Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-925/2023 01.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2, Cavabdeh1, onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payların kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilinin natural qaydada bölünməsi, bu mümkün olmadığı təqdirdə, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun tərəflərin paylarına mütənasib formada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi E.O.Osmanov iddianın dəqiqləşdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilinin yaşayış sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehin payının iddiaçı tərəfindən kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzil İddiaçı ilə cavabdehlərin ümumi paylı mülkiyyətindədir. Mübahisə predmeti olan həmin mənzil hazırda yalnız onun istifadəsindədir. Lakin Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilinə onun mülkiyyət və eləcə də istifadə hüquqlarının həyata keçirilməsinə mane olur. Mülki işin məhkəmə tədqiqi zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində isə qeyd olunan əmlakın naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Həmçinin onlar arasında payların kompensasiya edilməsi barədə razılıq əldə olunmamışdır və o, cavabdehlə kompensasiya verilməklə ikisindən birinin mülkiyyət hüququna xitam verilməsi məsələsində razılığa gələ bilmir. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o, mənzilin naturada bölünməsinə, kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsinə və əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunan pulun tərəflər arasında bərabər qaydada bölünməsinə razı deyildir. Çünki, onun iddiaçıya kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsi üçün maddi imkanı yoxdur. Nə də iddiaçının onun payının dəyərini ödəməyə maddi imkanı yoxdur. Mənzilin açıq hərracdan satılması məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Sonda Cavabdeh1 qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili X.M.Əkbərov Cavabdeh1 izahatını müdafiə edərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçını, onun nümayəndəsini (vəkilini), Cavabdeh1 və onun vəkili X.M.Əkbərovu dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-05101-093002 reyestr nömrəli daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilin 10,7 kvadrat metrdən ibarət 1 yaşayış otağına Cavabdeh1, 35,9 kavdrat metrdən ibarət 3 yaşayış otağının ½ hissəsinə Cavabdeh2 və digər ½ hissəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 31 mart 2023-cü il tarixli 10/1165 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilin 10,7 kvadrat metrdən ibarət 1 yaşayış otağına Cavabdeh1, 35,9 kavdrat metrdən ibarət 3 yaşayış otağının ½ hissəsinə Cavabdeh2 və digər ½ hissəsinə İddiaçı payları müəyyən edilmiş, onların bu payları əsasında mənzil üzərində ümumi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli mənzildən istifadə hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, onların bir-birilərinə paylarına mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüququ qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, cavabdehlər evin iddiaçının payına düşən hissəsinə görə müvafiq əvəz ödəmək iqtidarında deyildir. Eləcə də, iddiaçı cavabdehin kompensasiya kimi tələb etdiyi məbləği ödəmək iqtidarında deyildir. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli evin, mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Çünki, mübahisəli evin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bununla yanaşı, mübahisəli mənzilin hazırki vəziyyətini nəzərə alaraq onun mülkiyyətçilər arasında paylarına münasibətdə 2 hissəyə təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2,9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Tərəflərin ümumi mülkiyyətində olan Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzilin ümumi sahəsi 76,9 kvadrat metr, yaşayış sahəsi isə 46,6 kvadrat metrdir. Qeyd olunan mənzilin yaşayış sahəsinin 10,7 kvadrat metrdən ibarət 1 yaşayış otağına, yəni 22,96 faiz hissəsinə Cavabdeh1, 35,9 kavdrat metrdən ibarət 3 yaşayış otağının ½, yəni 38,52 faiz hissəsinə Cavabdeh2 və digər ½, yəni 38,52 faiz hissəsinə İddiaçı payları mövcuddur. Buna görə də məhkəmə mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini, yəni satış pulunun 22,96 faiz hissəsinin Cavabdeh1, 38,52 faiz hissəsinin İddiaçı və 38,52 faiz hissəsinin Cavabdeh2 verilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbinin mənzilin naturada bölünməsi hissəsi təmin olunmadığından, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulu iddiaçıdan tutmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 9 nömrəli evin 23 nömrəli mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı (22,96 faiz hissədə pay), İddiaçı (38,52 faiz hissədə pay) və Cavabdeh2 (38,52 faiz hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-925/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-925/2023
01.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver