Məhkəmə qərarları › İş №2(125)-916/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-916/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-916/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 75 manat aliment məbləğinin artırılaraq, Cavabdeh hər ay sabit məbləğdə hər uşağa 220 manat olmaqla, cəmi 660 manat aliment, həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2003-cü ildə qeyri-rəsmi olaraq ailə qurub, xx.xx.2004-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2004-cü ildə Fateh, xx.xx.2006-cı ildə Nihad, xx.xx.2009-cu ildə Səfirəddin və xx.xx.2013-cü ildə Rza adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışdırlar. Nikahlarının pozulması ilə bağlı Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Hazırda uşaqlarla birlikdə kirayədə yaşayır və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən hər uşağa 75 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment kəsilmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləği də ödəməmiş, aliment borcu yaranmışdır. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir, uşaqları hazırlıqlara qoya bilmir. İmkansızlığa görə müəllimə işlədiyi halda öz ərizəsi ilə işdən çıxmışdır. 2021-ci ildən özü işləyib uşaqları saxlamağa çalışır. Cavabdehin isə gəlrinin yaxşı olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, maddi imkanı zəifdir. Fərdi işlə məşğuldur. İşlədiyi yerlərdə yatıb, gecələyir. İddiaçı özü tibbi yardımda tibb bacısı işləyir. Əməliyyat olunduğuna görə işləməsində problemlər yaranır. 3 uşaq üçün cəmi 320 manat aliment ödəməyə maddi imkanı çatır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 940529 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2004-cü ildə Göygöl rayon Qeydiyyat şöbəsində 122 nömrə ilə qeydə alınmışdır. AZ-İ 804061 nömrəli, AZ-İİ 239828 nömrəli və AZ-İİİ 108271 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Nihad, xx.xx.2009-cu ildə Səfirəddin və xx.xx.2013-cü ildə Rza adlı uşaqları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 75 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göygöl Rayonu Çaykənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, Cavabdeh Göygöl rayonu, Çaykənd Bələdiyyəsi ərazisində adına heç bir rəsmi iş yeri yoxdur və hal-hazırda işləmir. xx.xx.2022-xx.xx.2022-ci il tarixli 027 saylı xəstənin ambulator-stasionar tibbi kartasından çıxarışdan görünür ki, müalicə həkimi S.Əmirov tərəfindən Cavabdeh sağ tərəfli qasıq xaya yırtığı diaqnozu qoyulmuş, herrimetomiya alloplastika əməliyyatı icra olunmuşdur. xx.xx.2023-cü il tarixli, MŞG/1-MT007/03447 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 13:00-da təyin edilən ilkin mediasiya sessiyasında iştirak etməmiş, 55 manat mediasiya xərcini İddiaçı tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşaqların saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etmişdir. «X6» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə 31,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı ildə anadan olmuş X2, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 31,40 (otuz bir manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş mediasiya xərci 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar