Məhkəmə qərarları › İş №2-2(1-8)-241/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-241/2026

13.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-241/2026 13.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Iş № *-2(1-8)-241/2026 Açar sözlər: podrat müqaviləsi, muzdun ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim Əsgərov Çingiz Isgəndər oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan barət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. Işin halları

1. Sifarişçi “xxxx” MMC (direktoru X2) və fərdi sahibkar olan podratçı İddiaçı 2021-ci il ## ####### tarixli ** nömrəli podrat müqaviləsi bağlamışlar.

2. Bundan başqa sifarişçi (direktoru X1) və podratçı fərdi sahibkar İddiaçı arasında 2022-ci il ## #### tarixli ** nömrəli podrat müqaviləsi bağlanmışdır.

3. 2022-ci il ## ### tarixli, ** nömrəli “Forma №*” adlı sənədin məzmunundan görünür ki, Divarlara və tavanlara 2 qat silikonlu boya vurulması (Naxçıvançay vadisində abadlıq işləri) və Tikinti materiallarının 3 km məsafayə daşınması xidmətləri ilə bağlı müəyyənləşdirilən yekun məbləğ 23.767,32 manat təşkil edir.

4. İddiaçı tərəfindən 22.003,30 manat məbləğində divarlara və tavanlara 2 qat silikonlu boya vurulması xidməti görülmüş, işin dəyəri olan 22.003,30 manat məbləğində pul onun hesabına ödənilmişdir.

5. 2022-ci il ## ####### tarixli ** nömrəli “Forma №*” adlı sənədin məzmunundan görünür ki, 7 sm Lepkaların sürtülüb boyanması, 16 sm Lepkaların sürtülüb boyanması, 18 sm Lepkaların sürtülüb boyanması, 21 sm Lepkaların sürtülüb boyaması, Divarlara astar kağızının vurulması (Naxçıvançay vadisində abadlıq işləri, Divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması və Tikinti materiallarınin 3 km məsafəyə daşınması xidmətləri ilə bağlı müəyyənləşdirilən yekun məbləğ 76.597,35 manat təşkil edir.

6. İddiaçı tərəfindən 60.092,75 manat məbləğində Naxçıvançay vadisində abadlıq işləri xidməti görülmüş, həmin işin dəyəri olan 60.092,75 manat məbləğində pul onun hesabına ödənilmişdir.

II. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”xxxx“xxxx”xxxx“xxxx” MMC, bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 79.473 manat borcun, “xxxx” ASC-dən götürdüyü 40.000 manat istehlak kreditinin 2023-cü il ## ### tarixinə qədər 13 aylıq faizi olan 7.150 manatın və ödədiyi 400 manat dövlət rüsumunun, ümumilikdə 87.023 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddiaçı sonradan tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək 2023-cü il ## ###### tarixli ərizə ilə tələbini 19.759 manat artıraraq ümumilikdə 106.782 manatın, 2023-cü il ## ###### tarixli ərizə ilə 20.273 manat artıraraq ümumilikdə 127.055 manatın, 2024-cü il # #### tarixli ərizə ilə isə görülmüş işlərə görə ödənilməmiş 131.378,56 manat borcun, “xxxx” ASC-dən götürdüyü 40.000 manat biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği olan 19.800 manatın və ödədiyi 400 manat dövlət rüsumunun, ümumilikdə 151.578,56 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2021-ci il ## ####### tarixli ** nömrəli podrat müqaviləsi bağlamış, “təmir dizayner tərtibatçı” olaraq fəaliyyət göstərməyə başlamış, sonradan 2022-ci il ## #### tarixli ** nömrəli podrat müqaviləsini bağlayaraq “xxxx” ASC-dən 40.000 manat pul götürməklə işinə davam etmişdir. 2022-ci ilin mart ayından öz vəsaiti hesabına işini qurmuş, işçilərinə vaxtında ödənişlər etmiş, may ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı obyektə baxış keçirmiş, aparılan işlərin müqaviləyə uyğun olduğu müəyyən olunmuş, yoxlamalardan sonra cavabdeh 2022-ci il ## ####### tarixdə ona 22.000 manat ödəmişdir. May ayından oktyabr ayınadək cavabdehə məxsus obyektdə astar kağız yapışdırılması, məcun, dekorativ künclərin boyanması, divarların boyanması, sıradan çıxmış dekorativ künclərin təmiri və yenisi ilə əvəz olunması, eləcə də digər müxtəlif təmir işləri görülmüşdür. Lakin Komitənin texniki nəzarətçisi Sabit adlı şəxs ölçüləri az yazmış, may ayında görülən işi dekabr ayında görülməmiş kimi qeyd edərək işi ölçüyə daxil etməmişdir. Sonradan cavabdehin əməkdaşı Asəf yenidən ölçüləri apararaq Komitəyə təhvil versə də, ölçülər dəyişdirilməmişdir. Iddiaçı görülmüş işlərin yenidən ölçülərək düzgün qaydada yazılmasını tələb etmişdir. Belə ki, iddiaçı həmin işlərin görülməsi üçün öz vəsaitindən ümumilikdə 161.557 manat pul xərcləmiş, bu məbləğin 82.084 manatı ona geri ödənilmiş, 79.473 manat isə ödənilməmiş qalmışdır. Iddiaçı qeyd etmişdir ki, cavabdeh ona üçüncü şəxs tərəfindən pul ödənilmədiyi üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilələrdə hər hansı üçüncü şəxs tərəfindən sifarişçiyə pulun ödənilməsindən sonra podratçının pulunun ödənilməsi kimi bir şərt nəzərdə tutulmamışdır.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, “Naxçıvançay vadisində abadlıq işləri” üzrə dövlət satınalma layihəsində podratçı kimi çıxış etmiş, həmin layihənin icrası məqsədilə iddiaçı ilə 2021-ci il ## ####### tarixli ** nömrəli və 2022-ci il ## #### tarixli ** nömrəli podrat müqavilələri bağlamışdır. ** nömrəli müqavilə üzrə işlər icra olunmuş, tərəflər arasında 2022-ci il ## ### tarixli “Forma-2” aktı tərtib edilmiş, həmin akta əsasən iddiaçı 2022-ci il ## ### tarixli elektron qaimə-faktura təqdim etmiş və 2022-ci il ## ### tarixdə 22.003,30 manat ödəniş edilmişdir. Beləliklə cavabdeh ** nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, bununla da, həmin müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı formada tam yerinə yetirildikdən sonra tərəflər arasında ** nömrəli müqavilə bağlanmışdır. ** nömrəli müqavilə üzrə işlər də icra edilmiş, tərəflər arasında 2022-ci il ## ####### tarixli “Forma-2” aktı tərtib olunmuş, həmin akta əsasən iddiaçı 2022-ci il ## ####### tarixli elektron qaimə-faktura təqdim etmiş və həmin tarixdə 60.092,75 manat ödəniş həyata keçirilmişdir. Lakin həmin müqavilədə öhdəliyin icra müddəti müəyyənləşdirildiyinə görə iddiaçı müddət başa çatanadək onun icrasını tələb edə bilməzdi. Iddiaçının ** nömrəli müqaviləyə əlavə etdiyi işlərin siyahısı isə müqavilənin tərkib hissəsi olmamış, iddiaçı tərəfindən birtərəfli qaydada müqaviləyə əlavə edilmişdir. Iddiaçının kredit üzrə faiz və cərimə tələbi də əsassızdır. Belə ki, “xxxx” ASC tərəfindən verilmiş 2023-cü il # ### tarixli *** nömrəli arayışdan iddiaçı ilə bank arasında kredit müqaviləsinin 2021-ci il ## #### tarixdə bağlandığı görünür. Bu tarix tərəflər arasında podrat müqavilələrinin bağlanmasından əvvəl olduğundan, həmin kreditin məhz mübahisəli müqavilələr üzrə işlərə sərf edildiyi sübut olunmur.

11. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ###### tarixli *** nömrəli ekspert rəyində göstərilmişdir ki, “Naxçıvançay vadisi” istirahət mərkəzinin daxili tikilərində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik qiymətləri 2023-cu ilin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 173.772,61 manat müəyyən edilir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ### tarixli *-**-**/*-**/*** nömrəli ekspert rəyində material və işçilik qiymətlərinin “mövcud orta bazar” qiymətlərinə uyğun olaraq hesablanması qeyd olunsa da, eyni ilə birinci ekspert rəyində göstərilmiş 2023-cü ilin orta bazar qiymətləri əsas götürülmüş, sadəcə “binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 m2 hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması” üzrə əlavə olaraq 20.764,1 manat hesablanmış, iddiaçı tərəfindən görülən işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194.653,71 manat məbləğində olması müəyyən edilmişdir (Qeyd: ilkin ekspertiza ilə təkrar ekspertiza arasında yaranmış fərqin səbəbi, təkrar ekspertiza zamanı ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərindən əlavə işlərin müəyyən edilməsi nəticəsində olmuşdur

13. Mütəxəssis Mütəxəssis isə məhkəmə iclasında “binder” işinin ayrıca bir iş kimi getmədiyini, onun boya işinin içində olmaqla boya vurulanda onun altından hökmən astar vurulmalı olduğunu göstərmişdir.

14. Iddiaçının özünün təqdim etdiyi analizdən də məlum olur ki, astar divar kağızının vurulmasına görə “binder” kleyi ayrıca deyil, görülən boya işinin tərkibində hesablanmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, *-**-**/*-**/****/**** nömrəli təkrar məhkəmə tikinti-texniki ekspertiza rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq hazırkı iş üzrə iddiada göstərilən “Naxçıvançay Vadisi” istirahət mərkəzinin daxili tikililərində iddiaçı İddiaçı tərəfindən təqribən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.mə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlandığı və 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin görüldüyü müəyyən edilmişdir. Naxçıvançay Vadisi istirahət mərkəzinin daxili tikilərində iddiaçı İddiaçı tərəfindən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanjn vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması, 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin material və işçilik qiymətləri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194.653,71 məbləğində olduğu müəyyən edilir

16. Eyni tarixli *-**-**/*-*/****/**** nömrəli məhkəmə-mühasibatlıq ekspertiza rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən yuxarıdakı rəydə göstərilən işlərin material və işçilik qiymətləri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən müəyyən edilən 194.653,71 manat məbləğdən iddiaçıya ödənilmiş 82.000,00 manat çıxıldıqdan sonra 112.653,71 (194653,71 – 82.000,00) manat məbləğində qalıq borc müəyyən olunur.

17. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 112.557,66 manat pulun tutulması, dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 328,46 manat məbləğində cavabdehdən dövlət büdcəsinə tutulması, mediasiya xərcinin 200 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, artıq ödənilmiş 62,91 manat dövlət rüsumunun iddiaçıya qaytarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il ## ####### tarixli ** nömrəli və 2022-ci il ## #### tarixli ** nömrəli podrat müqavilələrinin bağlanması, 2022-ci il ## ### tarixli ödəniş tapşırığına əsasən 22.003,30 manatın və 2022-ci il ## ####### tarixli ödəniş tapşırığına əsasən 60.092,75 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin tərəflər arasında mübahisəsiz halıdır.

19. Podratçı tərəfindən işlər görüldükdən sonra sifarişçi tərəfindən həmin işlərin ölçülərək təhvil alınmaması podratçı tərəfindən işlərin görülməsini inkar etmir. Hazırkı halda isə iddiaçı işlərin təhvil alınması üçün cavabdeh tərəfə müraciət etsə də, cavabdeh işləri təhvil almamış və akt tərtib etməmişdir. Bu isə müqavilədən irəli gələn öhdəliklərin sifarişçi olan cavabdeh tərəfindən pozulması deməkdir.

20. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş “Naxçıvançay vadisi” istirahət mərkəzində görülən işlər barədə cədvəlləri birtərəfli qaydada tərtib edilmiş sənədlər hesab edərək mötəbər sübut kimi qəbul etməmişdir.

21. Məhkəmə 2025-ci il ## ###### tarixli *-**-**/*-**/****/**** nömrəli tikinti-texniki ekspert rəyinin və *-**-**/*-*/****/**** nömrəli mühasibatlıq ekspert rəyinin nəticələri ilə qismən razılaşaraq qeyd etmişdir ki, işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194.653,71 manat olduğu, bu məbləğdən iddiaçıya ödənilmiş 82.096,05 manat çıxıldıqdan sonra 112.557,66 manat borcun qaldığı müəyyən edilir.

22. Məhkəmə iddiaçının podrat müqaviləsi üzrə işlərin görülməsi üçün bankdan kredit götürməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə “xxxx” ASC arasında kredit müqaviləsi 2021-ci il ## #### tarixdə, yəni 2021-ci il ## ####### tarixli ** nömrəli podrat müqaviləsindən əvvəl bağlanmışdır. Həmin kreditin mübahisəli podrat münasibətləri üçün xərcləndiyini təsdiq edən sübut təqdim olunmadığından, 19.800 manat faiz və cərimə tələbi təmin edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 14.1, 14.2, 14.2.1, 385.1, 386.1, 442, 448.1, 752.1, 753.1 və 760.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 102.2, 107, 108.1, 108.1.1, 108.2, 112.1, 112.1.1, 115.0, 115.0.1, 119.1, 217.5, 218.1 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

24. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

25. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26.

27. Həmin məktuba əlavə olunmuş sifarişçi Komitə və cavabdeh arasında "Naxçıvançay vadisində abadlıq işləri" üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbulu barədə *** nömrəli “Forma-2” aktında qeyd olunur ki, (8% plan yığımı və 18% ƏDV-siz) görülən işlər üzrə ödəniləcək məbləğ 47.178,35 manat təşkil edir.

28. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 112.557,66 manat məbləğində pul alınıb iddiaçıya verilməsi hissəsində qismən ləğv olunmuş, yeni qətnamə ilə cavabdehdən 47.178,35 manat alınıb iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən Səxavət Bəylərli, hakimlər Sənan Qarayev və Vera Kuimova).

29. Məhkəmə kollegiyası bildirmişdir ki, “Naxçıvançay vadisi” istirahət mərkəzi üzrə sifarişçi təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı cavabdeh, subpodratçı isə Komitənin Naxçıvan Şəhər Idarəsi olmuşdur. Tikinti işləri müqavilə, layihə-smeta, ekspertiza və digər zəruri sənədlər olmadan həyata keçirilmiş, “Naxçıvançay vadisində abadlıq işləri” adı altında faktiki olaraq özəl obyekt – “Naxçıvançay vadisi” X4 inşa edilmişdir.

30. Iddiaçı isə cavabdeh tərəfindən işlərin görülməsi üçün cəlb olunsa da, tərəflər arasında subpodrat deyil, podrat müqavilələri bağlanmışdır. Müqavilələrdə işlərin növü göstərilsə də, işlərin həcmi, smeta və istifadə ediləcək materiallar razılaşdırılmamışdır.

31. Iş materiallarında olan “Forma-2” aktları iş üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir. ##.##.2022-ci il tarixli ** nömrəli və ##.##.2022-ci il tarixli ** nömrəli “Forma-2” aktları üzrə iddiaçıya müvafiq olaraq 22.003,30 manat və 60.092,75 manat ödənilmişdir. Apellyasiya baxışı zamanı təqdim olunmuş *** nömrəli “Forma-2” aktında isə 47.178,35 manat məbləğ müəyyən edilmiş, lakin həmin məbləğ ödənilməmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əldə etdiyi ekspert rəylərinə münasibətdə qeyd etmişdir ki, ekspert rəylərində “Forma-2” aktlarındakı qiymətlər deyil, 2023-cü ilin orta bazar qiymətləri əsas götürülmüş, sonrakı ekspert rəyi isə əvvəlki ekspert rəyinin faktiki olaraq təkrarı olmuşdur. Həmçinin ekspertizalar əsasən iddiaçının təqdim etdiyi məlumatlar əsasında aparılmış, cavabdehin iştirak və etirazları nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəylərini elmi əsaslı və obyektiv hesab etməmiş, onları mötəbər sübut kimi qəbul etməmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müqavilələrdən əlavə işlər gördüyünü bildirsə də, bunu təsdiq edən yazılı sübut təqdim etməmişdir. Tamamlanmamış işlərin qəbulu və onlara görə muzd ödənilməsi tələbinin isə qanuni əsası mövcud deyil. Bundan başqa iddiaçı qəbul edilməyən işlərin həcmini və dəyərini təsdiq edən sənədləri, əlavə işlərin cavabdehin sifarişi ilə görüldüyünü və həmin işlərin tamamlandığını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası bu baxımdan sübutetmə yükünün iddiaçının üzərində olduğunu vurğulamışdır.

34. Məhkəmə kollegiyası “binder” kley məhlulu ilə astarlanma məsələsi üzrə mütəxəssis Mütəxəssis məsləhətinə istinad etmiş, “binder” işinin ayrıca iş kimi qəbul edilmədiyini, boya işinin tərkibində olduğunu, boyanın altından vurulan astar funksiyası daşıdığını nəzərə almışdır.

35. Apellyasiya məhkəməsi iddiaçının kredit üzrə faiz və cərimə tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi 2021-ci il ## #### tarixdə bağlanmış, iddiaçının həmin krediti sonradan mübahisəli podrat işləri üçün istifadə etməsi isə sübut olunmamışdır.

36. Apellyasiya məhkəməsi iddiaçının özü tərəfindən tərtib olunmuş cədvəllərdə müxtəlif vaxtlarda borc məbləğini 79.473 manat, 99.232 manat və 131.378,56 manat kimi göstərməsini həmin cədvəllərin iddiaçının mövqeyini ifadə edən birtərəfli sənədlər olması kimi qiymətləndirmiş və onları mötəbər sübut kimi qəbul etməmişdir.

37. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

III. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 752.1, 753.1, 760.2-ci maddələri üzrə - iddiaçı podrat müqaviləsinin podratçı qismində tərəfi olaraq şərtləşdirilmiş işi yerinə yetirmiş, lakin sifarişçi görülmüş işlərin haqqını ödəməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə sifarişçinin görülmüş işlərin haqqını ödəməməsinə faktiki olaraq haqq qazandırmışdır. Apellyasiya məhkəməsi “Forma-2” aktlarından tərəflərin iş həcminə daxil olan işlərə görə ödənilən muzdun miqdarı barədə həmin sənədlərdə göstərilən məbləğlər üzrə razılaşdıqları qənaətinə gəlsə də, əslində iddiaçı yalnız qiymətlərlə razılaşmış, işin həcmi barədə tərəflərin qabaqcadan razılaşması olmamışdır. Cavabdeh onun iştirakı olmadan 2022-ci ilin dekabr ayına aid *** nömrəli “Forma-2” sənədini tərtib etməklə görülmüş işlərin həcmini əhəmiyyətli şəkildə azaltmışdır. Apellyasiya məhkəməsi həmçinin sübutetmə yükünü də düzgün müəyyən etməmişdir. Həmçinin “binder” kley məhlulu ilə astarlanma məsələsinə münasibətdə də apellyasiya məhkəməsi səhvə yol vermişdir. Apellyasiya məhkəməsi mütəxəssis Mütəxəssis şifahi məsləhətinə ekspert rəyi kimi qiymət vermişdir. Apellyasiya məhkəməsi tamamlanmamış işlərlə bağlı nəticəyə gələrkən işlərin dayanmasının cavabdehin təqsiri ucbatından baş verdiyini də nəzərə almamışdır. Belə ki, cavabdeh görülmüş işləri qəbul edib dəyərini ödəmədiyindən iddiaçının maddi vəsaiti qalmamış, bu səbəbdən qalan işləri davam etdirmək mümkün olmamışdır. “xxxx” ASC ilə kredit xətti müqaviləsi 2021-ci il ## #### tarixdə bağlanmış olsa da, həmin kredit xətti üzrə müxtəlif vaxtlarda, o cümlədən 2022-ci il ## ####### tarixdə 16.750 manat, 2022-ci il # ###### tarixdə 9.555 manat və 2023-cü il # #### tarixdə 15.255 manat pul vəsaiti götürülmüş, həmin vəsaitlər mübahisəli tikinti işlərinin xərclərinə sərf olunmuşdur.

39. MPM-in 75.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi cavabdehin istinad etdiyi halların sübut edilməsini cavabdehdən tələb etməli olduğu halda, həmin yükü iddiaçının üzərinə qoymuşdur.

40. MPM-in 88, 102 və 103-cü maddələri üzrə - apellyasiya məhkəməsi sonuncu ekspert rəyi ilə razılaşmadığı təqdirdə təkrar ekspertiza təyin etməli olduğu halda sadəcə həmin ekspert rəyi ilə razılaşmadığını bildirməklə kifayətlənmişdir.

41. MPM-in 265.4-cü maddəsi üzrə - apellyasiya məhkəməsi iş materialları əsasında dövlət orqanlarının dövlət büdcəsi vəsaiti hesabına özəl obyektdə təmir-tikinti işləri gördürdüyünü müəyyən etdiyi halda, bu barədə xüsusi qərardad qəbul edib prokurora məlumat verməli idi.

b) Kassasiya şikayətinə qarşı etiraz

42. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

IV. Kassasiya baxışının hədləri

43. Iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirmişdir.

44. MPM-in 403 və 416-cı maddələrinə əsasən kassasiya baxışının hədləri kassasiya şikayətinin dəlilləri ilə məhdudlaşır.

45. Kassasiya instansiyası məhkəməsi iş üzrə faktları yenidən araşdırmır, sübutların mötəbərliyini və üstünlüyünü yenidən müəyyən etmir, lakin apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlayır.

46. Kassasiya instansiyası faktları yenidən araşdırmır, lakin apellyasiya məhkəməsinin hüquqi qiymətləndirməsinin düzgünlüyünü yoxlamaq üçün iş üzrə müəyyən edilmiş faktiki hallara istinad edə bilər.

V. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 385. Öhdəlik anlayışı “385.1. Öhdəliyə əsasən bir şəxs, borclu başqa şəxsin, kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. …”

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

“Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 1.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 2.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

VI. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kassasiya baxışının hədləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları təqdim olunmuş sübutlar əsasında araşdırmış, həmin sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun əsaslandırmışdır.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsinin sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla prosessual pozuntuya yol verməsi barədə kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Iddiaçı müqavilələr və rəsmiləşdirilmiş “Forma-2” aktları üzrə ödənilmiş məbləğlərdən əlavə muzd tələb etdiyindən, həmin tələbin əsasını təşkil edən əlavə işlərin cavabdehin sifarişi ilə görülməsi, onların həcmi, tamamlanması və dəyəri barədə halları sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz həmin hallara istinad edən iddiaçının üzərinə düşür.

51. Bununla yanaşı, apellyasiya məhkəməsi cavabdehin etirazlarını avtomatik olaraq sübuta yetirilmiş hal kimi qəbul etməmiş, tərəflərin təqdim etdikləri sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş, eyni zamanda, iddiaçının əlavə işlər barədə təqdim etdiyi sənədlərin birtərəfli qaydada tərtib olunduğunu, əlavə işlərin cavabdehin sifarişi ilə yerinə yetirildiyini və onların tamamlandığını təsdiq edən digər mötəbər yazılı sübutların təqdim edilmədiyini müəyyən etmişdir. Kassasiya instansiyası məhkəməsi isə MPM-in 416-cı maddəsinə əsasən iş üzrə sübutları yenidən qiymətləndirməklə görülmüş işlərin faktikihəcmini yenidən müəyyən etmək səlahiyyətinə malik deyildir. Apellyasiya məhkəməsi həmin sənədi işdə olan digər sübutlarla birlikdə qiymətləndirmiş və iddiaçının əlavə tələbini təsdiq edən sübutların yetərli olmadığı nəticəsinə gəlmişdir. Kassasiya şikayətində isə bu qiymətləndirmənin prosessual qanunun tələblərinə zidd aparıldığını təsdiq edən hal göstərilməmişdir.

52. Bundan başqa, apellyasiya məhkəməsinin ekspert rəyi ilə razılaşmadığı üçün mütləq təkrar ekspertiza təyin etməli olması barədə kassasiya şikayətinin dəlili də əsaslı sayıla bilməz. Ekspertiza rəyi məhkəmə üçün məcburi olmadığından, işdə olan digər sübutlar mübahisənin həlli üçün kifayət etdiyi halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması özlüyündə yeni və ya təkrar ekspertizanın təyin edilməsini zəruri etmir. Təkrar ekspertiza keçirilmədən işin həllinin mümkünsüz olduğunu göstərən əsaslar isə kassasiya şikayətində əsaslandırılmamışdır.

53. Apellyasiya məhkəməsi həmçinin mütəxəssis izahatını iş üzrə sübutlardan biri kimi nəzərə almış (bax §34), “binder” işinin ayrıca iş deyil, boya işinin tərkibində görülən astarlama işi olması barədə məlumatı digər sübutlarla birlikdə qiymətləndirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçının özünün təqdim etdiyi analizdə də “binder” kleyi ayrıca iş kimi deyil, görülən boya işinin tərkibində hesablanmışdır (bax §14).

54. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçı tərəfindən kredit xətti üzrə ayrı-ayrı məbləğlərin podrat müqavilələri bağlandıqdan sonra götürülməsi özlüyündə həmin vəsaitlərin məhz mübahisəli podrat işlərinin görülməsinə sərf edildiyini təsdiq etmir. Iddiaçı həmin kredit vəsaitlərinin konkret olaraq cavabdehin sifarişi üzrə görülən işlərə yönəldildiyini və tələb etdiyi faiz və cərimə məbləği ilə cavabdehin öhdəliyini pozması arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar iddiaçının qəbul edilməyən işlərin həcmini və dəyərini, həmin işlərin cavabdehin sifarişi əsasında görüldüyünü və tamamlandığını sübut edə bilmədiyini göstərir. Faktların və sübutların fərqli qaydada qiymətləndirilməsi isə prosessual qanunvericiliyin tələbləri baxımından kassasiya baxışının hədlərindən kənardır.

55. MPM-in 265.4-cü maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlili də qətnamənin ləğvinə səbəb ola bilməz. Belə ki, kassasiya şikayətində göstərilən məsələ ilə bağlı xüsusi qərardadın çıxarılıb-çıxarılmaması tərəflər arasındakı podrat münasibətlərindən irəli gələn pul tələbinin maddi-hüquqi əsaslarının yenidən müəyyən edilməsinə təsir göstərmir.

56. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinə tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmiş, sübutetmə yükünü mübahisənin xarakterinə uyğun bölüşdürmüş, işdə olan sübutları MPMin 88-ci maddəsinin tələblərinə uyğun olaraq məcmu və qarşılıqlı əlaqədə qiymətləndirmiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar