Məhkəmə qərarları › İş №2(125)-95/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-95/2023

06.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-95/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi və sanitar qovşağın dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək əmlakına vurulmuş maddi zərərin əvəzi olaraq 1600 manat pulun cavabdehlərdən alınıb ona verilməsi və cavabdehlər tərəfindən mənzilinin sanitar otağının alt hissəsində aparılan yenidən qurma işlərinin özbaşına apardığından əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, atası Cavabdeh2 və X3 onun əmlakına 1500 manat dəyərində maddi zərər vurduqlarına görə iddia ərizəsi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etmişdir. O, 12 mart 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1, atası Cavabdeh2 və X2 onun əmlakına 1500 manat dəyərində maddi zərər vurduqlarına görə 12 mart 2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, nəvəsi X1 Bakı şəhərinə Azərbaycan Elmi Tədqiqat Travmatologiya İnstitutuna aparıb orada cərrahiyyə əməliyyatı etdirdiyindən məhkəmə baxışında iştirak edə bilmədiyi üçün məhkəmə işi baxılmamış saxlamışdır. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev № 6 mənzil № 15 onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli Seriya MA № ******* nömrəli çıxarışı vardır. Həmin mənzil 6 nömrəli evin 3-cü mərtəbəsində yerləşir. Cavabdeh1 isə ondan aşağı mərtəbədə Gəncə şəhəri Yeni-Gəncə qəsəbəsi ev 6 mənzil 13-də yaşayır. O, tək qadın olduğu üçün Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol altı məhəlləsi B-2, “sahə 26-da yaşayır. O, xüsusi mülkiyyətində olan mənzili 2018-ci ilin yanvar ayında Orxan adlı şəxsə və ailəsinə kirayəyə vermişdir. 2018-ci ilin mart ayında cavabdeh Yasəf tərəfindən onun mənzilinin qapısını döyüb onları narahat edib ki, evdə yerimə, toz sorandan istifadə etmə, televizora yandırma, evdə atası yatır, onu narahat etməyin. Evin giriş qapısını döydükdən sonra, qapı açıldıqda icazəsiz ayaqqablı mənzilin qonaq otağına keçib, Orxanın ailəsini təhqir edibdir ki, mənzildə yeriməyin, çıxıb gedin burdan. 2018-ci ilin mart ayında Gəncə şəhər Nizami rayon Polis Bölməsindən ona zəng edib dedilər ki, qonşu Vaqif sizdən şikayət edib ki, təmiz su üçün qoyulan su krantınız partlayıb onun evinin sanitar qovşağına su düşübdür. Orxan da tez su krantını bağlayıbdır. Vaqif də polisə zəng edib məlumat veribdir polis gəlməyibdir və bildiribdir ki, su işinə polis baxmır. Həmin əraziyə Mənzil İstismar Sahəsi var, bu işə onlar baxır gedin bu barədə Mənzil istismar idarəsinə müraciət edin. 2-ci dəfə Polisə yalan məlumat verib bildirib ki, burada insan ölüb, gəlin yerində araşdırın görün nə məsələdir. Bundan sonra polis gəlib yerində araşdırıb, görüb ki, insan ölməyib ancaq suya görə polisi narahat edib yalan məlumat verib. Yasəf dəfələrlə ona deyib ki, məni 150 manat cərimə etdirmisən. O isə bildirib ki, Polisə yalan məlumat verməzdin cərimə etməzdilər. Sonra Yasəfin anası Güləşər zəng edib onun ölülərinə söyüb təhqir edib. O isə gedib kirayəçi Orxanın yanına ki, bu nə məsələdir. O da bildirdi ki, cavabdehlər onlara gələn su xəttini bağlayıblar. Evin zirzəmisindən özlərinə təzə su xətti çəkdiriblər. Blokun 4-cü mərtəbəsində yaşayan Vüqar adlı şəxs də mənzilini bağlayıb xaricə getmişdir. 5-ci mərtəbədə öz mənzilində yaşayan Araz müəllim isə Yasəf ilə mübahisə edib, 5-ci mərtəbədə olan mənzilinə gedən suyu açıblar. 2018-ci ilin sentyabr ayında onlardan biri yenidən qonşuluğunda yaşayan qudası Məmmədov Əzizə telefonuna zəng edib yalan məlumat verib deyib ki, su evi götürübdür. O, yenidən kirayəçi Orxanın yanına gegedib, Orxan da bildirdi ki, aşağı su buraxmamışdır. Su xəttini o, kanalizasiya xəttinə qoşdurmuşdum ki, su axıb qonşuya ziyan vurmasın. Bundan sora o, 2-ci mərtəbəyə cavabdeh Vaqifin mənzilinə düşüb mənzilin qapısını döyüb. Cavabdehlərdən Yasəf və arvadı qapını açıb və o mənzilə daxil olub mənzilin mətbəx olan yerə keçib su xəttinin yanında durub onlara demişdir ki, su axan yeri göstərin. Onlar yataq otağının tavana vurulmuş aboyu ona göstərmişlər. Tavanda isə heç bir su axıntısı yox idi. Onun soruşmağı onu qane etmədiyindən qolundan tutub giriş qapısına tərəf itələyib və onu nalayiq söyüşlər söyüb təhqir etmişdir. 2018-cü ilin sentyabr ayının axırlarında Yasəf Gəncə şəhəri, Nizami rayon Polis Bölməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Mərkəzi Xəttinə zəng edib deyib ki, guya su onun mənzilinə axıbdır. O, yenə Yasəfın mənzilinə gedib baxıb ki, onun mənzilindən su axmayıbdır. Onu polis Bölməsinə çağırmışlar. Ondan və Orxandan izahat aldılar. O, izahat vermişdir ki, Yasəf yalandan polisə şikayət edibdir. O, polis bölməsində izahat verdikdən sonra gedib Yasəf yaşadığı mənzilə, bildirib ki, usta gətirim su axan yerə baxsın görsün ki, su haradan axır. O bildirmişdir ki, artıq gecdir ustanı sabah gətirəsiniz. Səhərisi günü iki nəfər usta ilə birlikdə Yasəfın yaşadığı mənzilini qapısını döymüş, qonşular demişdir ki, Yasəf ailəsi ilə birlikdə harasa getdilər. O, Mənzil İstismar Sahəsində də nümayəndə çağırıb, 2 saat gözləyib. O, Yasəfən atası Vaqifin mobilni telefonunu öyrənib, ustaya deyib ki, onun telefonuna zəng edin, ustalar ilə gözləyirik, mənzilə baxaq. Yasəfın atası Vaqif də telefonda ustalara bildirdi ki, onun mənzilində nə işiniz var gedin işinizi qonşularla özünüz həll edin. Səhərisi günü yenidən ustalar ilə birlikdə Yasəfın mənzilinə getmişdir. Həmin vaxt Yasəf və ailəsi evdə yox idi. Lakin, anası Güləşər mənzildə idi. O, ustalarla mənzilə daxil olub və su xəttini göstərib deyib ki, buradan sizin mənzilinizə su axan yeri göstərin. Güləşər də ona, “mən ağbirçək qadınam yalan danışa bilmərəm” demişdir. Sizin mənzilinizdən bizə su axmayıbdır. O, ustalarla birlikdə öz mənzilinə gedib, su gələn xətləri açdırmışdır. Yarım saat su axdı. Lakin, qonşu Yasəfın mənzilinə heç bir su axını olmadı. Səhərisi gün saat 14:30-da sahə inspektoru Samir onu Yasəfın mənzilinə çağırdı. O, ustalarla birlikdə daxil olub və görmüşlər ki, mənzilin tavanına bağlanmış lambrinin orta hissəsini aralamışlar və oradan su axırdı. O, etiraz etmişdir ki, dünən iki nəfər usta ilə su xətlərini açmışıq su gəlmədi. Bu gün neçə oldu ki, su axımı olubdur. Orada məlum oldu ki, Yasəf özü lombirinə su töküb, süni surətdə görüntü yaradıb ki, guya onun evinə su axıdılıb. Samir demişdir ki, “sizlik burada bir iş yoxdur, siz çıxıb gedin”. O, ustalar ilə çıxıb gəlib evə. 5-6 gün keçmişdi Gəncə şəhər Nizami rayon Polis Bölməsindən sahə inspektoru Samir zəng edib dedi ki, hamam, tualetini sökdür. Yasəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Mərkəzi Xəttinə zəng edibdir, 102 xidmətinə cavab verməliyəm. Məndə usta gətirdim, 2017-ci ilin aprel ayında metlax və kafel ilə təmir etdirdiyi mənzilində olan hamam və tualetin döşəməsini sökdürmüşdür. O, həmin vaxt hamam və tualeti təmir etdirən zaman ustaya əl haqqı ilə birlikdə 1000 manat xərc çəkmişdir. O, metlax və kafel alaraq hamam və tualeti yenidən təmir etdirib əlavə 600 manat xərc çəkmişdir. Cavabdehlərin məqsədi onun mənzilində kirayəçi olan Orxanı çıxartmaq olubdur. Heç də su xəttindən su sızması olmamışdır. Ona dəymiş maddi ziyanı şahidləri kirayəçi Orxan, ustalar X4, Əziz Məmmədov və betonu sökən usta Saləddin də təsdiq edə bilərlər. Odur ki, o, İddiaçı məcbur olub iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, atası Cavabdeh2 və X3 onun əmlakına 1500 manat zəyərində maddi zərər vurduqlarına görə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edir. Cavabdehlərin tələbi ilə 2017-ci ilin aprel ayında mənzilində olan hamam və sanitar qovşağının döşəməsini metlax və kafel ilə təmir etdirib ustaya əl haqqı ilə birlikdə xərc çəkdiyi 1000 manat dəyərində hamam və sanitar qovşağının döşəməsini sökdürüb yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 1000 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilinin yenidən təmir etdirdiyi hamam və sanitar otağının əsasən təmir dəyəri 600 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmış, amma bəzi suallara yanlış və natamam cavab verilmişdir. Belə ki, birinci sualın cavabında ünvan 2 mənzildən ünvan 1 ünvanda yerləşən mənzilə su sızmasının və bunun nəticəsində mənzilə ziyan dəydiyinin müəyyən edildiyi bildirilir. Halbuki, ekspertizanın keçirildiyi vaxt ünvan 1 ünvanda yerləşən mənzilə hər hansı su sızması faktı olmayıb. Mənzil tam təmirli vəziyyətdə olub. İkinci sualın cavabında ünvan 2 ünvanda yerləşən mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilib, 13 saylı mənzilə su sızması halları müşahidə olunmamış və bu səbəbdən su sızmasının texniki səbəbini müəyyən etməyin mümkün olmadığı bildirilib. İkinci sualın cavabında həmçinin 15 saylı mənzildən 13 saylı mənzilə su sızması hallarının oladığı təsdiq olunub. Ekspertiza müəyyən edib ki, ünvan 1 ünvanda yerləşən mənzildə sanitar qovşaq mövcud tikinti norma və qaydalarına zidd olaraq, müvafiq icazə olmadan sökülərək yeri dəyişdirilib. Göründüyü kimi ekspertiza təsdiq edir ki, Yeni Gəncə qəsəbəsi, ev 6, 13 saylı ünvanda yerləşən mənzildə beton örtüyü sökülərək sanitar qovşağın yeri qanunsuz olaraq dəyişdirilib. Sanitar qovşaq sökülüb götürülərkən tavandakı beton örtüyü də sökülüb, götürülüb. Əgər tavan hissədə beton örtüyü sökülməsəydi bizim evdən qonşunun evinə iddia olunduğu qədər su keçməzdi. İddiaçı alt qonşusunun təhlükəli və qanuna zidd hərəkətinin qarşısının alınması və beton örtüyünün yerinə bərpa edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlər tərəfindən mənzilimin sanitar qovşağının alt hissəsində aparılan yenidənqurma işləri özbaşına aparıldığından əvvəlki vəziyyətinə qaytarılmalıdır. İddiaçı su borusunda yaranmış nasazlığa görə onun mənzilindən qonşunun mənzilinə suyun axıdıldığını, ekpert rəyi ilə razı olmadığını və iş üzrə əlavə və ya təkrar ekspertiza keçirilməsini tələb etmədiyini bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6 ünvanında yerləşən 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3692 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yuxarı mərtəbədə yerləşən (13 saylı mənzilinbilavasitə üstündə yerləşən) ünvan 4 saylı mənzildən su sızması və su sızma nəticəsində mənzilə ziyanın dəydiyi müəyyən edilmişdir. ünvan 4 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 13 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Mülki iş materialına əlavə edilmiş, ünvan 4 ünvanda yerləşən mənzilə dair texniki pasportun məlumatları ilə ünvan 5 ünvanda yerləşən mənzilin faktiki vəziyyəti ilə müqaisə aparılan zamanı 13 saylı mənzilin sanitar qovşağın sökülərək yerinin dəyişdirildiyi müəyyən edilir. ünvan 4 saylı mənzildən axıdılan suyun istiqamətini (hansı hissədən) texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadığından su sızmanın 13 saylı mənzilə daha çox zərər vurulmasına səbəb olub-olmamasını müəyyən etmək mümkün deyildir. ünvan 5 saylı mənzilin ayaqyolu tikilisinin sökülməsinə dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun sökülmədiyindən tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir : 1) əmlakına vurulmuş maddi zərərin əvəzi olaraq 1600 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi; 2) cavabdehlər tərəfindən mənzilinin sanitar otağının alt hissəsində aparılan yenidən qurma işlərinin özbaşına apardığından əvvəlki vəziyyətinə qaytarılması. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (1111.2). İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənzilində apardığı təmirin qarşılığında ödədiyi 1600 manat pulun maddi zərərin əvəzi kimi tutulmasını xahiş etmişdir. İddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin istifadəsində olan mənzilə iddiaçının mənzilindən su axıdılmadığı halda onu aldatmışlar və nəticədə iddiaçı mənzilində təmir işləri aparmalı olmuşdur. Halbuki, iş üzrə verilmiş ekspert rəyində ünvan 3 ünvanında yerləşən yuxarı mərtəbədə yerləşən (13 saylı mənzilinbilavasitə üstündə yerləşən), iddiaçının mülkiyyətində olan ünvan 4 saylı mənzildən su sızması və su sızma nəticəsində mənzilə ziyanın dəydiyi müəyyən edilmişdir. Bu hal məhkəmə iclasında iddiaçının verdiyi izahatla da təsdiq olunmuşdur. Ekspert rəyində 13 saylı mənzilə su sızmanın səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etməyin mümkün olmadığı bildirmiş, iddiaçı bu halı ekspertizanın aparıldığı zaman 15 saylı mənzilin artıq tam təmirli olmasıyla açıqlamışdır. Beləliklə, iddiaçı cavabdehlərin təqsirli, hüquqa zidd əməli nəticəsində – evində apardığı təmir nəticəsində ona ziyan dəyməsini sübuta yetirməmişdir. Belə olan halda, vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Mülki Məcəlləyə əsasən, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər (1098.1). Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər (1098.2). İddiaçı həmçinin cavabdehlər tərəfindən iddiaçının mənzilinin sanitar otağının alt hissəsində aparılan yenidən qurma işlərinin özbaşına apardığından əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini həmin hissədə ekspert rəyi ilə əsaslandırmağa çalışmışdırı. Lakin həmin rəylə 13 saylı mənzilin sanitar qovşağının sökülərək yerinin dəyişdirildiyi və belə dəyişikliyin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Amma aşağı mərtəbədə yerləşən 13 saylı mənzilin sanitar qovşağının sökülərək yerinin dəyişdirilməsinin iddiaçının hüquqlarını pozması, ona zərər vurması və ya belə dəyişikliyin 13 saylı mənzilin sanitar otağının tavanında aparılması, dolayısıyla iddiaçının əvəzini tələb etdiyi təmirə səbəb olması mülki işin araşdırılması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən, 13 saylı mənzilin sanitar otağın əvvəlki vəziyyətə qaytarılmasının zəruriliyi sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi və sanitar qovşağın dəyişdirilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar