Məhkəmə qərarları › İş №2-2(1-8)-104/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-104/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-104/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminlik, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə cavabdeh4 (borc alan) arasında 2022-ci il ## ###### tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana illik 21 % dərəcəsi ilə, 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir.

2. cavabdeh3, cavabdeh2, cavabdeh1 zamin kimi həmin müqaviləni imzalamışlar.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq – “cavabdeh4”, “cavabdeh3”, “cavabdeh2” “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 23.429,25 manat məbləğində əsas borcun, 3.135,74 manat məbləğində faiz borcunun, 799,08 manat məbləğində cərimə borcunun, cəmi 27.364,07 manat borcun və 173 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişlər.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 23.266,22 manat əsas borc, 3007,27 manat faiz borcu və 700 manat cərimə borcu və dövlət rüsumunun əvəz olaraq 173 manat tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim – G.Həşimova).

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh4 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Həmçinin müqavilə üzrə zaminlər cavabdeh3, cavabdeh2, cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.

7. Məhkəmə qeyd etmişdir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdeh4 iddiaçıya 2022-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 2024-cü il # #### tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcu 23.266,22 manat, faiz borcu 3.007,27 manat təşkil etməsi müəyyən edilmişdir.

8. Məhkəmə ekspert rəyini tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borcun tutulması hissəsində qismən, 2022-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 2024-cü il # #### tarixə (pretenziya məktubunun göndərilən tarixə) 23.266,22 manat, faiz borcu 3.007,27 manat faiz borcu cavabdeh cavabdeh4 bankın xeyrinə tutulmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh4 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

10. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə zaminlər cavabdeh3, cavabdeh2, cavabdeh1 2022-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə borc alan cavabdeh4 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 106.3 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh cavabdeh3 da apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva, Z.Şirinov).

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, müqavilədə zaminliklə təmin edilən öhdəliklərinin həcmi, müddəti zaminlərin rekvizitləri dəqiq qeyd edilmiş, cavabdeh3 və cavabdeh2 2022-ci il ## ###### tarixli kredit müqaviləsinin 5-ci bölməsində müqaviləni zamin qismində imzalamaqla borc alan cavabdeh4 həmin müqavilə üzrə bütün öhdəliklərinə zamin durmuşlar.

17. Apellyatorun qeyd etdiyi əlavə zamin anlayışı isə müqavilədə digər şərtlər qrafasında qeyd edilmiş və tərəflər arasında kredit münasibətlərindən əlavə zaminlik münasibətlərinin mövcudluğunu göstərmişdir.

18. Həmçinin kollegiya qeyd etmişdir ki, Azərbaycan Kredit Bürosundan Çıxarışda tərəfin zamin olduğu öhdəlik barədə məlumatın qeyd edilməməsi zaminlik müqaviləsinin mövcudluğunu istisna etmir.

19. Beləliklə kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

20. Kollegiya həmçinin qeyd etmişdir ki, zaminlik müqaviləsi aksessor öhdəlik olmaqla əsas öhdəliyin icrasının təmini məqsədilə bağlanılır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, borclu şəxs əsas müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə zamin durmuş şəxs həmin əsas öhdəliyin icrasına zamin durur. Əsas müqavilə hesab olunan uzunmüddətli kredit müqaviləsindən meydana çıxan öhdəliklər cavabdeh4 tərəfindən lazımi qaydada icra edilməmişdir. Nəticədə zaminlik müqaviləsi üzrə zamin durmuş şəxs qismində cavabdeh3, cavabdeh2 həmin müqavilənin 7.4.4-cü bəndinə müvafiq olaraq cavabdeh4 ilə birgə məsuliyyət daşımalı və uzunmüddətli kredit müqaviləsindən yaranmış borc və cərimələri ödəməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385, 386.1, 425, 442, 448.1, 472, 500.1, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh cavabdeh3 da kassasiya şikayəti verərək həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Cavabdehlər cavabdeh3 və cavabdeh2 kassasiya şikayətinin dəlilləri

25. MM-in 470 və 472-ci maddələri üzrə - apellyasiya məhkəməsi kassasiya şikayəti verən şəxsi zamin hesab etmiş və onların əsas borclu ilə birgə (solidar) məsuliyyət daşıdığını qəbul etmişdir. Lakin məhkəmə zaminliyin subsidiar, yoxsa birgə olduğunu, zaminin məsuliyyətinin başlama şərtlərini, zaminliyin həcm və məhdudiyyətlərini araşdırmamışdır. Apellyasiya məhkəməsinin “əlavə zamin” ifadəsinin mövcudluğunu özlüyündə birgə məsuliyyətə əsas kimi qəbul etməsi maddi hüququn düzgün tətbiq edilməməsidir. Yəni apellyasiya məhkəməsi əlavə zamin statusunda olan cavabdeh3 subsidiar və ya birgə məsuliyyət daşıdığını araşdırmamışdır. Məhkəmə “əlavə zamin” ifadəsinin kredit müqaviləsində qeyd olunmasını kassasiya şikayəti verən şəxslərin zaminlik öhdəliyini təsdiq edən əsas fakt kimi qəbul etmişdir. Lakin “əlavə zamin” anlayışı MM-də ayrıca hüquqi kateqoriya kimi mövcud deyil, onun hüquqi nəticələri qanunla birbaşa müəyyən edilməyib. Bu səbəbdən məhkəmə “əlavə zamin” ifadəsinin zamin, subsidiar zamin, yoxsa zaminə bərabər tutulan üçüncü şəxs olduğunu bu ifadənin müqavilənin hansı bəndində və hansı hüquqi nəticə ilə istifadə edildiyini aydınlaşdırmalı idi. Bunu etmədən “əlavə zamin”i avtomatik olaraq tam hüquqlu və birgə məsuliyyət daşıyan zamin kimi qəbul etmək maddi hüququn analogiya ilə və əsassız genişləndirilməsi deməkdir. Qanunda olmayan termin əsasında məsuliyyət tətbiqi yolverilməzdir. Qeyri-müəyyən termin zaminin xeyrinə şərh edilməli idi. Subsidiarlıq araşdırılmadan birgə məsuliyyət tətbiqi hüquqi nəticə yarada bilməz. Bu halda məhkəmə ya zaminliyi subsidiar qəbul etməli, ya da həmin şəxslərə münasibətdə iddianı rədd etməli idi. Əks yanaşma maddi hüququn əsassız genişləndirilməsi deməkdir. Bu səbəbdən kassasiya şikayəti verən şəxslərin zamin qismində məsuliyyətə cəlb edilməsi MM-in 470–472-ci maddələrinin kobud şəkildə pozulmasıdır və qətnamənin həmin hissədə ləğvini qaçılmaz edir.

26. MPM-in 88, 217-cü maddələri üzrə - kassasiya şikayəti verən şəxslər apellyasiya instansiyasında “əlavə zamin” anlayışının hüquqi qeyri-müəyyənliyini, bank sənədlərində zaminlik statusunun ziddiyyətli göstərilməsini əsaslı şəkildə qaldırmışlar. Apellyasiya məhkəməsi isə bu arqumentləri “formal mülahizə” kimi rədd etmiş, lakin niyə əsassız sayıldığını, hansı hüquqi norma ilə təkzib edildiyini göstərməmişdir. Bu hal motivli məhkəmə aktı tərtib etmək vəzifəsinin pozulmasıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri əsas götürdüyü halda, kassasiya şikayəti verən şəxslərin təqdim etdiyi və zaminlik münasibətinin şübhə altına alınmasına yönəlmiş sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bu isə sübutların hərtərəfli və obyektiv araşdırılması prinsipinə ziddir. MKR məlumatı sadə texniki informasiya deyil, kredit öhdəliyinin hüquqi strukturunu əks etdirən rəsmi reyestrdir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kredit bürosunda formalaşdırılan məlumatlar kredit münasibətinin subyektlərini (borclu, zamin və s.), həmin subyektlərin öhdəlik növünü, öhdəliyin həcmini və xarakterini əks etdirən rəsmi maliyyə-reyestr məlumatlarıdır. Bu baxımdan MKR çıxarışı təkcə “məlumat xarakterli sənəd” deyil, kredit münasibətinin faktiki hüquqi konfiqurasiyasını göstərən sübutdur. Zaminlik mövcud idisə, MKR-də ayrıca zamin öhdəliyi kimi əks olunmalı idi. Hazırkı iş üzrə MKR məlumatlarında kassasiya şikayəti verən şəxslər zamin subyekti kimi ayrıca göstərilməmişdir, onların üzərinə düşən müstəqil kredit riski və öhdəlik qeydə alınmamışdır. Bu hal aşağıdakı hüquqi nəticələrə gətirir: ya zaminlik münasibəti ümumiyyətlə formalaşmamışdır; ya da zaminlik subsidiar və şərti xarakter daşıyır və müstəqil kredit öhdəliyi yaratmır. Hər iki halda kassasiya şikayəti verən şəxslərin birgə və birbaşa məsuliyyət daşıması maddi hüquqa ziddir. Bu yanaşma maddi hüquq baxımından yanlışdır, çünki zaminlik kredit riskinin paylaşılmasıdır. Kredit riski isə MKR-də məhz zamin üzərindən ayrıca qeyd olunmalıdır, əks halda həmin şəxs kredit münasibətinin müstəqil subyekti sayılmır. Məhkəmə bu arqumenti rədd edərkən MKR-in hüquqi təyinatını, kredit riskinin reyestrdə əks olunmasının əhəmiyyətini, zaminliyin müstəqil öhdəlik olub-olmamasını ümumiyyətlə təhlil etməmişdir. MKR-də zaminlik qeydinin olmaması zaminliyin ən azı dar və subsidiar şərh edilməsini tələb edirdi. Mülki hüququn əsas prinsiplərinə görə məsuliyyət yaradan hal şübhəli və ya qeyri-müəyyəndirsə, məsuliyyəti daraldan şərh tətbiq olunmalıdır. MKR məlumatı ilə bank sənədləri arasındakı ziddiyyət aradan qaldırılmadan məsuliyyət tətbiq edilib. Məhkəmə bu sübutlara düzgün qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (## ###### 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.”

“Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.”

“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, işin mübahisəsiz hallarına görə cavabdehlər 2022-ci il ## ###### tarixli kredit sazişini zamin qismində imzalamışlar. Həmin kredit sazişinin kredit şərtləri bölməsinin 1-ci bəndinə görə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər iddiaçının 2014-cü il tarixli 23 avqust tarixli Müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur.

35. Həmin Şərtlər toplusunun 1.1.30-cu bəndinə görə “zaminlik” zaminin bank qarşısında müştəri ilə birgə məsuliyyətini ehtiva edən əsas öhdəliyin icrasının təmin üsuludur. 36.Həmin Şərtlər toplusunun 6.12-ci bəndinə görə zamin müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. 37.Həmin Şərtlər toplusunun 7.4.4-cü bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği borcun tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. 38.Göründüyü kimi Şərtlər toplusunun qeyd olunan bəndlərində zaminlərin borclu ilə birgə məsuliyyət daşımaları müəyyən edilmişdir.

39. MM-in 472.1-ci maddəsinin dispozisiyası şərtlərinə görə, zaminin subsidiar məsuliyyət daşıması istisna hal kimi nəzərdə tutulmuş və bunun üçün ya qanunda, ya da müqavilədə birbaşa göstəriş olmalıdır. Hazırkı iş üzrə kredit müqaviləsində isə zaminlərin birgə məsuliyyət daşımaları müəyyən edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin kassatorların borclu ilə birlikdə birgə məsuliyyət daşıdıqları barədə nəticəsi MM-in 472.1-ci maddəsinin tələblərinə uyğundur. 40.Kassasiya şikayətində Azərbaycan Kredit Bürosunun məlumatlarında kassatorların ayrıca zamin kimi göstərilməməsinin zaminlik münasibətinin mövcud olmamasını təsdiq etməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, kredit bürosunda formalaşdırılan məlumatlar kredit münasibətləri barədə informasiya xarakterli reyestr məlumatları olmaqla, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin mövcudluğunu yaradan deyil, həmin münasibətlər barədə məlumatların toplanmasına xidmət edən məlumat bazasıdır. Zaminlik öhdəliyinin yaranması üçün əsas hüquqi fakt isə tərəflər arasında MM-in tələblərinə uyğun bağlanmış müqavilənin mövcudluğudur ki, hazırkı işdə də kassatorlar belə müqaviləni bağlamışlar. 41.Bu baxımdan kredit bürosu məlumatlarında müəyyən qeydlərin olmaması və ya fərqli şəkildə əks etdirilməsi özlüyündə bağlanmış zaminlik müqaviləsinin etibarsızlığına, yaxud zaminlik münasibətinin yaranmamasına dəlalət etmir. 42.Kassasiya şikayətində qeyd edilən sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillər də əsassızdır. 43.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 44.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 45.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehlərin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 46.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 47.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar