Məhkəmə qərarları › İş №2-2(1-8)-145/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-145/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-145/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № *-2(1-8)-145/2026 Açar sözlər: borc müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında notarial qaydada bağlanmış 2019-cu il # ####### tarixli borc müqaviləsinə görə borc verən, borc alana 90.000 manat məbləğində pulu verməyi, borc alan isə pulu 2021-ci il # ####### tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 90.000 əsas borc, 11.250 manat gecikdirmə faizləri, 226 manat hüquqi xidmət haqqı, 360 manat dövlət rüsumu olmaqla, cəmi 101.836 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəlindən tanışı Araz adlı şəxsin ona yaxınlaşaraq tanışı cavabdehin bzineslə məşğul olduğunu, biznesini artırmaq istədiyini və istərsə onu da, həmin biznesə qoşmasını bildirmişdir. İlkin görüş zamanı cavabdeh Şəmkir şəhərində parniklərinin olduğunu, Bakıda broyler şirkətinin olduğunu və şirkətini artırmaq istədiyini bildirmişdir. Daha sonra o, yaxşı gəlir əldə edə biləcəyini bildirirərək, bu işə pul qoymaq istədiyini bildirmişdir. O da, bu məsələdə onunla razılaşmış bu biznesin daha da inkişaf etməsi üçün 90.000 manat pulu ona verəcəyini bildimişdir. 2019-cu il # ####### tarixində cavabdehlə arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi imzalandığı gündən müəyyən müddət küçdikdən sonra o, cavabdehdən pulun ödənilməsini tələb etdikdə o, işlərinin düzgün getmədiyi, parniklərin işəmədiyini bildirmiş və borcunu ödəməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).

5. Məhkəmə bildirmişdir ki, iş materiallarına görə, borc müqaviləsi üzrə 90.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, müqavilə üzrə borcu qaytarmaq öhdəliyi yaranmışdır. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı tərəf 2023-cü il ## ###### tarixli və 2023-cü il ## ##### tarixli cinayət işinin başlanması haqqında qərarların ləğv edildiyini qeyd edərək, həmin borcun ödənilmədiyini bildirmişdir. Cavabdeh tərəf də, heç bir məhkəmə iclasında iştirak etməmiş və qeyd edilmiş borcun ödənilməsi barədə sənədi məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 90.000 manat pulun tələb edilməsi hissəsində və əsas borca illik 5 faiz hesablanmaqla 11.250 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin 2ci bəndinə görə, cavabdeh tərəf borcu 2021-ci il # ####### tarixədək qaytarmağı öhdəsinə götürsə də, qeyd edilmiş tarixdən 2 il 6 ay keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 11.250 (90.000x5/100=4.500 ( 12 ay üçün) 4.500/12=375 (1 ay üçün) 375x30=11.250 (30 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – “MPM”) 14.1, 14.2 və 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin qismən, 32.000 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilmnəsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, 2019-cu il # ####### tarixli müqavilə üzrə əsas borca görə 38.400 manat məbləğində pulun və əsas borca illik 5% hesablanmaqla 5.280 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

10. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına görə 2019-cu il # ####### tarixində iddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında notarial qaydada borc müqaviləsi imzalanmış, daha sonra tərəflər aylıq faiz ödəməklə pulun qaytarılması barədə şifahi razılaşmışlar. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R X1 icraatında olan HK-*/*** nömrəli material üzrə 2024-cü il # #### tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, 2023-cü il # ###### tarixində iddiaçı ərizə ilə müraciət edərək 2019-cu il # ####### tarixində cavabdehə 90.000 manat pul verdiyini, lakin həmin məbləğin qaytarılmadığını və onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini bildirmişdir.

11. İddiaçı izahatında bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəlində tanışı Araz adlı şəxs ona yaxınlaşaraq tanışı cavabdehin bizneslə məşğul olduğunu, biznesini artırmaq istediyini və istəyirsə onu da o biznesə qoşmasını bildirmişdir. O da razılaşmış və cavabdehə 90.000 manat pul verə biləcəyini demişdir. Cavabdeh razılaşanda iş alınmayacağı təqdirdə sənəd istəmişdir. 2023-cü il # ####### tarixdə cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin müqaviləsini, maliyyə arayışını binanın komendatı Fuad Əliyevin iştiakı ilə onun adına yazdırmışdır. Daha sonra notariat kontoruna gedərək aralaırnda kredit müqaviləsi bağlayıb 90.000 manat pulu cavabdehə vermişdir. Sonra parnikin işləmədiyini, bəhanələr gətirərək aldatmağa başlamışdır. Cavabdehlə görüşüb pulları tələb edəndə cavabdeh pulunun olmadığını, ili 22 faiz olmaqla onun pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh ayda 1650 manat ödəyəcəyini və azca vaxt verməyini istəmişdir. Onlar razılaşmışlar və həmin vaxtdan iki il ayda 1650 manat faizləri ödəməklə cavabdeh ona ümumilikdə 39600 manat pul ödəmişdir. Həmin vaxtdan sonra cavabdeh pul ödəməkdən imtina etmiş və belə olanda o, komendat Fuad Əliyevə yaxınlaşıb evin çıxarışını almaq üçün sənədləri istəmişdir. Fuad ona sənəd verərsə cavabdeh ilə problem yaşayacağını və bu işin həlli üçün cavabdehlə danışacağını bildirmişdir. Həmin vaxtdan sonra cavabdeh ona hissə-hissə olmaqla verəcəyi pulun faizi olaraq 12.000 manat pul ödəmişdir. O, pulu tam istədiyini və ya müqaviləsini adına yazdırdığı evin sənədinin verilməsində ona köməklik etməsini bildirmişdir. cavabdeh onunla razılaşmadığına görə şikayət etmək qərarına gəlmişdir. Cavabdehin ona ümumilikdə 110.000 manat verəcəyi vardır.

12. Cavabdeh izahatında bildirmişdir ki, təxminən 4 il bundan əvvəl onun pula ehtiyacı olduğundan, Mərdəkan qəsəbəsində Araz adlı qonşusu iddiaçı adlı tanışının faizə pul verdiyini və onu iddiaçı ilə tanış edəcəyini demişdir. O da Arazın vasitəsiylə iddiaçı ilə görüşmüş, iddiaçı ona 100.000 manat pul verə bilcəyini desə də sonradan 90.000 manat pul verə bilcəyəyini demişdir. İddiaçıdan aylıq 2 faiz olmaqla ayda 1650 manat ödəmək şərti ilə pulu götürəcəyini demişdir. İddiaçıdan ondan pulu verməsi üçün əlavə girov istəmişdir. O da tanışı Fuad Əliyevdən rəhbəri olduğu MTK-dan bir mənzil müvəqqəti olaraq girova yazıb verməsini və aralarında borcları bağlananda həmin müqavilənin ləğv olunacağını demişdir. Bundan sonra iddiaçı və Fuad bu barədə razılığa gəlmişlər və Fuad iddiaçının adına rəhbərlik etdiyi MTK-dan yəni, O.Əliyev küçəsi 7, ***a saylı mənzilin müqaviləsini iddiaçının adına yazdırmışdır. Belə olan halda iddiaçı ilə notariusa gedib kredit müqaviləsi bağlamışdır. İddiaçı da ona 90.000 manat pul vermişdir. Həmin vaxtdan ödənişləri etməyə başlamışdır. 2023-cü ilin fevral ayının əvvəlində iddiaçı ona zəng edərək pulunu tam istədiyini bildirmişdir. İddiaçıya maddi durumu ilə bağlı hal-hazırda pulu tam olaraq ödəyəcə bilməyəcəyini və may ayının sonuna kimi pulu tam olaraq qaytaracağını demişdir. İddiaçı ondan pulu yenə istəyəndə ona 2000 manatda ödəniş etmişdir. Bununla da iddiaçıya ümumilikdə 52.000 manata yaxın pul ödəmişdir. Lakin iddiaçı ondan öz hesabına faizlərlə birlikdə 110.000 manat pul ödəməyini tələb etmişdir. Qeyd etdiyi kimi iddiaçıya 52.000 manat pul ödəmiş, qalan pullarıda may ayının sonuna qədər ödəyəcəyini, lakin əlavə hesablanan faizləri verməyəcəyini bildirmişdir.

13. Məhkəmə bildirmişdir ki, iddiaçı iş üzrə istintaq aparılan zaman ödəniləcək 90.000 manat puldan cavabdehin ona 39.600 manat pul və verəcəyi pulun faizi olaraq 12.000 manat pul ödədiyini etiraf etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, 2019-cu il # ####### tarixli borc müqaviləsində faizlərlə ödəmə nəzərdə tutulmadığı halda iddiaçı tərəfindən ödənilmiş 12.000 manat pulun verəcəyi pulun faizi olduğunu bildirmişdir.

15. Məhkəmə hesab etmişdir ki, 2019-cu il # ####### tarixli borc müqaviləsində cavabdeh borcu 2021-ci il # ####### tarixdə qaytarmağı öhdəsinə götürmüş, lakin 33 ay keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Buna görə də ondan əsas borc məbləği olaraq 38.400 (90.000-51.600) manat, əsas borcun gecikdirildiyi 33 aya münasibətdə illik 5 faiz hesablanmaqla 5.280 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə mövqeyini MM-in 385, 386.1, 406.1, 425, 431.1, 431.3, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2 və 1092.1-ci, MPM-in MPM-in 14.2, 77.1, 80, 81, 82.4, 88, 119.1 və 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onu iddia tələbinin təmin olunmayan hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) İddiaçının kassasiya şikayətinin dəlilləri

19. MM-in 385.1, 445.7-ci maddələri üzrə - cavabdeh iddiaçıdan aldığı 90.000 manat borc məbləğini qaytarmaq öhdəliyinin daşıyıcısı olmuş, həmin məbləğin hər hansı hissəsinin qaytarılmasını təsdiq edə biləcək sübutları isə məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunması isə sübutların düzgün qiymətləndirilməməsinin nəticəsidir. Bundan əlavə, öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi hal mövcud olduğundan, kredit müqaviləsi bağlanan dövrdə qanunvericilik tətbiq edilməklə gecikdirilmiş müddət üçün illik 5% ödənilməli olduğu göstərilmişdir və bu, bütün borc məbləği üzrə hesablanmalıdır. Qeyd edildiyi kimi, borcun hər hansı hissəsinin cavabdeh tərəfindən ödənilməsi sübuta yetirilmədiyi üçün illik 5% tələbi 90.000 manat məbləğə hesablanmalıdır. Apellyasiya məhkəməsi borcun 51.600 manat hissəsinin ödənilməsinin guya “etiraf” edildiyinə istinad edərək faiz məbləğini 90.000 manat üzərindən deyil, yalnız 38.400 manat üzrə hesablamışdır ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilmədiyini göstərmişdir. Göründüyü kimi, şikayət verilən qətnamədə iddianın təmin edilməyən hissələrinə münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin həmin hissələrdə qanuni və əsaslı olmadığını, nəticə etibarı ilə tələblərə cavab vermədiyini təsdiq etmişdir.

20. MPM-in 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - apellyasiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməyən hissələrinə münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin həmin hissələrdə qanuni və əsaslı olmadığını, nəticə etibarı ilə MPM-in 217.1-ci maddəsinin tələblərinə cavab vermədiyini təsdiq edir. Bundan əlavə, prosessual qanunvericiliyə əsasən, preyudisial əhəmiyyət kəsb etməyən, cinayət işinin ibtidai araşdırması zamanı alınmış izahata və ibtidai istintaq orqanının qanuni qüvvəyə minməmiş qərarına “sübut” kimi istinad edilə bilmədiyi halda, məhkəmənin iddianı qismən təmin etməsi MPM-in 217.4cü maddəsində nəzərdə tutulmuş “sübutlarla əsaslandırır” tələbinə riayət edilmədiyi aşkardır.

21. MPM-in 82.4-cü maddəsi üzrə - iddiaçının, cavabdehin və ya digər şəxslərin cinayət işinin ibtidai araşdırması zamanı verdikləri ifadə və izahatlar, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar MPM-in 82.4-cü maddəsinin təsir dairəsinə düşən “sübutlara” aid edilə bilməz və məhkəmə həmin izahatlara və qərara istinadən hər hansı faktı sübut olunmuş kimi qəbul edə bilməz. Bundan əlavə, hətta fərziyyə olaraq, cinayət işinin ibtidai araşdırması zamanı iddiaçının verdiyi izahata da istinad edən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar “preyudisial” hesab edilsəydi belə, bu halda da məhkəmə onun digər ifadəsinin – “ödənilmiş” vəsaitlərin kredit müqaviləsi üzrə tərəflərin razılaşdırdığı şərt (illik 22 faiz ödənilməsi) üzrə cavabdehin öhdəliyinin yerinə yetirilmədiyi kimi qəbul olunmalı idi. Belə ki, iddiaçı izahatında cavabdehin verdiyi pulların əsas borc məbləğinə hesablanmış faiz olduğunu qeyd etmişdir. Həmin izahat müstəntiqin təkidi (təzyiqi) ilə yazılımışdır. Belə ki, iddiaçının şikayəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-də izahat verən zaman ona təzyiq edilmiş və deyilmişdir ki, izahatında cavabdeh tərəfindən ona 39600 manat və 12000 manatın ödənildiyini qeyd etsin, cavabdeh bu pulu ona çatdıracaq və beləliklə, iddiaçının Polis Şöbəsinə gəlməsinə ehtiyac qalmayacaq, qalan məbləği isə cavabdeh qısa zaman müddətində ödəyəcəkdir. İddiaçı də polis əməkdaşlarının təzyiqləri qarşısında onların dediyi kimi izahat yazmışdır. Halbuki cavabdeh tərəfindən iddiaçıya borc məbləğindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət vermiş, həmin qərar Nərimanov Rayon Prokurorluğu tərəfindən 2023-cü il ## #### tarixli qərarla ləğv edilərək araşdırmanın davam etdirilməsi məqsədilə material İŞ-nə göndərilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R X1 tərəfindən 2023-cü il ## ##### tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna şikayət verilərək, qərarın ləğv edilməsi və cavabdehin əməllərinin araşdırılaraq, şikayəti üzrə cinayət işinin başlanması haqqında qərar qəbul edilməsi xahiş edilmişdi. Bakı şəhəri Nərimanov Rayon Prokurorunun 2024-cü il ## #### tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” Qərarı ilə qərara alındı ki, “iddiaçının müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Elşən Həsənov tərəfindən qəbul edilmiş 2023-cü il ## ##### tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilsin; Material əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilsin. Həmin Qərarda prokuror qeyd etmişdir ki, “müstəntiq .. CPM-nin 8.0.3 və 85.2.1-ci maddələrinin tələblərini pozaraq, törədilmiş və hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və məlumatlara baxarkən cinayət təqibi ilə bağlı bütün halları tam hərtərəfli araşdırmamış, toplanmış dəlillərə isə obyektiv hüquqi qiymət vermədən cinayət işi başlanmasının rədd edilməsi barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Odur ki, .. 2023-cü il ## ##### tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə istintaq göndərilməlidir. Əlavə araşdırma zamanı iddiaçı təkrar izahatı alınmaqla cavabdehin izahatında göstərdiyi ziddiyyətlər aradan qaldırılmalı... əlavə araşdırma zamanı ortaya çıxacaq bütün xüsusatlar da tam və hərtərəfli araşdırma aparılmaqla yoxlanılmalı, toplanmış sübutlara obyektiv hüquqi qiymət verilməklə material üzrə əsaslı və qanuni qərar qəbul edilməlidir.” Bundan sonra Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Elşən Həsənov tərəfindən cinayət işi başlanmasının rədd edilməsinə dair 2024-cü il # #### tarixli qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçı Nərimanov Rayon Prokuroruna şikayət vermişdir. Həmin şikayətə baxılmasının nəticəsi barədə hələ məlumat yoxdur. Göründüyü kimi, məhkəmə, hazırkı kommersiya işi üzrə preyudisial əhəmiyyət kəsb etməyən ibtidai istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına və həmin araşdırma çərçivəsində iddiaçının izahatına sübut kimi istinad edə bilməzdi.

b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

22. MM-in 374.1, 375, 745.4-ci maddələri üzrə - iddiaçı tərəfindən tələbetmə müddətinin ötürülməsini nəzərə alıb məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır.

23. MPM-in 218-ci maddəsi üzrə - həm birinci, həm də apellyasiya məhkəməsinin qətnaməsi sübutların qiymətləndirilməsi baxımından natamam olmuşdur. Hansı qanunun tətbiq edilməli olduğunu qeyd etməmişlər.

24. MPM-in 14-cü maddəsi üzrə - təqdim etdiyi sübutlar təkzib ediləcək sübut olmadığı halda araşdırılmamış və qətnamədə istinad edilməmişdir.

25. MPM-in 2-ci maddəsi üzrə - cavabdehin hüquq və mənafelərinin təsdiqi ilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir.

26. MPM-in 217-ci maddəsi üzrə - təqdim edilmiş sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq iddiaçının lehinə əsaslandırılmışdır.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsində aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”

“Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.”

“Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətlərində qeyd edilən dəlillər isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, iddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və həmin araşdırma materiallarında əks olunmuş izahatlara istinad etməklə MPM-in 82.4-cü maddəsini pozmuş, preyudisial əhəmiyyət daşımayan halları sübut kimi qəbul etmişdir. 35.Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya məhkəmə qərarı ilə müəyyən edilmiş hallar həmin şəxslərin iştirak etdiyi digər işlər üzrə preyudisial əhəmiyyət daşıyır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə istintaq orqanının qərarı məhkəmə aktı olmadığından və mübahisə üzrə hər hansı faktı qəti şəkildə müəyyən etmədiyindən həmin normanın mənasında preyudisial qüvvəyə malik deyildir. 36.Bununla belə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən qərara preyudisial əhəmiyyətli akt kimi deyil, iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirilən yazılı sübut qismində istinad edilmişdir. Qətnamənin məzmunundan görünür ki, məhkəmə nəticəyə yalnız həmin qərara əsaslanmamış, tərəflərin müxtəlif mərhələlərdə verdikləri izahatları, müqavilə münasibətlərini və iş üzrə toplanmış digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirmişdir. 37.İddiaçının MM-in 445.7-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin normaya əsasən gecikdirmə faizi yalnız faktiki olaraq ödənilməmiş və gecikdirilmiş pul məbləği üzrə hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi borcun 51.600 manat hissəsinin qaytarılması qənaətinə gəldiyindən, gecikdirmə faizinin yalnız qalan 38.400 manat məbləği üzrə hesablanması həmin normanın tələblərinə uyğundur. 38.Cavabdehin kassasiya şikayətində göstərilən iddia müddətinin tətbiqi ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, MM-in 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən tərəfin ərizəsi əsasında tətbiq edilə bilər. 39.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008ci il tarixli Qərarında qeyd edilmişdir ki, MM-in 375.2-ci maddəsindən göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünü göstərməmişdir.Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər...İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. 40.Hazırki işin halları isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. 41.Kassasiya şikayətlərində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 42.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 43.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 44.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 45.Kassasiya şikayətlərində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, tərəflərin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin qismən təmin edildiyini qətnamədə göstərmişdir. 46.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 47.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar