Məhkəmə qərarları › İş №2(125)-94/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-94/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-94/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 15.000 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş xidmət haqqının əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bibisi oğlu Elşad Mustafayev hərbi xidmətdə olarkən xx.xx.2020-ci il tarixdə hərbi hissəni icazəsiz tərk edərək evə gəlmişdir, onun barəsində Azərbaycan Respublikası CM-nin 333.6-cı maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçının bibisi Mustafayeva Məhəbbət bu barədə köməklik etməsi üçün Cavabdeh ilə əlaqə saxlamışdır. Cavabdeh ona bildirmişdir ki, tanışları vasitəsilə 23.000 manat pul müqabilində Elşadın cinayət işini xitam etdirə biləcəkdir. Bundan sonra Məhəbbət özünün və qızının qızıllarını Gəncə univermağında satıb 8.000 manat məbləğində pul vəsaitini Gülnara vermişdir. Yerdə qalan pulun bir hissəsi olan 12.000 manat məbləğində pul vəsaitini "xxxx" QSC-dən kredit götürərək, qalan 3.000 manat məbləğində pul vəsaitini isə tanışlarından borc alaraq Gülnara vermişdir. Bundan bir müddət sonra Gülnar iddiaçıya bildirmişdir ki, “Elşadın cinayət işinə Gəncə Hərbi Məhkəməsində xitam verdirmək üçün əlavə olaraq 15.000 manat məbləğində pul lazımdır”. O isə bibisi Məhəbbətdə pul olmadığından hissə-hissə 15.000 manat məbləğində pul vəsaitini Gülnara vermişdir. Lakin bibisi oğlu Elşad Mustafayev özü xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayon polis şöbəsinə yaxınlaşanda dərhal həbs edilmişdir. Bundan sonra onlar Gəncə Hərbi Prokurorunun və Gəncə Hərbi Məhkəməsi sədrinin qəbulunda olmuşlar və oradan onlara bildirilmişdir ki, Gülnar adlı şəxsin kim olması onlara məlum deyildir. Buna görə də onlar verilən pulları Gülnardan tələb etsələr də, Gülnar hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Daha sonradan onlara məlum olmuşdur ki, Gülnar onlarla yanaşı, başqa şəxsləri də dələduzluq yolu ilə aldadaraq pulunu mənimsəmişdir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)- 32/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.4,29.178.2.2 və 29.179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, Cavabdeh sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi və aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsini törədərkən onun niyyəti zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil,özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş və o, vədinə əməl etmək niyyətində olmadan dələduzluq cinayət əməllərini törətmişdir. Məhkəmə nəticəsində bütünlüklə sübuta yetirilmişdir ki, cavabdeh dələduzluq yolu ilə iddiaçıdan 15.000 manat məbləğində pul vəsaiti almışdır. İddiaçı dəfələrlə ondan pulumu tələb etsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir.Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan ərizəsində İddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Cavabdeh iddianı qəbul etmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-32/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus cəmi 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 il 06 ay müddətinə, Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 16 oktyabr 2022-ci il, saat 18:30-dan 17 oktyabr 2022-ci il, saat 18:30-a qədər tutulduğu 1 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 13782 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini əldə edərək, şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus cəmi 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd olunan xüsusat Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-32/2024 nömrəli hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 15.000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 15.000 (on beş min) manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 (bir yüz otuz beş) manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcin əvəzi qismində 50 (əlli) manat, cəmi 15.185 (on beş min bir yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar