Məhkəmə qərarları › İş №2(125)-819/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-819/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-819/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus evi sökərək maddi zərər vurduğuna görə 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatəti əsasında Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdurlar. Bundan başqa İddiaçı iddia həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onlara məxsus evi sökərək maddi zərərin əvəzi kimi müştərək qaydada 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun alınaraq ona verilməsinə və ya cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Nümayəndə Bəylər oğlu əslən Daşkəsən rayonunun ünvan 1indəndir. Onlar ailə üzvləri ilə birlikdə ünvan 1ində atasına məxsus olan 0,10 ha torpaq sahəsində inşa etdirdiyi evdə yaşamışlar. Həmin evi atası öz maddi vəsaiti hesabına inşa etdirmişdir. Atasının səhhəti ilə əlaqədar olaraq həkimlərin tövsiyəsi ilə 1979-cu il tarixdə Gəncə şəhərinə köçmüşdür. Onlar onunla birlikdə ailəlikcə Gəncəyə köçmüşdürlər. Köçdükləri zaman atası öz qohumu və həmkəndlisi olan cavabdeh Mizəyev Mirzəlinin evi olmadığı üçün onun xahişi ilə müvəqqəti yaşamağa icazə vermişdir. Atası evi ona yaşamağa müvəqqəti icazə verəndə heç bir maddi marağı olmamış və təmənnasız olaraq yaşamağa icazə vermişdir. Atasının xəstəliyinə görə cavabdehin ailəsinə arxayın olub xeyli müddət ərzində evlərinə baş çəkə bilməmişdirlər. Ailələrinin maddi çətinliklərinə görə o, X3 fəhlə kimi işə düzəlmişdir. Xeyli müddət kombinatda vicdanla əmək fəaliyyətində olmuşdur. İstehsalat travması almış və sağ əli fəaliyyət qabiliyyətini itirmişdir. Onlar ailəlikcə kirayədə, müəyyən dövr ərzində isə qohumlarına məxsus evdə kirayə haqqı ödəmədən yaşayırlar. Hal-hazırda mənzilə çox ehtiyacları vardır. ünvan 1ində atasının inşa etdirdiyi evin sahəsi təxminən 100 kv.m-ə yaxın idi. Eyni zamanda heyvanlarını saxlamaq üçün tövlə də mövcud olmuşdur. Cavabdeh atasına məxsus evdə yaşadığı vaxtlarda Aqrar İslahat Komissiyası vətəndaşların mülkiyyətində olan evlərin və torpaqların satatusu barədə qərarlar verdiyi üçün Mirzəli atasına məxsus evin dam örtüyünü və divarlarını dağıtmağa başlamışdır. Mövcud olmayan evə Komissiya heç bir qərar verə bilməzdi. Eyni zamanda cavabdeh onların ev sahibi kimi mövcudluğunu gizlədərək sonradan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət etmiş və Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün istifadəyə götürmüşdür. Cavabdeh faktiki olaraq onların mövcudluğunu gizlətməklə aqrar-islahatlar keçirilmədən ailələrinə məxsus təsərrüfatda şəxsi istifadələrində olan 0,10 ha torpaq sahəsini zəbt etmək niyyətində olmuşdur. Ancaq cavabdehin bu qeyri-qanuni hərəkətləri 14x7 kv.m-dən ibarət 2 otaq, 1 böyük zalın dağıdılması nəticəsində ailələrinə xeyli miqdarda maddi ziyan dəymişdir. Halhazırda cavabdehin onların istifadəsində olan torpaq səhəsində inşa etdiyi evin materialları onların evindən sökdüyü materialların hesabına icra etmişdir. Cavabdeh əvvəllər əmlaklarını dağıtdığına görə zərərin əvəzini ödəyəcəyini bildirsə də, hal-hazırda öhdəliyini yerinə yetirməkdən imtina etməkdədir. Hal-hazırda 100 kv.m sahəsi olan evin və tövlənin inşası üçün minimum 30000 manat tələb olunur. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq ona 30000 manat pul qaytararaq öhdəliyini yerinə yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəməyə yazılı izahat təqdim edərək əlavə olaraq göstərdi ki, ev atasının mülkiyyətində olmuşdur. 1979-cu ilə qədər orada yaşamış, 1979-cu ildə Gəncəyə gəlmişdirlər. Cavabdeh1 bibisi nəvəsidir. 10 sot torpaq sahəsi onların, 5 sot torpaq sahəsi cavabdehindir. Dəfələrlə demişdir ki, orada ev tikməsinlər. 2023-cü ildə ondan xəbərsiz onlara məxsus evin fundamentində ev tikmişdirlər. Cavabdeh başqa yerdə də tikə bilərdi, ancaq eyni onların evinin yerləşdiyi yerdə tikmişdir. Sübutları sadəcə arxiv sənədidir. Çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmişdirlər, cavabdeh də müraciət etdiyi üçün torpaq sahəsi üzərində mübahisə olduğu və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Torpaq sahəsi islahat vaxtı onların adına qeydiyyata düşməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəm iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, hər iki tərəf reyestr xidmətinə müraciət etmiş, hər ikisinə eyni cavab verilmişdir ki, sənəd verilməsi üçün məhkəmə qərarı olmalıdır, torpaq mübahisəlidir. Həmin torpaq sahəsinin 10 sotu onlara məxsusdur, 5 sotu cavabdehə. Cavabdeh 15 sot torpaq sahəsinə çıxarış almaq istəyir. Babası oradan çıxanda demişdir ki, müvəqqəti olaraq yaşasınlar. Torpaq şöbəsinə getmiş, orada demişdirlər ki, torpaq sahəsi qeydiyyata alınmamışdır. Koordinatları yeni, bir neçə ay olar ki çəkilmişdir. 1979-cu ildən indiyə kimi atası arabir gedib baş çəkmişdir, həmin vaxt Mirzəligil orada yaşamışdırlar. Aqrar İslahat Komissiyası tərəfindən qərar verilmiş, həmin qərara əsasən torpaq sahəsi Mirzəliyə verilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin torpaq sahəsi dövlət tərəfindən, 1997-ci ildə Aqrar İslahat Komissiyasının qərarına əsasən ona verilmişdir. 40 ildir ki, orada yaşayır, tikili evi vardır. Çıxarış almaq üçün reyestr xidmətinə də müraciət etmişdir. İddia əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı və onun ailəsi o vaxt evi tam söküb Gəncəyə köçmüşdürlər. Torpaq sahəsi boş olduğuna görə 1997-ci ildə islahat olanda torpaq sahəsi onlara verilmişdir. Orada 5 sot torpaq sahəsi ayrılmışdır. Bünövrədə ev tikilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1997-ci ildə islahat aparılıb, həmin vaxt torpaq sahəsini atasına vermişdirlər. Yenidən xəritə tərtib olunmuşdur. Torpaqlar bölünüb paylananda atasına vermişdirlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyib, mübahisəli ərazinin ata yurdu olduğunu, orada doğulub böyüdüyünü göstərərək iddianın təmin olunmamasını məhkmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon Zağalı k. İƏDÜN-nin 1977-1979-cu illəri əhatə edən ünvan 1inə dair 112 saylı təsərrüfatbaşına kitabının 440 nömrəli şəxsi hesabından İddiaçı atası mərhum Nümayəndə Bəylər oğlunun mülkü və torpaq sahəsi barədə məlum olmuşdur, ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Nümayəndə Bəylər oğlunun istifadəsində olmuş, 1957-ci ildə ev tikilmiş, təsərrüfat üzvləri 1979-cu ildə Kirovabada köçmüşdürlər. İ-İE 200581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş İddiaçı ata qrafasında Nümayəndə Bəylər oğlu, ana qrafasında isə X1 qeyd olunmuşdur. İİİ-JQ 497342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Bəylər oğlu xx.xx.1990-cı ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Nümayəndə Bəylər oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-8930/2024 nömrəli məktubun surətindən görünür ki, Daşkəsən rayonu, ünvan 1i ərazisində yerləşən torpaq sahəsi üzərində mübahisə halı mövcud olduğundan işin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışının surətindən görünür ki, Daşkəsən rayon Zağalı kənd sovetinin 1986-1990-cı illəri əhatə edən ünvan 1inə dair 134 saylı təsərrüfatbaşına kitabının 511 nömrəli şəxsi hesabından Cavabdeh1 torpaq sahəsi barədə məlum olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 istifadəsində olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 8450/2024 nömrəli məktubun surətindən görünür ki, Daşkəsən rayonu, ünvan 1i ərazisində yerləşən torpaq sahəsi üzərində mübahisə halı mövcud olduğundan işin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh1 Adil oğlunun istifadəsinə verilmiş Daşkəsən rayonu, ünvan 1ində yerləşən 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X5 kitabında xx.xx.2011-ci ildə 1500 nömrə ilə uçota alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göründüyü kimi, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə cavabdeh Mİrzəliyev Mirzəli Adil oğluna 500 kv.m torpaq sahəsi ayrılmış, cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Mübahisəli torpaq sahəsinə dair iddiaçının iddia tələbinin hüquqi əsası olmamışdır. Belə ki, həmin torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir sübut təqdim edilməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 180 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minr. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar