Məhkəmə qərarları › İş №2(125)-834/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-834/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-834/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-476/2014 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahından xx.xx.2008-ci ildə Telman və xx.xx.2009-cu il tarixdə Lalə adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 476/2014 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə qida məhsullarının və gündəlik tələbat mallarının qiyməti artdığına görə, həmin aliment məbləği uşaqların tələbatını ödəməyə kifayət etmir. Belə ki, oğlu 10-cu sinifdə oxuyur və 5 fənn üzrə hazırlığa gedir, qızı isə 9-cu sinifdə oxuyur və 4 fənn üzrə hazırlığa gedir. O isə təyin olunan aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Buna görə də cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdeh əvvəllər hərbiçi olmuşdur, hazırda isə təqaüdə çıxmışdır. Cavabdehin təqaüdünün yüksək olması ilə yanaşı o, fərdi əməklə də məşğul olur və yaxşı qazanc əldə edir. Lakin aliment ödənişindən başqa uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ondan İddiaçı xeyrinə hər ay Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-476/2014 nömrəli qətnaməsi ilə hər ay hər uşağa görə 70 manat, cəmi 140 manatdan az olmamaq şərtilə aliment tutulması qət edilsə də, birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay həmin məbləğdən artıq məbləğdə vəsait sərf edir. O, hazırda Bakı şəhərində yerləşən bazarlardan birində meyvə-tərəvəz ticarəti ilə məşğul olur və aylıq qazancı 1.500-3.000 manat məbləğindədir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-476/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinə razı deyildir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-476/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü ildən başlayaraq Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş Telman və xx.xx.2009-cu il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manatdan az olmamaq şərtilə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulub Babayeva (Ələkbərova) Jalə Nazim qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2014-cü ildə yaşayış minimumu haqqında» xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2014-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 103 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, uşaqların böyüdükcə tələbatlarının artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-476/2014 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2(044)- 476/2014 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 16 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 28 avqust 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar