Məhkəmə qərarları › İş №2-2(1-8)-24/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-24/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-24/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən

9. verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır.

Işin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında 2022-ci il ## ###### tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 2022-ci il ## ###### tarixli ***R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaramış, Bank 43000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdeh2 verməyi, sonuncu isə aldığı pul vəsaitini 36 ay müddətə illik 19 faiz dərəcəsi ilə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh1 2022-ci il ## ###### tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdeh5 (bundan sonra – “cavabdeh cavabdeh5”), cavabdeh4 (bundan sonra – “cavabdeh cavabdeh4”), cavabdeh3 (bundan sonra – “cavabdeh cavabdeh3”), cavabdeh2 (bundan sonra – “cavabdeh cavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29243,81 manat krеdit bоrcu, 2481,91 manat faiz bоrcu və 929,95 manat cərimə borcu olmaqla ümumilikdə 32655,67 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 187,97 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borclu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 2024-cü il # #### tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ##### tarixli */***** nömrəli ekspert rəyindən görünür ki, 2022-ci il ## ###### tarixli ***R********** saylı kredit razılaşması üzrə 2024-cü il ## ###### tarixə əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat, 2024-cü il ## ###### tarixə əsas borc 29189,86 manat, faiz borcu 2506,39 manat təşkil edir.

6. Təqdim olunan hesabdan çıxarışlardan görünür ki, 2024-cü il ## ###### tarixdən sonra 2024-cü il # ###### tarixdə 500 manat, 2024-cü il # ###### tarixdə 500 manat ödənişlər edilmiş, hər iki ödəniş əsas məbləğdən silinmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28189,86 manat əsas borc, 2481,91 manat faiz borcu və 929,95 manat cərimə məbləği olmaqla ümumilikdə 31601,72 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim N.Əhmədova).

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və iddia ərizəsinin cavabdehə çatdırıldığı 2024-cü il ## ######## tarixdən müqaviləyə xitam verilmiş hesab edilməlidir. Borcun məbləği ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəməmühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

10. Cərimə məbləğinə aid hissədə məhkəmə hesab etmişdir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 929,95 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 447.1, 447.2, 462.1, 467, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin əsas, faiz və cərimə borcunun hesablanması hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Cəfərov, hakimlər – E.Həsənov və T.Qocayev).

14. Məhkəmə göstərmişdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından birinci instansiya məhkəməsi kredit razılaşması üzrə əsas və faiz borcu hesablayarkən həmin rəyi əsas götürməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin həqiqəti əks etdirmədiyini iddia etsə də, birinci instansiya məhkəməsində ekspert rəyinə etiraz etmədiyini bildirmiş, bundan əlavə, ekspert rəyini şübhə altına alan hər hansı sübutları (məsələn, nəzərə alınmayan ödəniş sənədlərini) məhkəməyə təqdim etməmişdir.

15. Tələb edilən 929,95 manat məbləğində cərimə borcu 28189,86 manat məbləğində əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsaslar yoxdur.

16. Məhkəmə göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin ağır olması səbəbi ilə öhdəliklərin icrasında gecikmə olduğunu qeyd etsə də, bu hal cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasından yayınmasına əsas vermir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin öhdəliyin hissə-hissə icrası ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, öhdəliyin hissə-hissə icrası üçün kreditor razılığının olması vacibdir. Hazırki mübahisə üzrə isə belə bir razılıq əldə olunmamışdır.

18. Çəkişmə prinsipini pozulması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclaslarında iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisəyə iddiaçının iştirakı olmadan baxmış və heç bir prosessual hüquq normasının pozuntusuna yol verməmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739, 743 (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan), MPM-nin 14.2, 77.1, 119.1, 384-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin əsas, faiz və cərimə borcunun hesablanması hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə iddia üzrə faiz və cərimə borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 425, 445.5, 467-ci maddələri üzrə - qətnamə qəbul olunan zaman boclunun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır, belə ki, borclu tərəfindən məhkəmə iclasında eyni zamanda iddiaçının özünə də dəfələrlə ödəmə imkanının olmadığını, gecikmənin maddi çətinliklərindən qaynaqlandığını, dolayısı ilə gecikmənin birbaşa onun təqsiri ucbatından olmadığını bildirsə də, iddiaçı bank hər günü gecikdirmə sayaraq şişirdilmiş faiz və cərimə məbləğlə məhkəməyə müraciət etmişdir.

22. MPM-in 88, 217.1, 384, 385.1 maddələri üzrə - apellyasiya məhkəməsinin qətnaməsi maddi normaların səhv tətbiqində özünü göstərir. Belə ki, borclunun maddi vəziyyəti ilə bağlı halların qiymətləndirilməsi ilə bağlı maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ekspert rəyi həqiqəti əks etdirmir, edilmiş ödənişlər nəzərə alınmamış, nəticədə qalıq əsas və faiz borcu düzgün hesablanmamışdır. Hesabdan çıxarışdan da göründüyü kimi təxminən 23.000-25.000 manat ödəniş olunduğu halda hələ də əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat hesablanmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...”

“Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743cü maddəyə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Əlavə olaraq ödəmə imkanının olmaması və gecikmənin maddi çətinliklərdən irəli gəlməsi barədə cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, bu hal cavabdehi müqavilə üzrə öhdəliklərini icra etməkdən azad edən hal deyildir.

32. Ekspert rəyinin həqiqəti əks etdirməməsi ilə bağlı dəlillərə münasibətdə isə Kollegiya bildirir ki, cavabdeh tərəfindən bu arqumentin yoxlanılmasına əsas verən sübutlar təqdim olunmamış, fikrini isə ümumi sözlərlə ifadə etmişdir. Kifayət qədər əsaslandırılmış ekspert rəyini şübhə altına almağa əsas verən hallar müəyyən olunmamışdır.

33. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

34. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar