Məhkəmə qərarları › İş №2(125)-951/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-951/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-951/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulan maddi ziyana görə 3720 manat pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 57 manat rüsum olmaqla, ümumilikdə 3777 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, bir neçə ildir ki, Bakı şəhərində Nəsimi rayonu ərazisində satıcı kimi mobil telefonların alış-verişi ilə məşğuldur. Təxminən 2019-cu ildən müştəri kimi tanıdığı cavabdeh 2023-cü ilin may ayında mobil telefon vasitəsilə danışdığı və onunla qiyməti razılaşdırdığı 1 ədəd İphone 14 Pro 256 GB (3050 manat) və bir ədəd Apple Ultra saatı (1970 manat) cihazları taksi ilə Gəncə şəhərinə həmin Cavabdeh göndərmiş, hətta cihazları aparan taksi cavabdehin yanında malları təhvil verdikdə onunla əlaqə saxlamış və o, cihazları almaq barədə məlumat verib təşəkkür etmişdir. Sonra cavabdeh 1300 manat pul ödəmiş, qalıq 3720 manatı isə hər ay 620 manat ödəyəcəyini bildirmişdir. Sonradan cavabdeh pul ödəməkdən imtina etmişdir. Lakin o, həmin cihazların pulunu məcbur qalıb işlədiyi dükana ödəmişdir. O, dəfələrlə cavabdehin mobil telefonuna zəng vuraraq cihazların qalan 3720 manat pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək və hər dəfə yalan vəd verərək onu yola vermişdir. Sonra məlum olmuşdur ki, cavabdeh onu qəsdən aldadıb, qanunsuz varlanmaq və gəlir götürmək istəyib. Bundan sonra o, cavabdehə dəfələrlə zəng vuraraq pulunu istəsə də, cavabdeh imtina etmiş, heç nə ödəməmişdir. O, DİN-ə ərizə ilə müraciət etmiş, Gəncə polis idarəsində bu məsələ araşdırılmış və cavabdeh barəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilərək məhkəməyə müraciət edilməsi deyilmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X1 şikayəti əsasında Gəncə Şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı Rəşad Salahov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona İphone markalı mobil telefon və smart saat lazım olduğu üçün İddiaçılə əlaqə saxlayıb həmin əşyaları kreditlə almaq istədiyini bildirmiş, Vüqarla həmin əşyaların kreditlə qiymətini razılaşdıqdan sonra Vüqardan həmin əşyaları ona göndərməsini xahiş etmiş, razılaşmaya əsasən o, həmin əşyalara 1200 manat pul ödəyərək qəbzin şəklini çəkib “Whatsapp” vasitəsilə Vüqara göndərmiş, bundan sonra Vüqar həmin əşyaları ona göndərmiş və razılaşmaya əsasən o, 6 ay ərzində hər ay 620 manat pulu Vüqarın bank kartına göndərməli olmuş, lakin maddi çətinlikləri olduğu üçün Vüqara pul göndərə bilməmişdir. Hazırda Vüqara olan 3720 manat pulu 2 ay müddətində ödəyəcəkdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan 1 ədəd mobil telefon və 1 ədəd smart saat alaraq onların dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 3720 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3720 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 57,20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3720 (üç min yeddi yüz iyirmi) manat pul və 57,20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar