Məhkəmə qərarları › İş №2-2(1-8)-171/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-171/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-171/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR 2-2(1-8)-171/2026 Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış 2014-cü il # ######## tarixli KR.***/**** nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana SKMF vəsaitləri hesabına 5.000.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür.

2. Iddiaçı ilə cavabdeh2 MMC (borclu) və “xxxx” MMC (ipteka verən) arasında bağlanmış 2014-cü il # ######## tarixli ***/**** saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 2014-cü il # ######## tarixli ***/**** nömrəli kredit müqaviləsinə əsasən 5.000.000 manat məbləğində açılmış kredit xəttinin və adı çəkilən kreditlə hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15068,2 kv.m olan 1 mərtəbəli anbar qeyriyaşayış binasını ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

3. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş daşınmaz və daşınan əmlak “xxxx” MMC Qiymətləndirmə Şirkətinin 2014-cü il ## ###### tarixli ** saylı ekspert rəyinə əsasən 13.000.000 manat məbləğində qiymətləndirilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Şabran rayonu, Gəndob kəndində yerləşən 19 ha torpaq sahəsi və üzərində yerləşən “xxxx” MMC-yə məxsus qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Iddiaçı bank 2025-ci il ## ##### tarixdə cavabdehlərə pretenziya ünvanlayaraq, 2014-cü il # ######## tarixli ***/**** saylı kredit müqaviləsinə əsasən 2,728,664.85 manat əsas, 3,761.96 manat faiz və 511.95 manat cərimə borcu olmaqla, cəmi 2,732,933.76 manat məbləğində borc olduğunu, kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam yerinə yetirmələrini xahiş etmiş, əks halda tərəfimizdən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı “xxxx” ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 2014-ci il # ######## tarixli ***/**** saylı nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1574510,91 manat əsas, 3226,91 manat faiz və 1817,18 manat cərimə borcu olmaqla, cəmi 1579555 manat, 400 manat mediasiya xərci, məhkəməyə müraciət olunması üçün ödənilmiş 1756.47 manat dövlət rüsumu, habelə 2.63 manat bank xidmət haqqı, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 136.98 manat rüsumun tutulması, cavabdeh cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 2014-cü il # ######## tarixli ***/**** saylı ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan, cavabdeh “xxxx” MMC-yə məxsus (2015-ci il ## ###### tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) Şabran rayonu, Gəndob kəndində yerləşən 19.0 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

7. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2014-cü il # ######## tarixli ***/**** saylı kredit müqaviləsinə əsasən cavabdeh2 MMC-yə 120 ay müddətinə, illik 3 faizlə 5.000.000 manat kredit verilmiş, öhdəliyin təminatı kimi “xxxx” MMC-yə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən 19,0 ha torpaq sahəsi və qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Kredit və faizlər müqavilə şərtlərinə uyğun ödənilmədiyindən 2.728.664,85 manat əsas, 3.761,96 manat faiz və 511,95 manat cərimə olmaqla cəmi 2.732.938,76 manat borc yaranmışdır. Cavabdehlər xəbərdar edilsə də öhdəlikləri icra etməmiş, mediasiya cəhdləri nəticəsiz qalmış və 2022-ci il ## ###### tarixli arayış verilmiş, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Bununla əlaqədar borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi zərurəti yaranmış, müvafiq bildirişlər 2022-ci il # ######## tarixdə dövlət reyestrində qeydiyyata alınmış və bunun üçün 136,98 manat ödənilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il ## ###### */**** saylı ekspert rəyinə əsasən, cavabdehin 2014-cü il # ######## tarixli KR.***/**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh2 MMC-nin 2023-cü il ## ##### tarixə əsas borcu 2.694.369,70 manat, faiz borcu 1571,72 manat, 2023-cü il ## #### tarixə əsas borcu 2.410.432,37 manat, faiz borcu 4017,39 manat təşkil edir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il ## ###### tarixli *-**-**/*-**/****-*/**** nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 19 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri təqribən 8543000 manat məbləğində müəyyən edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ##### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir ( hakim – Ü.Həsənova).

11. Məhkəmə bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, öhdəliklərin təminatı kimi “xxxx” MMC-yə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən 19 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

12. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, yaranmış kredit borcu cavabdeh2 MMC-dən tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, əmlak qanunvericiliyə uyğun açıq hərracda satılmalı və onun ilkin satış qiyməti ekspert rəyinə əsasən müəyyən edilməlidir.

13. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış 2014-cü il # ######## tarixli KR.***/**** nömrəli kredit müqaviləsinə əsasən 1817,18 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh cavabdeh2 MMC-nin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 317.1, 319.1, 319.5, 462.1, 739.1, 739.2, 741-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadən əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin borcun tutulması hissəsində faktiki ödənilən məbləğlər çıxılmaqla ödəniş qrafikinin son gününün müddətinədək əsas borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ###### */**** saylı ekspert rəyinə əsasən, cavabdehin 2014cü il 4 sentyabr tarixli KR.***/**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla üçüncü sual üzrə cavabdeh2 MMC-nin 2024-cü il ## #### tarixə əsas borcu 549.161,28 manat, faiz borcu 2288,17 manat, 2024-cü il ## #### tarixə əsas borcu 452.023,31 manat, faiz borcu 0,00 manat təşkil edir.

19. Təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il ## #### tarixli, */*** nömrəli ekspert rəyinə əsasən, cavabdehin 2014-cü il # ######## tarixli KR.***/**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdeh2 MMC-nin 2024-cü il ## ##### tarixə əsas borcu 1.505.706,13 manat, faiz borcu 6.399,25 manat, 2024-cü il ## ##### tarixə əsas borcu 1.505.706,13 manat, faiz borcu 6.524,73 manat, 2024-cü il ## ###### tarixə əsas borcu 459.296,30 manat, faiz borcu 6.524,73 manat təşkil edir.

20. Təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il # ####### tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, 2023-cü il ## ##### tarixə əsas borc 2.694.370,64 manat, faiz borcu 1.571,72 manat, 2023-cü il ## ##### tarixə 2.694.370,64 manat, faiz borcu 1.796,25 manat, 2024-cü il # ##### tarixə (qətnamə çıxan tarixə) əsas borc 1.505.706.13 manat, faiz borcu 5.897,35 manat olduğu, iş materiallarında olan hesabdan çıxarış məlumatları və maliyyə arayışı məlumatlarından da göründüyü kimi, cavabdeh2 MMC tərəfindən 2024cü il # ##### tarixdən 2024-cü il ## ###### tarixədək 1.403.008,77 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar 2024-cü il # ##### tarixədək aparıldığından 1.403.008,77 manat məbləğində ödəniş nəzərə alınmadığı qeyd olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 MMC-dən əsas borc və faizin məbləği olaraq 47.137.62 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva, T.Mahmudova).

22. Məhkəmə kollegiyası ekspert rəylərinə istinadən qeyd etmişdir ki, cavabdeh “xxxx” MMC-nin pretenziya verilən tarixə (2023-cü il ## #####) 2694370,64 manat qalıq borc, 1571,72 faiz borcu təşkil edir. Təqdim olunan qrafikdən görünür ki, 2023-cü il ## ##### tarixdən 2024-cü il # ##### tarixə (qətnamə çıxan tarixədək) ödənişlər həyata keçirilmişdir.

23. Məhkəmə kollegiyası tərəfindən aparılan sadə riyazi hesablama nəticəsində aydın olmuşdur ki, qətnamə çıxan tarixə ödənilməmiş 1.448.574,67 manat əsas borc, 1571,72 manat faiz borcu qalmışdır. Cavabdeh tərəfindən qətnamə çıxarıldıqdan sonrada müxtəlif vaxtlarda ümumilikdə 1.403.008,77 manat məbləğində ödəniş həyata keçirilmişdir.

24. Işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxx“ MMC-dən tutulan əsas borc və faizin məbləği hisssəsində ləğv edilməli, 45565.9 manat əsas borc və 1571.77 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Kollegiya həmçinin qeyd etmişdir ki, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 1150 manat iddiaçıdan alınaraq cavabdeh cavabdeh2 MMC-ə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 cavabdeh cavabdeh2 MMC və iddiaçı “xxxx” ASC-dən müştərək qaydada alınaraq ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

26. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 390.5, 404, 425.1, 442, 448.1, 460.1, 462.1, 467, 739, 741-ci maddələrinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 17, 18-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

28. Iddiaçı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 4, 7, 8, 18-ci maddələrinə, MM-in 432.4, 445.1-445.3, 445.8, 466.1, 467, 462.1, 465.2-cü maddələrinə və MPM-in 77.1, 88-ci maddələrinə istinadən qeyd etmişdir ki, məhkəmə baxışı zamanı bir neçə dəfə mühasibatlıq ekspertizası təyin edilsə də, məhkəmə ekspert rəylərinin yalnız bir hissəsini nəzərə alaraq natamam və əsaslandırılmamış qərar qəbul etmişdir. Belə ki, məhkəmə bir sıra mühüm halları, xüsusilə pretenziya tarixindən sonrakı dövr üzrə faizlərin hesablanmasını nəzərə almamışdır. Halbuki Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, belə hallarda müəyyən faizlərin (illik 5%) tələb olunması mümkündür, lakin məhkəmə bu hüquqi yanaşmanı tətbiq etməmişdir.

29. Apellyasiya instansiyası ekspert rəylərinə əsaslanaraq 2023-cü il ## ##### tarixə (pretenziya tarixinə) olan borcu götürmüş və sonrakı ödənişləri sadə riyazi qaydada həmin məbləğdən çıxmış, lakin bu dövrdə hesablanmalı olan faiz və cərimə borclarını nəzərə almamışdır. Eyni zamanda, ekspert tərəfindən cərimə borcu üzrə edilmiş ödənişlər əsas və faiz borcuna silinmiş, nəticədə əsas borc süni şəkildə azaldılmışdır. Halbuki maliyyə arayışlarına əsasən 2023-cü il ## ##### tarixinə əsas borc 2.728.664,85 manat təşkil etmişdir və 63.251,33 manat məbləğində cərimə borcuna yönəlmiş ödənişlər düzgün olaraq cərimə borcu kimi nəzərə alınmalı idi. Ekspert isə müqavilə və qanunvericiliyin tələblərini nəzərə almadan həmin məbləğləri əsas borcdan çıxmışdır ki, bu da nəticə etibarilə borcun azaldılmasına səbəb olmuşdur.

30. Bundan əlavə, kredit müqaviləsinin şərtlərinə (xüsusilə 7.2 və 9.2-ci bəndlərə) əsasən ödənişlər ilk növbədə faizlərə, daha sonra əsas borca yönəldilməli və gecikmə halında əlavə 3% cərimə faizi hesablanmalıdır. Lakin nə ekspert, nə də məhkəmə bu şərtləri nəzərə almamışdır.

31. Iddiaçı qeyd etmişdir ki, ekspert rəyi məhkəmə üçün məcburi sübut deyil və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə isə ekspert rəyini üstün tutaraq sübutları hərtərəfli və obyektiv qiymətləndirməmiş, nəticədə əsas və faiz borcunun azaldılmasına yol vermişdir.

32. Bütün bunları nəzərə alaraq iddiaçı hesab edir ki, məhkəmə qərarı qanunsuz və əsassızdır, düzgün hesablanma aparılmadığından ləğv edilməli, ödənişlər çıxılmaqla qalıq borc məbləği (178.842,31 manat) cavabdehdən tutulmalıdır. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində borcun məbləğini mübahisələndirməmiş və iddia tələbi ilə razılaşmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

34. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qismən yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı ... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları

460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. ...”

“Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas və faiz borcuna aid hissədə ləğv olunmaqla iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

39. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.

40. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərlərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).

42. Işə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd olunan tələblərə riayət etməmişdir.

43. Belə ki, təkrar məhkəmə mühasibatlıq ekspertizasının 2025-ci il # ####### tarixli rəyi ilə 2023-cü il ## ##### tarixinə əsas borc 2.694.370,64 manat, faiz borcu 1.571,72 manat, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxdığı tarixə (2024-cü il # ##### tarixinə) əsas borc 1.505.706.13 manat və faiz borcu 5.897,35 manat müəyyən edilmiş, ekspert hesablamaları aparılarkən cavabdeh2 MMC tərəfindən 2024cü il # ##### tarixindən 2024-cü il ## ###### tarixinədək edilmiş 1.403.008,77 manat məbləğində ödənişlər nəzərə alınmadığı qeyd olunmuşdur.

44. Lakin apellyasiya məhkəməsi qeyd etmişdir ki, “cavabdeh “xxxx” MMC-nin pretenziya verilən tarixə (2023-cü il ## #####) qalıq borc 2.694.370,64 manat, 1.571,72 faiz borcu təşkil etmişdir. Təqdim olunan qrafikdən görünür ki, 2023-cü il ## ##### tarixindən - 2024-cü il # ##### tarixinə (qətnamə çıxan tarixədək) ödənişlər həyata keçirilmişdir. Aparılan sadə riyazi hesablama nəticəsində aydın olur ki, qətnamə çıxan tarixə ödənilməmiş 1.448.574,67 manat əsas borc, 1.571,72 manat faiz borcu qalmışdır. Cavabdeh tərəfindən qətnamə çıxarıldıqdan sonrada müxtəlif vaxtlarda ümumilikdə 1.403.008,77 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə məhkəmə kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, 45.565,9 manat əsas borc və 1.571,77 manat faiz borcunun məbləği olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir”.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilə şərtlərini və ödənişlərin silinmə ardıcıllığını tənzimləyən müqavilə müddəalarını nəzər almamış, bununla da işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir.

46. Belə ki, tərəflər 2014-cü il # ######## tarixli KR.***/**** nömrəli kredit müqaviləsinin 7.4-cü bəndində razılaşmışlar ki, borc alan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir.

47. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək ödənişlərin silinməsi qaydasını əvvəlcədən müəyyən etmişlər. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər öz iradələri ilə müqavilələr bağlamaqda və onların məzmununu müəyyən etməkdə sərbəstdirlər.

48. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır (MM-in 432.4-cü maddəsi).

49. Apellyasiya instansiyası məhkəməsi isə özü sadə riyazi hesablama aparmaqla müəyyən etdiyi cavabdehin 2024-cü il # ##### tarixindən sonrakı ödənişlərini 2023-cü il ## ##### tarixindən 2024-cü il # ##### tarixinədək olan borcdan çıxmışdır. Məhkəmə 2023-cü il ## ##### tarixindən 2024-cü il # ##### tarixinədək olan dövr üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən çıxış etsə də, 2024-cü il # ##### tarixindən sonrakı ödənişləri özü sadə riyazi hesablama apararaq borcu müəyyən etməklə, müqavilədə müəyyən edilmiş ardıcıllıqla silinib-silinmədiyi və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparmamışdır.

50. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin rəy MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan ekspert rəyi məhkəməni iş üzrə hüquqi nəticə çıxarmaq vəzifəsindən azad etmir. Məhkəmə ekspert tərəfindən aparılmış hesablamaların işin müəyyən edilmiş hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğun olub-olmadığını yoxlamalıdır. Məhkəmə zərurət yarandıqda isə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi ilə bağlı MPM-in 97.1 və 102.3-cü maddələrində nəzərdə tutulmuş hüququndan istifadə edə bilər.

51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi hesablamaların müqavilənin 7.4-cü bəndində nəzərdə tutulmuş ödənişlərin silinmə ardıcıllığına ətraflı hüquqi qiymət verməməklə əsas və faiz borcunun məbləğini müəyyən etmişdir. Halbuki, kredit münasibətlərindən irəli gələn borcun məbləğinin müəyyənləşdirilməsi zamanı yalnız mühasibat hesablamalarının aparılması kifayət etmir. Həmin hesablamaların müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu da məhkəmə tərəfindən yoxlanılarq hüquqi dəyərləndirmə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə dəyərləndirmə aparmadan nəticə çıxartdığı üçün onun gəldiyi qənaət hüquqi cəhətdən yetərincə əsaslandırılmış hesab edilə bilməz.

52. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş nöqsanlar iş üzrə əsas və faiz borcun məbləğinin düzgün müəyyən edilməsinə təsir göstərmişdir. Həmin pozuntular MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab verməyən qətnamənin qəbul olunması ilə nəticələndiyindən qətnamə əsas və faiz borcuna aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

53. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin silinməsi qaydasını müəyyən edən müddəalarını, aparılmış ödənişlərin həmin qaydalara uyğun silinib-silinmədiyinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu üzrə hüquqi dəyərləndimə aparmalı, bundan sonra müəyyən edilmiş hallara uyğun əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar