Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-900/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq 400 (dörd yüz) manat məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(044)-1997/2019 saylı qətnaməsi ilə xx.xx.2017ci il təvəllüdlü X1 üçün cavabdehdən 150 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh alimenti ödəməsinə baxmayaraq, hazırki vaxtda 150 manat aliment uşağın ehtiyacını ödəmir. Uşaq günü-gündən böyüyür və onun ehtiyacları da avtomatik olaraq artmaqdadır. Kəsilən 150 manat aliment isə heç azyaşlının geyim və əyləncə xərclərini ödəmir, gələn il üçün övladı məktəbə gedəcək və maddi cəhətdən sıxıntılar başlayacaqdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq maksimum dərəcədə alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh ilə birgə nikahlarından 22 dekabr 2017-ci il tarixdə anadan olmuş Məhəmməd adlı uşağın tələbatlarının ödənilməsində çətinlik çəkir. Uşağın xərcləri günü-gündən artır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanılmasında kifayət etmir. Özü musiqi məktəbində müəllimə işləsə də, aylıq gəliri azdır. Uşaq hazırlıqlara gedir, bundan başqa uşağın əlavə digər tələbatları da artmışdır. Cavabdeh gəlirləri barədə sübutu və məlumatı yoxdur. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hal-hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur və aylıq gəliri sabit deyildir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Belə ki, həmin aliment məbləğinin ödənilməsinə də atası köməklik edir. Maddi vəziyyəti yaxşı deyildir. Ümumiyyətlə, İddiaçı ilə birgə nikahlarından anadan olmuş Məhəmməd adlı uşağı sonuncu dəfə 1 yaşı olanda görmüşdür. Uşağı ilə görüşüb ünsiyyət saxlaya bilmir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 10 manat məbləğində artırılmasına razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 299865 nömrəli, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 29 mart 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 mart 2019-cu il tarixdə 79 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Məmmədov”, arvada “Qasımova” soyadı verilmişdir. AZ-İV seriyalı, 065072 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 22 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – X4r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-178/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Məmmədova (Qasımova) Günel Elşən qızının xeyrinə ödənilməsi və Məmmədova (Qasımova) Günel Elşən qızı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 (otuz) manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 14 dekabr 2023-cü il tarixli, MŞG/1-MT007/2023-040021 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “alimentin artırılması” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə xx.xx.2023-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-178/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Məmmədova (Qasımova) Günel Elşən qızının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 150 (bir yüz əlli) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq 400 (dörd yüz) manat məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarıılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini bildirərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 4 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olmaqla hazırki iddianı məhkəmədə qaldırmaq üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 70 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 840 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1997/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-900/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-900/2024
15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver