Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-200/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı XXX cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı XXX cavabdeh Cavabdeh ASC-yə qarşı “icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. ünvan 1 ünvanda yerləşən xidmət binasının 437 m2 qeyri-yaşayış sahəsi Cavabdeh ASC-nin mülkiyyətində olmuşdur.
2. Icarəyə verən Cavabdeh ASC ilə icarəçi XXX arasında 2022-ci il # ###### tarixli * nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhər Icra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2024-cü il ## ### tarixli *-**/*-*-***/**** nömrəli Əmri ilə ayrılmış vəsaitlə Bakı şəhərinin Xətai rayonu ərazisində köçürülmə işlərinin təşkil edilməsi haqqında” 2024-cü il ## ### tarixli ** nömrəli Sərəncamında aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki 12.500 kv.m yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsinin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 2024-cü il ## ### tarixli 1-1-2/2 ***/**** nömrəli məktubunu nəzərə alaraq “Büdcə ssudasının ayrılmasına dair” 2024-cü il ## ### tarixli *-**/*-*-***/**** nömrəli Əmri ilə Bakı şəhər Icra Hakimiyyətinə faizsiz büdcə ssudası ayırmışdır və bununla əlaqədar olaraq Bakı şəhər Icra Hakimiyyəti ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə öhdəliklərinin X1 arasında 2024-cü il ## ### tarixli 2024-18- BS nömrəli Ssuda müqaviləsi imzalanmışdır. Ayrılmış vəsaitlə qeyd olunan ünvanda köçürülmə işlərinin təşkil edilməsi məqsədilə qərara alınır: Xətai Rayon Icra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2024-cü il ## ### tarixli, 3 **/*-*-***/**** nömrəli Əmri ilə Bakı Şəhər Icra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutlan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunsun. “xxxx” MMC (Abit Əliyev) ayrılmış vəsaitin Xətai Rayon Icra Hakimiyyətinin təqdim etdiyi müvafiq hesaba köçürülməsini təmin etsin. Xətai Rayon Icra Hakimiyyəti bu Sərəncamla ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını, həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin etsin”.
4. Qeyd olunan Sərəncam çərçivəsində Cavabdeh ASC-nin mülkiyyətində olan, eyni zamanda icarə obyekti olan ünvan 1 ünvanda yerləşən xidmət binasının 437 m2 qeyri-yaşayış sahəsi də sökülmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı XXX (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120.000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 1.500 manat və 410 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olan iddiaçı fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin noyabr ayında o, cavabdehlə razılığa gələrək, sonuncunun mülkiyyətində olan, həmin dövrdə istifadə üçün yararsız halda olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 437 kv.m hissəsini icarəyə götürmüş və həmin sahənin istifadəyə yararlı hala gətirilməsi üçün 120.000 manatdan artıq pul vəsaiti xərcləyərək, həmin qeyri-yaşayış sahəsini istifadəyə yararlı vəziyyətə gətirmişdir. Razılaşmaya əsasən icarə müqaviləsinin müddəti iki il qeyd olunmuş, lakin tərəflər beş illik müddətə razılaşmışdılar. 2022-ci il # ###### tarixli icarə müqaviləsinin şərtlərinə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi olaraq bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakı təyinatı üzrə tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş zərəri, icarəyə götürdüyü zaman təmirə çəkilən xərci icarəyə verəndən tələb etmək hüququna malikdir. Bir müddət öncə polis əməkdaşları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gələrək, həmin ərazinin yenidənqurma işləri ilə bağlı söküləcəyi və 24 iyundan etibarən həmin qeyri-yaşayış sahəsindən istifadə olunmasının qeyri-mümkün olacağını bildirmişdi. Hazırda həmin qeyriyaşayış sahəsi sökülmüş və mövcud deyil. Iddiaçı təmir üçün çəkdiyi xərci tələb etsə də, cavabdeh bundan imtina edir, pretenziyaya ümumiyyətlə cavab vermir.
7. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, mövcud qanunvericiliyin və iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış 2022-ci il # ###### tarixli * saylı icarə müqaviləsinin müddəalarına tamamilə zidd olduğundan təmin oluna bilməz və rədd olunmalıdır. Belə ki, Bakı ŞIHB-nin ** saylı, 2024-cü il ## ### tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürlüməsinə qərar vermiş və bu məqsədlə də Xətai rayon Icra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Bakı ŞlHB-nın qeyd edilən sərəncamından sonra qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülmüş və ərazi təmizlənmişdir. Bu baxımdan hazırkı iş üzrə tərəflər arasında bağlanmış 2022-ci il # ###### tarixli * saylı icarə müqaviləsinin “Qarşısıalınmaz hallar (Fors-major) adlanan 11.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major hallarının (yanğın, subasma, zəlzələ, tətil, qiyam, vətəndaş müharibəsi, hökumət qərarları və hərəkətləri və s.) yaranması ilə bağlı olduğu halda öhdəliklərin müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxdığı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda tərəflər müqavilənin lazımı qaydada icra edilməsi və ya edilməməsi üçün məsuliyyət daşımır”. Göründüyü kimi, hazırkı halda “Forsmajor” halı cavabdehdən (eləcə də iddiaçıdan) asılı olmayaraq hakimiyyət orqanının qərarı ilə yaranmış və bu halın baş verəcəyi onlardan asılı olmamışdır. Beləliklə, yuxarıdakılara əsasən hesab edilir ki, hazırkı halda qaldırılmış iddianın faktik və hüquqi əsası yoxdur və ona görə də iddia tələbi təmin oluna bilməz, rədd olunmalıdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
9. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən “xxxx” MMC tərəfindən tərtib edilmiş 2024-cü il # #### tarixli ** saylı mütəxəssis rəyini çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada əldə olunmasını, cavabdehin həmin rəyin verilməsində iştirak etməməsini və razılaşmamasını nəzərə alaraq, onu mötəbər sübut kimi qəbul etməmişdir. Həmçinin qeyd etmişdir ki, təqdim olunan fotoşəkillər də özlüyündə mötəbər sübut sayıla bilməz. Həmin fotoşəkillər sübut kimi qəbul olunsa belə, oradakı əşyaların əmlakdan çıxarılması istisna olunmamışdır, çünki əmlak iddiaçının istifadəsində olmuşdur.
10. Çəkilməsi iddia olunan təmir xərclərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və 2024-cü il # ###### tarixli məlumatında qeyd edilmişdir ki, hər hansı tikilinin təmir olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla, tikilinin təmirinə dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilir. Mülki iş materialları araşdırılarkən, tədqiq olunan təmir işləri ilə əlaqədar layihəsmeta və materialların alınmasına dair qaimə sənədlərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
12. Daha sonra yenidən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib edilmiş 2025-ci il # #### tarixli, QCM/M **-***/** saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirdən öncəki vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər ilə qeyri-yaşayış sahəsinin təmirdən sonrakı vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər müqayisəli şəkildə təhlil edilməklə, təmirə çəkilmiş xərcin məbləği 102.242,80 manat təşkil edir. Təkcə fotoşəkillər əsasında aparıldığından, fotoçəkillər hazırkı mübahisə ilə bağlı mötəbər sübut sayılmadığından, həmin rəy də mötəbər sübut qismində qəbul oluna bilməz.
13. Eyni zamanda qeyd olunmuşdur ki, hazırkı mübahisəyə münasibətdə müqavilənin bir sıra bəndləri birlikdə götürülərək sistemli şəkildə şərh olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində üçüncü tərəflərin iddiası əsasında icarəyə verənin əmlak üzərində mülkiyyət hüququna xitam verilərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək; icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirib müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi yaranarsa, məbləğ müəyyən olunmuş olsun. Göründüyü kimi, tərəflər həmin bənddə icarə predmeti icarəyə götürülən zaman təmirə çəkilən xərcləri ziyan kimi nəzərdə tutmuşlar. Bundan əlavə, tərəflər müəyyən etmişlər ki, icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi (yəni təmir xərcləri) yaranarsa, məbləğ müəyyən olunmuş olsun, yəni çəkilən xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etmək icarəçinin, yəni iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir. Lakin icarəçi həmin qaydaya əməl etməmiş, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilməmiş, məhkəməyə də hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
14. Müqavilənin qeyd olunan bəndi ilə əlaqəli olan 1.9-cu bəndə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakın təyinatı üzrə və tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. Məhkəmənin qənaətinə əsasən icarəçi 1.8-ci bənddə qeyd olunan imperativ qaydada müəyyən olunan qaydaya riayət etmədiyindən, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilmədiyindən iddiaçı belə bir hüququ, yəni təmirə hər hansı xərc çəkibsə belə, həmin xərci icarəyə verəndən tələb etmək hüququ əldə etmir.
15. Eyni zamanda, müqavilənin 9.2-ci bəndinə əsasən əmlak təyinatı üzrə istifadə zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq; 9.6-cı bəndinə əsasən müqavilə ləğv olunarkən quraşdırdığı bütün avadanlıq və qurğuları özü ilə aparmaq icarəçinin hüquqlarına aid edilmiş, yəni müqavilədə iddiaçının kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq hüquqlarından bəhs edilir. Halbuki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə xərc çəkdiyini iddia edir və buna dair heç bir sübutu məhkəməyə təqdim etmir. O cümlədən 3.1-ci bəndə əsasən icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq əmlakı təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq zəruri avadanlıqlar, elektrik cihazları, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malik olmuş və əşyalar üzərində icarəçinin mülkiyyət hüququnun olduğu qeyd olunmuşdur. Müqavilənin 3.2ci bəndində qeyd olunur ki, müqavilə ləğv olunarkən bütün əşyalar əmlaka zərər vurmadan ayrıla bilərsə, icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər; 3.3-cü bəndinə əsasən əmlaka zərər vurmadan ayrıla bilməyən əşyalar tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər (giriş qapı konstruksiyası). Əmlak söküldüyündən iddiaçının özünə aid bütün daşınar əşyaları geri götürmək hüququ olmuşdur. Həmçinin əmlak söküləndən təxminən 4 ay sonra müqavilənin müddəti bitəcəkdi və iddiaçının müqavilədə qeyd olunan hüququ da müqavilə müddəti üçün nəzərdə tutulmuşdu.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 700.1 və 700.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 99.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin olunmuş, cavabdehdən icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin əvəzi qismində 82.621,02 manat pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və S.Cəfərov).
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmənin predmetini iddiaçı tərəfindən icarə obyektinin təmiri üçün xərc çəkilib-çəkilmədiyi, əgər çəkilmişdirsə bu xərcin məbləği, habelə cavabdehin həmin xərci iddiaçıya qaytarmalı olub olmadığı təşkil etmişdir.
20. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə, əmlak icarəçiyə təmirsiz vəziyyətdə verilir, habelə icarə obyektinin şəkilləri müqaviləyə əlavə olunur. Əmlakın icarəçiyə təmirsiz vəziyyətdə verildiyi müqavilədə açıq-aşkar göstərilsə də, cavabdehin nümayəndəsi (vəkili) ziddiyyətli izahatlar verərək gah icarə obyektinin əvvəldən etibarən avtoyuma fəaliyyətinin həyata keçirilməsi üçün yararlı vəziyyətdə olduğunu irəli sürmüş, həm də qeyd etmişdir ki, icarəyə verilməmişdən əvvəl icarə obyektində avtoyuma fəaliyyəti göstərilməmiş və obyekt təmirsiz vəziyyətdə icarəçiyə təhvil verilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə müəyyən olunmuşdur ki, icarə obyekti icarəçiyə təmirsiz, müqavilədə nəzərdə tutulmuş təyinatına uyğun istifadə edilməsi üçün yararsız vəziyyətdə təqdim edilmişdir (iş materialları İ cild, 30-40-cı vərəqələr). Qeyd olunan hal cavabdehin yaranmış vəziyyətdən sui-istifadə etməsi qənaətinə gəlməsinə əsas vermişdir.
21. Tərəflər arasında bağlanmış icarə müqaviləsində təmir xərcləri ilə bağlı 2 ayrı müddəa mövcud olsa da, nəzərə alınmalıdır ki, müqavilədə bir-birinə zidd olan ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Işin halları icarə obyektinin iddiaçıya təmirsiz vəziyyətdə təhvil verildiyi qənaətinə gəlinməsinə imkan vermiş və tərəflərin razılığı ilə icarə obyektinin təyinatının avtoservis, mühərrik təmiri və avtonəqliyyat üçün xidmətlər göstərmək olduğu müəyyən edildiyindən, obyektin təyinatı üzrə istifadə edilməsi üçün müvafiq təmir işlərinin həyata keçirilməsinə cavabdehin yazılı razılığına zərurət olmamışdır. Iddiaçının özünün təqdim etdiyi, “xxxx” MMC tərəfindən tərtib edilmiş 2024-cü il # #### tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Monza” avtoyuma məntəqəsində və gözləmə otağında aparılmış təmir-tikinti işlərinə sərf olunan vəsait 98.071,02 manat təşkil edir. Bununla yanaşı, iddiaçının nümayəndəsinin (vəkilinin) birinci instansiya məhkəməsində verdiyi izahata əsasən, iddiaçının qeyri-yaşayış sahəsinin söküləcəyindən söküntüdən 3 gün əvvəl məlumatı olmuşdur (iş materialları İ cild, 52-ci vərəqə). Belə olan halda, “xxxx” MMC tərəfindən tərtib edilmiş rəydə dəyəri 1500 manat müəyyən edilmiş 1 ədəd yanğın dedektorunun paneli, ümumi dəyəri 600 manat müəyyən edilmiş 6 ədəd kamera, dəyəri 450 manat müəyyən edilmiş 1 ədəd DVR, ümumi dəyəri 4000 manat müəyyən edilmiş 2 ədəd elektrik şiti, dəyəri 1000 manat müəyyən edilmiş moyka üçün xırda ləvazimatlar, dəyəri 3000 manat müəyyən edilmiş jalüz, ümumi dəyəri 400 manat müəyyən edilmiş dəmir qapı, dəyəri 1500 manat müəyyən edilmiş fasad reklamı təyinatlarına zərər vurulmadan ayrıla bilən əşyalar qismində iddiaçı tərəfindən 3 gün ərzində geri götürülə bilərdi. Rəydə dəyəri 3.000 manat göstərilən kombi və ona aid materiallar isə fotoşəkillərdə ümumiyyətlə əks olunmamışdır.
22. Bu baxımdan kollegiya qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərin məbləği 82.621,02 manat (98.071,02 – 15.450) müəyyən edilməlidir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385, 386.1, 404.1, 404.2, 404.4, 405.1, 405.2, 425, 442, 443.1, 560.1, 560.2, 560.3.4, 560.3.5, 675, 680.1, 680.1.1, 680.1.2, 680.2, 681, 684.1, 699.1, 700.1 və 1090.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin hallarını düzgün müəyyən etməmiş, sübutları düzgün araşdırmamış, öz qətnaməsində həqiqətə uyğun olmayan faktlara istinad etmiş, qətnamə qanunvericiliyən tələbinə uyğun olaraq əsaslandırılmamışdır. Qeyd edilən hallarla “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli * nömrəli Qərarının tələbləri pozulmuşdur.
26. Apellyasiya instansiya məhkəməsi Xətai Icra hakimiyyətinə obyekt sökülərkən təmirli hissəsinin olub olmadığı barədə vermiş olduğu sorğusuna aldığı konkret “təmirsiz olub” cavabını nəzərə almamışdır. Bununla da “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99 və 111-ci maddələrinin tələbləri pozulmuşdur.
27. MM-in 680-ci maddəsi üzrə - məhkəmə qanunvericiliyə istinad edərkən nəzərə almamışdır ki, ümumiyyətlə təmirə xərc çəkilməsini iddiaçı sübut etməli idi. Eyni zamanda kirayəçi əmlakın saxlanılması və bərpası üçün hər hansı xərc çəkə bilməzdi. Çünki əmlak istismara yararlı vəziyyətdə icarəçiyə təhvil verilmişdir. Müqavilədə əmlakın təmirsiz təhvil verilməsinin qeyd olunması anlayışını məhkəmə əmlakın yararsız olaraq təhvil verilməsi kimi təfsir edə bilməzdi. Çünki ümumi olaraq təmir dedikdə əmlakın tam olaraq, istənilən təyinat üçün istifadəsini özündə ehtiva edir. Mülki qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə müqavilənin məzmununu sözlərin hərfi mənasına görə təfsir etməli deyildi. Məhkəmə nəzərə almamışdır ki, müqaviləyə uyğun icarəyə verilmiş yer maşın yuyulması (avtomoyka) kimi istifadə olunmuşdur. Bunun üçün xüsusi təmirə ehtiyac olmamışdır.
28. “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi üzrə iddiaçı tərəfindən cavabdehdən nə yazılı nə də şifahi razılıq alınması müəyyən edilməmişdir. Apellyasiya instasiya məhkəməsi bu halları nəzərə almamış, qətnamənin əsaslandırma hissəsində qanunla müəyyən edilən, eyni zamanda da, müqavilədə nəzərdə tutulan müvafiq razılığın alınması barədə müddəaları nəzərə almamış, qətnamə qəbul edərkən, yazılı razılığa zərurət olmaması qənaətinə gəlmişdir. Ümumiyyətlə iddiaçıdan şifahi razılığın alınması da, işin halları ilə müəyyən edilməmişdir.
29. MM-in 390-cı maddəsi üzrə - tərəflərin azad iradə ifadəsi əsasında tərəflər arasında müqavilə bağlanmışdır. Məhkəmənin qətnaməsində qeyd edildiyi kimi, iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə əsasən əmlakda təmir işləri həyata keçirildiyi halda icarəçi bununla bağlı müvafiq sənədləri təmirdən dərhal sonra qarşı tərəfə təqdim etməli idi. Lakin işin halları ilə bu sənədlərin məhkəməyə təqdim edildiyi müəyyən edilməmişdir. Iddiaçı məhkəməyə yalnız fotoşəkillər təqdim etmişdir ki, bu da, iddianın təmin edilməsi qənaətinə gəlməyə əsas deyil. Belə ki, həmin fotoşəkillərin həmin obyektə aid olduğu heç bir mötəbər sübutlarla təsdiq edilməmişdir. Həmin fotoşəkillər sübut mənbəyi hesab oluna və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə müqayisəli təhlil apararaq həmin şəkillərin obyektə aid olduğunu bildirsə də, qeyd edilən faktın heç bir hüquqi əsası olmamışdır. Hazırda həmin obyekt mövcud deyil, məhkəmə hansı qiymətləndirmə və sübutlara əsasən fotoşəkillərin icarə obyektinə aid olduğunu öz qətnaməsində göstərməmişdir.
30. MPM-in 14-cü maddəsi üzrə - iddiaçı iddiasını əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, qətnaməsində cavabdehin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Ümumiyyətlə obyektin qarşı tərəfə təmirsiz vəziyyətdə təhvil verilməsi, onun yararsız vəziyyətdə verilməsi qənaətinə gəlməyə əsas verməmişdir. Hazırkı müqavilə üzrə obyektin əsas təyinatı avtoyuma məntəqəsidir. Avtoyuma məntəqəsi üçün də, xüsusi təmirə ehtiyyac yoxdur. Əgər iddiaçı təmirə xərc çəksəydi belə, bu barədə müqavilə şərtlərinə uyğun olaraq məlumat verməli idi. Məhkəmə hansı əsaslara görə cavabdehin hüquqdan sui-istifadə etdiyini qətnaməsində əsaslandıra bilməmişdir.
31. MPM-in 76-cı maddəsi üzrə - məhkəmənin hansı normaya əsasən heç bir hüquqi əsası olmayan mütəxəssis rəyini sübut mənbəyi kimi nəzərə alması qətnamədə öz əksini tapmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin rəy verməkdən imtina etməsinə münasibət bildirməmişdir. Nəzərə alınmamışdır ki, Ekspertiza Mərkəzi tədqiqat obyektinin olmaması və təmirə çəkilmiş xərcin müəyyən edilməsi üçün təmir-layihə və alınmış mal-materialların qaiməsinin olmamasını əsas götürmüşdür. Məhkəmə iddiaçı tərəfindən iki illik icarəyə götürdüyü avtoyuma obyekti üçün 120.000 manat təmirə pul xərclədiyini, lakin təmir ilə bağlı heç bir qaimə özündə saxlamaması kimi faktlara hüquqi qiymət verməmişdir. Məhkəmə müqavilənin iki illik bağlanması və müddətinin bitməsinə cəmi 4 ay qaldığı və müddətin sonunda müqavilənin müddətinin uzadılmayacağı halında nə baş verəcəyini nəzərə almamışdır.
32. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə sübut mənbəyi hesab olunmayan mütəxəssis rəyini sübut mənbəyi kimi qəbul edərək, iddianı təmin etmişdir. Halbuki, məhkəmə ilk öncə həmin şəkillərin həqiqətən o obyektə aid olduğunu mötəbər sübutlarla təsdiq etdikdən sonra həmin fotoşəkillər əsasında qiymətləndirmə apara bilərdi. Təsadüfi deyildir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin qərardadı əsasında təyin edilmiş ekspertizanın keçirilməsindən ona görə imtina edilmişdir ki, tədqiqat obyekti mövcud deyil. Belə olan halda məhkəmə hansı əsaslarla həmin heç bir mötəbər sübutlarla həmin obyektə aid olduğu öz təsdiqini tapmayan şəkillərdən istifadə edərək, mütəxəssis rəyi alaraq, iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun əsaslandırılmamışdır. Ümumiyyətlə məhkəmə sübutlarla təsdiq edilməyən, özünün və qarşı tərəfin mülahizələri əsasında iddianı təmin etmişdir. Apellyasiya Məhkəməsinin verdiyi sorğuya Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş 2025-ci il # ###### tarixli məktubdanda müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi təmirli olmamışdır. Belə olan halda, məhkəmənin hansı əsaslarla iddianı təmin etməsini müəyyən etmək mümkün olmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
34. Iddianın qismən təmin edildiyini, lakin iddiaçının kassasiya şikayəti vermədiyini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edilmiş hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.”
“Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar;”
“Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.”
“Maddə 680. Kirayəçinin zəruri məsrəfləri 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.”
“Maddə 681. Kirayəçinin qurğuları Kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.”
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.”
“Maddə 1090. Icraçının hüquqları 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.”
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 38.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 39.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 40.Belə ki, kassasiya şikayətində əsas etibarilə apellyasiya məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyi, fotoşəkilləri və mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etdiyi, Xətai Rayon Icra Hakimiyyətinin məktubuna lazımi qiymət vermədiyi, habelə iddiaçının təmir xərclərini sübut etmədiyi göstərilmişdir. Lakin həmin dəlillər öz mahiyyətinə görə işin faktiki hallarının müəyyən edilməsinə və sübutların qiymətləndirilməsinə yönəlmişdir. Halbuki sübutların araşdırılması, onların mötəbərliyi və kifayətliliyi barədə nəticəyə gəlmək birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası isə sübutlara yenidən qiymət vermədən yalnız onların prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada qiymətləndirilibqiymətləndirilmədiyini və maddi hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. 41.Kassasiya şikayətində göstərilən apellyasiya məhkəməsinin MM-in 680, 390 və "Icarə haqqında" Qanunun 9-cu maddəsini düzgün tətbiq etməməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müvafiq müddəalarını MM-in 404.1, 404.2 və 404.4-cü maddələrinin tələblərinə uyğun sistemli şəkildə təfsir etmiş, müqavilənin bütövlükdə məzmunundan çıxış edərək tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirmiş, iş üzrə müəyyən olunmuş faktiki hallara həmin normaları tətbiq etmişdir. Kassasiya şikayətində göstərilənlər isə mahiyyət etibarilə həmin hüquqi qiymətləndirmə ilə razılaşmamaqdan ibarət olub ki, bu da apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını yanlış tətbiq etdiyini təsdiq etmir. 42.Kassasiya şikayətində göstərilən MPM-in 14, 76 və 88-ci maddələrinin pozulması ilə bağlı dəlillər də qəbul edilə bilməz. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, işdə olan bütün sübutlar qarşılıqlı əlaqədə araşdırılmış, hər bir sübuta hüquqi qiymət verilmiş, hansı sübutun qəbul edilməsi və hansının qəbul edilməməsi qətnamədə əsaslandırılmışdır. Prosessual qanunvericilik məhkəmənin hər hansı sübutu əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik hesab etməsini nəzərdə tutmur. Kassasiya şikayətində göstərilən hallar apellyasiya instansiyası məhkəməsinin sübutetmə və sübutların qiymətləndirilməsi qaydalarını pozduğunu deyil, kassatorun həmin qiymətləndirmə ilə razılaşmadığını göstərir. 43.Kassasiya şikayətində istinad olunan "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, "Məhkəmələr və hakimlər haqqında" Qanunun 99 və 111-ci maddələri, eləcə də Xətai Rayon Icra Hakimiyyətinin məktubuna istinadlar da apellyasiya instansiyası məhkəməsinin maddi və ya prosessual hüquq normalarını pozması nəticəsinə gəlməyə əsas vermir. Həmin dəlillər də faktiki halların və sübutların yenidən qiymətləndirilməsinə yönəlmiş olduğundan kassasiya baxışının predmetini təşkil etmir. 44.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 45.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
46. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 47.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 48.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 49.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.