Məhkəmə qərarları › İş №2(125)-905/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-905/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-905/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində ev 28-də qeydiyyatda olan və yaşayan Cavabdeh ona borclu olduğu 11.000 manat borc pulun və 14.630 manat dəyərində olan cavabdehə borc kimi verilən 10 adda qızıl zinət əşyasının naturada, naturada olmadıqda isə onun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə və məhkəməyə ödədiyi 168 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxşı tanıyır, qohumluq əlaqələri olmuşdur. O, başına iş gəldiyini bildirib ona pul lazım olduğunu bildirmişdir. Ona etibarı olduğu üçün hissə hissə olmaqla ondan 10-luq qızıl klon və bir neçə komplekti ümumilikdə 14.630 manatlıq qızıl və 11.000 manat pul vermişdir. Cavabdehin ona borclu olduğu pulun 11.000 manatı hissəsini nəğd pul formasında borc vermişdir. Həmin pulu arvadının cərrahi əməliyyatı üçün ondan borc almışdır, digər 14.630 manat pul hissəsi isə ondan ibarətdir ki, cavabdeh ondan 14.630 manat dəyərində qızıl-zinət əşyasını götürərək, lombarda girova qoymuş və işdən çıxmaması üçün borc pul götürmüşdür. Lakin bu günə qədər cavabdeh pulu qaytarmamışdır. Qızılları isə lombarda qoyduğuna görə lombarddan həmin qızılları o borcunu ödəmədiyinə görə geri götürə bilmir. Bu səbəbdən də həmin qızılın məbləğini də Cavabdeh tələb etmək məcburiyyətindədir. Cavabdehə verdiyi qızıllar: 15-lik nikolay rus qızılı klon qızıl seplə birlikdə, klon 15 qram və sepi 16 qram, 585 əyyarlı- 3600 manat dəyərində; Dəst qızıl üzük və sırğa, 585 əyyarlı, 13, 5 qram çəkidə-1250 manat dəyərində; Dəst qızıl brilyant qaşlı üzük və sırğa, 750 əyyarlı, 18,4 qram çəkidə-2250 manat dəyərində; Dəst ürək formalı qızıl üzük və sırğa, 585 əyarlı, 13 qram çəkidə-1500 manat dəyərində; Qız bürcü olan qızıl sep və klonu, 585 əyyarlı, 5 qram çəkidə - 560 manat dəyərində; Ürək formalı klonlu qızıl sep, 585 əyyarlı, 7 qram çəkidə -700 manat dəyərində; 1 ədəd brilyant qaşlı üzük, 750 əyyarlı, 7 qram çəkidə--950 manat dəyərində; 1 ədəd sadə qaşlı ağ qızıl bəzəkli üzük 750 əyyarlı, 4,2 qram çəkidə -600 manat dəyərində; 1 ədəd sirkon qaşlı üzük, 585 əyyarlı, 2,5 qram çəkidə -220 manat dəyərində; 1 dəst qızıl üzük və sırğa palma formalı, 750 əyyarlı, 23,8 qram çəkidə -3000 manat dəyərində. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq prosesdə iştirak edə bilməyəcəyini və mülki işin başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə İddiaçı 5000 manat məbləğində borc almış qaytarmamışdır, qızıl alıb lombarda qoyub 2000 manat pul götürmüş, ikinci dəfə qızıl alıb 4000 manat lombarddan pul götürmüşdür. Həmin pulları öz işinə sərf etmişdir. 1300 manat əlavə pul almış banka olan borcu bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə icraatı zamanı iddiaçıdan (5000+2000+4000+1300=12300) pul borc aldığını etiraf etmiş, həmin borcun ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən 12300 manat pulun borc alınması hissəsində etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı həmin hissədə iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etirafı qəbul edilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıdan aldığı qızıl-zinyət əşyalarını lombarda girov qoyaraq pul məbləğləri aldığını bildirmişdir. Lakin cavabdehin lombarda qoyduğu iddiaçıya məxsus qızıl-zinyət əşyalarının dəyərinə dair hər hansı sübut təqdim edilmədiyindən, həmin əşyaların dəyəri cavabdehin etirafına müvafiq müəyyən edilməlidir. Bundan başqa, iddiaçı 11000 manat borc pulun və 14.630 manat dəyərində olan qızıl-zinyət-əşyalarının, bu mümkün olmadıqda onların dəyərinin tutulmasını xahiş etsə də, iddianı qalan hissədə təsdiqləyən mötəbər sübut təqdim etməmişdir. Belə ki, sübut qismində təqdim edilən səs yazılarının və yazışmaların tədqiq edilməsi zamanı cavabdeh konkret məbləğ bildirmədən iddiaçıya borcu olduğunu təsdiqləmişdir. Digər tərəfdən, iddiaçı tərəfdən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzlə iddiaçı tərəfindən cavabdehə pul köçürüldüyü müəyyən olunmur. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12300 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,9 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12300 (on iki min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat 90 (doxsan) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar