Məhkəmə qərarları › İş №2(125)-987/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-987/2023

24.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-987/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hərəkət sərbəstliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “hərəkət sərbəstliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılığı olmadan ona 08 mart 2021-ci il tarixdə anadan olmuş X4 ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 avqust 2015-ci il tarixdə Doneks vilayətinin Mariupol şəhər Ədliyyə idarəsinin İllic vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı şöbəsində rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından olan qızları X5 08 mart 2021-ci il tarixdə Doneks vilayətinin Mariupol şəhərində anadan olmuşdur. Cavabdehlə aralarında uzun müddətdir ki, mübahisə var. Artıq, bir neçə vaxtdır ki, onlar ayrı yaşayır. Hal-hazırda övladı da onunla birlikdə yaşayır. O, övladı ilə birlikdə ölkə hüdudlarından kənara çıxa bilmir və bu barədə ciddi problemlərlə qarşılaşır. Bunun üçün cavabdehin-atanın notarial qaydada razılığı tələb edilir. O, həm övladını ölkədən kənara çıxarmaq məqsədilə, həm də övladı ilə bağlı müəyyən sənədləşmə işləri aparmaq üçün bu razılığı istəyir. Qarşı tərəfdən hər hansı addım atılmadığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq onu da bildirir ki, hüquqlarının pozulduğunu düşünür. Ona görə ki, valideynlərin hər ikisi övladını saxlamağa borcludurlar. O, öz övladı ilə özü maraqlanır, onun maddi cəhətdən saxlanmasında özü iştirak edir. Cavabdehin ona uşağın aparılmasına etibarnamə verməməsi uşaqla onun hərəkət sərbəstliyini məhdudlaşdırır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə teleqram ünvanlayaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında qaldığını, məsafənin uzaq olması səbəbindən maddi vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini üzrlü hesab edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə birgə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kəngərli rayon İcra Hakimiyyəti Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 519 nömrəli, 22 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Kəngərli rayonun Çalxanqala kəndində yaşayır və qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsini surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixdə doğulmuşdur. İ-HЮ seriyalı, 867487 nömrəli, 23 mart 2021-ci il tarixli, Ədliyyə Nazirliyinin Xarkov şəhəri Şərq regionlararası idarəsinin Mariupol şəhərində Kalmius rayonu Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 08 mart 2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Valideynləri atası - Cavabdeh, anası - İddiaçıdır. İ-HЮ seriyalı, 432901 nömrəli, 19 avqust 2015-ci il tarixli, Doneks vilayətində Mariupol şəhər Ədliyyə idarəsinin İllic vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 19 avqust 2015-ci il tarixdə bağlanmışdır. Bu barədə 19 avqust 2015-ci il tarixdə 257 nömrə ilə müvafiq akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Şahhüseynova” soyadı verilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, Ş- 1121 saylı arayışdan görünür ki, arayış vətəndaş İddiaçı “hərəkət sərbəstliyi” tələbinə dair müraciəti əsasında yeri və vaxtı 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh ailə mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edilməsi üçün verilir. Bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər 19 avqust 2015-ci il tarixdə Doneks vilayətində Mariupol şəhər Ədliyyə idarəsinin İllic vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə ailə münasibətlərindən 08 mart 2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçının həm övladını ölkədən kənara çıxarmaq, həm də övladı ilə bağlı müəyyən sənədləşmə işləri aparması zərurəti yaranmış, cavabdeh uşaqların anaları ilə birlikdə ölkə hüdudlarından kənara çıxmasına razılıq verməmişdir. Bu səbəbdən iddiaçı-uşağın anası hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf Cavabdeh isə məhkəmə iclasında İddiaçı ona qarşı olan iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia qaldırılana qədər iddiaçı uşağını ölkədən kənara aparmaq istəyi ilə bağlı cavabdehin razılığını ala bilmədiyi üçün iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqları pozulmuşdur. Bu zaman məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları ondan ibarətdir ki, faktiki olaraq uşağın ölkədən xaricə müvəqqəti çıxarılması üçün cavabdehin razılığını almaq mümkün deyildir. Bu zaman isə iddiaçı uşağı ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək, təhsil, idman və s. məqsədilə ölkədən getmək hüququndan məhrum olur. Məhkəmə həmçinin nəzərə alır ki, hazırki işin halları baxımından iddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. Məhkəmə eyni zamanda hesab edir ki, himayəsində olan valideyn tərəfindən uşağın müvəqqəti olaraq xarici ölkəyə aparılması digər valideyni Ailə Məcəlləsinin 61.1 və 61.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan məhrum etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh razılığı olmadan 08 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı ilə Azərbaycan Respublikasından kənara aparılmasına və geri qaytarılmasına icazə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0, 3.0.4 maddələrinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Həmin Məcəllənin 50.4., 51.4., 61.1., 61.2. və 61.5.-ci maddələrinə əsasən valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir; uşağın valideyinləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Tələbinə əsasən, uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafıq müəssisələrdən məlumat almaq hüququna malikdir. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlıdır. İddiaçı uşağını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşağının atasından razılıq ərizəsi alınması mümkün deyildir. Nəticədə onların sərbəst hərəkət etmək azadlığı pozulur və onların hüquqlarının məhdudlaşmasına səbəb olur. Sadalanan xüsusiyyətlərə, əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 08 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməlidir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, məhkəmə qətnaməsini icra etməmə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 08 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar