Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-221/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026cı il ## ###### *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 7,5 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ 2018-ci il # ###### tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Tərəflər arasında bağlanmış 2022-ci il ## ###### tarixdə icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, sahibkar (İddiaçı) Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən, ona məxsus 5,80 ha torpaq sahəsini salınmış yaşıllıqlarla birlikdə “xxxx” ASC-nin istifadəsinə verilməsinə razılıq verir. Həmin müqavilənin: 2.1-ci bəndinə görə Sahədən istifadə üçün Cəmiyyət Sahibkara illik ƏDV daxil olmaqla 5000 manat ödəyəcəkdir; 2.2-ci bəndinə görə hər il üçün ödəniş həmin ilin 11-ci ayının sonunadək aparılmalıdır; 2.3-cü bəndinə görə Cəmiyyət ödənişləri Müqavilənin 2.2 bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i məbləğində cərimə tətbiq edilə bilər; 2.4-cü bəndinə görə yaşıllıq sahəsində çalışan işçilərinin əmək haqları və digər əlaqəli xərcləri Cəmiyyət tərəfindən qarşılanacaqdır.
3. 2022-ci il ## ###### tarixdə tərəflər arasında bağlanmış müqaviləyə * saylı Əlavə ilə müqavilənin 2.1-ci bəndinin yeni redaksiyada verilmiş mətninə görə, sahədən istifadə haqqı illik ƏDV daxil olmaqla 5000 manat müəyyən edilir, istifadə haqqı Sahibkara Cəmiyyət tərəfindən yaşıllıq salınmış ərazinin icarəyə götürüldüyünə uyğun olaraq ödənilir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat məbləğində əsas borc, 16.425 manat məbləğində dəbbə pulu, cəmi 31.425 manat pul vəsaitinin və ödənilmiş 184 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, yalnız 2022-ci il, yəni bir ilin torpaqdan istifadə haqqını qabaqcadan ödədikdən sonra digər illərin ödənişlərini dayandırmışdır. Halbuki, Cəmiyyətlə iddiaçı arasında bağlanmış müqavilə bu günə qədər qüvvədədir və onun tərəfindən müqavilənin şərtləri tam yerinə yetirilsə də, qarşı tərəf dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, istifadə etdiyi torpağa görə 2023-2025-ci illərə ödəniş etməkdən boyun qaçırır. Beləliklə, cavabdeh istifadə etdiyi torpağın haqqını üç il ərzində ödəmədiyinə görə 3 x 5.000 = 15.000 manat ödəməlidir. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, Cəmiyyət tərəfindən ödənişlər Müqavilənin 2.2 bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i məbləğində cərimə tətbiq edilə bilər. Belə olan halda 15.000 manat x 0.1% = 15 manat x 1.095 gün = 16.425 manat məbləğində cərimə də cavabdeh tərəfindən ödənilməlidir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10000 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 10500 manat pul vəsaiti və ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim P.Zamanlı).
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə ilə icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyini götürsə də, onu lazımınca icra etməmiş və icarə haqqı üzrə borcunu ödəməmişdir. Cavabdeh tərəfindən icarə haqqı 2023-cü 2024-cü illər üzrə aparılmamış, aparıldığı halda isə cavabdeh tərəf bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin torpaqdan istifadəyə görə ödənilməmiş borcu 2023-cü il üzrə 5000 manat və 2024-cü il üzrə 5000 manat olmaqla, cəmi 10000 manat təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış 2022-ci il ## ###### tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən, torpaqdan istifadəyə görə illik icarə haqqı üzrə ödəniş hər il həmin ilin 11-ci ayının sonunadək aparılmalıdır. Göründüyü kimi, cavabdehin 2025-ci il üzrə icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyinin icrası müddəti çatmamışdır. Odur ki, tərəflər müqavilə ilə öhdəliyin icrası üçün müddət təyin etdiyindən MM-in 428.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçı öhdəliyin icra müddəti çatanadək 2025-ci il üzrə yaranmış icarə haqqının ödənilməsini cavabdehdən tələb edə bilməz.
8. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin gecikdirilmiş məbləğə illik 5% həcmində hesablanmaqla 500 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 386.1, 428.1, 442, 443.1, 448.1, 700, 706.1, 710.1, Torpaq Məcəlləsinin 51.1, 51.3, 51.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya məhkəməsi göstərmişdir ki, icarəçi tərəfindən 2022-ci il üzrə 5000 manat icarə haqqı ödənilmiş, digər illər üzrə icra haqqının ödənilməməsini cavabdeh apellyasiya şikayətində və məhkəmə iclas zalında etiraf etmişdir. Cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə icarə obyektinin işlədilməməsinə görə onun ödənişdən azad olunması ilə bağlı irəli sürdüyü dəlili əsassızdır.
13. Məhkəmə göstərmişdir ki, apellyator 2023-cü ildən icarə obyektindən istifadə etmədiyini və bununla bağlı icarəçiyə məlumat verdiyini bildirsədə hər hansı sübut təqdim etməmiş, torpaq sahəsindən çıxdığı, istifadə etmədiyi təqdirdə icarə müqaviləsini ləğvi ilə bağlı iradəsini əks etdirən hər hansı xərəbdarlıq, bildiriş icrayə verənə göndərməmişdir.
14. Kollegiya qeyd etmişdir ki, icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilə 2024-cü il # ###### tarixədək qüvvədə olduğundan və bu müddət bitdikdə tərəflər ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilənin müddəti uzadılmış hesab edildiyindən 2022-ci il ## ###### tarixli icarə müqaviləsi hazırda qüvvədədir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 442, 445.1, 448.1, 462.1, 463, 465.2, 467, 700.1, 700.2, 704.1, 706.1, Torpaq Məcəlləsinin 51.1, 51.3, 51.4, MPM-nin 14.2, 77.1, 88, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. MM-in 324.4, 324.5, 390.3, 399.3-cü maddələri üzrə - müqavilə ilkin olaraq 2022-ci ilin ## ###### tarixindən 2024-cü ilin ######ın #-nə qədər, yəni 2023-cü il ərzində qüvvədə olması məqsədilə bağlanılmış və iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi bu il üçün müqavilədə nəzərdə tutulmuş 5000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Lakin sonrakı illərdə bu məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və ərazidən faktiki istifadə edilməmişdir. Cavabdeh tərəfindən müqavilənin uzadılması üçün məbləğin olmaması və müqavilənin faktiki olaraq pozulduğu həm hərəkətlərində həm də danışıqlar zamanı iddiaçıya məlum olmuşdur.
18. MPM-in 2.1, 2.2, 3.1, 9.1, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələri üzrə - birinci və ikinci instansiya məhkəmələri yekun qərarlarında iddiaçının hüquq və mənafelərinin ziddinə faktlara əsaslanmadan qüvvədə olan mülki prosessual məcəllənin və digər qanunvericilik aktlarına uyğun olmayan qərar çıxarmışdır. Məhkəmə cavabdehin 2023cü il ərzində ödədiyi vəsaiti yenidən ondan tələb edilməsini qanunsuz olaraq əsaslı hesab etmiş və ədalətsiz məhkəmə qərarı çıxarmışdır. Bundan başqa faktiki olaraq cavabdehin 2024-cü il və 2025-ci illər ərzində həmin ərazidən istifadə etməməsi və bununla əlaqədar cavabdehin məlumatlı olması və tərəflər arasında bu istiqamətdə danışıqlar aparılması razılaşmanın isə əldə edilməməsi məhkəməyə məlum olmasına baxmayaraq məhkəmə bu halları araşdırmadan qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
20. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ...”
23. Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ...
3. Icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. Icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. ...”
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
26. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
27. Kollegiya kassasiya şikayətinin “məhkəmənin cavabdehin 2023-cü il ərzində ödədiyi vəsaiti yenidən ondan tələb edilməsini qanunsuz olaraq əsaslı hesab etməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində bu dəlili irəli sürməmiş və apellyasiya icraatının predmeti olmamışdır, apellyasiya icraatı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərmişdir ki, “2022-ci il ## ###### tarixli torpaq sahəsinin icarə verilməsi müqavilənin şərtlərinə əsasən həmin ilin dekabr ayında 5000 manat icarə haqqı ödənilmiş...”. Lakin cavabdeh tərəfindən prosessual tələblərə əməl olunması iş materiallarından görünmədiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətində istinad olunması MPM 407.2-ci maddəsinin tələbləri baxımından, aşağı məhkəmə instansiyasında müzakirə predmeti olmayan işin faktiki halı kimi qiymətləndirilərək yolverilməz sayılmalıdır. Bununla əlaqədar həmin dəlil üzrə kassasiya icraatında hüquqi dəyərləndirmə aparılması da qeyri-mümkün hesab edilir
28. Kassasiya şikayətində göstərilən digər dəlillərlə oxşarməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. Cavabdeh özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
29. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
31. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.