Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-137/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC və cavabdeh2 MMC arasında bağlanan “Bank xidmətlərinin göstərilməsinə dair X1” 2022-ci il ## #### tarixli 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə Razılaşmanın ümumi şərtlərinin: 1-ci bəndinə əsasən, cavabdeh2 MMC Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsində yerləşdirilən 2022-ci il ## #### tarixli 1.0.* nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. 3-cü bəndinə əsasən, Bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir. 4-cü bəndinə əsasən, Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında Müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən üç gün ərzində Banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər.
2. Bank xidmətlərinin göstərilməsinə dair X1: 4-cü bölməsinin 3.8-ci bəndinə əsasən, müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən, Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. 10-cu bölməsinin 1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti və onun vaxtından əvvəl ləğv edilməsi: 1.2-ci bəndinə əsasən bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır. 1.4-cü bəndinə əsasən bu Müqaviləyə və ya bu Müqavilə çərçivəsində təqdim olunan hər hansı xidmətə aşağıdakı hallarda və qaydada xitam verilə bilər: 1.4.5-ci bəndinə əsasən bank tərəfindən. 1.4.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
3. X1 çərçivəsində İddiaçı ASC ilə cavabdeh2 MMC arasında imzalanmış 2024-cü il ## #### tarixli K**** nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2025-ci il ## #### tarixinədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500.000,00 manat məbləğində kredit verilmişdir.
4. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında X1 çərçivəsində imzalanmış 2024-cü il ## #### tarixli K**** nömrəli Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq İddiaçı ASC ilə zamin cavabdeh1 arasında bağlanmış 2024-cü il ## #### tarixli Z**** nömrəli zaminlik müqaviləsinin: 2.1-ci bəndinə əsasən, zaminliklə təmin olunan öhdəliklər: 2023-cü il ## ###### tarixli OnGTC-*****LE/**** nömrəli X1 və ya onun qəbul edilməsi barədə razılaşmanın çərçivəsində olan 2024-cü il ## ### tarixli K**** nömrəli maliyyələşdirmə üçün ərizə. 3-cü bəndə əsasən, Zamin Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. Məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini kredit xətti təşkil etdikdə zaminlik sözügedən kredit xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. 4.2-ci bəndə əsasən, Zamin Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bank qarşısında bu müqavilənin 2.2-ci bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öhdəsinə götürür və İddiaçı ASC-də və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir. Zamini xəbərdar etməmək Bank tərəfindən pul vəsaitinin akseptsiz silinməsinə mane olmur. 5.1-ci bəndə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamindən Borcalanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir.
5. İddiaçı ASC tərəfindən cavabdeh2 MMC-yə və cavabdeh1 2025-ci il ## #### tarixində pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 500.000 manat məbləğində əsas borc, 5.000 manat faiz borcu, 40.375 manat cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. İddiaçı ASC tərəfindən təqdim edilmiş 2025-ci il ## ###### tarixli PB/PBL- OUT00730 **** nömrəli maliyyə arayışına əsasən cavabdeh2 MMC-nin K**** nömrəli kredit müqaviləsi üzrə 2025-ci il ## ###### tarixinə banka 500.000 manat məbləğində əsas borc, 5.000 manat faiz borcu, 53.708,33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2025-ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 14.583 manat olmaqla, cəmi 57.3291,33 manat məbləğində borcu vardır.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ###### tarixində cavabdeh2 MMC və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”xxxx“MMC”, “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K**** nömrəli kredit müqaviləsinə əsasən 500.000 manat əsas borc, 5.000 manat faiz borcu, 53.708,33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2025-ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 14.583 manat olmaqla, cəmi 57.3291,33 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 863,29 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 2023-cü il ## ###### tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 imzalanmış, borcalan həmin şərtləri qəbul etmişdir. Bu çərçivədə tərəflər arasında 2024-cü il ## #### tarixli K**** nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və borcalana 2025-ci il ## #### tarixinədək 12% illik faiz, 15% illik cərimə faizi, müddətdən sonra isə 27% cərimə faizi ilə 500.000 manat kredit verilmişdir. Həmin öhdəliklərin təminatı kimi 2024-cü il ## #### tarixli Z**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan öhdəliklərini icra etmədiyindən Bank tərəfindən xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. 2025-ci il ## ###### tarixinə borc 500.000 manat əsas, 5.000 manat faiz, 53.708,33 manat cərimə və 14.583 manat gecikmə faizi olmaqla, cəmi 573.291,33 manat təşkil etmişdir (155 gün gecikmə). Bank pretenziya qaydasına riayət edərək borcalan və zaminə müraciət etmişdir. X1 əsasən ödəniş 3 aydan artıq gecikdirildikdə Bank krediti vaxtından əvvəl tələb edə bilər, ödənişlər isə əvvəlcə cəriməyə, sonra faizə, sonda əsas borca yönəldilir və gecikdirilmiş məbləğə müəyyən olunmuş qaydada cərimə faizi hesablanır.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada K**** saylı kredit müqaviləsinə əsasən 500.000 manat əsas borc, 5.000 manat faiz borcu, 25.000 manat dəbbə pulu, müqavilə müddəti bitdiyi 2025-ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 10.753,42 manat olmaqla, cəmi 540.753,42 manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 831 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – İ.Əhmədov). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh MMCyə 2024-cü
10. il ## #### tarixli K**** saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 2025-ci il ## #### tarixinədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500.000 manat məbləğində kredit ayrılmışdır. Iddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
11. Məhkəmə ilkin olaraq kredit müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarına görə, tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti 2025-ci il ## #### tarixində bitmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqlıdır.
12. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hazırkı vaxtadək heç bir ödəniş edilməməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 500.000 manat əsas borc və 5.000 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
13. Bundan başqa iddiaçı Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə hesablanmış 2025ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək gecikdirilmiş vaxt üçün 14.583 manat məbləğində faiz borcun cavabdehlərdən tutulmasını tələb etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, işdə olan maliyyələşdirmə haqqında ərizədən göründüyü kimi cavabdehə verilmiş kreditin müddəti 2025-ci il ## #### tarixində bitmiş və 2025-ci il ## ###### tarixində borcluya ödənişlə bağlı elektron xəbərdarlıq məktubu göndərilmiş, lakin ödəniş həyata keçirilməmişdir. Buna görə də iddiaçı gecikdirilmiş borca görə yəni müqavilə müddətinin bitdiyi 2025-ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, faiz borcunun 2025-ci il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək olan müddət üçün (157 gün) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən illik 5 %-lə faiz borcunun məbləği 10.753,42 manat (500.000x5%/100=25.000/365x157=10.753,42) müəyyən edilməlidir.
16. Iddiaçı eyni zamanda 53.708,33 manat cərimə borcunun cavabdehlərdən tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
17. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 25.000 manat məbləğində dəbbə pulu tutulmalıdır.
18. Eyni zamanda məhkəmə cavabdeh1 ilə bağlanılan 2024-cü il tarixli 15 mart Z**** saylı zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab etmişdir ki, zamin qismində çıxış edən şəxs borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 386.1, 399.1, 425.1, 442, 445.2.1, 445.7, 448.1, 448.2, 448.4, 460.1, 462.3, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3, 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, birinci instansiya məhkəməsində müəyyən edilməmiş hallar araşdırılmaqla əldə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə 2024-cü il ## #### tarixli K**** saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 2025-ci il ## #### tarixinədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500.000 manat məbləğində kredit ayrılmışdır. Iddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh MMC məhkəmə iclasında iştirakı təmin olunmadığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışa əsasən cavabdeh MMC-nin hüquqi ünvanı olan Bakı Şəhəri, Yasamal Rayonu, Qırmızı Şərq, Ev.1 ünvanına məhkəmə iclasının vaxtı yeri barədə bildirişlər göndərilsə də, məhkəmə bildirişləri müxtəlif əsaslarla geri qayıtmış, lakin cavabdeh və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər çatmış, imza edilməklə qəbul edildiyindən məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq iştirak etməmişdir.
24. Kollegiya vurğulamışdır ki, MMC-nin qanuni təmsilçisi cavabdeh1dur. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq işə prosessual maraq göstərməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, borcun məbləği, ödənişlər, iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı müvafiq vəsatətlərlə çıxış etməmişdir.
25. Həmçinin kollegiya cavabdehin hərəkətsizliyi ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
26. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini - iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almışdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 470.1, 472, 739.1, 739.2, 741-ci; MPM-in 119.1, 218.3, 372.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 462 və 467-ci maddələri üzrə - Iş materillarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü il ## #### tarixli K**** nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 2025-ci il ## #### tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500.000 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə tərəfindən iddiaçıya ödənilməli cərimə borcunun məbləği 25.000 manat müəyyən edilmişdir. Dəbbə pulunun növlərindən biri olan cərimə öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü penya isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz formasında müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu cərimə adlansa da, hesablanma qaydasına görə dəbbə pulunun penya növünə aiddir. Hesab edirik ki, iddiaçı tərəfindən borc məbləğinə tənasübsüz surətdə hesablanmış dəbbə pulunun yüksək həddə olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən hesab edirik ki, cavabdehlərdən iddiaçının xeyrinə 25.000 manat dəbbə pulunun tutulması cavabdehin mənafeyinə ziddir, ədalətsizdir və kreditorun əsassız varlanmasına səbəb olacaqdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə maliyyə çətinliyi, biznes zərəri və digər səbəblərdən yaranmışdır. Öhdəlikdən qəsdən yayınma halı olmamış və kreditorun cavabdehin maliyyə vəziyyətindən məlumatı olmuşdur.
30. MM-in 445-ci maddəsi üzrə - Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) tələb edə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən 5.000 manat faiz borcunun tutulması ilə yanaşı, cavabdehdən 10.753,42 manat əlavə faiz borcunun tutulması da müəyyən edilmişdir. Kreditor iddia ərizəsində Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə borcun hesablanması zamanı gecikdirilmiş günlərin sayını 155 gün müəyyən etdiyi halda, məhkəmə gecikmə günün sayını 157 gün müəyyənləşdirilmiş və faiz borcun hesablanmasına səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, illik uçot faiz dərəcəsi üzrə borcun hesablanmasında səhvə yol vermişdir.
31. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya instansiyası sübutları düzgün qiymətləndirməmiş, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən borc məbləğinin hesablanmasına dair mühasibatlıq ekspertizası keçirilməmiş, iddiaçının təqdim etdiyi sənədlər əsasında araşdırma aparmışdır. Işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə MMC arasında bağlanmış kredit müqaviləsi və zaminlik əsasında yaranmış borcun tutulmasına dair iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə təsdiq edilmir, belə ki, cavabdeh kredit müqaviləsini imzalamaqla öhdəliklərini və icra edilmədiyi halda tətbiq ediləcək cərimə şərtlərini qəbul etmiş, öhdəlikləri yerinə yetirməmiş, məhkəmələr isə tələb edilən 53.708,33 manat dəbbə pulunu azaldaraq 25.000 manat müəyyən etməklə tənasüblülük prinsipinə əməl etmiş, maliyyə çətinliyi və zərər kimi hallar MM-in 448.1-ci maddəsinə əsasən borclunun risk dairəsinə aid olduğundan məsuliyyəti istisna etmir, gecikmə günlərinin sayı düzgün olaraq 157 gün müəyyən edilmiş və faiz hesablanması qanunauyğun aparılmış, cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən mühasibatlıq ekspertizasına ehtiyac olmamış, borc məbləği müqavilə şərtləri, ödəniş qrafiki və bank çıxarışları əsasında düzgün hesablanmış, kassasiya şikayətində göstərilən hallar sübut olunmamış mülahizələrdən ibarət olmuş, apellyasiya instansiyası məhkəməsi sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qanuni, əsaslı qətnamə qəbul etmişdir, bu səbəbdən MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.
Kassasiya baxışının hədləri
33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...”
“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. ...”
“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
“Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
39. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh MMC tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
40. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
41. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.
42. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
44. Kassatorun cərimə məbləğləri ilə bağlı dəlillərinə gəldikdə kollegiya bildirir ki, müqavilə üzrə cərimə məbləği tənasüb meyarı gözlənilərək müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı müqavilə üzrə 53.708,33 manat cərimə borcu və müqavilə müddəti bitdiyi tarixdən hesablanan 14.583 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə isə 500.000 manat əsas borca münasibətdə müqavilə üzrə cərimə borcunun formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq 25.000 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun isə 10.753,42 manat məbləğində cavabdehdən tutulması qənaətinə gələrkən, qanunvericiliklə müəyyənləşdirilmiş tənasüb meyarlarının tətbiqində hər hansı hüquq pozuntusuna yol verməmişdir. Ümumiyyətlə şikayətin cərimələr üzrə məbləğlərin düzgün hesablanmaması ilə bağlı dəlilləri formal xarakterli olmaqla, işin halları ilə öz təsdiqini tapmamışdır.
45. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
46. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
47. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.