Məhkəmə qərarları › İş №2-2(1-8)-199/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-199/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-199/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Iddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025ci il ## ###### tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı QSC ilə cavabdeh2 arasında 2022-ci il ## ### tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 2023-cü il ## ###### tarixli ***R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranmış, QSC 40000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdeh2 verməyi, sonuncu isə aldığı pul vəsaitini 36 ay müddətə illik 20,09 faiz dərəcəsi ilə Iddiaçı QSCyə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

3. Ödəniş planı ilə kreditin müddəti 2023-cü il ## ##### tarixindən 2026-cı il ## #### tarixə qədər razılaşdırılmışdır.

4. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh1 və cavabdeh3 2022-ci il ## ### tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdeh3 (bundan sonra – “cavabdeh cavabdeh3”), cavabdeh2 (bundan sonra – “cavabdeh cavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28828,39 manat əsas bоrc, 3361,04 manat faiz bоrcu və 1309,01 manat cərimə borcu olmaqla, ümumilikdə 33498,44 manat məbləğində pulun və ödənilmiş 190,49 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 2024cü il ## #### tarixindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Belə ki, o götürdüyü krеdit bоrcundan 11171,61 manat ödəmiş, 28828,39 manat məbləğində kredit borcu qalmışdır. Onun 2024-cü il # ####### tarixə 211 gün üçün hesablanmış faiz borcu 3361,04 manat, cərimə borcu isə 1309,01 manat təşkil edir.

7. 2025-ci il ## #### tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, 2023-cü il ## ###### tarixli ***R********** saylı kredit sazişi üzrə 2024-cü il # ####### tarixə əsas borc 33352,28 manat, faiz borcu 1179,18 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28828,39 manat əsas bоrc, 1179,18 manat faiz bоrcu və 1100 manat cərimə borcu olmaqla ümumilikdə 31107,57 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190,49 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və iddia ərizəsinin cavabdehə çatdırıldığı 2024-cü il ## ####### tarixindən müqavilə xitam edilmiş hesab edilməlidir. Iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

10. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

11. Cərimə məbləğinə münasibətdə məhkəmə göstərmişdir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 1100 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 447.1, 447.2, 462.1, 467, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim– L.Əliyeva, hakimlər– Z.Şirinov və T.Mahmudova).

15. Məhkəmə göstərmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarını ödəniş cədvəlinə uyğun olaraq qaytarmadığından bank Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borcun dərhal geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcunun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən əsas borc məbləğinin iddia ərizəsində tələb edilən əsas borc məbləğindən yüksək olduğunu nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq iddianı əsas borc hissəsində tam təmin etməklə cavabdehdən tutulacaq əsas borc məbləğini 28828,39 manat məbləğində müəyyənləşdirməkdə də haqlı olmuşdur.

16. Cərimə məbləğinə münasibətdə Kollegiya hesab etmişdir ki, məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 1100 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

17. Kredit məbləğinin bir hissəsi cavabdehin sərəncamına verildikdən (hesabına köçürüldükdən sonra) dərhal sonra cavabdehin digər kredit borcuna silinməsinə dair arqumentlərə münasibətdə Kollegiya qeyd etmişdir ki, kredit müqaviləsinə əsasən kredit məbləği cavabdehin bank hesabına köçürülmüş və bununla da iddiaçı öz öhdəliyini yerinə yetirmişdir. Kredit məbləğinin 21010 manat hissəsinin cavabdehin digər kredit borcunun ödənilməsinə yönəldilməsi kredit vəsaitinin cavabdehə verilməməsi anlamına gəlmir. Əksinə, bu hal cavabdehin kredit məbləğindən əvvəlki borc öhdəliyinin icrası üçün istifadə etməsi kimi qiymətləndirilməlidir.

18. Cavabdehlərin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı bildirilənlərə dair məhkəmə göstərmişdir ki, iş materiallarından göründüyü kimi, adıçəkilən şəxslərin elektron informasiya sistemində yaradılmış elektron kabinetləri mövcud olmadığından, onlara rəsmi qeydiyyatda olduqları ünvanlara poçt vasitəsilə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Bu baxımdan, cavabdehlərin öz iradələrinə uyğun olaraq məhkəmə iclaslarında iştirak etməməsi məhkəmə tərəfindən prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739, 743, MPM-nin 77.1, 119.1, 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 427, 448-ci maddələri üzrə - kredit məbləğinin vaxtında ödənilməməsi cavabdehin təqsirli hərəkəti ilə bağlı deyil. Çünki ödənilən kredit məbləğinin 21010 manat hissəsi dərhal cavabdehin digər kredit borcuna silinmiş, qalan 18990 manat vəsait isə cavabdehə qalmışdır. Bu isə iddiaçı tərəfindən kredit vəsaitinin tam olaraq cavabdehə verilməməsi deməkdir. Lakin işə baxan birinci və apellyasiya instansiya məhkəmələri işin bu faktiki halını nəzərə almamış, bank tərəfindən kredit məbləğinin kredit götürənə tam verilməməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəflər arasında bağlanılan kredit sazişinə əlavə edilən ödəniş planına da düzgün hüquqi qiymət verməmiş, bununla da Mülki Məcəlləsinin 427-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin ödəniş planına uyğun olaraq cavabdeh götürülən kredit məbləğini və ona hesablanan faizləri 2026-cı il ## #### tarixədək qaytarmalı idi. Lakin iddiaçı həmin müddət çatmamış hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və kreditin qaytarılmasını tələb etmişdir. Deməli, iddiaçının həmin müddətə qədər cavabdehdən kredit məbləğini tələb etməsi qanuni və əsaslı olmamışdır.

22. MPM-in 9, 14-cü maddələri üzrə - işə baxan məhkəmə cavabdehlərin məhkəmədə iştirakını təmin etmədən, onları dindirmədən qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsində cavabdehlərin yalnız hazırlıq iclasında iştirak etdiklərini, baxış iclasında iştirak etmədiklərini qeyd etmişdir. Bu isə sübutların tədqiqində cavabdehlərin iştirakının təmin edilməməsi, prosessual hüquq normalarının pozulması deməkdir. Apellyasiya məhkəməsi də prosessual qanunvericiliyin bu tələbini pozmuş, işin təxirə salınması barədə şikayət verən tərəfin ərizəsini nəzərə almadan işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi kredit məbləğinin tam olaraq cavabdehə təqdim edilməməsinə görə mülki məsuliyyətin kimə aid edilməsi məsələsini araşdırmamış, kredit borcunun vaxtında və tam olaraq qaytarılmamasının səbəblərini araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...”

“Maddə 743 (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Əlavə olaraq Kollegiya qeyd edir ki, kredit məbləğinin bir hissəsinin cavabdehin digər kredit borcuna silinməsi iddiaçı tərəfindən kredit vəsaitinin tam olaraq cavabdehə verilməməsi kimi qiymətləndirilə bilməz, belə ki, iddiaçı bağlanmış müqaviləyə uyğun olaraq öz öhdəliyini icra edərək kredit məbləğini cavabdehin bank hesabına köçürmüşdür.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-

34. 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki nin 14.2, prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

35. Məhkəmə iclasının təxirə salınması ilə bağlı ərizənin nəzərə alınmamasına dair şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər yalnız üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Bu isə səlahiyyət olaraq müəyyən edilmişdir, yəni imperativ qaydada məhkəmənin üzərinə vəzifə olaraq qoyulmamışdır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar