Məhkəmə qərarları › İş №2(125)-923/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-923/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-923/2023 01.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsinə əsasən, Bankın 36 ay müddətinə, illik 6 faiz dərəcəsiylə verdiyi 15000 manat krediti və ona hesablanacaq faizləri ödəməyi borcalan öhdəsinə götürmüşdür. Həmin Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat qismində sonuncu, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən "xxxx" ASC-yə 7136 manat ödəniş edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-107/2018 saylı qətnaməsi ilə LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 5832.08 manat, faiz borcu üzrə 1400.56 manat olmaqla, cəmi 7232.64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat pulun iddiaçının xeyrinə tutulması; tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti 38000 manat qiymətləndirilmiş ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi; ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 25/2022 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-107/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzindən LPO "xxxx" ASC-yə ödədiyi 7136 manat pulun, maddi və mənəvi zərərə görə 7000 manat, əldən çıxmış faydaya görə 3000 manat, cəmi 17136 manat məbləğində pulun və 166 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün ona məxsus ipoteka predmetini ucuz qiymətə sataraq 7136 manat borcu ödəməli olmuşdur. Fikirləşirdi ki, ipoteka predmeti yüklülükdən azad edildikdən sonra onu sataraq sahibkarlığını genişləndirəcəkdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh 7136 manat pulu hər ay hissə-hissə ödəyə biləcəyini, iddianı qalan hissədə qəbul etmədiyini bildirdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (475.1). Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (475.2). Mülki işin tədqiq edilmiş faktiki halları əsasında müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan Cavabdeh icra etmədiyi 7136 manat pul öhdəliyi zamin İddiaçı tərəfindən Bank qarşısında icra edilmişdir və həmin hissədə tələb hüququ zaminə keçmişdir. Belə olan halda, hazırkı iş üzrə 7136 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən həmin pulun tam və ya qismən ödənilməsini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı maddi və mənəvi zərərə görə 7000 manat, əldən çıxmış faydaya görə 3000 manat pulun tutulmasını xahiş etmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı tələbin maddi ziyanın və əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində tam və ya qismən əsaslılığını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsaslanaraq, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığından, həmin Məcəllənin 76.2-ci maddəsində sadalanan əlavə sübutlar təqdim etməyi iddiaçıya təklif etmişdir. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Baxılan iş üzrə cavabdehin hansı qanunsuz hərəkətlərinin iddiaçının şüurunda mənfi psixi reaksiyaya, onun iztirab keçirməsinə səbəb olduğu əsaslandırılmamışdır. İş materialları əsasında iddiaçının mənəvi zərərə düçar olması barədə qənaətə gəlmək mümkün deyil. Belə ki, borcalanın müqavilə öhdəliklərinin təminatı qismində ona məxsus əmlakı ipoteka ilə yüklü etməsinə dair hərəkətinin yaratdığı hüquqi nəticələr özüözlüyündə birmənalı şəkildə iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək 7136 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, əsaslılığı təsdiq olunmadığından iddia qalan hissədə edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7136 (yeddi min yüz otuz altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar