Məhkəmə qərarları › İş №2-2(1-8)-175/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-175/2026

17.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-175/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh LPO cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-yə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh LPO cavabdeh1 ASC-nin ləğvedici ƏSF-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ilə cavabdeh1 ASC-nin (ləğv prosesindədir) Qazax filialı arasında bağlanmış 2015-ci il # ##### tarixli, **** saylı kredit müqaviləsinə görə borcalana illik 6 faiz dərəcəsi ilə ödənilmək şərtilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı olaraq eyni tarixli ipoteka müqaviləsinə əsasən borcalan özünə məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsini cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçı LPO cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF-nin cavabdeh İddiaçı qarşı “12277,30 manat əsas, 1884,42 manat faiz, 1365,38 manat cərimə, 3057,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 18584,58 manat məbləğində kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.

4. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış **-*/*-Y- ***-**-***/**** nömrəli, 2024-cü il ## ###### tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubda qeyd edilmişdir ki, “cavabdeh1 ASC ilə aranızda bağlanmış 2015-ci il # ##### tarixli kredit müqaviləsi üzrə Sizə 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügeden kredit müqaviləsi üzrə LPO cavabdeh1 ASCyə 2024-cü il ## ###### tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 15527,10 manat borc öhdəliyiniz mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun Mərkəzi Kredit Reyestrindən silinməsi üçün əsas deyildir, eyni zamanda Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- ***/**** nömrəli 2024-cü il ## ###### tarixli qətnaməsinə əsasən bank əməliyyat sistemində borcunuzun silinməsinə dair LPO cavabdeh1 qarşısında heç bir öhdəlik qoyulmamışdır”.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) LPO cavabdeh1 ASC-nin ləğvedici ƏSF-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015ci il # ##### tarixli, **** saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən cavabdeh “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, 2024-cü il ## ###### tarixli qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd olunmuşdur. Bundan sonra, iddiaçı cavabdehə müraciət edərək, borc məbləğinin mərkəzi kredit reyestrindən silinməsini xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, iddia rədd olunsa da, məhkəmə qətnaməsi ilə bank əməliyyat sistemində borc öhdəliyinin silinməsinə dair heç bir öhdəlik qoyulmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyinə görə, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçının istinad etdiyi qətnamə üzrə onun borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. Iddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Z.Axundova).

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. Iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Belə olan halda iddiaçının 2015-ci il # ##### tarixli, **** saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı sayıla bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 385.1, 386.1, 527, 529.1, 529.2, 529.4 və 529.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 2023-cü il ## ###### tarixli Qərarlarına, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 2021-ci il ## ###### tarixli qərarının 3.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107, 119.1 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

11. Iddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim– S.Cəfərov, hakimlər– E.Həsənov və T.Mahmudova).

13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsi ilə kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı borc öhdəliyinin olmaması müəyyən olunmamış, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən, müddətin ötürülməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır.

14. Həmçinin əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verən hallar sırasına daxil edilməmişdir.

15. Apellyasiya şikayətinin “cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması” dəlilinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilmiş, bu barədə məhkəmə bildirişi cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Həmçinin, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə4 məhkəmə iclasında iştirak edərək iddiaya öz etirazını bildirmişdir.

16. “Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin yenidən qiymətləndirilməsi” barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd etmişdir ki, hazırki işə baxılarkən Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi qiymətləndirilməmiş, əksinə həmin qətnamənin iddianın təmin edilməsi üçün əsas olmadığı qənaətinə gəlinmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 375.1, 375.2, 385.1, 386.1, 527, 529.1, 529.2, 529.4, 529.6, MPM-nin 14.1, 14.2, 77.1, 106.1, 119.1, 384-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 527.1, 554.1-ci maddələri üzrə - iddiaçının cavabdeh qarşısında öhdəliyinə iddia müddətinin keçməsi nəticəsində xitam verilmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi müddətin keçməsinə görə rədd olunmuşdur. Bu mənada cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi (formal mövcud olan borc məbləğinin olmamasına dair məlumatların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim edilməməsi) hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə almamış və öz qətnaməsində qeyd etmişdir ki, “əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verən hallar sırasına daxil edilməmişdir. Bu səbəbdən, iddiaçının 2015-ci il # ##### tarixli, **** saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsassızdır.” Hesab edirik ki, məhkəmə səhv nəticəyə gəlmiş və işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. Müddətin keçməsinə görə onun öhdəliyinə xitam verildiyindən, öhdəliyin icrasından imtina etmək hüququ, cavabdehin isə iddiaçının hüququna münasibətdə öhdəliyi yaranmışdır (borc məbləğinin silinməsi ilə bağlı hərəkətlərin icrası). Lakin cavabdeh iddiaçı qarşısında vəzifəsini icra etməmişdir.

20. MPM-in 81, 88-ci maddələri üzrə - apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yalnız cavabdehin nümayəndəsinin mövqeyinə istinad etmişdir. Halbuki, məhkəmə iddiaçının ərizəsində göstərilən dəlilləri digər sübutlarla əlaqəli şəkildə təhlil etməli, sübutları düzgün qiymətləndirməli və iş üzrə obyektiv qətnamə qəbul etməli idi. Bununla da, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

21. Iddiaçı kassasiya şikayətinin digər məsələlər bölməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-**/**** saylı, 2024-cü il # ###### və *(***)- ****/**** saylı, 2024-cü il ## ###### tarixli qərarlarına istinadən göstərmişdir ki, eyni xarakterli işlər iddiaçının xeyrinə həll edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

23. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...” “Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”

“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.”

“Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. ... 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. ... 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. ...”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

28. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

29. Kassasiya şikayətinin bu qərarın § 19-da göstərilən dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçının MM-in 527.1 və 554.1-ci maddələrinə istinadən hazırki iddia üzrə öhdəliyə müddətin keçməsinə görə xitam verilməsini bildirməsi əsassızdır, belə ki, “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. Iddia müddətinin keçməsi öhdəliyin özünə xitam vermir, yalnız həmin öhdəliyin məhkəmə qaydasında məcburi müdafiəsi imkanını məhdudlaşdırır. Buna görə də iddianın iddia müddətinin keçməsinə görə rədd edilməsi öhdəliyin xitam verilməsi kimi qiymətləndirilə bilməz.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

32. Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir.

33. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür.

34. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

35. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.

36. Adıçəkilən Qərarda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Odur ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.

37. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər.

38. Kassasiya şikayətinin bu qərarın § 21-də əks olunan dəlili ilə bağlı isə Kollegiya göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad olunan qərarları üzrə işlər mahiyyətcə hazırda baxılan iş ilə fərqli xarakter daşıyır və hazırki iş üzrə tətbiq olunması mümkün deyildir, odur ki, kassasiya şikayətinin bu dəlili də əsassız hesab olunur.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

41. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-

42. 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki nin 14.2, prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar