Məhkəmə qərarları › İş №2-2(1-8)-156/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-156/2026

25.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-156/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyi (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında 2023-cü il # ###### tarixli, SN-DF/***-** nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, sifarişçiyə X1 Kompleksinin əsas korpusunun dam örtüyünün əsaslı təmir işlərinin satın alınması üçün icraçının 398.062,47 manat məbləğində tender təklifi qəbul edilmiş və öhdəliyə götürülmüşdür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) Icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

2. Qiymət razılaşdırılması protokolu adlanan müqaviləyə * saylı Əlavəyə əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV daxil 398.062,50 manat müəyyən edilmişdir.

3. Podrat müqaviləsi üzrə 374.709,6 manat dəyərində işlər iddiaçı tərəfindən yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlər üzrə iddiaçıya 331.212,05 manat ödəniş edilmiş, 43.497,55 manat pul ödənilməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.497,55 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən vəsait, 277 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tenderin qalibi olaraq podratçı təşkilat kimi işə başlamış və bütün işləri yerinə yetirdikdən sonra təhvil-təslim aktı və forma 2lərlə işlər təhvil verilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən elektron qaimələr vurulmuş və elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin sonuncu tərəfindən 43.497,55 manat vəsait bu günədək ödənilməmişdir.

4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 20.1-ci bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox ola bilməz. Həmin müqaviləyə * saylı əlavə kimi bağlanılmış müqavilənin xüsusi şərtlərinin 6.2-ci bəndinə əsasən sifarişçi icraçıdan gecikdirilmiş hər təqvim günü üçün malların (işlər və xidmətlərin) dəyərinin 0.2 faiz məbləğində peniya (dəbbə pulu) ödənilməsini tələb edə bilər. Həmin əlavənin 4-cü bəndinə əsasən işlər 2023-cü il ## ###### tarixədək təhvil verilməlidir. Əlavə edilmiş sənədlərdən görünür ki, icraçı tikintinin əvvəlindən 2023-cü il ## ###### tarixli arayış və ona əlavə edilmiş akta əsasən tikintinin əvvəlindən cəmi 116.229,52 manat (ƏDV xaric) dəyərində, 2023-cü il # ###### tarixli arayış və ona əlavə edilmiş akt üzrə tikintinin əvvəlindən cəmi 203.712,52 manat (ƏDV xaric) dəyərində, 2024-cü il # ### tarixdə arayış və ona əlavə edilmiş akt üzrə tikintinin əvvəlindən 303.512,72 manat (ƏDV xaric) dəyərində, 2024-cü il # ###### tarix arayış və ona əlavə edilmiş akt üzrə 317.550,51 manat (ƏDV xaric) dəyərində işlər görülmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, hətta bu vaxtadək görülməmiş işlər qalmışdır. Buna müvafiq olaraq cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun cərimə tətbiq edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh müqavilə və qanun üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir və iddiaçıya hər hansı borcu qalmamışdır.

5. Daha sonra cavabdeh etiraza əlavə vermiş və bildirmişdir ki, 2024-cü il ## #### tarixli *-**/*-****/**** nömrəli məktubdan müəyyən olunur ki, icraçı tərəfindən müqavilədə göstərilən müddətdə tərəfindən təmir işləri yekunlaşdırılmamış, eyni zamanda dam ötrtüyündə 28 nöqtədə su sızıntlarının müşahidə olunduğu, idman zalının daxili bəzək işlərinin və döşəmənin sıradan çıxdığı ilə qeyd edilmişdir. Qeyd edilən halların aradan qaldırılması və işlərin qısa müddətdə yekunlaşdırılması tələb edilmişdir. 2024-cü il ## ###### tarixli *-**/*-****/**** nömrəli məktubdan müəyyən olunur ki, görülmüş təmir işləri qüsurlu olduğundan dam örtüyündə su sızmalarının olması və nəticədə idman zalının daxili bəzək işlərinin və döşəmənin sıradan çıxmasına səbəb olmuşdur. Bununla bağlı daha əvvəl yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq icraçı tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd olunan qüsurların aradan qaldırılması bir daha tələb edilmişdir. 2024-cü il ## ###### tarixli *-**/*-****/**** nömrəli məktubdan müəyyən olunur ki, faktiki işlərin icrasını təsdiq edən son təhvil-təslim aktı 2024-cü il # ###### tarixli təhviltəslim aktına əsasən müqavilədə nəzərdə tutulan işin həcmindən 23.352,87 manat dəyərində iş yerinə yetirilməmişdir. Eyni zamanda müqavilənin 20.1-ci bəndinin tələbinə əsasən işlər müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədiyi üçün iddiaçı 39.806,20 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, icraçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilədə müəyyən edilmiş müddətdə icra etməmiş müqavilə üzrə icra edilmiş öhdəliklər isə qüsurlu icra edilmişdir. Hazırki işdə yuxarıda qeyd edilən məktubların məzmunundan da aydın olur ki, icraçı tərəfindən müqavilə tələbləbləri yerinə yetirilərkən öhdəliyin icrasındakı aşkar qüsurlar barədə dəfələrlə iddiaçıya məlumat verilmiş lakin bu günədək həmin qüsurlar aradan qaldırılmamışdır. Podratın nəticəsinin keyfiyyətinə dair tələblər adətən podrat müqaviləsinin özündə müəyyən olunur. Podratın nəticəsi həmin tələblərə tam cavab verməlidir. Podrat müqaviləsində podratın nəticəsinə dair keyfiyyət tələblərinin olmaması bütövlükdə belə tələblərin mövcud olmaması demək deyil. Bu halda ilk növbədə podrat müqaviləsinin mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Əgər podrat müqaviləsində podratın nəticəsinin hansı məqsədlərə xidmət etməsinə dair müddəalar varsa, podratın nəticəsinə dair keyfiyyət tələblərinin həmin məqsədlərə uyğunluğu ehtimal edilir. Eyni zamanda, podrat müqaviləsindən bu məqsəd bəlli olmadıqda, ehtimal edilir ki, podratın nəticəsi adi istifadə üçün yararlı olmalıdır. Beləliklə, podrat müqaviləsində podratın nəticəsinə dair keyfiyyət tələbləri müəyyən edilmədikdə belə, müqavilənin məqsədlərinə və ya orta keyfiyyət tələblərinə cavab verməyən nəticə qüsurlu hesab olunur.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).

7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təhvil alınmış işlərin ümumi dəyəri 374.709,6 manat təşkil edir. Cavabdeh tərəf isə qeyd edilmiş dəyərdə işlərin görülməsini mübahisələndirməmiş və müqaviləyə istinad edərək, işlərin 2023-cü il ## ###### tarixinədək icra edilməli olduğunu, iddiaçı tərəfin isə işləri gec icra etdiyindən 39.806,2 manat cərimə tətbiq edildiyini və işlərdə müəyyən qüsurların olduğunu bildirmişdir.

8. Məhkəmə cavabdehin işlərin gecikdirilməsi ilə bağlı cərimə məbləğinin tətbiq olunması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, ilk növbədə işlərin gecikdirilməsinin iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə sübuta yetirilməmişdir. Bundan başqa, podrat müqaviləsi və yaxud digər müqavilələr üzrə müqavilənin bəndinə istinad edərək, müqavilə tərəflərin özlərinin məhkəməyə müraciət etmədən cərimə tətbiq etməsi mülki dövriyyənin sabitliyi baxımından təhlükəli praktikadır. Belə ki, nəzərə alınmalıdır ki, müqavilənin cərimə məbləğinin tətbiqi ilə bağlı bəndə istinad edərək, tərəflər hətta görülmüş işlərin, verilmiş malların dəyərindən də, çox cərimə tətbiq edə bilərlər. Ona görə də, mülki dövriyyənin sabitliyi və hüquqdan suiistifadənin qarşısını almaq baxımından tərəflər cərimə borcunun tətbiq olunması barədə əsasın olması qənaətindədirlərsə, bu cərimə borcunu məhkəmə qaydasında tələb etməsi məqsədəmüvafiqdir.

9. Ona görə də, məhkəmə cavabdehin görülmüş işlərin dəyərindən iddiaçıya 39.806,2 manat cərimə tətbiq etməsi dəlili əsassız hesab etmişdir.

10. Bundan başqa məhkəmə işlərdə müəyyən qüsurların olması ilə bağlı qeyd etmişdir ki, yuxarıda adları qeyd edilmiş aktlar üzrə görülmüş işlər təhvil alınarkən, heç birində qüsurların olması barədə hər hansı bir qeyd yoxdur.

11. Ona görə də, məhkəmə hesab etmişdir ki, işlər qüsursuz icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

12. Görülmüş işlərin dəyərinin 374.709,6 manat, ödənilmiş pulun isə 331.212,05 manat olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 43.497,55 (374.709,6- 331.212,05) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 752.1 və 753.1-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 23.497,55 manat məbləğində muzdun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).

16. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin dəbbə pulunun tətbiqinin qanuni və əsaslı olması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, dəbbə pulunun yalnız məhkəmə tərəfindən tutulmasına dair yanaşmanın heç bir hüquqi əsası yoxdur. Hazırkı işdə də olduğu kimi, dəbbə pulu ödəməli şəxs qarşılıqlı öhdəlik üzrə digər tərəfdən pul məbləği almalıdırsa, dəbbə puluna hüququ olan şəxs dəbbə pulu miqdarında ödəniş etməkdən imtina edə bilər.

17. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işdə qanunvericiliyi səhv təfsir etmişdir. Cavabdeh dəbbə pulunu tətbiq etməsinin əsası kimi öhdəliyin müqavilə ilə müəyyən edilmiş müddətdə icra edilməməsinə və öhdəliyin tam icra edilməməsinə istinad etmişdir ki, bu hal isə MM-in 442 və 762.3-cü maddələrinə əsasən öhdəliyin pozulması hesab olunur.

18. Öhdəliyin tam icra edilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin fakt öz təsdiqini tapmamışdır. Bağlanmış podrat müqaviləsi və onun əlavələrində görüləcək işlərin dəyəri 398.062,47 manat göstərilmiş, iddiaçı tərəfindən isə 374.709,6 manat dəyərində işlər yerinə yetirilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məbləğlər arasındakı fərqi belə izah etmişdir - söküntü işlərinə başlandıqdan sonra bəzi dəmir konsturksiyaların kifayət qədər möhkəm və keyfiyyətli olmasını aşkar etmiş və bu barədə sifarişçiyə məlumat vermişlər. Sifarişçi isə həmin dəmir konstruksiyaların əvəzlənməməsinə razılığını bildirmişdir. Buna görə də müqavilədə ilkin olaraq razılaşdırılmış məbləğdən daha az həcmdə işlər görülmüşdür. Cavabdeh görülməmiş işlərin nədən ibarət olması barədə məhkəməyə heç bir məlumat təqdim edə bilməmişdir. Cavabdehin iddiaçıya göndərdiyi bildirişdə 23.352,87 manat dəyərində iş həcmlərinin yerinə yetirilmədiyi bildirilmişdir. Halbuki, işin həcmi pul vahidi ilə deyil, konkret olaraq yerinə yetirilməli işin adı ilə ifadə olunmalıdır. Müqavilənin * saylı əlavəsində müqavilə üzrə görüləcək işlərin ətraflı təsviri, həcmi və miqdarı öz əksini tapdığından cavabdeh üçün hansı işin görülmədiyini dəqiq ifadə etmək çətinlik yaratmamalı idi. Buna baxmayaraq, cavabdehin yerinə yetirilməmiş işlərin nədən ibarət olması və həmin işlərin görülməməsinin nəticələrinin hansı qaydada aradan qaldırılması barədə məlumatının olmaması iddiaçı tərəfin verdiyi izahatın ağlabatan olduğunu təsdiq etmişdir.

20. Dəbbə pulu məbləğinin müqavilə şərtlərinə uyğun olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh dəbbə pulunu müqavilə şərtlərinə uyğun olaraq hesablamışdır. Müqavilənin * saylı əlavəsi olan xüsusi şərtlərdə dəbbə pulu məbləğinin gecikdirilmiş hər təqvim günü üçün yerinə yetirilməmiş (gecikdirilmiş) malların (işlər, xidmətlər) dəyərinin 0,2 faizi məbləğində olacağı, müqavilədə isə dəbbə pulu məbləğinin müqavilənin qiymətinin 10 faizindən çox olmayacağı göstərilmişdir. Cavabdeh müqavilənin qiymətinin 10 faizi miqdarında dəbbə pulu tətbiq etmişdir. Iddiaçı görülməli iş həcmindən 240.380,77 manat dəyərində olan hissəsini 2023-cü il ## ###### və 2023-cü il # ###### tarixli təhvil-təslim aktlarına əsasən öhdəliyin icrası müddəti daxilində yerinə yetirmişdir. 117.764,24 manat dəyərində işlər 2023-cü il ## ###### tarixindən 2023-cü il # ### tarixədək 128 gün, 16.564,59 manat dəyərində işlər isə 2023cü il ## ###### tarixindən 2024-cü il # ###### tarixədək 313 gün gecikdirilmişdir. Müvafiq olaraq gecikdirilən iş həcminə görə tətbiq edilməli dəbbə pulunun cəmi məbləği 40.517,08 manat olacaqdır. Bu məbləğ müqavilənin ümumi qiymətinin 10 faizindən (39.806,27 manat) çox olduğundan dəbbə pulunun yuxarı həddi müqavilənin 10 faizi kimi hesablanmalıdır.

21. Iddiaçının nümayəndəsi dəbbə pulunun tutulmalı olmasına etiraz edərək öhdəliyin icrasının gecikməsinin iddiaçının təqsiri üzündən baş vermədiyini, işin icrası üçün müəyyən edilmiş müddətin çox qısa olduğunu və həmin işlərin bu qədər qısa müddətdə yerinə yetirilməsinin mümkün olmadığının əvvəldən bəlli olduğunu göstərmişdir. Həmçinin, Zaqatala rayonunda yağış mövsümü olduğu üçün dekabr ayında işlərin dayandırıldığı, yaz aylarında davam etdirildiyi və buna cavabdeh tərəfindən razılıq verildiyi bildirilmişdir.

22. Iddiaçı öhdəliyin pozulmasının onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə dəbbə pulunun ödənilməsindən azad edilə bilərdi. Lakin tərəflərin qarşılıqlı razılığı ilə öhdəliyin icra müddətinin uzadılmasına dair iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh tərəf isə bu faktı təkzib etmiş və əksinə iddiaçıdan işləri müqavilə müddətində yerinə yetirməsini tələb etdiklərini bildirmişdir. Müqavilədə öhdəliyin icrası üçün konkret müddət təyin edildiyindən, həmin müddətin sonradan uzadılmasını isə iddiaçı irəli sürdüyündən bu faktı sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçı istinad etdiyi halı sübuta yetirə bilməmişdir.

23. Işin qeyd edilən müddətdə yerinə yetirilməsinin mümkün olmamasının əvvəldən bəlli olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər müqaviləni bağlayarkən azad surətdə müqavilənin şərtlərini təyin edirlər. Əgər iddiaçı qeyd edilən müddətdə işlərin icra edilməsinin mümkün olmayacağını bilirdisə, bu müqavilə ilə ümumiyyətlə razılaşmamalı, yaxud işi qeyd edilən müddətdə yerinə yetirəcəyi barədə təklif verməməli idi.

24. Işlərin icrasının yağışlı hava şəraiti ilə bağlı ləngiməsinə gəldikdə isə kollegiya bildirmişdir ki, iddiaçının bu arqumentini gecikmə ağlabatan müddətlə məhdudlaşsa və müvafiq sübutlar təqdim olunsa idi, qəbul etmək mümkün idi. Lakin işlərin təxminən 2/3 hissəsinin 1 ay ərzində yekunlaşmasına baxmayaraq, qalan hissəsinin 1 ilə yaxın müddətdə uzanmasını hava şəraiti ilə izah etmək mümkün deyildir.

25. Məhkəmə hesab etmişdir ki, iddiaçı öhdəliyin icrasının gecikdirilməsində təqsirinin olmadığını sübuta yetirə bilməmişdir. Iddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəlik pozulmuşdur, yəni öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuş müddət 1 ilə yaxın ötürülməklə gecikdirilmişdir. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya dəbbə pulu tətbiq etməkdə haqlı olmuşdur.

26. Cavabdeh tərəfindən tətbiq edilən dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğun olsa da, məhkəmə kollegiyası bu məbləği tənasübsüz dərəcədə yüksək hesab etmiş, həmçinin əmlak mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, dəbbə pulu məbləğinin azaldılaraq 20.000 manat müəyyən edilməsi işin hallarına daha uğundur.

27. Iddiaçı tərəfindən işlər icra edilərkən cavabdehin əmlakına zərər vurulması ilə bağlı məhkəmə bildirmişdir ki, icraçının sifarişçinin əmlakına qayğı ilə yanaşmaq vəzifəsi və əmlaka vurulmuş zərərə görə məsuliyyəti MM-in 771-ci maddəsindən irəli gəlir. Lakin zərərə görə cavabdehin 3.691 manat pulu ödəməkdən imtina etməsi əsaslı deyil. Ilk növbədə, zərərin vurulmasını təsdiq edən aktlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edilmişdir. Cavabdeh sübutların vaxtında təqdim ediləməsinin səbəbləri barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh zərərin miqdarı barədə hər hansı sübut təqdim etməmişdir.

28. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin cavabdeh tərəfindən tələb edilən miqdarı nəzərə alındıqda hətta bu zərərin mövcudluğu sübuta yetirilsə idi belə, həmin zərərin tutulması üçün əsas olmayacaqdı. Çünki, cavabdehin həm də dəbbə pulu tələb etmək hüququ vardır. Tərəflər müqavilə bağlayarkən MM-in 466.2.2-ci maddəsində nəzərdə tutulmuş dispozitiv imkandan istifadə edərək həm zərər, həm də dəbbə pulunun tutulması barədə razılığa gəlmədiklərindən qeyd edilən mübahisə MMin 466.1-ci maddəsinə uğun həll edilir. Iş materiallarından da göründüyü kimi, müəyyən edilən dəbbə pulu vurulduğu iddia edilən zərərdən çoxdur. Belə olan halda zərərin vurulduğu qəbul edilsə belə, dəbbə pulu həmin zərər məbləğini də əhatə etmişdir.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 427.1, 427.3, 442, 448.1, 448.2, 448.4, 462.1, 462.2, 462.3, 463.1, 466.1, 467, 752.1, 753.1, 753.2, 762.1, 762.3 və 771-ci maddələrinə, MPM-in 77.1, 78.1, 107, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 404-1-ci maddəsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsi üzrə - məhkəmə tərəfindən 2023-cü il # ###### tarixli müqavilənin dövlət satınalması müqaviləsi olması nəzərə alınmamışdır. Belə ki, dövlət satınalmaları müqaviləsinə dair münasibətlərin dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənməli olması qanunvericiliyin birbaşa tələbidir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin 20.1-ci bəndi üzrə - satınalma müqaviləsinin nümunəvi forması kassatorun istinad etdiyi qərar ilə tənzimlənir. Odur ki, cavabdeh tərəf cərimələri nümunəvi formaya uyğun şəkildə tətbiq etmişdir.

33. MM-in 425, 442, 445.1, 445.2, 448.1, 462.1 və 462.3-cü maddələri üzrə müqaviləyə əlavənin 6-cı bəndinə əsasən icraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,2%-i həcmində icraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. Cavabdeh tərəfindən tətbiq edilən cərimə faizi 10 % (39.806,27) keçməmişdir. Apellyasiya məhkəməsi tərəfindən gecikdirilən günlərin sayına görə tətbiq edilən dəbbə pulunun miqdarı 40.517,08 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən hesablanmış dəbbə pulunun məbləği isə müqavilənin ümumi qiymətinin 10 faizini (39.806,27 manat) keçməməklə müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi mövcud qanunvericilikdə (Nazirlər Kabinetinin 2003-cü il ## ###### ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”) gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmasına baxamayaraq, həmin normanı öz mülahizələrinə əsaslanaraq dəyişdirmişdir. Iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini pozduğundan, yəni müqavilədə göstərilən müddətdə öhdəliyi icra etmədiyindən, cavabdeh tərəfindən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cərimə - dəbbə pulu nəinki tənasübsüz surətdə yüksək olmamış, hətta yuxarı həddi 10 faizi keçməməklə günlük 0.2 faiz cərimənin tətbiqinin nəzərdə tutulması, 398.062,47 manatlıq müqaviləyə münasibətdə 39,806,20 manat məbləğində cərimənin hesablanması qanunauyğun məbləğdir. Hazırki iş üzrə də tərəflər dəbbə pulunu sərbəst şəkildə müqavilədə göstərilən məbləğdən – müqavilə dəyərindən faizlər miqdarında müəyyən etmişdir.

34. MPM-in 9, 14.1, 88, 89.1 və 89.3-cü maddələri üzrə - məhkəmə tərəflərin bərabərliyi prinsipini pozmuş və faktlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə yekun qərar qəbul edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tam şəkildə təhvil verməyi öz üzərinə götürmüşdür. Iş üzrə icraat materiallarına əlavə edilmiş bildirişlərdə də (2024cü il ## ####, 2024-cü il ## ######) qüsurların mövcudluğu və aradan qaldırılması eyni zamanda 2024-cü il ## ###### tarixli bildirişdə 23.352.87 manat dəyərində işlərin yerinə yetirilməməsi öz əksini tapmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.”

“Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.”

“Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.”

“Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 40.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 41.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 42.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 43.Əlavə olaraq kassatorun dövlət satınalması müqaviləsinə dair münasibətlərin xüsusi qanunvericiliklə tənzimlənməsi və cavabdeh tərəfindən dəbbə pulunun müqavilə şərtlərinə uyğun hesablanması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin halları nəzərə almış, müqavilənin şərtlərini və tətbiq edilməli maddi hüquq normalarını təhlil edərək cavabdehin dəbbə pulu tələb etmək hüququnun mövcud olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun hesablanmasının müqavilə şərtlərinə uyğun olduğunu müəyyən etdikdən sonra MM-in 467-ci maddəsini tətbiq etməklə onun məbləğinin tənasübsüz yüksək olubolmamasını qiymətləndirmişdir. 44.Tərəflər arasında bağlanmış müqavilədəki cərimə pulunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin 20.1-ci bəndinə uyğun müəyyən edilməsi də MM-in 467-ci maddəsinin tətbiq edilməsini istisna etmir. Belə ki, həmin qaydalarla satınalma müqaviləsinin forma və məzmununa dair şərtlər, cərimə pulunun isə yuxarı həddi müəyyən edilmişdir. Ona görə də, belə müqavilələrdə müəyyən edilən cərimələr qanunla deyil, müqavilə ilə müəyyən edilən dəbbə pulu hesab edilir və MM-in 467-ci maddəsinin tətbiq edilməsinin qarşısını almır. 45.MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. 46.Həmin normanın tətbiqi məhkəmənin diskresion səlahiyyətinə aid olmaqla, konkret iş üzrə müəyyən edilmiş halların qiymətləndirilməsinə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun müqavilənin ümumi qiymətinin 10 faizi həcmində hesablanmasının müqavilə şərtlərinə uyğun olmasını qəbul etsə də, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq onun 20.000 manatadək azaldılması nəticəsinə gəlmişdir. Bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin maddənin tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir. 47.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarının tam araşdırırlmaması və düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 48.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 49.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 50.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin qismən təmin edildiyini qətnamədə göstərmişdir. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 52.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar