Məhkəmə qərarları › İş №2(125)-828/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-828/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-828/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, İddiaçı, onun vəkili, Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 15.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 15.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 15.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə onun tanışlıq münasibətləri vardır. Buna görə də o, Cavabdeh inanmış və sonuncunun ehtiyacı olduğu halda həmin şəxsə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borc vermişdir. Belə ki, 18 may 2021-ci il tarixdə o, Cavabdeh 3.000 manat, 30 may 2021-ci il tarixdə 1.000 manat, 19 iyun 2021-ci il tarixdə 6.000 manat və 21 iyun 2021-ci il tarixdə isə 5.500 manat məbləğində pul vəsaitini borc vermişdir. Onun Cavabdeh verdiyi borc Cavabdeh ilə bağlanmış borcun etirafına dair müqavilələr və kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Buna görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 15.500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək, iddianın təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 may 2021-ci il tarixli və 30 may 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 18 may 2021-ci il tarixdə 3.000 manat məbləğində, 30 may 2021-ci il tarixdə isə 1.000 manat məbləğində pul vəsaitini 15 iyun 2021-ci il tarixinə kimi qaytarmaq şərti ilə İddiaçı borc aldığını etiraf etmişdir İşdə olan 19 iyun 2021-ci il tarixli borcun etirafına dair müqavilədən görünür ki, Cavabdeh 19 iyun 2021-ci il tarixdə 6.000 manat məbləğində pul vəsaitini 06 ay müddətində qaytarmaq şərti ilə İddiaçı borc aldığını etiraf etmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 01 dekabr 2021-ci il tarixinədək qaytarmaq şərti ilə İddiaçı 5.500 manat məbləğində pul vəsaitini borc almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 18 may 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 manat, 30 may 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat, 19 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.000 manat və 21 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.500 manat, cəmi 15.500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 168 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh 18 may 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 (üç min) manat, 30 may 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 (bir min) manat, 19 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.000 (altı min) manat və 21 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.500 (beş min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 168 (bir yüz almış səkkiz) manat 60 (altmış) qəpik, cəmi 15.668 (on beş min altı yüz altmış səkkiz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar