Məhkəmə qərarları › İş №2(125)-863/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-863/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-863/2022 05.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə 2.900 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızı Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə 10.460 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırılanması yekunlaşanadək G.T.Hacıyeva (Hacıyeva) iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə 2.900 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı (Hacıyeva) məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, cavabdehlə 17 noyabr 2018-ci ildə nikaha girsə də, onların birgə nikahlarından uşaqları olmamışdır. Onlar bir müddət birlikdə yaşasalar da, sonradan aralarında olan ər-arvad münasibətləri pisləşmiş və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-88/2022 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. O və Cavabdeh birgə nikah dövründə «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Samux» filialından 25 fevral 2019-cu il tarixdə 48 ay müddətinə ödəmək şərti ilə 26,84 faiz dərəcəsi ilə 6.373 manat 76 qəpik məbləğində kredit götürmüş və cavabdehin yaşadığı fərdi yaşayış evində yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf etmişlər. Lakin həmin müqavilə üzrə bütün öhdəlikləri o, icra etmişdir və hazırda da həmin öhdəliklərin icra olunmamış hissəsini icra etməkdədir. O, Cavabdehlə birgə nikah dövründə kredit vəsaitinin əldə olunmasını və öhdəliklərin bir hissəsinin də həmin dövrdə icra edildiyini nəzərə alaraq, xx.xx.2019-cu il tarixli, 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə 2.900 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş və cavabdehlə də razılıq əldə etmişdir. Sonda İddiaçı (Hacıyeva) iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək bildirdi ki, o, iddiaçı ilə 17 noyabr 2018-ci ildə nikaha girmiş, sonradan onlar arasındakı nikah Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-88/2022 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı və o birgə nikah dövründə «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Samux» filialından 25 fevral 2019-cu il tarixdə 48 ay müddətinə ödəmək şərti ilə 26,84 faiz dərəcəsi ilə 6.373 manat 76 qəpik məbləğində pul vəsaitini kredit almışlar. Lakin həmin pul vəsaiti birgə nikah dövründə ümumi xərclərin ödənilməsinə sərf olunmuş, öhdəliklərin yalnız bir hissəsi isə İddiaçı tərəfindən icra olunmuşdur. Buna görə də o, həmin müqavilə üzrə öhdəliklərin yarısını, yəni 2.900 manat məbləğində hissəsini tam həcmdə etiraf edir. Sonda Cavabdeh iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu və iddianın təmin olunmasına razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 307432 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızı arasında nikah xx.xx.2018-ci ildə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2623 nömrəsi ilə qeydə alınmışdır. İşdə olan AZ-İ seriyalı 377928 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızı arasında olan nikah Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-88/2022 saylı qətnaməsi ilə 08 iyun 2022-ci ildə pozulmuşdur. İş materiallarında olan 25 fevral 2019-cu il tarixli 185RGTK0342455AA saylı kredit müqaviləsindən görünür ki, G.T.Hacıyeva (Hacıyeva) «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Samux» filialından 25 fevral 2019-cu il tarixdə 48 ay müddətinə ödəmək şərti ilə 26,84 faiz dərəcəsi ilə 6.373 manat 76 qəpik məbləğində pul vəsaitini kredit almışdır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının 25 fevral 2019-cu il tarixli 185RGTK0342455AA saylı kredit müqaviləsi öhdəliklərinin Cavabdeh ilə birgə nikah dövründə yarandığını və həmin öhdəliklərin icrası məqsədi ilə İddiaçı (Hacıyevanın) 2.900 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməsini, Cavabdeh isə iddia tələbini etiraf etməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızı ilə «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Samux» filialı arasında bağlanmış 25 fevral 2019-cu il tarixli 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 2.900 manat məbləğində pul vəsaiti İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının iddiası təmin edilsin. İddiaçı Cavabdeh İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızı ilə «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Samux» filialı arasında bağlanmış 25 fevral 2019-cu il tarixli 185RGTK0342455AA saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 2.900 (iki min doqquz yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 49 (qırx doqquz) manat, cəmi 2.949 (iki min doqquz yüz qırx doqquz) manat məbləğində pul vəsaiti İbrahimova (Hacıyeva) Gülnarə Tahir qızının xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar