, mətbəx və qonaq otağının divar və tavan hissələrinə, mənzildə olan bəzi ev əşyalarına ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6574 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 59 saylı mənzilin tavanında və divarında su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1901 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə suyun axıdılması və iddiaçıya zərər dəyməsi məhkəmə araşdırması nəticəsində tam sübuta yetirilmişdir. Cavabdeh özü də onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılmasını mübahisələndirməmişdir. Həmin ziyanın məbləği ekspert rəyi ilə 1901 manat məbləğində qiymətləndirilmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə suyun axmasının qarşısını almaq və təmir üçün lazımi qədər pul verdiyini göstərsə də, həmin pulu dəymiş zərərin aradan qaldırılması üçün deyil, axan suyun qarşısını almaq məqsədi ilə müəyyən işlərin görülməsi üçün vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin olunmaqla, Cavabdeh Ruzigar oğlundan 1901 manat pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 39,01 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat, eləcə də qarşılıqlı iddia tələbinə görə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh Ruzigar oğlundan 1901 (bir min doqquz yüz bir) manat pul və dövlət rüsumunun əvəzi olaraq 39,01 manat alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ruzigar oğluna aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilkin iddia üzrə Cavabdeh Ruzigar oğlundan alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar