Məhkəmə qərarları › İş №2(125)-946/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-946/2023

03.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-946/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «istehlakçının hüququnun müdafiəsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «istehlakçının hüququnun müdafiəsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında yaranmış 518,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" X2 X5 İdarəsinin əməkdaşları tərəfindən faktiki yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının işləməməsi ilə əlaqədar bu nasazlığın səbəbinin günahkarı kimi ona 518,40 manat məbləğində cərimə yazılmışdır. Sözügedən 518,40 manat pul guya onun tərəfindən sərfiyyat edilmiş, lakin qaz sayğacı işləmədiyindən həmin həcimdə qaz sayğac tərəfindən qeydə alınmamışdır. Sözügedən pul məbləğinin yaranmasına əsas səbəb kimi qazpaylayıcı təşkilat bildirir ki, sayğacın hesablama mexanizmindən keçən qazın həcmi qeydə alınmır və bunun nəticəsində 518,40 manatlıq qaz sərf edilsə də, sayğac işləmədiyi üçün qeydə alınmamış və nəticədə hazırkı borc məbləği yaranmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta nəzər saldıqda məlum olur ki, “İtron” tipli sayğacın istifadə müddəti bitdiyindən yenisi ilə əvəz edilmişdir. Həmin aktda da qeyd edilir ki, sayğacın istifadə müddəti bitmiş və bu səbəblə də əvəzlənmə həyata keçirilmişdir. Qaz paylayıcı isə müddəti başa çatmış qaz sayğacının düzgün işləməməsinin günahkarı onu görərək 518,40 manat məbləğində cərimə borcunun olduğunu iddia etmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 3.1.3-cü bəndinin tələbləri baxımından qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə texniki cəhətdən saz vəziyyətdə saxlamalı olan müqavilə tərəfidir. Sayğacda olan nasazlıq istifadə müddətinin bitməsi və təmir-profilaktika işlərini vaxtında yerinə yetirilməməsi, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmaması ilə əlaqədar olmuşdur ki, bu da birbaşa olaraq qaz paylayıcının vəzifə borcu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin tələbində göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03334-1 nömrəli aktına əsasən G-4 markalı, 1402Az**********10 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 4x12x90=4320 m3 cəmi 4320 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, TQQ və SX-nın rəisi Avazov Müseyib, X4, çilingər Hüseynov Fuad və istehlakçının nümayəndəsi İddiaçı ilə bu akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2022-ci il tarixində saat 12:00-da təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğaca baxış keçirılmış və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, “İtron” tipli, C4 markalı sayğacın (plombun) çıxarılma səbəbi kimi dövrü müddətinin bitməsi göstərilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, ******* nömrəli, RX seriyalı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanı tam mülkiyyət hüququ üzrə X1 məxsusdur. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər iddiaçı Şəhra Həsənova faktiki yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının işləməməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması barədə heç bir qeyd aparılmamış, sayğac istismar müddəti üçün əvəz edilməsi məqsədi ilə çıxarılmışdır. Sayğaca müdaxilə olunmadan sayğacın hesablama mexanizmi tərəfindən keçən qazın həcmini qeyd etməməsi, başqa sözlə xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, sayğacın istismar müddətinin bitməsi nəzərə alındıqda, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. Sayğacın quraşdırılması və işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı Şəhra Həsənovaya 518,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 518,40 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar