Məhkəmə qərarları › İş №2(125)-956/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-956/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-956/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə «X1» ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.443 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 154 manat 53 qəpik, cərimə qismində 48 manat 16 qəpik, cəmi 1.646 manat 17 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 manat 87 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22-EM nömrəli əsa kredit və bank hesabı müqaviləsindən görünür ki, borcverən borcalana 100.000 manat məbləində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2023-ci il tarixinədək müddət ərzində deyil, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit xətti açmaqla kredit verir. İşdə olan xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsindən və ona əlvə olunan 1 saylı əlavədən görünür ki, «X1» ASC Cavabdeh1 24 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək illik 24 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor «X1» ASC qarşısında xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İşdə olan «X1» ASC tərəfindən verilmiş kredit müqaviləsi üzrə borca dair xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 1.443 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 154 manat 53 qəpik, cərimə qismində 48 manat 16 qəpik, 1.646 manat 17 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 146micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.443 manat 48 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 104 manat 76 qəpik, cərimə qismində 15 manat 15 qəpik cəmi 1.563 manat 39 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etmək Cavabdeh1 təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh1 tərəfindən öhdəliklər icra edilməmişdir. «X1» ASC tərəfindən Cavabdeh1 borcun tam ödənilməsi xx.xx.2023-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh1 «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 1.443 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 104 manat 76 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi «X1» ASC Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh1 «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 1.443 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 104 manat 76 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh1 «X1» ASCyə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən «X1» ASC-nin Cavabdeh1 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, «X1» ASCnin Cavabdeh1 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.443 manat 48 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 104 manat 76 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 48 manat 16 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.443 manat 48 qəpik,xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 104 manat 76 qəpik, cərimə qismində 5 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 35 manat 53 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27 yanvar 2022-ci il tarixli, 146micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.443 (bir min dörd yüz qırx üç) manat 48 (qırx səkkiz) qəpik,17 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 104 (bir yüz dörd) manat 76 (yetmiş altı) qəpik, cərimə qismində 5 (beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 35 (otuz beş) manat 53 (əlli üç) qəpik, cəmi 1.588 (bir min beş yüz səksən səkkiz) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar