Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-924/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 oktyabr 2020ci il tarixli, 2(043)-3408/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 400 (dörd yüz) manat cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı iki uşaqları olmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat aliment təyin olunmuşdur. Cavabdeh ona maddi cəhətdən heç bir köməklik etmir. Cavabdeh tərəfindən ödənilən aliment hazırkı vəziyyətdə uşaqların heç bir maddi təminatını ödəmir. O, heç bir yerdə işləmir, özü uşaqlarla birlikdə anasının yanında yaşayır, uşaqların bütün xərclərini anası çəkir, onun heç bir yerdən gəliri yoxdur və uşaqları tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir, çünki uşaqlar böyüdükcə onların xərcləri də artır. Uşaqlar məktəbə və hazırlığa gedirlər, uşaqların çantası, kitabları, məktəb paltarları, hazırlığı və hər ay ödənişləri vardır. Cavabdeh bir dəfə də olsun uşaqlarla maraqlanmır. Cavabdeh şəxsi bizneslə məşğul olur, Moskva şəhərində şəxsi meyvə tərəvəz mağazası var, özünün şəxsi maşını var icarəyə verir və 50 sot xurma bağı var. Hər fəsildə Moskva şəhərinə meyvə tərəvəz vurur, ticarət ilə məşğul olur, aylıq gəliri 2000 (iki min) 4000 (dörd min) manat civarındadır. Ona görə də uşaqların saxlanması üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa 400 (dörd yüz) manat cəmi 800 (səkkiz yüz) manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) X3 iddia tələbini qəbul etməyək izahatında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3408/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Amil və Leyla adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması müəyyən edilmişdir. Cavabdehin maddi imkanı tələb olunan məbləği ödəməyə yol vermir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti çətinliklə ödəyir. Eyni zamanda oğlu olan cavabdeh İİ dəfə ailə həyatı qurmuş və həmin evlilikdən 2 uşağı vardır. Həmin uşaqlar azyaşlı olmaqla cavabdehin himayəsindədir. İddiaçının qeyd etdiyi kimi torpaq sahəsi yoxdur və xurma bağı isə atasına məxsusdur. Alimentin artırılmasına razı deyildir. Ümumiyyətlə cavabdehin səhhətində problemlər var. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3408/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, 01 oktyabr 2010-cu il təvəllüdlü X9 və 30 yanvar 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi sabit pul məbləği ilə 260 (iki yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 01 oktyabr 2010-cu il tarixdə doğulmuşdur. AA seriyalı,0629518 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 30 yanvar 2014-cü il tarixdə doğulmuşdur. AZ-İİ seriyalı, 255144 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Şəmkir rayon İHB Aşağı Seyfəli kənd icra nümayəndəliyində 26 aprel 2016-cı il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abbasov”, arvada “Məmmədova” soyadları verilmişdir. AZ-İV seriyalı, 086613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 20 fevral 2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Valideynləri atası Cavabdeh, anası X2r. AZ-İV seriyalı, 832392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 31 oktyabr 2022-ci il təvəllüdlü X12 doğulmuşdur. Valideynləri atası Cavabdeh, anası isə X6 qeyd edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli utrasəs müayinəsindən görünür ki, Cavabdeh yüngül hepatomeqaliya mədəaltı vəzdə diffuz qalınlaşma sol böyrəkdə pielonefrit əlamətləri diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 987 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayır. Vətəndaşın adına torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 987/1 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu Aşağı Seyfəli kəndində ailə üzvləri xx.xx.1991-ci il təvəllüdlü, arvadı, evdar qadın X6, xx.xx.2017-ci il təvəllüdlü, qızı, azyaşlı X8 və xx.xx.2022-ci il təvəllüdlü, oğlu, azyaşlı X12 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş məşğulluq haqqında 26 dekabr 2022-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞG/1-06300 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixində 11:00 saatlarında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh qeyd olunan telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:50-də zəng edilmiş, lakin zəng çatmamışdır. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddiaçının uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı bilavasitə aydın oldu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3408/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 01 oktyabr 2010-cu il təvəllüdlü X9 və 30 yanvar 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi sabit pul məbləği ilə 260 (iki yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş cəmi 260 (iki yüz altmış) manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, lakin cavabdehin mövcud gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə maddi imkanının olmadığını, eyni zamanda İİ dəfə ilə həyatı qurmasını və həmin evlilikdən olan 2 azyaşlı uşağının da onun himayəsində olmasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment miqdarının artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən üç ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, hazırda uşaqların məktəbli olması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, cavabdeh olan atanın 2-ci dəfə ailə həyatı qurmasını, həmin evlilikdən olan 2 azyaşlı uşağının da onun himayəsində olmasını nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3408/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi alimentə dair qalan hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 40 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 480 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3408/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-924/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-924/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver