Məhkəmə qərarları › İş №2-2(1-8)-185/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-185/2026

19.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-185/2026 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı XXX cavabdehlər MMC və ASC-yə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – iddianın qiyməti kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı XXX-nin cavabdehlər MMC (əvvəlki adı MMC) və ASC-yə qarşı borcun silinməsi və dəymiş ziyanın ödənilməsi tələbi, iddiaçı MMC-nin cavabdeh XXX-a qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 2-2(103)-1221/2025 nömrəli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. XXX(bundan sonra – “iddiaçı”) MMC və ASC-yə (bundan sonra – “cavabdehlər”, ayrı – ayrılıqda “MMC” və “ASC”) qarşı iddia və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək MMC tərəfindən iddiaçıya hesablanmış 8.427,68 manat borcun silinməsi, iddiaçıya dəymiş maddi ziyana görə 14.540,32 manat pulun və ödədiyi 135 manat dövlət rüsumunun MMC-nin hesabından iddiaçıya ödənilməsi, ASC-nin hesabından bəyannamədə göstərilən kimi; 5366489 nömrəli 2023-06-29, 12:14:49 ilə 1 ha üçün 3.200 manat, 5366501 nömrəli 2023-06-29, 12:15:37 ilə 1.3 ha üçün 4.160 manat, 5366452 nömrəli 2023-06-29, 12:13:39 ilə 3.5 ha üçün 11.200 manat, cəmi olaraq 18.560 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. MMC cavabdeh XXX-a (bundan sonra – “M.Bəşirov”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7.505,41 manat əsas borc, 3.009,67 manat hesablanmış cəriməyə və ödənilmiş dövlət rüsumuna görə 121,55 manat olmaqla, cəmi 10.636,63 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 20 iyun tarixli e-2-2(113)-1009/2025 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən - MMC tərəfindən iddiaçıya hesablanmış 7.505,41 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissələrdə və qarşılıqlı iddia tələbi bütövlükdə təmin olunmamışdır (hakim – Z.Axundova).

4. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 2-2(103)-1221/2025 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı olan MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddiaçı XXX-in MMC-yə qarşı iddia tələbi rədd edilmiş, MMC-nin XXX-a qarşı qarşılıqlı iddia tələbi isə qismən - XXX-dan əsas borca görə 7.505,41 manat pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

6. İlk iddiaçı XXX həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qanunun tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Belə ki, işdən göründüyü kimi, ilk iddia tələbinin həcmi 41.528 manat, ilk iddia tələbi üzrə cavabdeh MMC-nin qarşılıqlı iddia tələbindəki məbləğin toplamı 10.514,81 (əsas borc 7.505,14 və cərimə 3.009,67) manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən - MMC tərəfindən iddiaçıya hesablanmış 7.505,41 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, qarşılıqlı iddia qismən ilk ididaçıdan cavabdehin xeyrinə 7.505,41 manat tutulması hissəsində təmin olunmuşdur.

10. İşdən aydın olduğu kimi ilk iddiaçının cavabdeh tərəfindən hesablanmış və silinməsini tələb etdiyi borcla, cavabdehin ondan tələb etdiyi və apellyasiya məhkəməsi tərəfindən təmin olunmuş 7.505,41 manat eyni məbləğdir. Yəni, beləliklə də iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsini təşkil edən məbləğ MPM-in 402.1-ci maddəsi ilə kassasiya qaydasında mübahisələndirilməsinin mümkün olması nəzərdə tutulan məbləğdən (10.000 manat) aşağıdır. Belə ki, ilk iddiaçı birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin olunmadığı hissəsindən apellyasiya şikayəti verməmişdir.

11. Qeyd edilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

12. Şərh olunanları nəzərə alaraq və MPM-in 402, 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 2-2(103)-1221/2025 nömrəli qətnaməsindən ilk iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar