Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-234/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 2023-cü il ## ####### tarixli icarə müqaviləsinə görə, icarəyə verən bu müqaviləyə * nömrəli Əlavədə göstərilən avtomobil və texnikaları “Icarəçi”nin müvəqqəti istifadəsinə verir, “Icarəçi” isə icarə haqqını “Icarəyə verənə” ödəyir. Müqaviləyə * nömrəli Əlavə ilə X1 təsdiq edilmiş və ona əsasən tərəflər icarəyə verilən avtomobil və texnikaların tipi, markası və aylıq icarə haqqı barədə razılığa gəlmişlər.
2. Iddiaçı tərəfindən cavabdehə 2023-cü il ## ###### tarixli EBDU seriyalı ****** nömrəli, dəyəri 29.545,38 manat olan, 2023-cü il ## ###### tarixli EBDW seriyalı ****** nömrəli, dəyəri 39.393,85 manat olan, 2024-cü il # ###### tarixli MT2402 seriyalı ******** nömrəli, dəyəri 22.238,46 manat olan, 2024-cü il ## #### tarixli MT2403 seriyalı ******** nömrəli, dəyəri 22.932,12 manat olan və 2024-cü il ## #### tarixli MT2406 seriyalı ******** nömrəli, dəyəri 16.661,42 manat olan elektron qaimələr göndərilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı “xxxx” MMC (bundan sonra – “xxxx”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il ## ####### tarixli ***/** №-li icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”) görə ödənilməli olan ƏDV xaric 33.553,85 manat (ƏDV daxil 39.593,54 manat) məbləğində icarə haqqının, ƏDV xaric 46.776,71 (ƏDV daxil 55.196,52 manat) cərimənin, iddia ərizəsi ilə bağlı ödənilmiş 375 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitələri cavabdehə təhvil verilmiş, iş üzrə icarə müqaviləsi müqavilənin 4.5-ci maddəsinə müvafiq olaraq icarə müddəti başa çatdığından 2024-cü ilin aprel ayının sonunda geri qaytarılmışdır. Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 77.269,23 manat ödəniş edilmişdir. Tərəflər arasında aparılmış 2024-cü il ## #### tarixli üzləşmə aktına əsasən qeyd edilən tarixə qalıq borc məbləği ƏDV xaric 52.400 manat təşkil etmişdir. Üzləşmə aparıldıqdan sonra cavabdeh tərəfindən 2024-cü il ## ###### tarixində ƏDV xaric 12.400 manat, 2024-cü il ## ####### tarixində isə ƏDV xaric 6.446,15 manat ödəniş edilmişdir. Hazırda ƏDV xaric 33.553,85 manat icarə haqqı ödənilməmiş qalmaqdadır.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 39.593 manat, cərimə borcu üzrə 2.000 manat olmaqla ümumilikdə, 41.593 manat məbləğində pul vəsaitin cavabdehdən tutularaq xxxxya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
7. Məhkəmə müəyyən etmişdir ki, xxxxnın cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlmişdir. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və xxxxnın da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
8. Hazırda xxxx üzləşmə aktından sonra cavabdeh tərəfindən ödənişlər edildiyini və nəticədə 33.553,85 manat (ƏDV xaric) borcunun qaldığını bildirərək, onun xeyrinə tutulmasını xahiş etmişdir.
9. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etiraz etməməsini və borcun ödənilməsi ilə bağlı sənədlərin təqdim olunmamasını qeyd edərək bildirmişdir ki, bu halda 33.553,85 (52.400-18.846,15) manat əsas borc və ƏDV borcu daxil olmaqla, ümumilikdə 39.593 manat məbləğində pul cavabdehdən xxxxnın xeyrinə tutulmalıdır.
10. Məhkəmə 55.196,52 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarə haqqının ödənişində gecikmələrə yol verərsə, icarəçi gecikdirilən hər gün üçün icarəyə verənə ödənişi gecikdirilən məbləğin 0,5%-i miqdarında cərimə ödəyəcək.
11. Məhkəmə qanunvericiliyə istinad edərək hesab etmişdir ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 675, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
15. Məhkəmə apellyasiya şikayətinin “icarə predmetinin təhvil verilməsi barədə iş materiallarında sübut olmaması” dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf hər nə qədər icarə predmetinin (texnikanın) təhvil verilmədiyini və buna dair aktın olmadığını iddia etsə də, bu iddia tərəflər arasındakı faktiki hərəkətlərlə təkzib olunmuşdur. Belə ki, xxxx tərəfindən cavabdehə 2023-cü il ## ####### tarixli müqaviləyə istinad edilərək 2023-cü il ## ###### tarixli EBDU seriyalı ****** nömrəli, dəyəri 29.545,38 manat, 2023-cü il ## ###### tarixli EBDW seriyalı ****** nömrəli, dəyəri 39.393,85 manat, 2024-cü il # ###### tarixli MT2402 seriyalı ******** nömrəli, dəyəri 22.238,46 manat, 2024-cü il ## #### tarixli MT2403 seriyalı ******** nömrəli, dəyəri 22.932,12 manat, 2024-cü il ## #### tarixli MT2406 seriyalı ******** nömrəli, dəyəri 16.661,42 manat olan elektron qaimələr göndərilmişdir.
16. Həmçinin, iş materiallarına əlavə edilmiş 2023-cü il # ###### tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən xxxxya 2023-cü il ## ####### tarixli müqavilə üzrə 15.000 manat ödəniş edilmiş, 2023-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən EBDU seriyalı ****** nömrəli elektron qaimə üzrə 7.300 manat, 2023-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən EBDU seriyalı ****** nömrəli elektron qaimə üzrə 2.738,46 manat, 2024-cü il ## #### tarixli ödəniş tapşırığına əsasən EBDW seriyalı ****** nömrəli elektron qaimə üzrə 10.000 manat, 2024-cü il ## #### tarixli ödəniş tapşırığına əsasən EBDW seriyalı ****** nömrəli elektron qaimə üzrə 5.000 manat, 2024cü il ## ##### tarixli ödəniş tapşırığına əsasən EBDW seriyalı ****** nömrəli elektron qaimə üzrə 18.384,62 manat, 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən MT2402 seriyalı ******** nömrəli elektron qaimə üzrə 12.400 manat, 2024-cü il ## ####### tarixli ödəniş tapşırığına əsasən MT2402 seriyalı ******** nömrəli elektron qaimə üzrə 6.446,15 manat ödəniş edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə göndərilmiş elektron qaimələrə etiraz və ya düzəliş edilməsi üçün hər hansı bir müraciət etməmiş, elektron qaimələr üzrə ödənişlərin bir qismini həyata keçirmişdir. Cavabdeh tərəfindən icarə haqqlarının bir qismi üzrə ödənişlər həyata keçirməsi onun həmin xidməti/icarəni qəbul etdiyinə dair konkludent hərəkət (iradə nümayişi) hesab olunur. Belə ki, cavabdeh tərəfindən texnikaların təhvil alınmamasına baxmayaraq müqaviləyə istinad edərək ödəniş etməsi məntiqə ziddir. Həmçinin, 2024-cü il ## ##### tarixli üzləşmə aktına əsasən tərəflər 2024-cü il ## #### tarixinə cavabdehin xxxxya ƏDV xaric 52.400 AZN borcu olduğunu təsdiq etmişlər.
18. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, üzləşmə aktı cavabdehin direktoru tərəfindən imzlanaraq MMC-nin möhürü ilə təsdiq edilmiş, cavabdeh isə üzləşmə aktındakı imza və möhürü mübahisələndirməmişdir. Digər tərəfdən üzləşmə aktından sonra 2024-cü il ## ###### və 2024-cü il ## ####### tarixli ödəniş sənədlərinə görə, cavabdeh tərəfindən müvafiq olaraq ƏDV xaric 12.400 manat və 6.446,15 manat məbləğində ödənişlər edilmişdir.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə əsasında göndərilmiş elektron qaimələr üzrə ödənişlər edib daha sonra icarə predmetinin təqdim edilməsini təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
20. Məhkəmə apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəilinə münasibətdə bildirmişdir ki, iş materiallarına görə, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVIS kabinetinə yerləşdirilmiş və hüquqi ünvanına göndərilmişdir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385, 386.1, 404.1, 404.2, 404.4, 425, 442, 443.1, 700.1 və 700.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 10.1, 700.1 və 700.2-ci maddələri üzrə - məhkəmənin işi araşdırmadan, tərəfləri dinləmədən yalnız ehtimalla qənaətə gəlməsi düzgün deyil. Odur ki, məhkəmə düzgün nəticəyə gəlməyərək yalnış qətnamə qəbul etmişdir.
24. MPM-in 14.1, 88, 217.1, 217.2 və 217.3-cü maddələri üzrə - məhkəmə əsaslandırma hissəsində birinci instansiya məhkəməsində olduğu kimi sadəcə sübutları sadalamaqla kifayətlənmiş, təhvil-təslim aktları olmadan yalnız qaimələr və kim tərəfindən imzalanması belə məlum olmayan üzləşdirmə aktı əsasında qətnamə qəbul edilmişdir. Bundan əlavə yalnız bir baxış iclası keçirməklə böyük məbləği əhatə edən iddia tələbi ilə əlaqədar əlavə araşdırma aparmayan birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Iclas günü saat 11:10-da kommersiya məhkəməsində digər iclası olduğundan məhkəmələr arasında məsafənin böyük olması səbəbindən iclasda iştirak edə bilməyəcəyini bildirərək və çıxışının vacibliyini bildirərək təxir ərizəsi vasitəsilə iclasın təxirə salınmasını xahiş etsə də yekun məhkəmə aktı çıxarılmışdır. Eyni zamanda qarşı tərəf də yazdığı təxir ərizəsinə münasibət bildirərək iclasın təxirə salınmasına etiraz etmədiyini bildirsə də məhkəmə yekun məhkəmə aktı qəbul edərək iclası təxirə salmamış əksinə qətnamə qəbul etmişdir. Bir baxış iclasından ibarət məhkəmə prosesində işin halları tam araşdırılmamışdır. Məhkəmə üzləşmə aktına əsasən borcun olduğunun təsdiq edildiyini qeyd etsə də, üzləşmə aktının mötəbərliyi araşdırılmamışdır. Belə ki, həmin üzləşmə aktında hüquqi şəxslərin təmsilçiləri qeyd olunmamış yalnız rəhbər qrafasının yanından çəkilən imzaların belə kimə məxsus olduğu dəqiq müəyyənləşdirilmədən qətnamə qəbul edilmişdir. Əsaslandığı hallara əsasən məhkəmənin qətnaməsi düzgün əsaslandırılmamışdır və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Həm birinci, həm də apellyasiya instansiyası zamanı üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməmişdir. Apellyasiya instansiyasında isə təxir ərizəsi və işin təxirə salınmasına etirazın olmaması barədə ərizə nəzərə alınmayaraq işin hərtərəfli tam obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Odur ki, qeyd edilən maddələrin tələbləri pozularaq düzgün olmayan qətnamə qəbul edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.”
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. “ 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10 cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 209. Işə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. Işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.”
“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu hesab edərsə, araşdırır.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 31.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 32.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 33.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 34.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır. 35.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 36.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 37.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 38.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir. 39.Bundan başqa, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda xxxxnın istinad etdiyi halları mübahisələndirməmiş və icarə obyektlərinin təqdim edilməməsi ilə bağlı hallara istinad etməmiş, apellyasiya şikayətini isə həmin hallarla əsaslandırmışdır. 40.Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. 41.Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. 42.Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir. 43.Kassasiya şikayətində məhkəmə iclasının təxirə salınması barədə vəsatətin təmin edilməməsinə dair dəlillərə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatətə münasibət bildirmişdir. Belə ki, məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini təsdiq edən sübutlar olmadığı üçün onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 44.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 45.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.