Məhkəmə qərarları › İş №2-2(1-8)-230/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-230/2026

21.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-230/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-ci il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “X2” MMC (daşıyıcı) və Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 2023-cü il ## #### tarixli, LSAZ-C-*** saylı yükdaşıma xidmətlərinə dair müqavilə ekspeditor və sifarişçi arasında yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. Həmin müqavilənin: 1.2-ci bəndinə görə hər yükləmə üçün tərəflər müqavilənin ayrılmaz hissəsi olan spesifikasiya tərtib edirlər. Spesifikasiyada yükün adı, marşurut, daşıma qiyməti və çatdırılma tarixi göstərilməlidir; 1.3-cü bəndinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır; 1.6-cı bəndinə əsasən ekspeditorun təqdim etdiyi xidmətlərə - yüklərin daşınması, anbarda müvəqqəti saxlamanın təşkili, idxal/ixrac yerində gömrük razılaşdırılmasının təşkili, yükləmə-yük boşaltma işləri və tərəflərin razılaşdırdığı digər əməliyyatlar daxildir; 2.1-ci bəndinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor xidmət haqqını hesab-faktura təqdim edildikdən sonra 5 gün ərzində təqdim etməlidir. Ekspeditor bu müddətə riayət etmədikdə sifarişçinin xidməti göstərilən günün rəsmi məzənnəsinə müvafiq olmaq şərtilə, təqdim ediləcək hesabfakturanın tarixinə müvafiq yenidən hesablaşma aparmaq hüququ vardır; 2.2-ci bəndinə görə hazırkı müqavilə üzrə ödənişlər ekspeditorun təqdim etdiyi hesabfakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir; 4.1-ci bəndinə görə tərəflər müqaviləyə uyğun olaraq öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; 4.5-ci bəndinə görə sifarişçi iş və xidmətlərin icrası üçün tələb olunan bütün sənədlərin və daşıma sənədlərinin (keyfiyyət, uyğunluq, mənşə sertifikatlarının və s.) vaxtında təqdim olunmasını təmin etməli və qəbulu ilə bağlı texniki şərtlər, temperatur rejimi və s. ilə əlaqədar məlumat veməlidir; 4.6-cı bəndinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etməli, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir; 4.10-cu bəndinə əsasən maşının tam boşaltması üçün 48 saat ödənişsiz gözləmə vaxtı təyin edilir. Bu müddətdən sonra hər gözləmə gününə görə ödəniş “müqaviləyə əlavə” sənədində qeyd olunacaqdır; 4.13-cü bəndinə əsasən malın yükləmə sənədinin sifarişçinin tələbinə uyğun olaraq tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir; 4.19-cu bəndinə əsasən kanteynerin boş qaytarılması zamanı ekspeditordan asılı olmayan səbəbdən (platforma qıtlığı, hava şəraiti, sərhədlərdə/stansiyalarda tıxac) yarana bilən gecikmələr tədqirində ekspeditor tərəfindən təqdim olunmuş orjinal gəmi xətti invoysuna əsasən sifarişçi bütün cərimələri ödəməyi öz üzərinə götürür.

2. Adıçəkilən müqaviləyə Əlavə 2-yə görə yükün götürülmə yeri Xiamen, Çin, çatdırılma ünvanı Bakı, Azərbaycan, kanteynerlərin sayı 10 ədəd, vahidin qiyməti 4950 ABŞ dolları olmaqla, ümumi 49500 ABŞ dolları, tranzit müddəti 50-55 gün, boşaldılma müddəti – yerinə çatdıqdan sonra 48 saat (gecikməyə görə 1kanteyner üçün 150 manat cərimə), ödəniş – 50% yük Poti limanına çatnazdan 1 həftə əvvəl, qalan ödəniş yük Bakıya çatdıqdan sonra 14 iş günü müəyyən edilmişdir.

3. 2025-ci il ## ###### tarixdə Cavabdeh MMC tərəfindən daşınan yükə dair 2 ədəd – 11235000290427 və 11235000290454 sorğu nömrəli qısa idxal bəyannamələri, 2023-cü il ## ###### tarixdə isə 2 ədəd - 01231000478847 və 01231000478878 sorğu nömrəli gömrük bəyannamələri təqdim edilmişdir. Yük müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə Bakı şəhərində təhvil verilmişdir. Daşıma haqqı olaraq razılaşdırılmış 84150 manat daşıma haqqı Cavabdeh MMC tərəfindən hissə-hissə - 2023-cü il ## ####### tarixdə 25500 manat, 2023-cü il ## ####### tarixdə 5000 manat, 2025-ci il ## ####### tarixdə 10000 manat, 2024-cü il ## ###### tarixdə 20000 manat və 2024-cü il ## ###### tarixdə 23650 manat olmaqla, tam ödənilmişdir.

4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə “Bakı istiqamətində daşıma marşurutunda demuraj (2023-ci il ## ######–2023-cü il ## ######) 6 gün müddəti üçün, bir kanteyner 2550 manat olmaqla, cəmi 15300 manat və “Bakı istiqamətində daşıma zamanı konteynerlərin porta qayıtması zamanı yaranmış xərclər (kanteyner demuraj Poti limanında)” 1 gün üçün cəmi 4411 manat pulun ödənilməsini əks etdirən qaimə (invoys) təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən bu sonuncu qaimələr üzrə ödəniş edilməmişdir.

5. DGK Aksizli Mallar üzrə Baş Gömrük Idarəsinin 2025-ci il ## ##### tarixli yazılı cavabında göstərilmişdir ki, Cavabdeh MMC-nin ünvanına gələn mallar - 2 ədəd qülləli kranlar ölkə ərazisinə daxil olmamışdan əvvəl 11235000290454 və 11235000290427 sorğu nömrəli qısa idxal bəyannamələri ilə bəyan edilmiş, ölkə ərazisinə daxil olduqdan sonra isə 01231000478847 və 01231000478878 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Qeyd olunan malların ölkə ərazisinə bütöv şəkildə gətirilməsi mümkünsüz olduğu üçün kranlar ayrı-ayrı hissələrə sökülərək demontə edilmiş vəziyyətdə müvafiq olaraq 10 ədəd konteyner vasitəsilə idxal edilmişdir. Qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına 2023-cü il ## ###### və 2023-cü il ## ###### tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı 2023-cü il ## ###### tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük Idarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Sökülmüş texnikaların rəsmiləşdirilməsi həmin mallara aid olan hissələr ölkə ərazisinə tam şəkildə idxal edildikdən sonra həyata keçirilir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 19711,5 manat məbləğində borc, 985,5 manat 5% illik hesablanmış pul məbləği, 6603,35 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidmətə görə ödənilmiş 1000 manat pul, 320 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 175,86 manat dövlət rüsumu olmaqla, cəmi 28796,21 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yükün daşınması üçün konteynerlərin sayı və qiyməti barədə iddiaçı cavabdehə təklif göndərmiş, cavabdehin verdiyi sifariş əsasında yükün daşınması üçün 5 konteynerdən (maşın) istifadə olunacaq, hər bir konteynerin (maşın) qiyməti 5.000 ABŞ dolları, cəmisi 25.000 ABŞ dolları olacaqdır. Həmin sənədə görə, tərəflər həmçinin razılığa gəlmişlər ki, yük yerinə çatdıqdan sonra 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra boşaldılması gecikdirilən hər əlavə günə (1 konteyner) 150 ABŞ dolları cərimə ödəyəcəkdir. Qeyd olunan təklif tərəflər arasında müzakirə predmeti olmuş və son nəticədə razılığa gəlmişlər ki, yükün daşınması 10 konteyner (maşın) vasitəsilə həyata keçiriləcək, 1 konteynerin (maşın) qiyməti isə təklifdə qeyd olunan qiymətdən 50 ABŞ dolları aşağı, yəni 4.950 ABŞ dolları müəyyən olunacaqdır. Bu fakt tərəflər arasında aparılmış və məhkəməyə təqlim olunmuş iddiaçının nümayəndəsi Ceyhun Manaflı və cavabdehin nümayəndəsi Elvin Abbasov arasında aparılan mail yazışmaları ilə tam təsdiq olunur. Bunlardan başqa, tərəflər həmçinin öz aralarında yazılı formada yük daşıma üçün vacib qaydalar da müəyyən edirlər ki, həmin qaydalara görə onlar razılığa gəlmişlər ki, Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhəddində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab fakturada öz əksini tapacaq. Məhkəməyə təqdim olunmuş mail yazışmalarından həmçinin məlum olur ki, yük Çindən çıxdıqdan sonra iddiaçının nümayəndələri tərəfindən cavabdehin nümayəndəsinə razılaşdırılmış xidmət haqlarının və əlavə xərclərin vaxtında ödənilməsi, əks halda yükün buraxılmaması, demuraj və sair məsələlərin ortaya çıxacağı, yaranacaq bu çətinliklərlə bağlı cərimələrin tətbiq olunacağı və həmin cərimələrin cavabdehə yönəldiləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Həmin yazışmalardan o da məlum olur ki, cavabdeh tərəfindən 2023-cü il ## ####### tarixdə razılaşdırılmış məbləğdən 25.500 manat ödəniş olunsa da, qalan məbləğ ödənilməmiş qalmışdır. 2023-cü il ## ####### tarixdə iddiaçının nümayəndəsi cavabdehə ünvanladığı məktubda qeyd edir ki, cavabdeh ödənişləri gecikdirdiyi üçün yük Poti limanından buraxılış ala bilməyəcək və həmin məktubda da bir daha ödənişin tam aparılması, əks halda daha çox xərclərin yaranacağı bildirilir. 2023-cü il ## ###### tarixli mail iddiaçının nümayəndəsinin cavabdehə ünvanladığı məktubda bildirir ki, yük limanda 2023-cü il ## ###### tarixdə artıq yüklənmişdir və idxal bəyanamələrin kodları və CMR təqdim olunmadığına görə 5 gündür ki, ləngimə baş verir. Bu ləngimə konteynerlərin boşaldılaraq Potiyə vaxtında çatdırılmaması cərimələrə səbəb olacaqdır ki, həmin cərimələr də iddiaçının təqdim etdiyi invoys əsasında cavabdehə yönələcəkdir. Beləliklə də, məhkəməyə təqdim olunmuş mail yazışmaları, CMR sənədləri və sair sənədlərə əsasən müəyyən edilir ki, cavabdehə aid yükün daşınması üçün iddiaçının 2023cü il # ###### tarixdə 18 gün müddətinə icarəyə götürdüyü 10 konteynerlərdən 7-si boşaldılmış vəziyyətdə 2023-cü il ## ###### tarixdə, yəni 4 gün gecikmə ilə iddiaçıya təhvil verilmişdir. Digər 3 konteyner isə boş vəziyyətdə iddiaçıya 2023-cü il ## ###### tarixdə, yəni 5 gün gecikmə ilə təhvil verilmişdir. Gecikmə ilə bağlı cərimələr Gürcüstan şirkəti tərəfindən hesablanmışdır. Konteynerlərin gecikməsinə görə - tətbiq olunmuş cərimənin ümumi məbləği 4.411 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş 2023-cü il # ###### tarixli EBDU seriyalı, ****** nömrəli e-qaimənin 3-cü bəndində öz əksini tapmışdır. Bunlardan başqa, cavabdehin təqsiri üzündən konteynerlər Azərbaycana 2023-cü il ## ###### tarixdə gəlmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya görə həmin konteynerlər 48 saat ərzində boşaldılmalı olduğu halda 6 gün gec boşaldılmışdır. Bu gecikmə müddətini cavabdeh tərəf iddiaya etirazında də təsdiq edir. Bu gecikmə isə 15.300 manat (6 gün x 10 konteyner x 150 dollar cərimə = 9.000 ABŞ dolları (azərbaycan manatına məzənnə ilə 15.300 manat) cərimənin hesablanmasına gətirib çıxarmışdır. Konteynerlərin gec boşaldılmasına görə tətibq olunmuş cərimənin ümumi məbləği 15.300 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş 2023-cü il # ###### tarixli EBDU seriyalı, ****** nömrəli e-qaimənin 2-ci bəndində öz əksini tapmışdır. Iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, cavabdeh tərəfindən daşıma xidmətinə görə olan ödəniş hələ də tam ödənilməmiş qalır. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən 2024-cü il ## ###### tarixinədək cəmi 84.150 manat məbləğində pul ödənilmiş, cavabdehin iddiaçıya 19.711,50 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə bu günə kimi onun iddiaçıya ödənilməmiş 19.711,50 manat borcu yaranmışdır.

8. Cavabdeh iddiaya etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, tərəflər arasında imzalanmış nəqliyyat müqaviləsinə əsasən icraçı şirkət ÇXR-in Xiamen şəhərindən onlara məxsus yükün Bakı şəhərinə çatdırılmasını təmin etmiş və sifarişçi olaraq nəqliyyat xərcləri tam olaraq ödənilmişdir. Belə ki, iki şirkət arasında imzalanmış müqaviləyə əlavə edilən RF QAZ ***** saylı qiymət təklifinə əsasən nəqliyyat xərci iddia ərizəsində göstərildiyi kimi 61095 USD (103 861.5 AZN) deyil 49 500 USD (84 150 AZN) təşkil etmişdir. Iddia ərizəsində qeyd olunan EBDU N ****** saylı 2023-cü il # ###### tarixli elektron qaimə əsassız olduğu üçün tərəflərindən təsdiq edilməmiş, dəfələrlə geri qaytarılmış, qeyd olunan tarixdə isə həftə sonu, qeyri-iş saatında sistemə yüklənmişdir. Iddia ərizəsində iddiaçı müqavilədə göstərilən əsas məbləğdən əlavə olaraq hesabladığı pulun nə ilə bağlı olduğunu ümumiyyətlə göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh olaraq sifarişçi kimi müqavilə üzrə olan öhdəliklərinə məsuliyyətlə yanaşmış və hətta yükün onlardan asılı olmayan səbəblərə görə gömrük xidmətində ləngiməsi zamanı yaranan problemin həllini də öz üzərlərinizə götürmüşlər. Gətirilən yüklərlə bağlı qısa idxal bəyannamələri vaxtında tərtib edilərək qarşı tərəfə təqdim olunmuş, lakin gömrük nəzarətindən keçid zamanı icraçı öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Idxal edilən iki ədəd MC120B markalı qülləli kranlarla bağlı vaxtında verilmiş 2023-cü il ## ###### tarixli 11235000290454 və ************** saylı əsas, 8 ədəd isə qısa idxal gömrük bəyannamələrində əks olunan məlumatlardan da aydın olur ki, daşıyıcı şirkət yükü ölkəyə 10 ədəd nəqliyyat vasitəsilə gətirmişdir. Məhz bununla bağlı qısa idxal bəyannamələri hər bir maşına ayrılıqda deyil, idxal olunan yükə görə iki ədəd olaraq tərtib edilmişdir. Yükləri daşıyan nəqliyyat vasitələri, onların hər birinin ölkəyə daxil olma tarixləri və sürücülər haqqında məlumatlar ərizəyə əlavə olunan qısa idxal bəyannamələrində əks olunmuşdur. Yüklərin rəsmiləşdirilməsi zamanı məlum olmuşdur ki, sərhəd nəzarətini keçərkən iddiaçı şirkətinin əməkdaşlarının məsuliyyətsizliyi ucbatından qısa idxal bəyannamələrinin qeydə alınması təmin edilməmiş, nəticədə yüklərin gömrükdən təhvil alınması ilə bağlı problem yaranmışdır. Məsələnin onlara aidiyyəti olmasa da, icraçının keyfiyyətsiz xidməti nəticəsində yaranan problemin həllini öz üzərlərinə götürmüş, kranların gömrükdən təhvil alınmasını təmin etmişlər. Qeyd olunanlardan əlavə yüklərin gömrük xidmətində 6 gün ləngiməsinə görə cavabeh terminal xərci olaraq əlavə 5 000 manat da ödəməli olmuşdur. Yaranmış problemin iki şirkət arasında razılaşma və əməkdaşlıq əsasında həlli qarşı tərəfə təklif olunsa da, iddiaçı əsassız iddiasından əl çəkməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – P.Zamanlı).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə, məhz yükün gömrük orqanında sənədləşdirilməsi ilə bağlı yaranmışdır. Yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsiridən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmiləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.

11. Tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. Müqavilənin 1.6-cı bəndinin 3-cü yarımbəndinə əsasən idxal/ixrac yükün gömrük rəsmiləşməsinin təşkil edilməsi iddiaçının, gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsinin təmin edilməsi, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtının istisna edilməsi isə sifarişçinin öhdəliyinə aiddir.

12. Iddiaçı yüklərin gömrük rəsmiləşdirilməsi ilə bağlı cavabdehi CMR beynəlxalq qaimələrini göndərdiyi bildirişə əlavə etməklə, 2025-ci il ## ###### tarixdə tam olaraq məlumatlandırmış, 2023-cü il ## ###### tarixdə isə cavabdeh tərəfindən hər qülləli krana görə 1 qısa idxal bəyannaməsi verilmişdir. Iddiaçı da cavabdeh tərəfindən gömrük rəsmiləşdirməsinin düzgün aparılmamasını (bununla bağlı öhdəliyini pozmasını), məhz qısa idxal bəyannaməsinin 2 ədəd (hər bir qülləli kran üçün) deyil, hər kanteynrə görə ayrıca, 10 ədəd verilməli olması ilə izah edir.

13. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, Gömrük Məcəlləsinin 13-1.1 və 113.1-ci maddələrinin mənasından da görünür ki, qısa idxal bəyannamələri gömrük buraxılış məntəqəsinə gətirilməli olan mallara və nəqliyyat vasitələrinə görə əvvəlcədən verilir. Məhkəmə hesab edir ki, qeyd edilən müddəlarda istifadə olunana “mallar” termini özlüyündə hər hansı istənilən “əşya” ifadəsini ehtiva edir. Işin qeyd edilən faktiki hallarından da göründüyü kimi, cavabdeh tərəfindən sifariş edilən qülləli kranların bütöv şəkildə ölkəyə gətirilməsi mümkün olmadığından onlar hissələrə ayrılaraq, hər biri 5 kanteynerdə daşınmışdır. Hissələrinə bölünərək daşınsa da, kanteynerlərin hər biri bir mürəkkəb əşyadır (maldır). Bu halda, Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları baxımından qülləli kranlar da bötöv bir əşya (mal) olaraq bəyan edilməli idi. Bu şərh edilənlər əsasında belə qənaətə gəlmək olar ki, cavabdeh daşınan yüklə bağlı qısa idxal və sonradan gömrük bəyannamələrini qanunvericiliyin tələblərinə uyğun olaraq vermiş və bu məsələdə öhdəliyini müqaviləyə uyğun olaraq yerinə yetirmişdir. Tərəflər arasında bağlanmış nə müqavilədə, nə də müqavilədən sonra razılaşdırılmış əlavələrdə qısa idxal və gömrük bəyannamələrinin hər bir kanteyner üçün ayrıca verilməli olması barədə xüsusi şərt əlavə edilməmiş, eləcə də email yazışmalarında da bu məsələ ilə bağlı cavabdehə hər hansı bir bildiriş təqdm etməmişdir. Şərh edilənlərdən bu qənaətə gəlmək olar ki, daşıma sahəsində təcrübəyə malik olan şəxs kimi, iddiaçıya bu problemin olacağı bəlli idisə, bunu əvvəlcədən cavabdehə bildirməyə borclu idi, çünki əvvəldə də qeyd edildiyi kimi, idxal/ixrac yükün gömrük rəsmiləşməsnini təşkil edilməsi öhdəliyi iddiaçıya aid olmuşdur. Iddiaçının bu vəziyyəti əvvəlcədən cavabehə bildirməməsi onun idxal/ixrac prosedurunun düzgün təşkil etməməsi anlamına gəlmiş olur. Eyni zamanda, yükün hissələrə bölünərək daşınması və bu formada daşınmadan törəyən istənilən çatışmazlıqlar iddiaçının məsuliyyətinə aid olaraq daşıma riskinə aiddir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 389.1, 442, 443.1, 448.1, 850.1, 852.1, 852.3, 852.4, 859.2-ci maddələri, Gömrük Məcəlləsinin 13-1.1, 113.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, cavabdeh tərəfindən sahə üzrə peşəkar olan bir agenti (brokeri) işə cəlb etməklə qisa idxal bəyannamələri hazırlanmış və vaxtında iddiaçıya təqdim edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur. Qeyd olunan müqavilə şərtinin mənasından göründüyü kimi, sifarişçinin verdiyi məlumatların malın yükləmə sənədlərində düzgün göstərilməsinə əmin olmaq vəzifəsini ekspeditor daşıyır.

18. Kollegiya həmçinin qeyd etmişdir ki, gömrük orqanının sorğuya cavab məktubu ilə qeyd olunur ki, malların "qırmızı zolağa" düşməsi və yoxlamaya cəlb edilməsi X3 Sistemi tərəfindən müəyyən edilmişdir. Aksizli Mallar üzrə Baş Gömrük Idarəsinin cavabından göründüyü kimi, malların yoxlama dərəcəsini (zolağı) müəyyən edən faktorlar gizli alqoritmlərə söykənir və idarə tərəfindən konkret səbəb göstərilmir. Belə olan halda sübutetmə yükünün bölüşdürülməsi qaydalarına əsasən iddiaçı təqdim edilən məlumatların yanlış olduğunu sübut etməli idi. Lakin iddiaçı demuraj xərclərinin yaranmasında cavabdehin konkret təqsirini və səhvini sübuta yetirə bilməmişdir. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, 10 konteynerdən 3-ü yaşıl zolağa, 7-si isə qırmızı zolağa göndərilmişdir. Kollegiya hesab edir ki, bu hal gömrük rəsmiləşdirilməsinin gecikməsinin qısa idxal bəyannamələrinin düzgün təqdim edilməməsi ilə əlaqəli olmasını istisna edir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra –“MM”) 5.3, 385.1, 386.1, 425.1, 442, 445.7, 448.1, 448.2, 850.1-ci maddələrinə, Gömrük Məcəlləsinin 13-1.1, 113.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 24.2, 77, 81, 119.6, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 385, 425.1, 425.2, 442, 445, 448.2, 850.1, 850.2-ci maddələri üzrə - tərəflər arasında bağlanmış müqavilədə ümumi şərtlər, o cümlədən idxal/ixrac yükün gömrük rəsmilləşdirilməsinin təşkili barədə şərtləri (1.6-cı bənd) nəzərdə tutulsa da, həmin müqavilənin tərkib hissəsi olan əlavədə bu xidmətin iddiaçı tərəfindən göstərilməsi qarşılıqlı razılaşmaya əsasən istisna edilmişdir. Həmin xidməti cavabdehə, sonuncunun sifarişi ilə “xxxx” MMC göstərmişdir. Belə olan halda, idxal/ixrac yükün gömrük rəsmiləşməsinin düzgün təşkil edilməməsinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulması əsassızdır. Cavabdeh 2023-cü il # ###### tarixli təhvil-təslim aktını imzalamaqla da yaranmış əlavə xərclərə görə məsuliyyət daşıdığını qəbul və təsdiq etmişdir.

22. MPM-in 4.1, 9, 14, 76, 77, 88-ci maddələri üzrə - məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutları, izahatları nəzərə almamış, iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

24. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi

445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. ... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

27. Azərbaycan Respublikasının Göümrük Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur. “

“Maddə 113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

32. Əlavə olaraq Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsasən tərəflər arasında bağlanmış müqavilənin 4.13-cü bəndinə görə malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur. Iddiaçı demuraj xərclərinin yaranmasında cavabdehin konkret təqsirini və səhvini sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM- 33. in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar