Məhkəmə qərarları › İş №2(125)-861/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-861/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-861/2022 27.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 25 noyabr 2019-ci il tarixli, 1839rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.865 manat 94 qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik, cəmi 15.926 manat 47 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 138 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 25 noyabr 2019-ci il tarixli, 1839rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.865 manat 94 qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik, cəmi 15.926 manat 47 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 138 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 25 noyabr 2019-cu il tarixdə bağlanmış 839rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən həmin cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 15.924 manat 58 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə Bank «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun həmin müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə Cavabdeh1 mülkiyyətinə verməyi, həmçinin ona bank hesabları açmağı və Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 09 may 2022-ci il tarixə Cavabdeh1 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 15.865 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik məbləğində borcu yaranmışdır. Sonda Nümayəndə iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2019-cu il tarixli, 1839rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, güzəştli kredit və bank hesabı müqaviləsinin təyinatı restruktrizasiya olunan 11 noyabr 2014-cü il tarixli, 2618micGNDJ/14 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 15.924 manat 58 qəpik qalıq məbləğinin ödənilməsidir. Həmçinin həmin müqavilədən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 09 may 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 15.865 manat 94 qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik, cəmi 15.926 manat 47 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit və bank hesabı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 15.865 manat 94 qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 25 noyabr 2019-ci il tarixli, 1839rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 15.865 manat 94 qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 manat 53 qəpik, cəmi 15926 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 138 manat 18 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 25 noyabr 2019-cu il tarixli, 1839rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.865 (on beş min səkkiz yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik, 09 may 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 60 (altmış) manat 53 (əlli üç) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 138 (bir yüz otuz səkkiz) manat 18 (on səkkiz) qəpik, cəmi 16.064 (on altı min altmış dörd) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar