Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-114/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2, X1, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2, X1, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış 2023-cü il ## #### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 2000000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər X2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər.
2. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış 2023-cü il ## #### tarixli, ***R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 45000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 48 ay müddətinə Kredit Alana verir.
3. Cavabdehlərə ünvanlanmış 2024-cü il # #### tarixli xəbərdarlıq məktubu ilə krеdit müqaviləsinə əsasən yaranmış 44928,49 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdeh2 (bundan sonra – “cavabdeh cavabdeh2”), X1 (bundan sonra – “cavabdeh Y.Isgəndərov”), cavabdeh4 (bundan sonra – “cavabdeh cavabdeh4”), cavabdeh3 (bundan sonra – “cavabdeh cavabdeh3”) və cavabdeh1 (bundan sonra – “cavabdeh cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 39624,34 manat məbləğində kredit bоrcu, 4242,48 manat məbləğində faiz bоrcu və 1061,67 manat məbləğində cərimə olmaqla, ümumilikdə 44928,49 manat məbləğində bоrcun və ödənilmiş 224,79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borcalan kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 2024-cü il ## ###### tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5375.66 manat ödəniş etmiş və оnun iddiaçıya 39624,34 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Borcalan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 2024-cü il # #### tarixə 134 gün üçün hesablanmış faiz borcu 4242,48 manat təşkil edir.
6. Maliyyə arayışına görə kredit razılaşması üzrə borcalanın 2024-cü il # #### tarixə borcu əsas məbləğ üzrə 39624,34 manat, faiz üzrə 4242,48 manat, cərimə borcu 1061,67 manat olmaqla, cəmi borc məbləği 44928,49 manat təşkil edir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli, 2024-cü il # #### tarixli rəyinə əsasən 2023-cü il ## #### tarixli, ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh cavabdeh2 2024-cü il # #### tarixə əsas borc üzrə 39369,72 manat, faiz borcu üzrə 4304,42 manat borcunun olması müəyyən olunur.
8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 2023-cü il ## #### tarixli kredit razılaşması üzrə 39369,72 manat məbləğində əsas borc, 4242,48 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 224,79 manat dövlət rüsumu olmaqla, cəmi 43936,99 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. (hakim Z.Abbasov).
9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh cavabdeh2 həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, həmçinin onlar tərəfindən iddiaya qarşı etiraz verilməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin sübut olunduğu qənaətinə gəlir.
10. Borcun məbləği ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də əsas borc məbləği məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə, faiz borc məbləği isə maliyyə arayışında qeyd edilən həddə müəyyən edilməlidir.
11. Cərimə məbləğinə aid hissədə məhkəmə cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə almaqla hesab etmişdir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq müvafiq olaraq 100 manat məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 470.1, 472, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ödədiyi məbləğlərin nəzərə alınmaqla və iddianın cərimə hissəsində rədd edilməklə iddianın qismən təmin edilməsini, habelə ekspertiza xərcinin iddiaçı və cavabdehlər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Imanov, hakimlər – Q.Əliyev və T.Kərimov).
15. Məhkəmə göstərmişdir ki, cavabdeh 2023-cü ilin 9 ayı ərzində ödənişlər etdiyini, lakin bu ödənişlərinin bank və ekspert rəyi ilə nəzərə alınmadığını qeyd edir. Lakin keçirilmiş mühasibatlıq ekspertizasına nəzər saldıqda müəyyən edilir ki, ekspret xəbərdarlıq müddəti olan 2024-cü il # #### tarixindək olan borcu müəyyən etmişdir. Yəni, ekspertiza nəticəsində cavabdehin banka olan bütün ödənişləri nəzərə alınmışdır.
16. Kollegiya cavabdehin ikinci dəlili ilə bağlı qeyd etmişdir ki, müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin bütün iclaslarının yeri və vaxtı barədə məlumatlandırılıb, lakin onlardan heç biri məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə etiraz, mülahizə və sübutlarını məhkəməyə təqdim etməyə imkanı olduğu halda bunu etməmişdir. Apellyatorun diqqətinə çatdırılır ki, sübutlar birinci instansiya məhkəməsində məhkəmə baxışı keçirilənədək təqdim edilməlidir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 470.1, 472, 739.1, 739.2, MPM-nin 14.2, 77.1, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin əsas, faiz və cərimə borcunun hesablanması hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə iddia üzrə faiz və cərimə borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 386.1-ci maddəsi üzrə - 2023-cü ilin aprel-dekabr ayları ərzində ödəniş etmiş, bank isə etdiyi ödənişləri nəzərə almamış, etdiyi ödənişin ödənilməsini yenidən tələb edir. Bu da bankın əsassız varlanmasına səbəb ola bilər. Maddi vəziyyəti çox aşağıdır, həmçinin aldığı əmək haqqı da digər kreditlərin ödənilməsinə sərf olunur.
20. MPM-in 217.1-ci maddəsi üzrə - məhkəmə qətnaməsində etdiyi ödənişlər tam nəzərə alınmamışdır. Işi ilə əlaqədar üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda başa düşmədiyi üçün iddia ərizəsinə etiraz, mülahizə və sübutlarını təqdim edə bilməmişdir. Apellyasiya şikayətində borcun düzgün hesablanması üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini və məhkəmə iclasında şəxsən iştirak etmək istəməyini bildirməyinə baxmayaraq, məhkəmə bunları nəzərə almayıb, ilk iclasda apellyasiya şikayətini təmin etməmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qeyd edilən məbləğdə krediti iddiaçı bankdan götürmüşdür. Əvvəllər krediti vaxtlı-vaxtında ödəsə də, sonradan işlərinin pisləşməsi səbəbindən maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmiş, imkanı daxilində kreditin ödənilməsi üçün dəfələrlə banka müraciət etdikdə bank onunla razılaşmamış, aylıq ödənişin məbləğini və faiz dərəcəsini azaltmaqla bağlı təklifini qəbul etməmişdir. Onun aylıq 1482 manat məbləğində ödənişi etməyə maddi imkanı yoxdur, hazırda işləməklə ayda 500 manat əmək haqqı alır, digər banklara da kredit borcu oluğu üçün bütün əmək haqqı tutulur. Onun kredit borcundan ayda 700 manat pul ödəməyə imkanı var, bir şərtlə ki, əvvəl etdiyi ödənişlər nəzərə alınsın. Çünki 2023-cü ilin aprel-dekabr ayları ərzində 9 ay ödənişləri vaxtlı-vaxtında etmiş, 2023-cü ilin aprel ayında kredit məbləğini “Milliön” vasitəsilə etmiş və qəbzi itirmişdir. Ödədiyi pullar yalnız faiz borcunun ödənilməsinə yönəldilmişdir. Həmin ödədiyi və digər məbləğlər məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Həmçinin əvvəllər də İddiaçı QSC-dən dəfələrlə kredit götürüb, vaxtlı-vaxtında ödəmiş, bununla bağlı bankla heç bir problemi olmayıb. Bunları, eyni zamanda maddi vəziyyətini nəzərə alıb, ödədiyi ödənişlərin əsas borc məbləğindən çıxılmasını, faiz borcundan çıxılmamasını istəyir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).
27. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
29. Əlavə olaraq maddi imkanının olmaması və əmək haqqının digər kredit borclarına tutulması barədə cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, bu hal cavabdehi hazırki müqavilə üzrə öhdəliklərini icra etməkdən azad edən hal deyildir.
30. Borcların düzgün müəyyən edilməməsi və olunan ödənişlərin nəzərə alınmaması ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi zamanı keçirilmiş mühasibatlıq ekspertizasına nəzər saldıqda müəyyən olunur ki, ekspert xəbərdarlıq məktubunun tarixi - 2024-cü il # #### tarixinədək olan borcu müəyyən etmişdir. Yəni, ekspertiza nəticəsində cavabdehin banka olan bütün ödənişləri nəzərə alınmışdır.
31. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
32. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kssasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.