Məhkəmə qərarları › İş №2(125)-979/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-979/2023

05.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-979/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiz oğluna qarşı «qızıl-zinət» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiz oğluna qarşı «qızıl-zinət» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavad bəy Şıxlinski ev 20A-da yaşayan cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 Faiz oğlunun ona məxsus hazırki bazar qiyməti ilə 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə 4440 (dörd min dörd yüz qırx) manat dəyərində olan “reket” formalı bilərzik və 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə 1305 (bir min üç yüz beş) manat dəyərində olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğa geri qaytarılması və bu olmadıqda hər iki qızıl-zinət əşyasının dəyərində (700 manat pulu çıxmaqla) cəmi 5145 (beş min yüz qırx beş) manat pulun ona ödənilməsinə, eləcə də ödənilmiş vəkil sorğusuna görə 31 manat, dövlət rüsumu ödənilməsinə görə 71 manatın cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi ev 20A-da yaşayan cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 Faiz oğlunu qızıl alverçisi kimi tanımışdır. Sonradan bilmişdir ki, İlhamə və əri Səbuhi ilə birlikdə Gəncə şəhər Mərkəzi Univermaqda qızıl bölməsində işləyirlər. Onları tanıdığı üçün birinci dəfə onlara işlədikləri univermaqda 30 qramlıq qızıl boyunbağını sataraq pulunu almışdır. Təxminən 4 il bundan əvvəl pula ehtiyacı olduğu üçün təcili sapfir brilliant qaşlı bir cüt tanalarını (bir cüt sırğanı) İlhamənin və əri Səbuhinin işlədikləri mərkəzi univermağa apararaq iki gün ərzində satıb pulunu verməklə razılaşaraq 1300 manata satmışdır. İlhamə həmin günün axşamı bir cüt sırğaların pulundan 400 manatı axşam evinə gətirib vermişdir. İlhamə ona pulu verən zaman onun vacib işinə görə pul lazım olduğundan qızıllarını satmağı bilmiş və ona bildirmişdir ki, “əgər satılıq başqa qızılları olsa gətirib bizə satarsan”. Yenidən ona pul ehtiyac olduğu üçün 74 qram qızıl qolbağını (583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə olan "rekert" formalı bilərzik) mərkəzi univermağa İlhamənin və əri Səbuhinin işlədikləri yerə aparmışdır. Onlar hər ikisi də bilərziyi çəkib 2072 manat qiymətlə götürmüşlər. Hal-hazırda həmin bilərziyin qiymət 4440 (dörd min dörd yüz qırx) manat qiymətləndirilir. Bir həftə ərzində bir cüt sırğanın yerdə qalan 900 manat pulu ilə birlikdə 2072 manat gətirib evdə verəcəklərini bildirmişlər. Aradan bir həftədən artıq bir vaxt keçdikdə İlhamə qızılların pullarını gətirmədikdə narahat olmuş və univermağa getmişdir. Univermaqda İlhamənin əri işlədiyi yeri boş gördükdə onların harda olmalarını qonşu bölmənin satıcılarından soruşduqda ona bildirmişlər ki, İlhamə bir neçə şəxsin və bir də onlardan götürdükləri qızılların pulunu götürüb aradan çıxıb getmişlər. Onun kimi bir neçə müştəri də onunla birlikdə İlhaməni və əri Səbuhini axtarırlar. O, dərhal Mərkəzi Univermaqdan çıxıb İlhamənin yaşadığı evə gəlmişdir. Evdə İlhamə olmadığından əri Səbuhidən pulunu istədikdə ona arvadının əxlaqsız olduğunu və camaatın qızıllarını, pullarını götürüb evdən Bakı şəhərinə qaçdığını bildirmişdir. O, bu barədə dərhal polis idarəsinə məlumat versə də, İlhamənin Azərbaycanda olmaması üçün şikayətinə baxmamışlar. 5 ilə yaxındır ki, o, İlhamənin harda olması ilə maraqlanaraq axtarmışdır. İlhamənin nə vaxtsa Gəncə şəhərinə gəldiyini tanıdığı adamlara və qonşulara ona bildirməklərini xahiş etmişdir. Aradan təxminən 4 il keçdikdən sonra, eşitmişdir ki, İlhamə Gəncə şəhərinə evinə gəlmişdir. O, dərhal taksi avtomaşınına oturub İlhaməgilə gedib ondan pulunu istədikdə İlhamə onunla mübahisə edib onu təhqir edib hətta gəldiyi taksi avtomaşının qabaq şüşəsini də qırıb qapının arxasından əlinə götürdüyü balta ilə onları qapıdan qovmuşdur. Sonra da ondan DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. İlhamənin şikayəti əsasında Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində araşdırma aparıldıqdan sonra şikayət əsassız olduğu üçün rədd edilmiş və ona da pulun və yaxud qızıllarının alınması üçün aidiyyatı üzrə Gəncə şəhəri ünvan 2i Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməsi izah olunmuşdur. İlhamə və əri Səbuhi onun qızıllarını və yaxud onların dəyərini vermək əvəzinə onu baltalayıb öldürməklə hədələdiyindən məcbur olmuş Gəncə şəhəri ünvan 2i Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməli olmuş və şikayət ərizəsində etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən İlhamə və Səbuhini polis idarəsinə çağırılaraq ondan aldıqları 74 qram qızıl bilərziyi və Sapfir brilliant qaşlı bir cüt sırğalarının özünün geri qaytarılmasını və yaxud bazar qiyməti ilə 5300 manat pulunu almaqla təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilməklə cinayət məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Lakin, Gəncə şəhər ünvan 2i RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx.xx.2019-cu il tarixli, HK- 1/2041 saylı şikayəti üzrə araşdırma aparıb 12 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında əsassız qərar çıxarmış və tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və qərarın surəti məlumat üçün ona vətəndaşa göndərilməklə qərardan narazı olduqda prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah olunması bildirilmişdir. Gəncə şəhəri ünvan 2i RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən aparılmış 12 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında ona qarşı dələduzluq edən İlhamə və Səbuhini polis idarəsinə çağırılaraq ondan aldıqları 74 qram qızıl bilərzik və Sapfir brilliant qaşlı bir cüt sırğalarını izahatlarında etiraf etməsələr də "guya" 3000 manat borcları olduqlarını etiraf etmişlər. Halbuki, Gəncə şəhər ünvan 2i RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 icraatında olmuş xx.xx.2019-cu il tarixli, HK-1/2041 saylı şikayəti üzrə toplanmış material Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi-cinayət xarakterli olduğundan material istintaqa verməli olduğu halda bunu etməmiş və 12 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətini ona 2020-ci ildə göndərmişdir. Bundan sonra cavabdehlər İlhamə onunla telefonla əlaqə saxlayıb ona “ərim Səbuhi ustadır, ev təmir edir”. “Ərim Səbuhiyə iş tap gəlib təmir işi görsün sənin qızıllarının pulunu ödəyək”- demişdir. Sonra Səbuhi ona telefonla zəng edib demişdir ki, “mənzilini təmir etdirmək istəyirsə təmir edim və borcunu ödəyim”. O da demişdir ki, onların dostu var. Gəncə şəhəri, Cavadxan küçəsi ev 53, mənzil 44-də yaşayır. O, mənzilini təmir etdirmək istəyir. O, da dostları X8ra gələndə demişdir ki, “usta var onlar mənim qızıllarımı alıb, vermirlər, Səbuhi gəlib sizdə mənim mənzilimi təmir etsin mənim qızıllarımın pulunu ödəsin”. Azər də 2000 manata evin təmirini Səbuhi ilə razılaşmışdır. Səbuhi Azərin mənzilində 1-2 ay işləyib mənzili təmir etmişdir. O da tez-tez Səbuhinin işlədiyi mənzilə gəlib ondan qızıllarını qaytarmasını istəyəndə demişdir ki, “qızıllarını satmışdır, işləyib pullarını ödəyəcəkdir”. Mənzil təmir olunandan sonar Azər Səbuhiyə mənzilini təmir etdirib 2000 manat pul vermişdir. Səbuhi də ona qızıl-zinət əşyasının pulundan 300 manat vermiş və demişdir ki, qızıllarının pulunu verəcəklər. Bundan sonra Səbuhi və onun arvadı İlhamənin yaşadıqları evə getmişdir. Səbuhinin anası Məryəm bildirmişdir ki, Bakıya getmişlər. Artıq üstündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, Gəncə şəhəri, Cavad bəy Şıxlinski ev 20A-da yaşayan cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 Faiz oğlu ona məxsus hazırkı bazar qiyməti ilə 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə olan "reket" formalı 4440 manat dəyərində bilərzik və 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan kənarları brilliant, ortası sapfir qaşlı 1305 manat dəyərində bir cüt sırğanı geri qaytarılması və bu olmadıqda hər iki qızıl-zinət əşyanın dəyərində (700 manat pulu çıxılmaqla) cəmi 5145 manat pulu qaytarmırlar. Onu da qeyd etmək istəyir ki, İlhamə və Səbuhini ondan aldıqları 74 qram qızıl bilərziyi və sapfir brilliant qaşlı bir cüt sırğalarının ondan aldıqları və özünə qaytarmadıqlarını şahidləri təsdiq edə bilərlər. Eyni zamanda xx.xx.2022-ci il tarixdə 2485 nömrəli vəkil sorğusu ilə qızıl-zinət əşyalarının dəyər qiyməti hal-hazırki dövrdə bazar qiyməti ilə 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə olan "reket" formal bilərzik - 4440 (dörd min dörd yüz qırx) AZN; 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğa -1305 (bir min üç yüz beş) AZN müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd etdiyi 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə “reket” formal bilərziyi və 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə 1305 manat dəyərində olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğanı cavabdehlər İlhamə və Cavabdeh2lərə nisyə olaraq satmışdır. Odur ki, nisyə satdığı həmin əşyaların özünü və yaxud dəyərinin ona ödənilməsini istəyir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Göygöl rayonunda musiqi məktəbində müəllimə işləyir. İddiaçı xalasıgillə qonşudur. 30 ildir ki, onları tanıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiz oğlunu Gəncə univermaqda 1 il yarım olar ki, görmüşdür. Nəvəsinin 5 yaşı olanda Gəncə univermağa qızıl almağa getmiş və İddiaçı da orada görmüşdür. İddiaçı ona cavabdehlərə qızıl-zinət əşyalarını nisyə satdığını, cavabdehlərin isə həmin qızıl-zinət əşyalarının pulunu qaytarmadıklarını bildirmişdir. Nürəstənin İlhamə və Səbuhiyə hər hansı qızıl-zinət əşyası verməsini şəxsən görməmişdir. Məhkəmə iclasında şahid qismində qismində dindirilmiş X3 izahatında bildirdi ki, Gəncə Dövlət Universitetinin iqtisadiyyat kafedrasının dosentidir. İddiaçı ilə qonşudur və 22 ildir ki, iddiaçını tanıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə tanımır və onları heç bir vaxt görməmişdir. Təxminən 5 il bundan əvvəl İddiaçı ona qızıl-zinət əşyaları olan sırğalarını İlhamə və Səbuhiyə nisyə satdığını, lakin cavabdehlərin nə qızıl-zinət əşyalarını, nə də onların dəyərini qaytarmadıqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası DİN Gəncə şəhər ünvan 2i Rayon Polis İdarəsinin 13 dekabr 2019-cu il tarixli, 121-24514-1219 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, ünvan 2i RPİ-nə ərizə ilə müraciəti ilə əlaqədar ünvan 2i RPİ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, qərarın surəti göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Prokurorluğa və Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 12 dekabr 2019-cu il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və vətəndaş İddiaçı, Cavabdeh1 qarşı olan tələbi ilə əlaqədar olaraq mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 şəhər Mərkəzi Univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssisi Elmar Kərimliyə ünvanlanmış 08 oktyabr 2022-ci il tarixli, 2485 nömrəli sorğusunda bildirilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Gəncə şəhəri 1 saylı Vəkil Bürosu çəkisi 74 qr əyyarı 583 olan “reket” formalı bilərzik və çəkisi 17 qr əyyarı 750 olan kənarları brilliant ortası sapfir qaşlı bir cüt sırğa olan qızıl-zinət əşyalarının bu günkü bazar qiyməti ilə qiymətləndirilməsi barədə cəmiyyətin qızıl satışı üzrə mütəxəssisləri tərəfindən rəy verilməsinin təmin edilməsini xahiş etmişdir. “Gəncə univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi Elmar Kərimli tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Heydər Fərzəliyevə bildirilmişdir ki, sorğuda göstərilən qızılzinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir və hal-hazırki dövrdə orta bazar qiymətləri 583 əyyarlı qızıldan haırlanmış 74 qram çəkidə olan “reket” formalı bilərzik 4440 (dörd min dörd yüz qırx) AZN, 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğa - 1305 (bir min üç yüz beş) AZN müəyyən edilmişdir. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərə nisyə qaydada qızılzinət əşyası satdığını, lakin onun pulunu ala bilmədiyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinin hüquqi əsasını alğı-satqı ilə bağlı mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Lakin iddiaçı cavabdehlərə 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə 4440 (dörd min dörd yüz qırx) manat dəyərində olan “reket” formal bilərzik və 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə 1305 (bir min üç yüz beş) manat dəyərində olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğanı nisyə satmasını iddia etsə də, belə bir qızıl-zinət əşyasının ona məxsus olması və həmin əşyaları cavabdehlərə nisyə qaydada satmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığından yəni sübutetmə vəzifəsi bilavasitə onun üzərinə düşməsinə buna baxmayaraq iddianın xeyli müddət məhkəmənin icraatında olmasına baxmayaraq, məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 71 (yetmiş bir) manat və vəkil sorğusuna görə ödənilmiş 31 (otuz bir) manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiz oğluna qarşı 583 əyyarlı qızıldan hazırlanmış 74 qram çəkidə 4440 (dörd min dörd yüz qırx) manat dəyərində olan “reket” formalı bilərzik və 750 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə 1305 (bir min üç yüz beş) manat dəyərində olan kənarları brilliant, ortası sapfir qaşlı bir cüt sırğa geri qaytarılması və bu olmadıqda hər iki qızıl-zinət əşyasının dəyərində (700 manat pulu çıxmaqla) cəmi 5145 (beş min yüz qırx beş) manat pulun ona ödənilməsinə, eləcə də ödənilmiş vəkil sorğusuna görə 31 (otuz bir) manatın, dövlət rüsumu ödənilməsinə görə 71 (yetmiş bir) manatın cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar