Məhkəmə qərarları › İş №2-2(1-8)-232/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-232/2026

10.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-232/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC (podratçı) ilə Cavabdeh QSC (sifrarişçi) arasında bağlanmış 2025-ci il # #### tarixli 07\** nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi 15 mm-lik dəmir futlyarların quraşdırılması işlərinin yerinə yetirilməsi ilə əlaqədar podratçı ilə 1 metrə 100 manat (ədv-siz) müqabilində razılığa gəlir. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçinin Tovuz və Qazax rayonlarında yollarda və dəmir yollarının altında maili qazma üsulu ilə 159 mm-lik dəmir futlyarların quraşdırılması üçün işlərinin yerinə yetirilməsini öhdəsinə götürür; 5.1-ci bəndinə əsasən podratçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. -8.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, podratçı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında həyata keçirilir.

2. Tərəflər arasında imzalanmış, möhürlə təsdiqlənmiş 2025-ci il # #### tarixli 2025ci il mart ayında yetirilən işlərin qəbulu haqqında akta əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 42716,24 manat olan işlər təhvil verilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 2025-ci il # ##### tarixli, MT2504 ******** nömrəli 42.716,23 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı MMC (bundan sonra- “iddiaçı”) cavabdeh Cavabdeh QSC-yə ( bundan sonra-“cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.716,24 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 220 AZN, ümumilikdə 42.936,24 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2025- ci il 3 mart tarixli **/** saylı xidmət müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 42.716, məbləğində xidmət göstərilmiş, lakin qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətə görə indiyədək heç bir ödəniş və müqavilə öhdəliyinin icrası həyata keçirilməmişdir. Bu səbəbdən 42.716,24 manat məbləğində vəsait əsassız olaraq cavabdehdə qalmışdır. 2025-ci il mart ayında yetirilən işlərin qəbulu haqqında aktda cavabadeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ ümumilikdə 42.716,24 manat təşkil edir. Lakin qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətə görə indiyədək heç bir ödəniş və müqavilə öhdəliyinin icrası həyata keçirilməmişdir. Bu səbəbdən 42.716,24 manat məbləğində vəsait əsassız olaraq cavabdehdə qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Ü.Həsənova).

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi tərəflər arasında bağlanmış 2025-ci il # #### tarixli 07\** nömrəli podrat müqaviləsindən irəli gəlmişdir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 752.1, 753.1-ci maddələrinin normalarına əsaslanmaqla iddia tələbini irəli sürmək hüququ vermişdir

8. Məhkəmə cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 42716,24 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehdən 42716,24 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 752.1 və 753.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, işin məhkəmə texniki (inşaat-texniki) ekspertizası təyin olunmaqla və cavabdeh tərəfin iştirakı təmin edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

12. Məhkəmə kollegiyası ilk növbədə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə “xidmət müqaviləsi” adlandırılsa da, həmin müqavilənin predmetini maddi nəticələri olan işlərin görülməsi təşkil etdiyindən, həmin müqavilə mahiyyət etibarilə podrat müqaviləsidir. Odur ki, müqavilə üzrə görülmüş işlərə görə muzdun tutulması tələbinə dair iddianın qanuni əsasını MM-in 752.1 və 753.1-ci maddələri təşkil etmişdir.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən 42.716,23 manat dəyərində işlər görülməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktı və elektron qaimə ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən həmin işlərə görə muzd ödəməsi isə iş materialları ilə müəyyən edilmir. Belə olan halda isə iddiaçı MM-in 752.1-ci və 753.1-ci maddələrinə əsasən gördüyü işin dəyəri olan 42716,23 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

14. Ödəmə qabiliyyətinin olmaması, bank hesablarındakı vəsaitlərin üzərində sərəncamların olması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya bildirmişdir ki , göstərilənlər sahibkarlıq subyekti olan cavabdehin risk dairəsinə aid olan hallar olmaqla sonuncunu görülmüş işlərə görə muzdu ödəmək öhdəliyindən, eləcə də həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad etmir.

15. Görülmüş işlərin dəyərinin və belə olan halda həmin işlərə görə borcun məbləğini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinin zəruriliyi ilə bağlı irəli sürülmüş arqumentlərə gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin həcmini, keyfiyyətini və belə olan halda muzdun məbləğini mübahisələndirsə də, görülmüş işlərin həcminin və dəyərinin iddia tələb edilən məbləğdən az olmasına, eləcə də həmin işlərin lazımi keyfiyyətdə olmamasına dəlalət edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Əksinə yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəf işlərin qəbulu aktını imzalamaqla və möhürləməklə iddia olunan həcmdə və dəyərdə işlərin görülməsi faktını təsdiq etmişdir. Odur ki, hazırkı halda görülmüş işlərə görə muzdun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb edilmədiyindən ekspertiza təyin edilməli olması barədə arqumentlər də əsassız hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birincisi, iş materiallarından görünür ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. İkincisi, o da qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermiş, lakin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan qərara almaqla prosessual pozuntuya yol verməmişdir.

17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 752.1 və 753.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehin öhdəliyin icrasını gecikdirdiyi qənaətinə gəlmiş və bu əsasla onun üzərinə 42.716.24 manat məbləğində borcun ödənilməsi öhdəliyini qoymuşdur. Lakin bu nəticə Mülki Məcəllənin 442-ci maddəsinə ziddir, belə ki, əgər cavabdeh tərəfin məhkəmədə iştirakı təmin edilsəydi təqdim olunan sənədlər açıq şəkildə göstərəcəkdi ki, borcun ödənilməməsi cavabdehin təqsiri ilə deyil, bank hesablarına tətbiq olunmuş məhkəmə sərəncamları və texniki məhdudiyyətlər səbəbindən baş vermişdir. Bu hallar cavabdehin iradəsindən və təsir imkanlarından kənarda baş vermiş və öhdəliyin icrasını obyektiv olaraq mümkünsüz etmişdir. Məhkəmə bu hallar mövcud olduğu halda, onları araşdırmamış, təqsirin olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamışdır.

21. Cavabdeh tərəfi məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət edərək şirkətdə baş verən kadr dəyişiklikləri ilə əlaqədar olaraq, iş üzrə iştirak etməli olan nümayəndənin dəyişdirilməsi prosesi getdiyini və bu səbəbdən hazırki iclasda iştirak etmək imkanın olmadığını bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir. Bu isə MPM-in 185.1-ci maddəsinin tələbini yerinə yetirmək deməkdir, yəni cavabdeh gəlməməyin səbəbini vaxtında və yazılı formada təqdim etmişdir. Məhkəmə bu səbəbləri üzürlü hesab etməmiş və işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxmışdır. MPM-in 185.3-cü maddəsinə görə, əgər gəlməməyin səbəbləri üzürlü sayılarsa, məhkəmə işə baxmanı təxirə salmalıdır. Nümayəndə dəyişikliyi üzürlü səbəb sayılır, xüsusilə yeni nümayəndənin işin materialları ilə tanış olmasını nəzərə almamış, bunun üzürlü olub-olmaması barədə əsaslandırma vermədən işə baxmış və MPMin 185.3-cü maddəsini pozmuşdur. MPM-in 185.6-cı maddəsinə zidd olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması hüquqi ədalət prinsipini pozmuşdur. Cavabdeh tərəfindən işin təxirə salınması barədə rəsmi məktub təqdim olunmuş, səbəb kimi nümayəndə dəyişikliyi prosesinin olması göstərilmişdir. Bu səbəb işgüzar dövriyyə və əmək hüququ kontekstində üzürlü hal sayılır. Ancaq məhkəmə cavabdehin bu vəsatətini əsassız və hüquqi qiymətləndirmə aparmadan rədd etmiş, nümayəndənin olmamasına baxmayaraq işə davam etmişdir.

22. Hazırkı iş üzrə mübahisə tərəflər arasında bağlanmış müqavilə əsasında görülmüş tikinti işlərinin faktiki həcmi, keyfiyyəti və dəyərinin müəyyən edilməsi ilə bağlıdır. Bu məsələlər isə öz mahiyyətinə görə texniki xarakter daşıyır və onların obyektiv şəkildə müəyyən edilməsi xüsusi inşaat-texniki biliklərin tətbiqini tələb edir. Məhz buna görə də cavabdeh tərəf tərəfindən apellyasiya şikayətində iş üzrə məhkəmə inşaat-texniki ekspertizasının təyin edilməsinin zəruri olduğu əsaslandırılmış şəkildə göstərilmişdir. Bundan əlavə, iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınaraq ekspertiza təyin edilmiş, lakin müxtəlif səbəblərdən həmin ekspertiza faktiki olaraq keçirilməmiş və ekspert rəyi əldə olunmamışdır. Belə bir vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halların düzgün müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinin zəruriliyini yenidən qiymətləndirməli idi. Çünki mübahisənin predmeti olan işlərin faktiki həcminin, keyfiyyətinin və dəyərinin müəyyən edilməsi yalnız xüsusi biliklərə malik mütəxəssislərin rəyi əsasında mümkündür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu prosessual imkanlardan istifadə edilməmiş, iş üzrə ekspertiza təyin olunmadan qərar qəbul edilmişdir. Beləliklə, iş üzrə xüsusi bilik tələb edən suallar mövcud olduğu halda məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətdən istifadə edilməməsi və ekspertiza təyin edilməməsi iş üzrə faktiki halların tam və obyektiv müəyyən edilməsinə mane olmuşdur

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 752. Podrat müqaviləsi

752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 753. Muzd barəsində razılaşma

753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”

“ Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, iddia olunan məbləğdə-42.716,24 manat məbləğində görülmüş işləri cavabdehə təhvil vermiş, sonuncu tərəfindən həmin işlərin keyfiyyəti və ya dəyəri ilə bağlı hər hansı qeyd, etiraz bildirilmədən qəbul edilmişdir. Ona görə Kollegiya hesab edir ki, tərəflər arasında hüquqi mahiyyətinə görə podrat münasibətlərinin yaranması və iddiaçının gördüyü işlərin müqabilində cavabdehin muzd ödəmək öhdəliyinin yaranması barədə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi MM-in 752.1 və 753.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

30. Kassasiya şikayətində göstərilən dəlillər eyni ilə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar