Məhkəmə qərarları › İş №2-2(1-8)-205/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-205/2026

11.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-205/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh X MMC-yə qarşı ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh X2-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: Daşıma müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borcun ödənilməsi” və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə kommersiya mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Ekspeditor İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 2023-cü il # #### tarixli, ARZ2023004-saylı yük daşınma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ekspeditor sifarişçinin sifarişi əsasında yüklərin beynəlxalq daşınmasını təşkil etmək; yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək və tərəflərin razılığı ilə digər xidmətlərin göstərilməsini, sifarişçi isə daşımanın ödənişini malın təyinat məntəqəsinə təslim olunduğundan, ekspeditor tərəfindən hesabfakturanın təqdim edilməsi şərti ilə, 30 gün ərzində ekspeditora ödəməni həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il # #### tarixli, ARZ2023004-saylı X1 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən iddiaçıya ödənilməli olan 108.375 manat əsas, gecikən günlər üçün, gecikən hər gün üçün 7000 manat faiz borcu, ümumilikdə 115.375 manat borcu, və ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2023-cü il # #### tarixli, ARZ2023004-saylı X1 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən Daşıma xidməti həyata keçirilmiş və həmin müqavilədə qeyd edilmiş öhdəliklər tam şəkildə yerinə yetirilmişdir, lakin cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödəniş öhdəliklərini yerinə yetirilməmişdir. Bununla da şirkətə cavabdeh tərəfindən öhdəliyi tam icra etmədiklərinə görə 108.375 AZN əsas, gecikən günlər üçün, gecikən hər gün üçün 7000 AZN faiz borcu, ümumilikdə 115.375 AZN borcu yaranmışdır.

4. Eyni zamanda cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, xarab olan mallara görə 41.558,5 manat, “xxxx” MMC-də keçirilmiş analizlərə ödənilmiş məbləğin əvəzi olaraq 14.779,5 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273 manat, ümumilikdə 56.611 manat məbləğində pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “X1 daşınmasının təşkili haqqında” müqavilənin 1.1-ci maddəsinə əsasən, “Ekspeditor” hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş haqla və Sifarişçinin sifarişi əsasında aşağıdakı işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür: 1) Sifarişçinin sifarişinə əsasən yüklərin beynəlxalq daşınmasını təşkil etmək, 2)Yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək, 3)Tərəflərin razılığı ilə digər xidmətlər göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda müqavilənin 2.1.3-cü maddəsinə əsasən vaxtında tərəflərin razılaşdırılmış miqdarda və sifarişçinin sifarişlərində qeyd edilən müddətindən və ünvandan asılı olaraq, yükləmə üçün nəzərdə tutulmuş saz vəziyyətində olan nəqliyyatı təqdim etmək vəzifəsi, Xüsusi temperatur rejimi ilə daşınan yüklərin daşınma temperaturunu təsbit etmək (sübut etmək) üçün ekspeditorun müvafiq nəqliyyat vasitəsini zəruri cihazlarla təmin etmək vəzifəsi vardır. Xüsusi temperatur rejimi ilə daşınmalı olan yük nəqliyyat vasitəsinə yüklənən zaman, nəqliyyat vasitəsinin yük yerinin temperaturu ölçülərək qeydiyyat aparılır (aktlaşdırılır), foto şəkli çəkilərək Sifarişçiyə Ekspeditor tərəfindən təqdim edilir. Daşınma üçün müəyyən edilmiş temperatur rejiminə əməl edilməməsi səbəbindən yükə zərər dəyərsə, ekspeditor zərəri qarşılayır, yaxud Sifarişçinin seçimi ilə nəqliyyat haqqından ekspeditordan zərər həcmi tam olaraq tutulur. Cavabdeh tərəfindən sifariş verilmiş və iddiaçı tərəfindən daşınması həyata keçirilən mallar xüsusi temperatur rejimi ilə daşınan yüklərin daşınma temperaturunun normada olmaması səbəbindən mallar yararsız hala düşərək nəticədə cavabdehə 41558,5 manat məbləğində ziyan vurulmuşdur. Lakin bu günə qədər həmin borc məbləği cavabdehə ödənilməmişdir.

6. Iddiaçı qarşılıqlı iddiaya etiraz etmiş və bildirmişdir ki, qarşılıqlı iddia üzrə tələb edilən pul tələbinin əsasını 2024-cü il # ####### tarixdə gətirilən balıq məhsullarının daşıyıcı şirkət iddiaçı tərəfindən daşınan zaman düzgün tempuratur rejiminə əməl edilməməsi nəticəsində xarab olması kimi əsassız və qanunsuz olaraq qiymətləndirilmişdir. Belə ki, daşınma 2024-cü il # ####### tarixində həyata keçirilmiş, məhsullar onlar tərəfindən cavabdehin anbarına təhvil verilmişdir. Təhvil alınarkən məhsullarda problem olmamışdır. Əgər hər hanısa illənmə və s. kimi xarab olmalar olsa idi anbardar məhsulu qəbul etməzdi. Bundan əlavə olaraq aralarında bağlanmış müqavilənin 2.1.2.22-ci qrafasına əsasən ekspeditor yüklərə təhvil verilən ana qədər məsuliyyət daşıyır, (təhvil alınma CMR də qeyd edilib). Cavabdeh nümunələrin labaratoriya verilməsi prosesinə düzgün şəkildə riayət edilməmişdir. Həmin nümunələr 2024-cü il # ####### tarixində təhvil verilməsinə baxmayaraq 10-15 günə yaxın vaxt keçdikdən sonra Şirkət 2024-cü il ## ####### tarixdə labarotoriyaya məhsulları təhvil vermişdir. Həmin məhsulların labarotoriyaya hansı şəraitdə verilməsi iddiaçıya məlum deyil. Nəzərə alınsa ki, həmin məhsul balıq məhsuludur və xarab olması danılmazdır. Bundan əlavə olaraq daşınma ilə bağlı müvafiq qaimələr məhsul təhvil verildikdən sonra iddiaçı tərəfindən cavabdehə elektron vurulmuşdur, əgər hər hansısa pretenziya olsa idi cavabdeh həmin qaimələri vaxtında geri çəkməli və ləğv etməli idi. Müqavilənin 5-ci bəndinin 5.1, 5.2, və 5.3-cü bəndlərinə əsasən də müvafiq pretenziya verməli olduqları təqdirdə verməmişdilər. Iddiaçı kommersiya məhkəməsində iddia qaldırdıqdan sonra pretenziya təqdim etmək qərarına gəlinib. Bu səbəbdən də mülki prosesual qanunvericiliyin tələblərinə və müqavilə üzrə də pretenziya müddətinin keçməsi səbəbini nəzərə alınmalıdır. Tempuratur rejimi ilə bağlı isə bildirili ki, onlar nəqliyyat şirkəti olaraq 7 ildir fəaliyyətdədirlər və cavabdehə bu cür məhsulların daşınmasını dəfələrlə həyata keçirmişlər. Həmin tempuratur rejimi 4-dərəcəyə qoyulsa da termometrin öz işləmə funksiyasına əsasən ara sıra qısa zaman ərzində qalxır və enir. Bu qısa dəyişmə halı isə buz ilə donmuş məhsulun xarab olmasına şərait yaratmır. Ümumiyyətlə donmuş məhsul xarab olmur. Bununla bağlı müvafiq qanuni ekspertiza rəyi işə əlavə edilir və iddiaçı olaraq məhkəməyə həmin ekspertləri şahid qismində cəlb edə bilər.

7. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehə iddiaçı tərəfindən 2025-ci il ## ####### tarixdə həmin daşıma üzrə elektron qaimələr (Seriya: MT2502 Nömrə: 10674381 Tarix: ##.##.2025, Seriya: MT2502 Nömrə: 10672636 Tarix: ##.##.2025) göndərilib və cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı MMCyə (Əməliyyat nömrəsi 873605068) ödəniş edilib. Həmin qaimələr və ödənişlər mübahisə predmeti olan 2024-cü il # ####### tarixdə təhvil verilən mübahisəli balıq məhsullarından sonra baş vermiş prosesdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 2023-cü il # #### tarixli, ARZ******* saylı X1 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən 108.375 manat əsas borc, 5419 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 404 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı təqdim edilmiş sənədlər və hər iki tərəfin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 108.375 manat dəyərində daşıma xidmətinin göstərilməsi və həmin daşımalara görə 108.375 manat xidmət haqqının ödənilməməsi işin mübahisəsiz halıdır, daşımalar həyata keçirilib, dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.

10. Iddiaçı tərəfindən həmin məbləğdə daşıma xidmətlərini cavabdehə təhvil verildiyi üçün həmin məbləğ ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, tələb edilən 108.375 manatlıq əsas borc məbləği iddiaçı tərəfindən cavabdehə göndərilən əsasən 2024-cü ilin sentyabr-noyabr aylarını əhatə edən e-qaimələr üzrə yaranmışdır. Belə olan halda, əsas borcun ödənişinin bir il ərzində gecikdirilməsini nəzərə alaraq, bir illik əsas borca 5% ilə hesablamaqla cavabdehdən 5419 manat məbləğində faiz borcu tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir.

12. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə mübahisələndirilən daşıma 2024-cü il # ####### tarixində başa çataraq qarşılıqlı iddiaçıya təhvil verilmişdir və qarşılıqlı iddiaçı tərəfindən həmin daşımanın dəyəri ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan mübahisələr, pretenziyanın verilməsi səbəbi yarandığı və ya aşkar olunduğu gündən etibarən 30 gün ərzində irəli sürülməlidir. Lakin, qarşılıqlı iddiaçı tərəfindən həmin müddət ərzində daşınan mallara dair hər hansı pretenziya qarşılıqlı cavabdehə göndərilməmişdir. Göründüyü kimi daşınan mallar yeyinti məhsulu (balıq) olmuşdur və mallar qarşılıqlı iddiaçıya 2024-cü il # ####### tarixində təhvil verilmişdir. Iş materiallarına sübut kimi əlavə edilən laboratoriya sınaq protokollarından isə görünür ki, məhsullar laboratoriyaya 2024-cü il ## ####### tarixində təqdim edilmişdir və rəylər 2024-cü il ## ####### tarixində təqdim edilmişdir.

13. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və ya hər hansı başqa formada qarşılıqlı iddiaçıya zərərin dəyməsi sübuta yetirilmədiyi üçün, məhkəmə iddianın əsassız olduğu və təmin edilməməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsi dəymiş zərər məbləği hissəsində təmin edilmədiyi üçün, məntiqi davam olaraq qarşılıqlı iddiaçının “xxxx” MMC-də keçirilmiş analizlərə ödənilmiş məbləğin əvəzi olaraq 14.779,5 manat pul məbləğinin tutulması hissəsində də iddia təmin edilə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 425, 385.1, 442, 448.1, 448.2, 850.1, 852.1, 852.4, 859.1, 859.2 və 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Cəfərov, hakimlər T.Qocayev və E.Həsənov).

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yük daşıma müqavilələri əsasında uzun müddətli qarşılıqlı əməkdaşlıq mövcuddur. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ARZ2023004-saylı yük daşınma müqaviləsinə əsasən “Ekspeditor” hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş haqla və Sifarişçinin sifarişi əsasında yüklərin beynəlxalq daşınmasını təşkil etmək; yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək və tərəflərin razılığı ilə digər xidmətmərin göstərilməsini öhdəsinə götürmüş, Sifarişçi isə daşımanın ödənişini malın təyinat məntəqəsinə təslim olunduğundan, ekspeditor tərəfindən hesab-fakturanın təqdim edilməsi şərti ilə, 30 gün ərzində Ekspeditora ödəməlidir. Iddiaçı tərəfindən cavabdehə 108375 manat dəyərində daşıma xidmətinin göstərilməsi və həmin daşımalara görə 108375 manat xidmət haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəfindən daşıma xidməti tam şəkildə həyata keçirilsə də, dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf də ilkin iddia ərizəsinin əsas borc hissəsinə etiraz etməmiş, həmçinin, birinci instansiya məhkəməsində ilkin iddia üzrə 108.375 manat məbləğində daşıma həyata keçirilməsini, ödəniş edilməməsini və cavabdeh şirkətə vurulmuş ziyanın da həmin məbləğdən çıxılmasını bildirmişdir. Qarşılıqlı iddiaçı iddia edir ki, qarşılıqlı cavabdeh tərəfindən ##.##.2024-cü il tarixində iddiaçıya təhvil verdiyi malların bir hissəsi daşıma zamanı daşıyıcı şirkət tərəfindən nəqliyyat vasitələrinin temperatur göstəricilərinə riayət olunmadığı üçün yararsız hala düşmüşdür və dəniz məhsullarına dəymiş zərərin məbləği 41558,5 manat müəyyən edilmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin bu tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin 859.2-ci maddəsində daşıyıcının yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyəti nəzərdə tutulsa da, Məcəllənin 859.5- ci və 861-ci maddələrin məzmunundan aydın olur ki, bu barədə daşıyıcıya və ya ekspeditora yazılı pretenziya verilməli, 30 gün müddətində pretenziyaya cavab verilmədikdə, məhkəmədə iddia qaldırılmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan mübahisələr, pretenziyanın verilməsi səbəbi yarandığı və ya aşkar olunduğu gündən etibarən 30 gün ərzində irəli sürülməlidir. Hazırkı halda ilk iddia üzrə cavabdeh tərəfindən iddiaçıya ekspeditora qanunla müəyyən edilmiş müddət ərzində daşınan yükdəki qüsurla bağlı hər hansı pretenziya verilməmişdir. Daşınan mallar yeyinti məhsulu (balıq) olmuşdur və məhsullar ##.##.2024-cü il tarixində Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil alınarkən məhsulların yararsız olması halında həmin qüsurlarla bağlı cavabdeh tərəfindən iddiaçıya-ekspeditora irad bildirilməsi, məhsulun qəbulundan və dəyərini ödəməkdən imtina etdiyini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, məhsulların yararsız olması ilə bağlı tərəflər arasında bu halı təsdiqləyən hər hansı bir akt tərtib edilməmişdir. Bundan əlavə, qeyd edilən balıq məhsulları ##.##.2024-cü il tarixində Cavabdeh MMC-yə təhvil verilsə də, laboratoriya sınaq protokollarından görünür ki, həmin məhsullar laboratoriyaya ilk dəfə ##.##.2024-cü il tarixdə, daha sonra isə ##.##.2024-cü il tarixində təqdim edilmişdir. Həmin vaxt aralığında məhsulların xarab olmaması üçün lazımi şəraitdə saxlanılması, eləcə də məhsulların məhz qarşılıqlı cavabdehdə olduğu müddətdə xarab olmasına dair mötəbər və yetərli sübutlar təqdim edilməmişdir. Həmçinin, qarşılıqlı iddiaçı xarab olduğunu iddia etdiyi malların daşıma xərclərini ödəmişdir. Əgər hər hansı pretenziya olsa idi, Cavabdeh MMC qaimələri vaxtında geri çəkə və ləğv edə bilərdi. Lakin qarşı tərəf əsas iddianı qaldırdıqdan sonra Cavabdeh MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya şikayətində həmçinin nəqliyyat vasitəsinin soyuducusunda qüsurun olub-olmamasına dair ##.##.2025-ci il tarixli Sumqayıt Refserviz tərəfindən verilmiş aktın hadisənin üzərindən 7 ay sonra tərtib olunması mübahisələndirilmişdir. Lakin həmin akta əsasən “**ZF*** dövlət nişanı yarımqoşqu, soyuducusunun ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinədək 3 dərəcə Setpoint ilə düzgün işləməsi, heç bir qüsur aşkar edilməməsi və təyin edilmiş temperatur dərəcəsi faktiki kuzovun içində olan temperatur dərəcəsinə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilən hallar iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, 448.2, 850.1, 852.1, 852.4, 859.1, 859.2-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1 və 384.0-cı maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 425.1, 443.1-ci maddələri üzrə - mülki dövriyyənin sabitliyini və davamlılığını təmin edən əsas prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Bu prinsipə əsasən tərəflər bağladıqları müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vicdanla və tam şəkildə yerinə yetirməlidirlər. Tərəflər arasında uzun müddət yüklərin daşınması üzrə xidmət göstərilməsinə dair əməkdaşlıq mövcud olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında daşınaraq gətirilmiş məhsullarda satışa yararsızlıq halları müəyyən edilmişdir. Cavabdeh 300-dən artıq marketdən ibarət geniş ticarət şəbəkəsi vasitəsilə minlərlə istehlakçıya xidmət göstərir. Bu səbəbdən satışa çıxarılan hər bir məhsulun istehlaka yararlı olub-olmamasına şirkət tərəfindən xüsusi diqqət və məsuliyyətlə yanaşılır. Məhz bu məsuliyyətli yanaşmanın nəticəsi olaraq, daşınaraq gətirilmiş məhsullarda xoşagəlməz qoxu hiss edildiyi üçün müvafiq daxili prosedurlar həyata keçirilmiş və məhsullar yoxlanılmışdır. Məhkəməyə təqdim etdikləri sübutlardan da göründüyü kimi, iddiaçıya məxsus nəqliyyat vasitəsinin yük bölməsində temperaturun 5-6 dərəcə olduğu müəyyən edilmişdir. Halbuki daşınan məhsulların saxlanma və daşınma temperaturu 3 dərəcə olmalı idi. Bu temperatur rejiminin pozulması isə məhsulların keyfiyyətinin pisləşməsinə və nəticədə satışa yararsız hala düşməsinə səbəb olmuşdur. Zərərin mövcudluğu və səbəb əlaqəsi tam araşdırılmadan qarşılıqlı iddia rədd edilmişdir.

23. MPM-in 14, 77, 88-ci maddələri üzrə - məhkəmə işin bütün hallarını obyektiv və hərtərəfli araşdırmamışdır. Faktiki zərərin mövcudluğu barədə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ekspertiza rəyini və malların yararsızlığını təsdiq edən sübutları düzgün qiymətləndirməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu, işin hallarına dair qərarın əsassız olmasına gətirib çıxarmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz qarşılıqlı iddiaya etirazla oxşar məzmunda əsaslandırılmışdır.

Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.”

“Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.”

“Maddə 859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

31. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

32. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM- 37.217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv in 14.1, tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar