Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-142/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı “xxxx” MMC ilə alıcı X2 arasında 2022-ci il ## ######## tarixli, QE/SB-** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə uyğun olaraq birgünlük diri cücələri alıcıya satmağı, alıcı isə onların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 128.800 manat borcun, əsas məbləğə 5% dərəcəsi ilə hesablanmış 6.440 manat dəbbə pulunun və ödənilmiş 418,80 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan qiymətlərin razılaşması protokoluna əsasən bir cücənin qiyməti 1,1 manata razılaşdırılmışdır. Mövcud müqavilə üzrə tərəflərindən elektron qaimə faktura ilə cavabdehin Sabirabad rayonunda yerləşən sexində 2022-ci il ## ######## tarixdə dəyəri 38.500 manat, 2022-ci il # ###### tarixdə 40700 manat, 2022-ci il ## ###### tarixdə 10000,10 manat, 2022ci il ## ###### tarixdə 27500 manat, 2022-ci il ## ###### tarixdə 39600 manat, 2023-cü il ## ###### tarixdə 33.000 manat, 2023-cü il ## ### tarixdə 33.000 manat, ümumilikdə 222.300,10 manat dəyərində birgünlük cücələr təhvil verilmişdir. Qəbul edilmiş məhsul üzrə yaranmış borcdan cavabdeh bügunədək bank hesabına köçürmə yolu ilə cəmi 93500 manat vəsait ödəmişdir. Müqavilə üzrə qalıq borc 128800,10 manatdır. Dəfələrlə borcun ödənilməsi cavabdehdən tələb olunsa da, sonuncu borcun ödənilməsi üçün heç bir əməli tədbir görməmiş, əksinə müxtəlif bəhanələrlə borcun ödənilməsindən daim yayınmışdır.
4. Cavabdeh yazılı ərizə təqdim edərək, iddiaçı ilə bağlanmış 2022-ci il ## ######## tarixli müqavilə üzrə 140-150 minlik mal aldığını, həmin malların dəyərinin çox hissəsini ödədiyini, qalıq borcunun 5-6 min təşkil etdiyini, qeyd etdikləri ilə bağlı sübutlarını təqdim edəcəyini bildirmişdir.
5. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 82.700,10 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 357,60 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir (hakim R.Nəbiyev).
6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində heyvanların alqı-satqısı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə də, hazırki mübahisə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 29cu fəslinin “Heyvanların, quşların və balıqların alğı-satqısı”nı nəzərdə tutulan 2-ci paraqrafın müddəaları nəzərə alınmaqla, əyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilməklə həll edilməlidir.
7. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlıdır və etibarsız hesab olunması üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, müqavilə üzrə satıcıya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi iddiaçıya, alıcıya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə 222.300,10 manat dəyərində malların təhvil verdiyini bildirsə də, işdə olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan müəyyən edilir ki, cavabdehə ümumilikdə 182.700 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən isə 93.500 manat məbləğində ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya 89.200,1 manat məbləğində borcu qalmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, onun vəsatəti əsasında dəfələrlə məhkəmə iclasları təxirə salınsa da, iddiaçıdan aldığı malların dəyərini tam olaraq ödədiyini və ya bu öhdəliklərdən azad olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, o, məhkəməyə təqdim etdiyi ərizədən göründüyü kimi iddiaçıdan təxmini 140.000 – 150.000 manat dəyərində mal aldığını etiraf etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin “Elektron Məhkəmə Informasiya Sistemi”ndə yaradılmış “elektron kabinet”i vardır və o, həmin kabinet vasitəsilə iddia ərizəsinə qarşı öz sübutlarını qanunla müəyyən olunmuş müddətdə və qaydada məhkəməyə təqdim edə bilərdi.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya ümumilikdə 89.200,1 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddia tələbi əsas borca münasibətdə qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
11. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə alıcının öhdəliklərini gecikdirilməsinə görə dəbbə pulu (cərimə, penya) nəzərdə tutulmadığına görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “əsas məbləğin 5% - 6440 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması”na aid hissədə əsassız olduğundan təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 460.1, 462.1, 462.3, 465.2, 567, 599.1, 599.3, 608-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 107 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Q.Əliyev, hakimlər C.Imanov, T.Kərimov).
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında 2022-ci il ## ######## tarixdə bağlanmış QE/SB-** nömrəli alqı-satqısı müqaviləsiindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən cavabdehin satıcı qismində çıxış edən iddiaçı qarşısında götürmüş olduğu (diri cücələrin) mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə qismən edilən ödənişlər, cavabdehin iddiaçının pretenziyasını cavablandırmaması, iddiaçıdan 182.700 manat dəyərində malı təhvil aldığını etiraf etməsi, dəyərini tam olaraq sübuta yetirə bilməməsi ilə tam təsdiqini tapır. Malları (diri cücələri) təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan qaydada və müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş malların ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 427.3, 448.1, 442, 445.2.1, 560.1, 567, 599.1, 600.1, 600.4, 608-ci, MPM-in 4.1 14.2, 76.1, 76.2, 77.1, 106.3, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 570-ci maddəsi üzrə - tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndinə əsasən məhsul vaxtında alıcıya təhvil verilməklə, nəqliyyat xərcləri satıcı tərəfindən ödənilməlidir. Həmin müqavilənin 3.13-cü bəndinə əsasən alıcı məhsulun çatdırılması haqqında təsdiq olunmuş cədvəli satıcıya təqdim edir və məhsulun cədvəl üzrə çatdırılması müddətlərinə nəzarət edir və istənilən vaxt bununla bağlı satıcıdan yazılı və yaxud şifahi izahat tələb edir. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən məhsulun keyfiyyət standartlarına və tələblərə uyğun olmalıdır və məhsul alıcı tərəfindən qəbul edildiyi ana qədər satıcı məhsulun düzgün qablaşdırılması və keyfiyyətinə zəmanət verir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi, məhsullar satıcı tərəfindən alıcıya təqdim edilməli, məhsulun çatdırılması haqqında təsdiq edilmiş cədvəl olmalı, alıcı tərəfindən qəbul edilməlidir. MM-in yuxarıda qeyd edilən normasına əsasən isə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda əşyanın verilməsi baş tutur. Hazırkı halda isə mallar müqavilə şərtlərinə uyğun olaraq çatdırılmasa da, yuxarıda qeyd edilən qaimələrdən başqa digər məhsullar cavabdehə çatdırılmamışdır. Çatdırılmış malların isə dəyəri tam ödənilmişdir. Iddiaçı tərəf iddia etdiyi kimi əlavə mal verməsi barədə məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir.
19. MM-in 600 maddəsi üzrə - müqavilə şərtlərinə əsasən alıcı tərəfindən hər partiya üzrə məhsulun tam satış dəyərini qabaqcadan və ya 100 faizini bir günlük məhsul təhvil verildikdən sonra 5 iş günü müddətində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Göründüyü kimi tərəflər malın dəyərinin ödənilməsi ilə bağlı müddət müəyyən etsələr də, malların dəyərinin ödənilməsi müqavilə şərtlərinə deyil, tərəflər arasında razılaşdırılmış nağd və köçürmə yolu ilə icra edilmiş və beləliklə borc tam ödənilmişdir. Işə baxan məhkəmə kollegiyası isə bu hallara qiymət verməmiş, nəticədə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur.
20. MM-in 14.2, 14.2.1, 567, 568.1, 568.2-ci maddələri üzrə - alqı-satqı müqaviləsinə əsasən satıcı məhsulun qiymətini və göndərilmə tarixini alıcı ilə dəqiqləşdirdikdən sonra məhsulları cavabdehə çatdırılmalı idi. Bağlanmış həmin müqaviləyə əsasən 6 ədəd qaimə üzrə ümumilikdə 182.700,10 manat dəyərində məhsul təqdim olunmuşdur. Qeyd edilən qaimələrdən kənar hər hansı bir məhsullar cavabdehə təqdim edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin şərtinə görə alıcı hər partiya üzrə məhsulun tam satış dəyərini qabaqcadan və ya 100 faizini bir günlük məhsul təhvil verildikdən sonra 5 iş günü müddətində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Işin tədqiq olunan faktiki hallarından göründüyü kimi müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmiş malların dəyərinin ödənişinin bir qismi köçürmə, digər qismi isə nağd qaydada həyata keçirilmişdir. Baxmayaraq ki, bu hal iş üçün vacib əhəmiyyət kəsb etmişdir. Işə baxan məhkəmə apellyasiya şikayətində xüsusilə qeyd etməyinə baxmayaraq bu dəlillərinə heç bir qiymət verməmiş, heç bir araşdırma aparmadan iştirakları olmadan tələsik qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi polis Rı Elzadə Cəfərov tərəfindən tərtib edilmiş 2024-cü il 12 iyun tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında iddiaçıda direktor müavini vəzifəsində işləyən X1 izahatında qeyd etmişdir ki, cavabdehə satılan məhsulun ödəniş forması əsasən hesabdan hesaba köçürmək və bəzən də nağd formada həyata keçirilmişdir. Cavabdeh borcunun 83.500 manatını bank vasitəsilə iddiaçının hesabına, 97.268 manat məbləği isə karta köçürməklə, nağd formada sürücülərlə göndərməklə, iki partiya toyuq verməklə ödəmişdir. Göründüyü kimi işə baxan məhkəmə kollegiyası işin bu ziddiyyətli hallarına qiymət verməmiş və nəticədə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
21. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə kollegiyası əlavə sübutlar tələb etməmiş mövcud olan sübutlara obyektiv baxmamış və nəticədə ədalətli və qanuni qətnamə qəbul etməmişdir.
22. MPM-in 9.3, 217.1, 217.4-cü maddələri üzrə - məhkəmə çəkişmə prinsipinə əməl edərək ədalətli qərar qəbul etməli olduğu halda bunu etməmiş, iştirakları olmadan, dəlillərini araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən əsaslandırılmalıdır. Hazırki halda isə bunun əksidir, nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.
23. “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 2005-ci il ## ###### tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya şikayətində qeyd edilən faktlar araşdırılmamış məhkəmə öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
29. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması mübahisələndirilməmiş, mübahisə əsasən həmin öhdəliyin hansı həcmdə icra olunması və cavabdehin iddia edilən borcu ödəyibödəməməsi məsələsi ətrafında yaranmışdır. Apellyasiya baxışının predmeti də sonuncu məsələ ilə bağlı olmuşdur.
30. Cavabdeh borcun bir hissəsinin nağd qaydada ödənildiyini, habelə müəyyən hesablaşmaların bank köçürməsi xaricində həyata keçirildiyini ardıcıl şəkildə bildirmişdir. Cavabdeh həmin mövqeyini təsdiq etmək üçün Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin 2024-cü il ## #### tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmiş və bildirmişdir ki, həmin qərarda iddiaçı cəmiyyətin direktor müavini X1 izahatında cavabdehlə hesablaşmaların yalnız bank köçürmələri vasitəsilə deyil, həm də digər formalarda aparıldığı, müəyyən məbləğlərin karta köçürülməsi, nağd vəsaitlərin sürücülər vasitəsilə təqdim edilməsi və məhsulla hesablaşma hallarının mövcud olduğu göstərilmişdir.
31. Kollegiya qeyd edir ki, qeyd olunan məlumatlar mübahisənin predmeti ilə birbaşa bağlıdır. Belə ki, hazırkı iş üzrə həll edilməli əsas məsələ cavabdehin iddiaçı qarşısında hansı məbləğdə öhdəliyinin qalmasının müəyyən edilməsidir.
32. Birinci instansiya məhkəməsi də həmin halların əhəmiyyətini nəzərə alaraq iddiaçının vəsatəti əsasında 2025-ci il ## #### tarixli sorğu ilə təhqiqat materiallarının, o cümlədən izahatların və digər sənədlərin təqdim edilməsini tələb etmişdir. Bununla belə, həmin sorğunun nəticəsi gözlənilmədən və tələb olunan materiallar əldə edilərək tədqiq edilmədən iş üzrə məhkəmə araşdırması başa çatdırılmışdır. Cavabdehin həmin dəlillərinə isə qiymət verilməmişdir.
33. Cavabdeh göstərilən prosessual pozuntuları apellyasiya şikayətində ayrıca və konkret arqument kimi irəli sürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə münasibət bildirməmiş və onların rədd edilməsinin hüquqi və faktiki əsaslarını göstərməmişdir.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, MPM-in 392.2-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarına istinad edərək göstərmişdir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri verilmiş şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Lakin qətnamənin məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hüquqi mövqeləri sadalamaqla kifayətlənmiş, bundan sonra iş materiallarında olan sənədləri və tətbiq edilməli hesab etdiyi hüquq normalarını ümumi şəkildə sadalamış, lakin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər münasibət bildirməmişdir. Məhkəmə həmin dəlillərin hansı səbəblərə görə əsassız hesab edildiyini göstərməmiş, onların rədd edilməsinin hüquqi və faktiki əsaslarını açıqlamamışdır.
36. Halbuki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cavabdehin dəlillərinin, xüsusilə ödənişlərin bir hissəsinin nağd qaydada həyata keçirilməsinə dair dəlillərinin yoxlanılmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillərə heç birinə münasibət bildirməmiş, onların qəbul edilməməsinin səbəblərini açıqlamamışdır.
37. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi şikayət dəlillərinə hüquqi qiymət verilməsinin zəruriliyini özü qeyd etsə də, qəbul etdiyi məhkəmə aktında həmin tələblərə əməl etməmişdir. Nəticədə qətnamədə apellyasiya şikayətinin təmin edilməməsinin motivləri aydın şəkildə göstərilməmiş, məhkəmənin gəldiyi nəticə ilə həmin nəticəyə əsas verən hallar arasında məntiqi və hüquqi əlaqə qurulmamışdır.
38. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsinin səbəblərini və şikayətin dəlillərinin hansı əsaslarla rədd edildiyini məhkəmə aktında göstərməyə borcludur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli qərarında da ifadə olunmuş, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin şikayət dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduqları vurğulanmışdır.
39. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmasıdır. Məhkəmə tərəfin işin nəticəsinə təsir göstərə biləcək mahiyyətli arqumentlərini cavabsız qoya bilməz. Hazırkı halda isə cavabdehin müdafiəsinin əsasını təşkil edən və mübahisənin nəticəsinə təsir göstərə biləcək dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq araşdırılmamış və qiymətləndirilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə işin faktiki hallarının araşdırılması, sübutların qiymətləndirilməsi və işin hallarının müəyyən edilməsi ilə bağlı səlahiyyətlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinə aiddir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyəti isə aşağı instansiya məhkəmələri tərəfindən prosessual qaydalara riayət edilib-edilməməsinin yoxlanılmasından ibarətdir. Hazırkı işin halları isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə məhkəmə aktının əsaslandırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Həmin pozuntular isə iş üzrə düzgün nəticəyə gəlməyə təsir göstərə biləcək xarakter daşıdığından qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxılarkən cavabdehin dəlillərinə MPM-in tələblərinə uyğun hüquqi qiymət verilməli və nəticədən asılı olaraq qanuni və əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.