Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-253/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxs adından çıxış edən şəxsin vurduğu ziyan, sübutetmə, iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı Iddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh aylıq əmək haqqı 960 manat olmaqla direktor vəzifəsinə işə götürülmüşdür.
2. Əmək müqaviləsinə 2022-ci il ## #### tarixli Əlavəyə əsasən, Cavabdeh aylıq əmək haqqı 970 manat, əmək müqaviləsinə 2022-ci il ## ####### tarixli Əlavəyə əsasən 1.320 manat, əmək müqaviləsinə 2023-cü il # #### tarixli Əlavəyə əsasən 1.700 manat müəyyən edilmişdir.
3. Iddiaçı ASC-nin direktoru Cavabdeh ilə X1 arasında bağlanmış 2022-ci il # ###### tarixli ** №-li əmək müqaviləsinə əsasən, Nicat Məmmədov aylıq əmək haqqı 820 manat olmaqla direktor müavini vəzifəsinə işə götürülmüşdür.
4. Əmək müqaviləsinə 2023-cü il # ####### tarixli Əlavəyə əsasən, X1 aylıq əmək haqqı 1.550 manat müəyyən edilmişdir.
5. Əmək müqaviləsinə 2022-ci il ## #### tarixli Əlavəyə əsasən, X1 aylıq əmək haqqı 830 manat, əmək müqaviləsinə 2022-ci il ## ####### tarixli Əlavəyə əsasən 1.060 manat müəyyən edilmiş, əmək müqaviləsinə 2023-cü il # #### tarixli Əlavəyə əsasən 1.500 manat müəyyən edilmiş, əmək müqaviləsinə 2023-cü il # ####### tarixli Əlavəyə əsasən 1.550 manat müəyyən edilmişdir.
6. Iddiaçı ASC-nin direktoru Cavabdeh ilə X3 arasında bağlanmış 2022-ci il # ######## tarixli **/**** №-li əmək müqaviləsinə əsasən, Hüseynəli Əliyev aylıq əmək haqqı 810 manat olmaqla baş mühasib vəzifəsinə işə götürülmüşdür.
7. Əmək müqaviləsinə 2022-ci il ## ####### tarixli * №-li Əlavəyə əsasən, X3 aylıq əmək haqqı 1.040 manat, əmək müqaviləsinə 2023-cü il # #### tarixli * №-li Əlavəyə əsasən 1470 manat müəyyən edilmiş, əmək müqaviləsinə 2023-cü il # ####### tarixli * №-li Əlavəyə əsasən 1.500 manat müəyyən edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı Iddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.990 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 2.000 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 72 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının direktoru hazırki iş üzrə cavabdeh fəaliyyət göstərdiyi dövrdə qanunsuz və əsassız olaraq iddiaçı ilə arasında imzalanmış 2021-ci il ## ###### tarixli, №**A/**** nömrəli əmək müqaviləsi üzrə öz əmək haqqını Ümumi Yığıncağın müvafiq qərarları olmadan əmək müqaviləsinə 2022-ci il ## #### tarixli Əlavə ilə 960 manatdan 970 manata, əmək müqaviləsinə 2022-ci il ## ####### tarixli Əlavə ilə 970 manatdan 1.320 manata, əmək müqaviləsinə 2023-cü il # #### tarixli Əlavə ilə 1.320 manatdan 1.700 manata dəyişdirmişdir. Qeyd edilən əmək haqqı artımlarının ümumi məbləği 7.010 manat təşkil etmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən cəmiyyətdə direktor müavini olmuş X1 ƏMAS sistemində bir sıra səlahiyyətlər verilmişdir ki, bu səlahiyyətlərin ona verilməsini təsdiq edən hər hansı qərar və ya əmr aşkar olunmamışdır. Halbuki direktor müavininə əlavə səlahiyyətlərin verilməsi barədə ya ümumi yığıncağın birbaşa öz qərarı olmalı, yaxud da bu səlahiyyətlərin direktor müavininə ötürülməsi səlahiyyətinin direktora verilməsi barədə ümumi yığıncağın müvafiq qərarı olmalıdır. Nəticədə cəmiyyətdə direktor müavini olmuş X1 direktorun əmri olmadan özünə əmək haqqı artımı etmiş, 2022-ci il # ###### tarixli əmək müqaviləsinə 2023-cü il # ####### tarixli Əlavə ilə 1.500 manatdan 1.550 manata dəyişdirilmiş, bununla da X1 ümumilikdə 400 manat əlavə əmək haqqı ödənilmişdir. Eyni zamanda, X1 1.550 manat əsassız müavinət ödənişi edilmişdir. Həmçinin cavabdehin fəaliyyət göstərdiyi dövrdə iddiaçının baş mühasibi olmuş X3 işə qəbulu barədə, 2022-ci il ## ####### tarixində əmək haqqının artırılaraq 1.040 manat olması barədə, 2023-cü il # #### tarixində əmək haqqının artırılaraq 1.470 manat olması barədə və 2023-cü il # ####### tarixində əmək haqqının artırılaraq 1.500 manat olması barədə əmrlər mövcud olmadan ümumilikdə 3.530 manat əlavə əmək haqqı ödənilmişdir. Bundan başqa, əsassız olaraq 1.500 manat əsassız müavinət ödənişi edilmişdir. Göründüyü kimi, cavabdeh direktor kimi fəaliyyət göstərdiyi dövrdə əsassız olaraq həm özü üçün, həm də direktor müavini kimi fəaliyyət göstərən X1 və baş mühasib kimi fəaliyyət göstərən X3 üçün əlavə əmək haqqı ödəmiş, nəticədə iddiaçıya ümumilikdə 13.990 manat ziyan dəymişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).
11. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh direktor olduğu dövrdə özünün və baş mühasib kimi X3, direktor müavini X1 aylıq əmək haqları əlavələrə əsasən artırılmışdır. Iddiaçı bildirmişdir ki, əmək haqqlarına o cür artımların edilməsi əsassız olmuşdur, lakin məhkəmə araşdırılması zamanı bunu əsaslandıra bilməmişdir. Digər tərəfdən əmək haqqı artımların məbləğinə baxıldıqda kəskin artımların edilməsi müşahidə edilməmişdir (artımlar 10 manat, 300-400 manat arası dəyişmişdir). Həmçinin, iddiaçı həmin dövrdə şirkətin zərərlə işləməsini sübuta yetirə bilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxs adından çıxış edən şəxsin (hazırki iş üzrə cavabdeh) mülki məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 49.4-cü maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri müəyyən edilmədiyi və iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz.
13. Məhkəmə mövqeyini MM-in 21.1, 49.3, 49.4, 49.4.1, 49.4.2, 49.4.3, 49.4.4, 49.4.5, 49.4.6, 49.5, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).
16. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh həqiqətən də iddiaçının direktor olmuş, direktor kimi fəaliyyət göstərdiyi dövrdə əmək haqqına artımlar edilmiş, eyni zamanda iddiaçını təmsilən onunla X1 və X3 ilə əmək müqavilələri bağlanaraq adı çəkilən şəxslər işə qəbul olunmuş, sonradan onların da əmək haqqlarına artımlar həyata keçirilmişdir. Lakın iddiaçı, cavabdehin qeyd olunan fəaliyyətinin Ümumi Yığıncağın müvafiq qərarları əsasında həyata keçirilməli olduğunu, eləcə də bu fəaliyyətin MM-in 49.4-cü maddəsində göstərilən nəticələrə səbəb olması barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin qüvvədə olmuş nizamnaməsi ilə, cəmiyyətin adından bütün növ əqdlər bağlamaq (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), işçiləri işə qəbul edib işdən azad etmək, işçilərə həvəsləndirmə tədbirləri tətbiq etmək direktorun səlahiyyətində olmuşdur. X1 və X3 ödənilmiş pul vəsaitlərinə münasibətdə, cavabdeh iddia tələbinə cavab verməli olan şəxs hesab oluna bilməz, çünkü əgər adı çəkilən şəxslər əsassız şəkildə qazanc əldə etmişlərsə, həmin qazanc əsassız varlanma müddəalarına istinadən məhz onlardan tələb olunmalıdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1-21.3, 49.3-49.5, 107.1, 107.2, 107.4, 1091.1, 1091.2 və 1092.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 194 və 199-cu, MPM-in 14.2, 54.1, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsi, MM-nin 21, 49.3, 49.4.5, 49.5 və 107-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82, 191, 194 və 199-cu maddələri üzrə - cavabdeh iddiaçının sabiq direktor kimi fəaliyyət göstərdiyi müddətdə, qanunvericiliyin tələblərini pozaraq və Ümumi Yığıncağın müvafiq qərarları olmadan öz əmək haqqını artırmışdır. Eyni zamanda, o, cəmiyyətdə direktor müavini vəzifəsində çalışan X1 ƏMAS sistemində müəyyən səlahiyyətlər vermiş, bunun nəticəsində həmin şəxs direktorun müvafiq əmri olmadan öz əmək haqqını artırmış və ona 1.550 manat məbləğində əsassız müavinət ödənilmişdir. Bundan əlavə, iddiaçının baş mühasibi olmuş X2 işə qəbulu və əmək haqqının artırılması ilə bağlı hər hansı rəsmi əmrlər mövcud olmadan, ona ümumilikdə 3.530 manat məbləğində əlavə əmək haqqı və müavinət verilmişdir. Göstərilən qanunsuz və əsassız ödənişlər nəticəsində iddiaçıya ümumilikdə 13.990 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh öz əmək haqqını öz qərarı ilə artırmış, digər vəzifəli şəxslərə əsassız ödənişlər etmişdir. Bu isə açıq-aşkar maraqlar toqquşması və vəzifə səlahiyyətlərindən sui istifadədir. Cəmiyyətin Nizamnaməsinə əsasən, direktor əmək münasibətlərini tənzimləyə bilər. Lakin bu, öz əmək haqqını artırmaq hüququ vermir. Xüsusilə, direktorun özünə münasibətdə qərar qəbul etməsi yalnız ümumi yığıncağın səlahiyyətinə daxildir. Məhkəmə bu hüquqi məqamı nəzərə almamışdır. Göründüyü kimi, məhkəmələrin çıxardığı qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli olan halların tam və hərtərəfli araşdırılmaması nəticəsində qəbul edilmişdir.
20. MPM-in 9, 77, 88 və 217-ci maddələri üzrə - məhkəmə qərar qəbul edərkən iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdırmaq və onlara hüquqi qiymət vermək vəzifəsini daşıyır. Lakin apellyasiya instansiya məhkəməsi bu vəzifəni icra etməmiş, iş materiallarında təsbit edilmiş haları formal şəkildə nəzərdən keçirməklə kifayətlənmişdir. Eyni zamanda məhkəmə iş üzrə sübutların qiymətləndirilməsində birtərəfli yanaşmış, beləliklə ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. Məhkəmələr əmrlərin olmamasına, səlahiyyətlərin verilməməsinə, ödənişlərin hüquqi əsasının olmamasına düzgün hüquqi qiymət verməmişdir. Keçmiş direktor iş üzrə cavabdeh işə götürənə vurduğu zərərə görə məsuliyyət daşıyır. Apellyasiya məhkəməsi birinci instansiyanın səhvlərini aradan qaldırmamış, işin hallarını yenidən tam araşdırmamış, hüquqi qiymətləndirməni təkrarlamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
“Maddə 49. Hüquqi şəxsin orqanları 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.”
“Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 107.2. Bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 26.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 27.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 28.Belə ki, kassasiya şikayətinin əsas dəlili cavabdehin cəmiyyətin ümumi yığıncağının qərarı olmadan öz əmək haqqını artırması, digər işçilərə əmək haqqı və müavinətlərin ödənilməsinə şərait yaratması nəticəsində hüquqi şəxsə zərər vurması ilə bağlıdır. 29.Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin direktor kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş cəmiyyətin nizamnaməsinə əsasən işçilərin işə qəbulu, onların əmək münasibətlərinin tənzimlənməsi və həvəsləndirmə tədbirlərinin tətbiqi direktorun səlahiyyətlərinə aid edilmişdir. Həmçinin iddiaçı cavabdehin həmin səlahiyyətləri aşmasını, yaxud onun davranışının MM-in 49.4-cü maddəsində sadalanan məsuliyyət əsaslarından hər hansı birini yaratmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. 30.Kassasiya şikayətində MM-in 49.4.5-ci maddəsinə istinad edilməsinə baxmayaraq, həmin normanın tətbiqi üçün hüquqi şəxsin əmlakının özü və ya digər şəxslər üçün maddi və ya qeyri-maddi nemətlər əldə etmək məqsədilə mənimsənilməsi və ya israf edilməsi faktı sübuta yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materialları ilə həmin hal təsdiq olunmur. 31.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 32.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 33.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 34.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 35.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 36.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 37.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 38.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.