Məhkəmə qərarları › İş №2-2(1-8)-224/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-224/2026

21.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-224/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Iddiaçı oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı oğlunun cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)- ****/**** nömrəli 2026-cı il # ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. 2023-cü il ## ###### tarixli Cavabdeh və Iddiaçı tərəfindən imzalanmış sənəddə Cavabdeh Iddiaçı 46000 manat borcu olduğunu, həmin borcu növbəti 2 ay hər ay 1500 manat olmaqla, sonrakı aylarda həmin məbləği artırmaq şərtilə, lakin 1700 manat məbləğdən az olmamaqla qaytarmağı öz öhdəsinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı oğlu (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) 32000 məbləğində pulun, 186 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehi ortaq dostlarının tanışlığı ilə tanımışdır, sonuncu həkim terapevt işləyir. Münasibətləri normal olduğundan cavabdeh bildirmişdir ki, aptek açmaq istəyir, lakin maddi vəsaiti çatmır. Aptek açmaq üçün 100000 manatdan çox pul lazımdır. Həmin vaxtı onun 50000 manata yaxın pulu olduğundan cavabdehə 46000 manat borca pul vermişdir. Cavabdeh işlərinin yaxşı gedəcəyi təqdirdə borcu tez bir zamanda qaytaracağına söz vermiş, hətta əlavə olaraq qazancından ona hörmət edəcəyini bildirmişdir. Cavabdehə 2023-cü il ## ###### tarixdə yazılı qəbz də imzalatdırmış, qəbzi öz xətti və imzası ilə yazmışdır. Ilk aylarda ödəniş etsədə, sonrakı aylarda ödəniş etməmiş, bir neçə dəfə ona xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh borcundan 14000 manat qaytarmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-2-2(113)- ****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 27500 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə münasibətdə 172.50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur (hakim G.Həşimova).

5. Məhkəmə belə nəticəyə gəlmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə 46000 manat pul verilmiş, yaranmış borcun hər ay 1700 manat olmaqla hissə-hissə qaytarılması tərəflər arasında razılaşdırılmışdır. Iddiaçı məhkəmə iclasında verdiyi izahatda təsdiq etmişdir ki, ümumi borcdan cavabdeh tərəfindən ona 18500 manat ödənilib. Qeyd edilən hallar tərəflər arasında işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda məhkəmə müqaviləyə əsaslanan öhdəlik münasibətində olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab etmişdir ki, 2023-cü il ## ###### tarixli borcun etiraf edilməsi ilə bağlı yazılı razılığa əsasən 46000 manat borcdan 18500 manatının cavabdeh tərəfindən ödənilməsi nəzərə alınaraq, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Cavabdeh 27500 manat tutularaq iddiaçıya ödənilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 882.1, 882.2, 882.3, 882.4, 882.5-ci və Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Qocayev).

9. Kollegiya qeyd etmişdir ki, cavabdeh şikayətin dəlillərində bildirdiyi hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə 66000 manat pul verilsədə, sonradan cavabdeh verilən vəsaiti borc kimi qəbul etmiş, həmin məbləğdən 20000 manat qaytarmış, qalan 46000 manat yaranmış borcdan 2 ay 1500 manat olmaqla, hər ay 1700 manat hissə-hissə qaytarılması barədə razılaşdırılmış və borclu olmasını qəbul etmişdir. Iddiaçı isə məhkəmə iclasında verdiyi izahatda təsdiq etmişdir ki, ümumi borcdan ilkin olaraq 20000 manat, qalan 46000 manat məbləğdən isə cavabdeh tərəfindən ona 18500 manat hissə-hissə ödənilmişdir.

10. Iş materiallarında olan sübutlara əsasən iddiaçının irəli sürdüyü hallar təsdiq edilmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 427.3, 442, 882.1, 882.2, 882.4, 882.5-ci, MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi, bu mümkün olmadıqda isə işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

13. MM-in 739.1, 739.2, 739.3-cü maddələri üzrə - aralarında borc münasibəti olmamışdır. Təqdim edilən yazılı kağızda isə o iddiaçıya borcu olmasını etiraf etmir, verəcəyi olduğunu bildirir. Məhkəmə araşdırması zamanı hər-hansı bir borc müqaviləsindən söhbət getmədiyi onların aralarında biznes ortaqlığı olduğu müəyyən edilmişdir. Əgər o iddiaçıdan borc alıb biznes qursa idi o zaman bütün sənədləşmə öz adına olardı, göründüyü kimi biznes iddiaçının adına rəsmiləşib. Iddiaçı ilə yanaşı o da xərc çəkərək zərərə düşmüşdür. Iddiaçı təyziqlə ona yazdırdıqları sənədə əsasən borc verdiyini iddia edir. Məhkəmə işin bu halına tənqidi yanaşmamış, iddiaçının əvvəlki izahatlarında onunla hər-hansı bir biznesinin olmamasını bildirməyini daha sonra bunu etiraf etməsini qiymətləndirməmişdir.

14. MPM-in 8.1, 9.1, 14.1, 14.2, 76.1, 77.1, 81, 88, 218.1-ci maddələri üzrə qətnamədə hakim heç bir sübuta istinad etmir. Məhkəmə 2023-cü il ## ###### tarixli yazılı kağıza istinad edərək tərəflər arasında borc münasibəti olması qənaətinə gəlinmişdir. Halbu ki, məhkəməyə bunun əksini təsdiq edən kifayət qədər sənədlər və şahidlər təqdim edilmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Əgər apellyasiya məhkəməsi bu prinsipə əməl etməli olsaydı o zaman tərəflərin məhkəmə prosesində iştirakını təmin etməli idi. Ümumiyyətlə iddia ilkin olaraq Sabunçu Rayon Məhkəməsində qaldırılmış və bu məhkəmədə ilkin araşdırma aparılmışdır. Məhkəməyə fərqli formalarda sübutlar təqdim edilmiş və tərəflər arasında heç bir borc münasibətinin olmaması sübut edilmişdir. Sabunçu Rayon Məhkəməsi uzun müddət prosesi aparmış, müşavirəyə getmiş daha sonra isə işin aidiyyat üzrə kommersiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Kommersiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsində araşdırılan hissədə prosesin video görüntülərinə və digər araşdırmalara istinad etməmişdir. Məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik prinsipini də pozmuşdur. Iddiaçı ona borc verdiyini iddia etsədə bunu sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. O isə bu iddianın əsassız olması ilə bağlı kifayət qədər sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə qətnamədə bu sübutlara heç bir münasibət bildirməmişdir. Dindirilən şahidlərin izahatlarına qətnamədə yer verilməyib. Bu şahidlərin izahatlarında da görünür ki, bu iki şəxs biznes ortağı olublar. Məhkəmə mübahisələndirilən hüquq münasibətinin nə olmasını dəqiq müəyyən etməmişdir. Bu münasibətin borc yoxsa birgə biznes olması məsələsi mütləq müəyyən edilməlidir.

15. Digər məsələlər bölməsində göstərilmişdir ki, apellyasiya məhkəməsi cavabdeh olaraq məhkəmə prosesində iştirak edə bilməməyini və buna dair məhkəməyə ünvanladığı ərizəni nəzərə almamışdır. Ilkin iddia zamanı Sabunçu Rayon Məhkəməsində istər iddiaçı, istərsə də şahid kimi dindirilən şəxslər bu iki şəxsin arasında birgə kommersiya münasibətinin, ortaqlığın olmasını təsdiq ediblər. Ilkin izahatında iddiaçı ümumiyyətlə onunla hər-hansı bir iş görmədiyini sadəcə olaraq borc verdiyini bildirsədə şahidlərin izahatlarından sonra aralarında olan ortaq işə görə pul qoyduğunu etiraf etmişdir. Kommersiya məhkəməsində işə baxan zaman həmin görüntülərin işə əlavə edilməsi tələb edilsədə məhkəmə bu görüntülərə baxmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Iddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh onun etibarından sui istifadə edərək aldatma yolu ilə pulunu əlindən almışdır. Ilk öncə borc almış, sonradan ortaq biznes qurmaq adı ilə onu aldatmış, daha sonra qurduğu biznesi özü götürmüş və sonda ona yazılı qəbz yazaraq borcunu tam şəkildə etiraf etmişdir. Qəbzi də şahidlərin iştirakı ilə tam şəffav şəraitdə öz xətti ilə yazaraq imzalamışdır. Məhkəmə iclasında borcun etirafı kimi yazmış olduğu qəbzi təhdid və təzyiq altında yazdığını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin imzaladığı qəbzi məhkəmədə mübahisələndirməmişdir. Mübahisələndirmədiyinə görə borcu tam şəkildə etiraf etmişdir. Dəfələrlə məhkəmə iclasları olmasına baxmayaraq cavabdeh tərəfindən borcun inkarı barədə bir sübut belə məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, çıxarılmış qətnamə tam doğrudur, kassasiya şikayəti təmin edilməməlidir.

Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə

882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. ... 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

23. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

24. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

25. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

29. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-cı il # ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar