Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-112/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1 Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı tərəfindən xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə 13.869,23 manat dəyərində su daşınması xidmətinin göstərilməsi ilə bağlı 2025-ci il # ###### tarixli MT2410 10212964 seriya və nömrəli, həmçinin yük daşınması xidmətinin göstərilməsi ilə bağlı 5.076,92 manat dəyərində 2025-ci il # ###### tarixli MT2501 10758141 seriya və nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh X1 Cəmiyyətinə göndərilmişdir.
2. İddiaçı ilə Cavabdeh QSC-nin qanuni təmsilçisi qanuni nümayəndə2 arasında aparılan “whatsapp” yazışmalarında (müvafiq telefon nömrəsinin Cavabdeh QSC-nin qanuni təmsilçisi qanuni nümayəndə2 məxsusluğu İddiaçı vəsatəti əsasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təsdiq edilmişdir) 2025-ci il ## ###### tarixində İddiaçı görülən işlərin dəyərinin ödənilməsini xahiş etmiş, Cavabdeh QSC-nin qanuni təmsilçisi isə ona ödəmə olmadığını bildirmişdir
3. X7 2024-cü il # #### tarixindən sürücü vəzifəsində, X4 2024-cü il # ### tarixindən 2024-cü il ## #### tarixinədək sürücü vəzifəsində, X5 2024-cü il # #### tarixindən 2024cü il # ####### tarixinədək sürücü vəzifəsində, X2 2024-cü il # #### tarixindən 2024-cü il # ####### tarixinədək sürücü vəzifəsində İddiaçı işçisi, X8 2024-cü il ## #### tarixindən 2025-ci il # ##### tarixinədək iş icraçısı vəzifəsində Cavabdeh QSC-nin işçisi olmuşdur.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh X1 Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.946 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə olan şifahi razılaşmasına əsasən 2024-cü il # #### tarixindən 2024-cü il ## ###### tarixinədək Xocalı rayonu ərazisində yaşıllaşdırma işləri ilə bağlı xidmət göstərmiş, yəni həmin müddətdə adıçəkilən ərazidə əkilmiş yaşıl bitkilərin suvarılmasını təmin etmişdir. Iddiaçı özünə məxsus 2 ədəd “kamaz” markalı su maşını və 2 ədəd özüboşaldan “kamaz” markalı yük maşını ilə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, iddiaçı öz vəsaiti ilə işçilərlə əmək müqaviləsi bağlamış və işçilərin əmək haqlarını ödəmişdir. Bu işlərin görülməsinin qarşılığında cavabdeh 18.946 manat pul ödəməli idi. Ötən 8 ay ərzində göstərilən xidmətin qarşılığında cavabdeh borc üzrə hər hansı ödəniş aparmamışdır. Iddiaçı pulun ödənilməsi üçün cavabdeh tərəflə dəfələrlə görüşmüş, onlarla telefon danışığı və “whatsapp” yazışmaları aparmışdır. Bu barədə pretenziya göndərilsə də, heç bir nəticə olmamışdır. Təqdim edilən qaimədən də görünür ki, cavabdeh razılaşma üzrə görülən işlər üzrə iddiaçıya ümumilikdə 18.946 manat pul ödəməlidir.
6. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, tərəflər arasında hər hansı xidmət münasibətinin olmadığını, iddiaçının bu barədə sübut təqdim etmədiyini bildirmişdir. Cavabdeh elektron qaimələri təsdiq etməmiş, onlar təkrar göndərildiyi üçün təsdiqlənmiş statusuna düşmüşdür.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli qərardadı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Şahid qismində X2 məhkəməyə ifadəsində iddiaçının işçisi olduğunu, Xocalı rayonu, Malıbəy, Kərkicahan qəsəbəsi, Yeni Binədə və Xankəndi şəhərində **HT*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – özüboşaldan “kamaz” markalı texnika ilə 23 gün işlədiyini, daş, qum daşınması işlərini gördüklərini bildirmişdir. Eyni zamanda 26 gün işləyib 3.000 manat alacaqlarını, yemək, qalma və yanacaq xərclərini cavabdehin işçisi Seymur adlı şəxsin verdiyini, işlərə iddiaçı, Seymur adlı şəxs və “xxxx” MMC-nin nəzarət etdiyini göstərmişdir.
9. Şahid qismində X7 məhkəməyə ifadəsində iddiaçının işçisi olduğunu, *** nömrəli nəqliyyat vasitəsi ilə 2024-cü il # #### tarixindən 2024-cü il ## ###### tarixinədək 42 gün üçün cavabdehin tapşırığı ilə su çənlərinin doldurulması, daşınması işlərini gördüyünü, cavabdehin onları yanacaqla təmin etdiyini, “xxxx” MMC-nin isə hansı işləri görəcəklərini bildirdiyini qeyd etdi və aylıq 350 manat əməkhaqqı verildiyini göstərmişdir.
10. Şahid qismində X6 məhkəməyə ifadəsində cavabdehin Bakıda və Qarabağda işləyən işçisi olduğunu qəbul etmiş və bildirmişdir ki, 2024-cü ilin may-iyun aylarından noyabr ayına qədər cavabdehdə sahə mühəndisi vəzifəsində işləmiş, iddiaçının sürücüləri ərazidə işləmiş, ərazini təmizləmiş, su daşımış, bütövlükdə iddiaçı 4 nəqliyyat vasitəsi cəlb etmişdir. Iddiaçının Əhəd, Xaliq adlı sürücüləri də olmuşdur. Iddiaçının maşınları 2024-cü ilin iyun və iyul aylarında işləmiş, cavabdeh həmin maşınlara yanacaq vermişdir. Lakin yanacağın verilməsi ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib olunmamış, sadəcə jurnala qeydlər edilmişdir. Belə ki, həmin jurnal iddiaçının işçiləri tərəfindən imzalandıqdan sonra baş idarəyə (cavabdehə) göndərilir, siyahı təqdim edilirdi.
11. Şahid qismində X9 məhkəməyə ifadəsində bildirmişdir ki, cavabdehdə 2024-cü il ## ### tarixindən 2024-cü il # ###### tarixinədək Xocalı, Malbəyli və Xankəndi ərazilərində işləmiş, bu zamanda iddiaçının da sürücüləri orada olmuşdur. Ümumilikdə iddiaçının 2 su maşını, 2 özüboşaldan maşını ərazidə olmuşdur. X3 nəzarət etmiş, yanacaq vermişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 16.946 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – N.Əhmədova). Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında formalaşmış münasibətlər mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrıayrı növləri
13. və podrat müqaviləsi elementlərinə malik olsa da, görülmüş işlərin dəyərinin ödənilməsi tələbi Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Belə ki, tərəflər arasında hər hansı yazılı müqavilə olmamış, xidmətlər və işlər üçün ayrı-ayrılıqda hər hansı qiymət razılaşdırılmamışdır. Bu isə hazırkı münasibətin qarışıq müqavilə kimi təfsirini istisna edir. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil etmişdir.
14. Iddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaimənin təsdiq edilməsi isə işin müəyyən olunan halı olmuşdur. Belə olan halda məhkəmə tərəflər arasında müqavilə münasibətinin formalaşıb-formalaşmaması, müsbət halda, həmin münasibətin məzmununun aydınlaşdırılmasını zəruri hesab etmişdir.
15. Tərəflər arasında aparılmış “whatsapp” danışıqları, eləcə də tərəflərin işçilərinin ifadələri ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdeh üçün iyul-avqust aylarında müəyyən işlər görülmüş, həmin işlərin görülməsinə 4 nəqliyyat vasitəsi cəlb olunmuş, işlər Xocalı rayonu, Malıbəy və Xankəndi şəhərində icra edilmiş, ərazinin təmizlənməsi, su və yük daşınması, yüklərin boşaldılması və su çənlərinin doldurulmasından ibarət olmuş, cavabdehin işçisi X6 iş icraçısı kimi iddiaçının işçilərinə nəzarət etmiş, nəqliyyat vasitələrini yanacaqla təmin etmiş, cavabdehin qanuni təmsilçisi də “whatsapp” danışığında işlərin görülməsini inkar etməmiş, onlara ödəmə olmadığından işlərin dəyərinin verilmədiyini bildirmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn, görülmüş işin dəyərinin ödənilməsi hüququna malikdir.
17. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə qeyd etmişdir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, lakin borclunun müqavilə öhdəliklərini-müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək müqavilə münasibətlərinin mövcud olmadığını və ya kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh görülən işlərin dəyərini tam ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
18. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Göstərilənlərə əsasən məhkəmə, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehin (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli olması qənaətinə gəlmişdir.
20. Lakin borc məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, təqdim edilən elektron qaimələrlə 18.946 manat məbləğində işin görüldüyü təsdiq olunsa da, iddiaçı 2.000 manat ödəniş edildiyini etiraf etdiyindən, həmin hissədə iddia təmin oluna bilməz. Belə olan halda kollegiya 16.946 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 425, 442, 448.1, 448.2, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2022-ci il ## ##### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim-L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallara əsasən hazırkı mübahisə tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəldiyindən və iddianın predmetini xidmət müqaviləsi üzrə xidmət haqqının ödənilməsini tələb etmək hüququ təşkil etdiyindən, eləcə də MM-də xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından, hazırkı iddianın qanuni əsasını MM-in oxşar hüquq münasibətlərini tənzimləyən 752.1 və 753.1-ci maddələri təşkil etmişdir
25. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə ilə razılaşaraq qeyd etmişdir ki, gəlinən nəticə əsaslı olmuş, təqdim edilən sübutlar məcmu şəkildə tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə texnikalarla xidmət göstərilməsini təsdiq etmişdir. Cavabdeh tərəfindən isə müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehə ödəniş edilməsi iş materiallarına əsasən müəyyən olunmamışdır. Odur ki, iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən xidmət müqaviləsi üzrə xidmət haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
26. Cavabdehdən tutulmalı olan xidmət haqqının məbləğinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, mübahisəli xidmətlərlə bağlı iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.946 manat məbləğində elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamışdır. Digər tərəfdən o da nəzərə alınmışdır ki, cavabdeh tərəf apellyasiya şikayətində iddiaçı ilə aralarında xidmət müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunu, ümumiyyətlə, inkar etməklə yanaşı, iddiaçının tələb etdiyi məbləğin göstərilməsi iddia olunan xidmətlərin real bazar dəyərindən yüksək olmasına, o cümlədən başqa şəxslər tərəfindən analoji xidmətlərin daha aşağı qiymətə göstərilməsinə də istinad etmiş, lakin mübahisəli xidmətlərin dəyəri ilə bağlı tərəflər arasında elektron qaimələrdə qeyd olunan qiymətlərdən fərqli razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Beləliklə, mübahisəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin elektron qaiməyə əsasən 18.946 manat təşkil etdiyini, eləcə də iddiaçı tərəfindən həmin məbləğdən 2.000 manat ödəniş edilməsinin cavabdeh tərəfindən etiraf olunmasını nəzərə alan kollegiya qeyd etmişdir, iddianı qismən, yəni “16.946 manat pulun tutulması" hissəsində təmin edən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. Azərbaycan Respublikası Vergi Məcəlləsi 71-1.1-ci maddəsi üzrə-işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətinə elektron qaimə-fakturalar təqdim edilməlidir. Iddiaçı isə bu müddəti 6 aydan artıq müddətdə ötürmüşdür. Eləcə də işlərin və xidmətlərin cavabdehə təhvil verilməsi rəsmiləşdirilməmiş və ya bununla bağlı iddiaçı heç bir addım atmamışdır. Nəticədə norma məhkəmə tərəfindən tətbiq edilməmişdir
31. MM-in 6.2-ci maddəsi üzrə-fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, iddiaçı və cavabdehin iradəsini ifadə edən müqavilə mövcud olmamışdır. Məhkəmə normanı tətbiq etməmişdir.
32. MPM-in 88 və 217-ci maddələri üzrə-məhkəmə tərəfindən qərar qəbul olunarkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Məhkəmə qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamə qanuni əsası olmadan qəbul olunmuşdur.
33. Cavabdeh Xocalı, Malıbəyli bölgəsində tikinti, təmir, yaşıllaşdırma işləri aparmaq üçün heç bir müqavilə imzalamamış, texnikalarını həmin bölgədə icarəyə vermişdir. Cavabdehin iddiaçı ilə hər hansı müqaviləsi olmamış, sonuncu ilə heç bir əməkdaşlıq həyata keçirməmişdir. Cavabdehin rəhbərliyi işə başlayandan, yəni 2024-cü ilin aprel ayından 2025-ci il sentyabr ayına qədər (iş bitənədək) iddiaçı ilə nə şifahi, nə yazılı danışıq aparmamışdır. Məlum olduğu kimi, bu cür xidmətlərin göstərilməsi zamanı tərəflərin arasında yazılı müqavilə bağlanmalı, qiymət razılaşma protokolu tərtib olunmalı, görülən işlərin təhvil-təslimini təsdiq edən hər iki tərəfin imzaladığı akt hazırlanmalı və sonda elektron qaimə sifarişçi tərəfindən təsdiq olunmalıdır. Iddiaçı tərəfindən qeyd olunan rəsmi sənədlərdən hər hansı təqdim olunmadan, yalnız mötəbərliyi şübhə doğuran şifahi şahid ifadələrinə istinadla iddia qismən təmin edilmiş, apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən təqdim olunan sübutlara əhəmiyyət vermədən, iddiaçının gətirdiyi əsassız ifadələrə söykənərək müvafiq qərar qəbul etmişdir. Irəli sürülən tələbi sübut etmək vəzifəsi iddiaçının öhdəliyində olduğu halda, nə əqdin mövcudluğunu, nə sözügedən işlərin həyata keçirildiyini, nə də məbləğin hansı qaydada hesablandığını sübut edən hər hansı dəlil irəli sürülməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”
“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
38.
“... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. ...”
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
41. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
42. Belə ki, kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
43. Kassasiya şikayətinin, iddia tələbinə qarşı etirazın dəlilləri ilə eyni olan dəlilərinə gəldikdə qeyd olunmalıdır ki, qanunvericilik müqavilə münasibətlərinin yaranmasını bütün hallarda yalnız yazılı müqavilənin mövcudluğu ilə şərtləndirmir. Işə baxmış məhkəmələr tərəfindən, işin materiallarında olan şahid ifadələri, tərəflər arasında aparılmış yazışmalar, habelə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr birgə qiymətləndirildikdə tərəflər arasında faktiki xidmət münasibətlərinin mövcudluğu, iddiaçının müəyyən müddət ərzində, texnika və işçi qüvvəsi cəlb etməklə cavabdehə xidmət göstərdiyi müəyyən olunmuşdur.
44. Işin məhkəmələr tərəfindən müəyyən edilən həmin hallarını təkzib edən mötəbər sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır.
45. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
46. Kassasiya şikayətlərinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir (MPM-nin 407.2-ci maddəsi).
47. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.