Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-166/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ilə (borc verən) cavabdeh1 (borc alan) arasında notariat qaydasında təsdiqlənmiş aşağıdakı kredit müqavilələri bağlanmışdır: - 2017-ci il ## ###### tarixli *M-**** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə, Borc verən 150.000 manat məbləğində borcu hər ayın 20-i 3.000 manat məbləğində qayarmaq şərti ilə Borc alana 2022-ci il ## ###### tarixinədək borc verir. - 2017-ci il ## ###### tarixli *M-**** nömrəli reyestrdə qeydə alınmış müqaviləsinə görə, Borc verən 100.000 manat məbləğində borcu 2019-cu il ## ###### tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. - 2018-ci il # ###### tarixli *M-*** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə, Borc verən 60.000 ABŞ dolları məbləğində borcu 2019-cu il # ###### tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. - 2018-ci il ## ##### tarixli *M-*** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə, Borc verən 40.000 ABŞ dolları məbləğində borcu 2018-ci il ## ####### tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. - 2018-ci il ## #### tarixli *M-*** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə, Borc verən 20.000 ABŞ dolları məbləğində borcu 34.000 manat ekvivalentində 2019-cu il ## ###### tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir.
2. Eyni zamanda X1 ilə (borc verən) cavabdeh1 (borc alan) arasında notariat qaydasında bağlanmış 2018-ci il ## #### tarixli *M-*** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə, Borc verən 40.000 ABŞ dolları məbləğində borcu 68.000 manat ekvivalentində 2018-ci il ## ###### tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir.
3. Yuxarıda sadalanan bütün kredit müqavilələrinin təminatı kimi kredit alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ilə (borc verən) cavabdeh1 və cavabdeh2 arasında 2018-ci il ## #### tarixli zaminlik müqavilələri bağlanmış və zamin cavabdeh2 yuxarıda göstərilən kredit müqavilələri üzrə kredit alanın öhdəliklərinə zamin durmuşdur.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh1 (bundan sonra – “cavabdeh1”) və cavabdeh2 (bundan sonra – “cavabdeh2”) (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2017-ci il ## ###### tarixli *M**** nömrəli kredit müqaviləsinə əsasən 100.000 manat, *M-**** nömrəli kredit müqaviləsinə əsasən 150.000 manat, 2018-ci il # ###### tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, 2018-ci il ## ##### tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, 2018-ci il ## #### tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 2018-ci il ## #### tarixində bağlanmış müqaviləyə əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğinin, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 500 manat xidmət haqqı məbləğinin, ümumilikdə 250.000 manat pulun və 160.000 ABŞ dolları (ekvivalenti 275.200) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddianı onunla əsaslandırmışdır ki, cavabdeh müqavilələrin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd edilən müqavilələr üzrə hər hansı ödəniş edilməmiş və əsas borc məbləğləri dəyişməmişdir.
6. Cavabdeh cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı ilə müqavilələr bağlamış, lakin T.Nəzərəliyevlə bağlanmış müqavilə istisna olmaqla, həmçinin 150.000 manatlıq borc müqaviləsi də bağlanmış lakin iddiaçının verdiyi mebel olmuş həmin mebelin dəyərini borc müqaviləsi formasında rəsmiləşdirilmişdir. Iddiaçıya 2021-ci il tarixədək vatsap danışıqları əsasında müəyyən edilir ki, 100.000 manat məbləğində borcu tam ödəmiş, 60.000 ABŞ dolları məbləğində vəsaiti isə bank kartına edilən ödənişlər əsasında və ondan əvvəl edilmiş ödənişlərlə tam bağlanmış, digər 40.000 və 20.000 ABŞ dolları olan müqavilər üçün heç bir ödəniş etməmişdir. 150.000 manatı mebel formasında qəbul etmiş, mebel isə hazırda ondadır, baha olduğu rayon yerində həmin mebeli alan yoxdur. Iddiaçının bank kartına 2021, 2022, 2024-cü illərdə kartından iddiaçının kartına dəfələrlə ödənişlər etmiş, bunun cəmi 35.000 manat təşkil edir və həmin pul 60.000 ABŞ dolları olan müqavilə üçün ödəmişdir. Iddiaçıya məxsus ev və otelə mebel quraşdırılmış, aralarında danışıq olmuşdur ki, həmin mebel və xidmətlərin əvəzi olaraq borcdan silinəcək. Bağlanmış 100.000 manatıq müqavilə üzrə 2018-ci ilin yanvar ayından ödənişlər başlamışdır. Bununla bağlı audio material mövcuddur. Iddiaçının dediyi 25 ədəd mebeli ondan alıb satmış və borcu da ödəmişdir. Həmin mebelləri təxminən 2016-cı ildə almış, həmin mebellərin alışı-satışı hazırkı borc mübahisəsinə aidiyyəti yoxdur. Iddiaçıya əlbəəl də pul vermiş, Whatsap səsləri olan diski məhkəməyə təqdim edir. Məhkəmədə dinlənilən səs yazılarından da aydın olur ki, iddiaçıya 1500, 3000, 4000 və 5000 manat olmaqla, ümumilikdə 13.500 manat sonuncu ay pul ödədiyini etiraf edir, bundan əlavə onun əvvəlki aydan qalığının olduğunu bildirir. Həmin qalıq 2018-ci ilin iyul ayına aidddir. Bunu telefonda Whatsap proqramında mesajın tarix hissəsində görürünür. Orada həmin səs 2018-ci il ## ###### tarixə aiddir. Avqustdan əvvəlki ay da iyul ayı olur. O, iddiaçıya sürətli şəkildə pulu ödəyirdi deyə, ona yenə borc pul verirdi. Atasının rabitəbank kartından iki dəfə cəmi 3.500 manat olmaqla iddiaçıya pul göndərmişdir. Səs yazılarında qarşılıqlı dialoq var ki, “iddiaçı 20.000 ABŞ dolları və 40 000 ABŞ dolları borcun nə vaxt qaytaracağını” soruşur, digər borcları isə soruşmur. Ona görə ki, artıq həmin borcları o ödəmişdir. Iddiaçının ona verdiyi mebeli əşya olaraq ondan tələb edə bilər, o isə ancaq pul formasında ondan tələb edir. Ariflə danışmışdır ki, mebeli satıb borcunu ödəsin, lakin mebeli sata bilməmişdir. Əgər iddiaçı istəsə mebeli götürə bilər. Qardaşı cavabdeh2 isə aldadılaraq zaminlik müqaviləsinə imza çəkmişdir. Müqavilə etibarsızdır və iddia müddəti keçmişdir. Bundan əlavə 2017-ci il ## ###### tarixdə 150.000 manat kredit müqaviləsini 50 ay müddətinə imzalamış, lakin krediti pul şəklində deyil, mebel formasında qəbul etmiş, mebeli qəbul etdiyi vaxtdan hər ay 3.000 manat olmaqla ödənişlər etmiş, sonradan iddiaçıdan 100.000 manat götürmüş, lakin həmin pulu ona qaytarmışdır. 2018-ci il ## ###### tarixdə iddiaçı ilə 40.000 dollarlıq müqavilə imzalamış, müqavilə üzrə isə heç bir ödəniş etməmiş, həmin müqavilə üzrə iddia müddəti ötmüşdür. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Çünki, iddiaçı tərəfin vəkili cavabdeh olaraq onun tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Şəki Rayon Məhkəməsində olarkən məhkəmə iclasında iddiaçı 150.000 manatı mebel formasında verildiyini etiraf etmişdir. Iddiaçı ilə aralarında etibar olmuş, ona qarşı sələmçi olaraq pulları verdiyini sonradan bilmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 135.000 manat borc, 300 vəkil üçün xidmət haqqının dəyəri və dövlət rüsumunun 210 manat hissəsi, cəmi 135.510 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – M.Hüseynov).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən 150.000 manatla bağlanmış borc müqaviləsinin əslində iddiaçı tərəfindən cavabdeh cavabdeh1 satılmış mebelin dəyəri ilə bağlı olması, iddiaçının qeyd edilən borclar üzrə hər hansı bir ödəniş etməməsi, cavabdehin isə həmin borc məbəğləri ilə bağlı ödənişlər etməsi olmuşdur. Tərəflər arasında 2017-ci il ## ###### tarixində bağlanmış 150.000 manat borc müqaviləsinin əslində borc deyil, tərəflər arasında bağlanmış mebelin alqı-satqı müqaviləsi üzrə olan borc və onun ödənişi ilə bağlı olmuşdur. Belə ki, həmin tarixdə tərəflər arasında əlyazma formasında tərtib edilmiş, imzaladıqları sadə yazılı müqavilədə müəyyən edilən aylıq 3.000 manat ödənişin məbləğindən də müəyyən edilmişdir. Tərəflər arasında aparılmış danışıqlara, həmçinin məhkəmə iclasında verilmiş izahatlara görə, 150.000 manat məbləğində borc əslində iddiaçı tərəfindən cavabdeh cavabdeh1 satılmış 150.000 manatlıq mebelin dəyəridir. Tərəflərin niyyəti mebel alqı-satqısından yaranmış borcun ödənişini müəyyənləşdirməklə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında iddiaçının imzası ilə imzalanmış dəftər vərəqində olan imzaların özünə məxsus olduğunu bildirmiş və həmin qəbzlərdə 15000 manat məbləğində borcun ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən müqavilənin 2022-ci il ## ###### tarixinədək qüvvədə olduğu müəyyən edimişdir. Məhkəmə cavabdehin qeyd edilən məsələ üzrə borc məbləğinin 135.000 manat olması qənaətinə gəlmişdir.
9. Məhkəmə bildirmişdir ki, tərəflər arasında mübahisələndirilən əsas məsələ ödənişin hansı müqavilə üzrə olması ilə bağlı məsələdir. Tərəflər arasında aparılan danışıqlar üzrə səs yazılarından müəyyən olunmuşdur ki, icra vaxtı çatan müqavilə üzrə ödənişlər edilmişdir. Çünki tərəflər arasında münasibətlərdən müəyyən edilmişdir ki, cavabdeh tərəf ilk əvvəl borclar üzrə ödənişləri vaxtında və surətli formada ödəmiş, iddiaçı isə tarix baxımından sonrakı müqavilələr üzrə borcları verirdi.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən 2017-ci il ## ###### tarixində bağlanmış borc müqaviləsi 100000 manat borcla bağlıdır. Həmin borcun icra müddəti 2019-cu il ## ###### tarixədək müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında aparılmış çoxsaylı səs yazılarını dinləmiş və müəyyən etmişdir ki, qeyd olunan müqavilə üzrə iddiaçıya çoxsaylı ödənişlər edilmişdir. Iddiaçı tərəf həmin vəsaitlər üzrə hər hansı ödənişin edilmədiyini həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş danışıqlarda iddiaçı tərəf özünün təsdiq etdiyi məbləğləri cavabdeh cavabdeh1 tərəfindən edilmiş ödənişlər kimi qəbul etmişdir. Iddiaçının 2018-ci il ## ###### tarixli səs yazısında cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş 1.500 manat, 3.000 manat, 5.000 manat və 4.000 manat məbləğində vəsaitlərin əvvəlki aya, yəni 2018-ci ilin iyul ayına aid olduğunu və ödənişlərin hər ayın 25-də edilməli olduğunu bildirdiyi müəyyən edilmişdir. Məhkəmə sadə hesablama yolu ilə qeyd olunan məbləğlərin cəminin 13.500 manat təşkil etdiyini, bu məbləğin 7 ay üzrə hesablandıqda isə 94.500 manata bərabər olduğunu müəyyən etmişdir. Bundan əlavə, tərəflər arasında aparılmış danışıqlarda iddiaçı tərəfindən “2-3 dəfə 10.000, 15000 manat pul verirsən, 50 min dollar ver, 20 min dollar ver deyirsən” ifadələri səsləndirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan məbləğlərdə ödənişlərin edilməsi və bu ödənişlərin bir neçə dəfə təkrarlanması cavabdeh tərəfin ödənişlərlə bağlı arqumentlərini təsdiq etmişdir. Iddiaçı tərəf isə həmin arqumentlərə qarşı konkret sübut və dəlillər təqdim etməməklə sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Eyni zamanda, tərəflər arasında aparılmış danışıqlarda iddiaçı tərəfindən ödənilmiş borcların kitabda qeydiyyatının aparıldığı bildirilmişdir. Iddiaçı məhkəmə iclasında yalnız bir dəfə iştirak etmiş, ona həmin ödənişlərlə bağlı qeydiyyat kitabının və ya jurnalın məhkəməyə təqdim olunması təklif edilmiş, lakin həmin sübutlar təqdim edilməmişdir. Iddiaçı tərəf məhkəmə iclasında təsdiqini tapan sübutlar istisna olmaqla, israrla cavabdeh tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, 100.000 manat məbləğində borc cavabdeh cavabdeh1 tərəfindən tam ödənilmişdir.
11. Həmçinin tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən 2018-ci il # ###### tarixində 60.000 ABŞ dolları ilə bağlı qeyd edilmişdir ki, iddiaçı tərəf bu müqavilə üzrə də cavabdeh tərəfindən hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının bank kartına edilən ödənişlərlə bağlı sübutlar təqdim edildikdən sonra qeyd edilən ödənişlərin edilməsi faktını qəbul etmişdir. Cavabdeh tərəfindən bank kartı ilə bağlı ödənilən vəsaitin 60.000 ABŞ dolları borcu üzrə ödənildiyini bildirmişdir. Iddiaçı tərəf cavabdeh tərəfindən ödənilən vəsaitlərin bütün müqavilə üzrə ödənildiyini bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı “xxxx” ASC Kommersiya Bankından götürülmüş bank məlumatları, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında cavabeh cavabdeh1 məxsus “xxxx” ASC-nin **************** nömrəli bank kartı və Kapital Bank ASC-nin 416973********** nömrəli ödəniş kartı üzrə iddiaçıya məxsus “xxxx” ASC-nin **************** nömrəli kartına ümumilikdə 31.490 manat ödənişlərin aparıldığı müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh cavabdeh1 təqdim etdiyi qəbzlərlə müəyyən edilmişdir ki, iddiaçının atasına (iddiaçının bildirdiyinə görə) məxsus Rabitəbank kartı vasitəsilə iddiaçıya məxsus “xxxx” ASC-nin **************** nömrəli kartına 2021-ci il ## ###### tarixdə ********** nömrəli qəbzlə 2.499,55 manat və 2021-ci il ## ###### tarixdə ********** nömrəli qəbzlə 1.000 manat, cəmi komissiya çıxılmadan 34.99,55 manat məbləğində vəsait ödənilmişdir. Bu fakta münasibətdə iddiaçı tərəf hər hansı bir əks arqumentini irəli sürməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, bank kartı üzrə ödənişlərin 2021-ci il # #### tarixindən 2024-cü ilin # ####### tarixinədək aparılmış və həmin dövr ərzində 31.490 manat və 3.499,55 manat olmaqla cəmi 34.989,55 manat ödəniş edilmişdir. Eyni zamanda, tərəflər arasında müqavilənin bağlanma tarxindən yəni, 2018-ci il # ###### tarixindən 2021-ci il # #### tarixinədək (bank kartı ilə ödəniş aparılanadək) cavabdeh cavabdeh1 tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında aparılmış telefon danışıqları zamanı müəyyən edilir ki, cavabdeh1 tərəfindən iddiaçıya həm dollarla, həm də manatla borcunu qaytarır. Belə ki, 2018-2021-ci il tarixləri arasında aparılmış danışıqlarda iddiaçının “6.000 dollar, 6.000 manat aylıq ödənişlərin edilməsinin təsdiqlənməsi”, “7.000 dollar və 3.000 manat məbləğində borc üzrə ödənişlərin edilməsi”, “doları dollar”, “manatı manat” kimi ödənilməsinin qeyd edilməsi aydın görünür. Təsdiqini tapan danışıqlarda müəyyən edilmişdir ki, 2021-ci ilin əvvəlinə qədər cavabdeh cavabdeh1 tərəfindən ödənişlər dollar və manatla ifadə olunmaqla əlbəəl olaraq iddiaçıya ödənilmiş, qeyd edilən tarixdən sonra isə bank kartı vasitəsilə ödənilmişdir. Belə ki, tərəflər arasında aparılmış danışıqlarda 2019-cu ilin avqust-dekabr aylarında “6.000 manat, 6.000 dollar ödənişinin” aparılmasını iddiaçı tərəf səs yazısında təsdiq edir, “Lakin 6.000 dollar deyil, 7.000 dollar olmalı olmasını” qeyd etmişdir. Bundan əlavə cavabdeh1 səs yazısında “10 min göndərmişəm, 2.800 manat da sabah verəcəm” deməsi qeyd edilir. Buna baxmayaraq iddiaçı tərəf rəsmi sənədlərlə təsdiqini tapan yəni 2021-ci il # ###### tarixindən sonra iddiaçının bank kartına cəmi 34.989,55 manat ödəniş həyata keçirmiş, qeyd edilən vəsait borcdan çıxılarsa 60.000 ABŞ dollarının manata münasibətdə ekvivlenti 102.000 manatdan qeyd edilən ödəniş nəzərə alınmaqla 67.010,45 manat borc qalar. Cavabdeh tərəfindən ödənişlərin 2018-ci ilin əvvəllərindən başlamasını, tərəflər arasında danışıqların ən azı 2018-ci ilin iyun aylarından başladığını nəzərə alsaq cavabdehin manatla bərabər dollarla ifadə edilən ödənişləri, lakin 2019-cu ilin dekabr ayına olan səs yazılarda “6.000 dollar, 6.000 manat ödənişin edilməsi” faktının təsdiqi məhkəmədə o inamı yaratmışdır ki, cavabdeh tərəfindən ən azı ilin əvvəlindən kəsirlə də olsa qeyd edilən məbləğləri ödəmişdir. Belə ki, ən azı 2018-ci il ## ###### tarixədək tərəflər arasında ödənişlərin normal olduğu görünür yəni həm 100.000 manat, həm də 60.000 ABŞ dolları məbləğində borclar üçün ödənişlər edilmişdir. 2018-ci ilin fevral ayında hazırkı müqavilənin bağlandığını və 1 il üçün hər ay üçün təxminən 5.000 ABŞ dolları ödəniş edilməli olmasını, cavabdeh tərəfindən də ən azı 7 ay normal ödənişin edildiyini (7 x 5.000=35.000 ABŞ dolları), sonrakı aylar isə kəsirlə olsa belə ödəniş faktının olması, 2021-ci ilin fevral ayındadək bank kartı ilə ödəniş edilən vaxta qədər ödənişlərin aparıldığını, (danışıqlarda dolarla ödənişin məbləği ən azı 6.000 manat qeyd edilir) ən azı hər ay 2.000-3.000 ABŞ dolları ödəniş etmişdir. Həmin məbləğin isə qalıq qalan təxminən 67.000 manatdan artıq olması müəyyən olunmuşdur. Tərəflər arasında hələ həmin dövrdə hər hansı bir mübahisənin olmadığını nəzərə alsaq ödənişin edilməsi qəbul edilər. Həmin dövrdə tərəflər arasındakı danışıqlarda “qalıq vəsaitin məbləği yalnız ötən aydan qalan məbləğ kimi” qeyd edilmişdir. Sonradan is təxminən 2020-ci ildən sonra tərəflər arasında danışıqlarda “4 ay ödənişin edilmədiyini” tərəflər bir-birinə bildirir. Qeyd edilən hallarla bağlı iddiaçı tərəf cavabdehin etdiyi ödənişlərlə bağlı hər hansı bir faktı bildirməmiş, qeydiyyat sənədlərini məhkəməyə təqdim etməmişdir. Bütün bu sübutlar məhkəmədə belə inam yaratmışdır ki, cavabdeh cavabdeh1 tərəfindən 60.000 ABŞ dolları məbləğində borc tam olaraq ödənilmişdir.
13. Məhkəmə tərəflər arasında mübahisələndirilən 2018-ci il ## ##### tarixli 40.000 ABŞ dolları və 2018-ci il ## #### tarixində 20.000 ABŞ dolları məbləğində borc müqavilələri üzrə ödənişlərlə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında ödənişlərin müvafiq olaraq hər müqavilə üzrə edildiyini bildirsə də, ilkin olaraq iddia ərizəsində bunun tam əksini bildirmiş, cavabdeh tərəf də qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmişdir.
14. Məhkəmə tərəfindən tərəflər arasında aparılmış danışıqların dinlənilməsi zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 və iddiaçıya aid səs yazısında, iddiaçı “bu ay səndən 20 mini gözləyirik” cavabdeh1 cavabında “40.000 ABŞ doları və 20.000 ABŞ dolları məbləğində borcla bağlı ödənişə başlamaq istədiyini” bildirmişdir. 2018-ci il ## ##### tarixli 40.000 ABŞ dolları məbləğində borc müqaviləsi üzrə müqavilənin icra müddəti 2018-ci il ## ####### tarixədək, 2018-ci il ## #### tarixdə 20.000 ABŞ dolları məbləğində borc müqaviləsi üçün 2019-cu il ## ###### tarixədək müəyyən edilmişdir. Qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişlə bağlı tərəflərin konkret arqumenti olmadığından, həmin müqavilələr üzrə hər hansı bir ödənişin olmadığı qəbul edilir. Iddiaçı məhkəmə iclasında bildirmişdir ki, “ödənişlərin bütün müqavilələr üzrə edilməsi” arqumentinə münasibətdə qeyd edilməlidir ki, ilkin olaraq iddia ərizəsində ümumiyyətlə hər hansı bir ödənişin edilmədiyi bildirilmişdir. Sonradan isə qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq izahatını ifadəsini bu istiqamətdə ifadə etmişdir. Ona görə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən borc müqavilələri üzrə iddiaçı 2024-cü il ## ####### tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etdiyindən 3 illik iddia müddətini ötürmüşdür.
15. Məhkəmə vaxtı çatan öhdəliyin icra edilməsi və borclunun öhdəliyin ödənişinin seçilməsi hüququ ilə bağlı qanunvericiliyin tələblərini əsas tutaraq hazırkı iş üzrə cavabdeh tərəfin seçimi üzrə ödənişlərin edilməsini və vaxtı çatan öhdəliyin ödənilməsi ilə əlaqədar hərəkətlərin iddiaçı tərəfindən hər hansı arqumentlə istisna edilmədiyini müəyyən etmişdir. Bundan əlavə, tərəflər arasında aparılmış telefon danışıqlarında iddiaçının cavabdeh1 sözlərinə münasibətdə ödənişin aylıq olaraq 6.000 dollar, 6.000 manat deyil, 7.000 manat olmaqla ödənilməli olduğunu bildirməsi ilə əlaqədar cavabdeh cavabdeh1 iddiaçının sonradan müqavilədənkənar əlavə faiz məbləği tələb etdiyini dəfələrlə təkrarlamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə iclaslarında cavabdeh tərəfin borclar üzrə etdiyi ödənişləri ilə bağlı hər hansı bir sübut və dəlil irəli sürməmiş, yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərə münasibət bildirmiş, əksəriyyətini isə qəbul etməmişdir. Ona görə də məhkəmə tərəfindən əsasən cavabdeh tərəfin borclarla bağlı ödənişlərə aid irəli sürdüyü arqumentlər və dəlillər ətrafında mübahisəni həll etməyə çalışmışdır. Tərəflər arasında aparılmış telefon danışıqları və vatsapp yazışmalarının tarixi ilə bağlı iddiaçı tərəf hər hansı bir arqument irəli sürməsə də, cavabdeh tərəfin təqdim etdiyi tarixləri məhkəmə əsas götürmüşdür. Iddiaçı tərəf cavabdeh tərəfin arqumentlərini tam cavablandıra bilməmişdir.
17. Məhkəmə 2018-ci il ## #### tarixli *M-*** nömrəli reyestrdə qeydə alınmış notarial qaydada X1 ilə (borc verən) cavabdeh1 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən etmişdir ki, borc verən 40.000 ABŞ dolları məbləğində borcu 68.000 manat ekvivalentində 2018-ci il ## ###### tarixinədək qaytarmaq şərti ilə borc alana borc verir. Borc faizsiz verilmişdir. Bununla bağlı iddiaçının təşəbbüsü ilə Tofiq Nəzərəliyev məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin şəxs borc verilən məbləğin iddiaçıya məxsus olduğunu bildirmiş, həmin vəsaitin onun tərəfindən deyil, iddiaçı tərəfindən verildiyini və o da cavabdehə verdiyini bildirmişdir. Iddiaçı sübut etmək istəmişdir ki, həmin müqavilə əslində iddiaçı ilə cavabdeh1 arasında bağlanmışdır. Məhkəmə qeyd edilən arqumenti qəbul etməyərək bildirmişdir ki, qanunvericiliyin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə iddiaçı və ya cavabdeh olaraq işə cəlb edilməmiş şəxsin hüquqlarının və ya mənafelərinin müdafiəsi ilə bağlı məsələni həll etməkdə haqlı deyildir. Ona görə də Tofiq Nəzərəliyev iş üzrə cavabdeh cavabdeh1 qarşı müstəqil formada iddia qaldırmaq hüququ mövcuddur. Iddiaçı iddiaçının mübahisələndirilən müqavilə üzrə belə bir hüququ olmadığıdan hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
18. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış yalnız 2017ci il ## ###### tarixli (150.000 manat məbləğində borc müqaviləsi) kredit müqaviləsinin müddəti 2022-ci il ## ###### tarixədək müəyyən edilmişdir. Iddiaçı Şəki Rayon Məhkəməsinə 2023-cü il ## ####### tarixində müraciət etmişdir. Bu səbəbdən qeyd edilən 1 illik müddət 2023-cü il ## ###### tarixində bitdiyindən həmin müqavilə üzrə də qeyd edilən müddət bitmişdir. Bu səbəbdən zaminlik müqavilələrinə qanunla müəyyən edilmiş müddətlər ötdüyündən xitam verilmişdir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 353, 385.1, 386.1, 425.1, 432.1, 432.2, 432.3, 440.1, 440.2, 440.3, 442, 445.1 və 477.0, 477.0.1, 477.0.3 və 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 77, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onu iddia tələbinin təmin olunmadığı hissədə ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin qismən təmin edilən hissəsində ləğv, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının və cavabdeh cavabdeh1 apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və V.Musayev).
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddia müddətinin keçməməsi və ödənişlərin mütəmadi edilməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında 2018-ci il ## ##### tarixli 40.000 ABŞ dolları və 2018-ci il ## #### tarixdə isə 20.000 ABŞ dolları məbləğində borc müqavilələri bağlanmışdır. Iddiaçı tərəf qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında ödənişlərin müvafiq olaraq hər müqavilə üzrə edildiyini bildirsə də, ilkin olaraq iddia ərizəsində bunun tam əksini bildirmişdir. Eyni zamanda, cavabdeh tərəf də qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmişdir. Iş materiallarına əlavə edilmiş səs yazıları və digər yazışmalardan müəyyən edilir ki, iddiaçı “bu ay səndən 20 mini gözləyirik” cavabdeh1 cavabında “40.000 ABŞ doları və 20.000 ABŞ dolları məbləğində borcla bağlı ödənişə başlamaq istədiyini” bildirmişdir. 2018-ci il ## ##### tarixli 40.000 ABŞ dolları məbləğində borc müqaviləsi üzrə müqavilənin icra müddəti 2018-ci il ## ####### tarixədək, 2018-ci il ## #### tarixdə 20.000 ABŞ dolları məbləğində borc müqaviləsi üçün isə 2019-cu il ## ###### tarixədək müəyyən edilmişdir. Qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişlə bağlı tərəflərin konkret arqumenti olmadığından məhkəmə həmin müqavilələr üzrə hər hansı bir ödəniş olmadığını qəbul etmişdir.
24. Məhkəmə iddiaçının birinci instansiya məhkəməsində qeyd etdiyi “ödənişlərin bütün müqavilələr üzrə edilməsi” arqumentinə münasibətdə qeyd etmişdir ki, ilkin olaraq iddia ərizəsində ümumiyyətlə hər hansı bir ödənişin edilmədiyi bildirilmişdir. Sonradan isə qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq izahatını ifadəsini bu istiqamətdə ifadə etmişdir. Ona görə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən borc müqavilələri iddiaçı 2024-cü il ## ####### tarixində Şəki Rayon Məhkəməsinə müraciət etdiyindən 3 illik iddia müddətini ötürmüşdür.
25. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, vaxtı çatan öhdəliyin icra edilməsi və borclunun öhdəliyin ödənişinin seçməsi ilə bağlı hüquqları ilə bağlı qanunvericiliyin tələbini əsas tutaraq hazırkı iş üzrə cavabdeh tərəfin seçimi üzrə ödənişlərin edilməsini və vaxtı çatan öhdəliyin ödənilməsi ilə bağlı hərəkətləri iddiaçı tərəfindən hər hansı bir arqumentlə istisna edilə bilməmişdir.
26. Məhkəmə tərəflər arasında aparılmış telefon danışıqlarında “iddiaçının T.Məməmdovun sözlərinə münasibətdə ödənişin aylıq olaraq 6.000 dollar, 6.000 manat deyil, 7.000 manat olmaqla ödəməli olmasını bildirməsi” məsələsinə münasibətdə bildirmişdir ki, cavabdeh1 bildirdiyinə görə iddiaçının sonradan müqavilədənkənar əlavə faiz məbləği tələb etdiyini dəfələrlə təkrarlamışdır.
27. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsinin sübut edilməsi vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı qeyd etmişdir ki, müddətlərin başlanması və qurtarmasını MM-in 368 və 369-cu maddələri ilə müəyyən edilmişdir. Cavabdehin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir. Iddiaçı sübut etmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq iddia müddətinin ötürülməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Iddiaçı tərəf iddia qaldırılan zaman ümumiyyətdə hər hansı ödənişin edildiyini bildirməmişdir. Odur ki, birinci instansiyası məhkəməsi mübahisəli dövr üçün vaxtaşırı ödəmələr üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair nəticəyə gələrkən işin hallarını nəzərə almış, qanunu düzgün tətbiq etmiş və mahiyyət etibarilə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
28. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı kredit müqaviləsi üzrə ödənilməsinin sübut edilməməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Vaxtı çatan öhdəliyin icra edilməsi və borclunun öhdəliyin ödənişinin seçməsi hüququ ilə əlaqədar qanunvericiliyin tələbini əsas tutaraq hazırkı iş üzrə cavabdeh tərəfin seçimi üzrə ödənişlərin edilməsini və vaxtı çatan öhdəliyin ödənilməsi ilə əlaqədar hərəkətləri iddiaçı tərəfindən hər hansı bir arqumentlə istisna edilə bilməmişdir. Eyni zamanda, iddiaçı tərəf məhkəmə iclaslarında cavabdeh tərəfin borclar üzrə etdiyi ödənişlərə dair hər hansı bir sübut və dəlil irəli sürməmiş, yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərə münasibət bildirmiş, əksəriyyətini isə qəbul etməmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəmə ödənişləri hansı müqavilələr üzrə silməkdə düzgün nəticəyə gəlmişdir. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində konkret dəlillər göstərilməmiş və ümumi fikirlər ifadə edilmişdir. Odur ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
30. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin X2 ilə (borc verən) cavabdeh1 (borc alan) arasında bağlanmış kredit müqaviləsi ilə bağlı dəlilini də əsassız hesab etmiş və qeyd etmişdir ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. 2018-ci il ## #### tarixli kredit müqaviləsi isə X1 ilə cavabdeh1 arasında bağlanmışdır. Iddiaçı tərəf sübut etmək istəmişdir ki, həmin müqavilə əslində iddiaçı ilə cavabdeh1 arasında bağlanmışdır. Lakin, pulun məhz iddiaçıya məxsus olması isə iş materialları ilə öz təsdiqini tapmamaqdadır.
31. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin zaminlik ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, müddəti müəyyən edilmədən bağlanmış bütün zaminlik müqavilələrində MM-in 477.0.4-cü bəndinin 2-ci cümləsindən qeyd edilən 1 illik müddət ötürülmüşdür. Tərəflər arasında bağlanmış yalnız 2017-ci il ## ###### tarixli *M-**** nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış (150.000 manat məbləğində borc müqaviləsi) kredit müqaviləsinin müddəti 2022-ci il ## ###### tarixədək müəyyən edilmiş. Iddiaçı Şəki Rayon Məhkəməsinə 2023-cü il ## ####### tarixində müraciət etmişdir. Bu səbəbdən qeyd edilən 1 illik müddət 2023-cü il ## ###### tarixində bitdiyindən həmin müqavilə üzrə də qeyd edilən müddət bitmiş və zaminliyə qanunla müəyyən edilmiş müddətlər ötdüyündən xitam verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi zaminliklə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
32. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin 150.000 manatlıq müqavilə üzrə pulun borc yox mebellərin pulu olması və müqavilənin ziddiyyətli olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir. Tərəflər arasında 2017-ci il ## ###### tarixində bağlanmış 150000 manat borc müqaviləsinin əslində borc deyil, tərəflər arasında bağlanmış mebelin alqı-satqı müqaviləsi üzrə olan borc və onun ödənişi ilə bağlı olmuşdur.
33. Məhkəmə tərəflər arasında aparılmış danışıqlardan, həmçinin məhkəmə iclasında verilmiş izahatlardan müəyyən etmişdir ki, 150.000 manat məbləğində borc əslində iddiaçı tərəfindən cavabdeh cavabdeh1 satılmış 150.000 manatlıq mebelin dəyəridir. Belə olan halda isə tərəflərin əsl niyyəti mebel alqı-satqısından yaranmış borcun ödənişini müəyyənləşdirmək olmuşdur. Eyni zamanda, cavabdeh həmin müqaviləni bağlamaqla aldığı mebellərin pulunu ödəyəcəyini sərbəst iradə ifadəsi ilə öz üzərinə götürmüşdür. Odur ki, bağlanmış həmin müqavilədə heç bir ziddiyyət mövcud deyil.
34. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin iyirmi beş ədəd mebel ilə bağlı dəlillərini əsassız hesab edərək bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, “...25 ədəd mebeli iddiaçıdan alıb satmış və borcuda ödəmişdir. Mebelləri təxminən 2016-cı ildə almış, həmin mebellərin alış-satışının isə hazırki borc müqaviləsinə aidiyyəti yoxdur” (ıv cild, iş v. 5). Bundan başqa, iş materiallarına əlavə edilmiş 150.000 manat borc müqaviləsi isə (əslində cavabdehə verilmiş mebellərin pulu) 2017-ci il ## ###### tarixində bağlanmışdır. Göründüyü kimi, cavabdeh tərəfin izahatları onun tərəfindən verilmiş şikayətin dəlillərini təkzib etməkdədir. Cavabdeh tərəf verdiyi digər izahatlarında isə, baha olduqları üçün aldığı mebelləri ümumiyyətlə sata bilmədiyini bildirmişdir. Belə olan halda kollegiya şikayətin həmin dəlillərini əsassız hesab etmişdir.
35. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin satılmış əşyaların özünün deyil dəyərinin tələb edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək bildirmişdir ki, əşyanın özünün mövcudluğu müəyyən edildiyi halda, onun deyil, dəyərinin tələb edilməsi əsaslı hesab edilməməlidir. Lakin hazırki məqamda qeyd edilən hallar tətbiq edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış 2017-ci il ## ###### tarixli müqavilə ilə, tərəflər aralarında mebelin alqı-satqısına dair borc və onun ödəniş qaydasını müəyyən etmişlər. Belə olan halda isə iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
36. Bundan başqa, iş materialları ilə tərəflər arasında “əgər mebel əşyaları satılmasa geri qaytarılacaqdır” deyə hər hansı müqavilənin (və ya razılaşmanın) olması müəyyən edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfin ən azı 8 il sonra malları iddiaçıya qaytarmaq barədə tələbi vicdanlılıq və dürüstlük prinsiplərinədə uyğun hesab edilə biləz. Odur ki, şikayətin dəlillərini həmin hissədə də əsassızdır.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2.1, 329.2, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 425.1, 427.1, 427.2, 432.3, 440.1, 440.2, 440.3, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.1, 448.2 və 739.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
39. Azerbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsi üzrə - məhkəmə yalnız cavabdehin mənafeyini əsassız olaraq müdafiə etmişdir.
40. MM-in 380.1 və 380.2-ci maddələri üzrə - borclu tərəfindən vaxtaşırı, sonuncu dəfə 2024-cü il # #### tarixində olmaqla müxtəlif məbləğlər ödənilmişdir ki, bu da borcun etirafı və iddia müddətinin axımının kəsilməsi deməkdir. Məhkəmə müxtəlif vaxtlarda borclu tərəfindən olunan ödənişlərin vaxtına diqqət verməmiş, əks halda iddia müddətinin ötürülmədiyi və hələ də davam etdiyi açıq-aydın görünərdi.
41. MM-in 440.1-ci maddəsi üzrə - tərəflər arasında ilkin kredit müqaviləsi 2017-ci il ## ###### tarixində, sonuncu isə 2018-ci il ## ###### tarixində bağlanmışdır. Borclu tərəfindən 2018-ci il ## ###### tarixindən başlayaraq, sonuncu dəfə 2024-cü il # #### tarixində kart vasitəi ilə ödənişlər edilmişdir. Borclu hansı kredit müqaviləsi üzrə borcu ödədiyini bildirməmiş və ona görə də ilkin ödəniş müddəti birinci çatan borcun ödənilməsi hesab edilməlidir. Məhkəmə tərəfindən bu hallara qiymət verməmişdir.
42. MPM-in 8.1 və 9-cu maddələri üzrə - məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir.
43. MPM-in 77.1-ci maddəsi üzrə - cavabdeh tərəfindən məhkəməyə heç bir sübut, heç bir sənəd təqdim edilməmiş, lakin buna baxmayaraq məhkəmə tərəfindən bu hala düzgün qiymət verilməmişdir.
44. MPM-in 88-ci maddəsi üzrə - borclu tərəf ödədiyi borc məbləğinin hansı kredit müqaviləsi üzrə ödəməsini sübut etməmişdir. Burada sübut etmə vəzifəsini məhkəmə öz üzərinə götürmüşdür.
45. MPM-in 217.3-cü maddəsi üzrə - məhkəmə tərəfindən işdə olan tərəflərə münasibətdə obyektivlik nümayiş etdirilməmiş və təqdim olunan sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə hallar və faktlarla bağlı gəlmiş olduğu nəticələr maddi hüquq normaları ilə əsaslandırılmamış və sonda tərəflərin arasındakı hüquqi münasibətlərə uyğun olmayan, tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh cavabdeh1 kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı ilə arasında 2017-ci il ## ###### tarixli borc müqaviləsi bağlanmışdır. Lakin borc müqaviləsi bağlanarkən iddiaçı tərəfindən cavabdeh1 pul verilməmiş, 150.000 manat dəyərində mebel əşyaları verilmişdir. Həmin mebelər iddiaçı tərəfindən cavabdehə verilərkən tərəflər arasında mebelərin satıldıqca pulun iddiaçıya ödənilməsi barədə razılıq olmuşdur. Lakin 150 000 manat dəyərində mebel əşyaları satılmamışdır. Göründüyü kimi həmin müqavilənin predmetini pul deyil, mebel təşkil etmiş, müqavilə isə görünüş üçün bağlanmışdır. Iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 25 mebeldən Qubadakı evinə 4 mebel qaytarılmış, 150.000 manatlıq mebeli cavabdehə vermiş, satıb pulunu ona verməli idi. Bu hal məhkəmə tərəfindən də müəyyən edilmişdir. Sözügedən müqavilə özü özlüyündə ziddiyyətlidir və digər bir əqdi pərdələmək üçün bağlanmışdır. Hazırkı halda iddiaçı cavabdehdən pul deyil, satılmayan əşyalarını tələb edə bilərdi. Kassasiya baxışının hədləri
47. Kassasiya şikayətində iddianın təmin olunmayan hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 372. Iddia müddəti anlayışı
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
“Maddə 373. Iddia müddətləri
373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
“Maddə 375. Iddia müddətinin tətbiqi
375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
“Maddə 377. Iddia müddətinin başlanması
377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.”
“Maddə 427. Öhdəliyin icrası müddəti
427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.”
“Maddə 432. Öhdəliyin hissə-hissə icrası
432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.”
“Maddə 440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi
440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. 440.3. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır.”
“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması
739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu
392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 51.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 52.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 53.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 54.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutların düzgün qiymətləndirirlməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 55.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 56.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 57.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 58.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir. 59.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 61.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.