Məhkəmə qərarları › İş №2-2(1-8)-261/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-261/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-261/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 27 yanvar tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Azərbaycan Respublikası Sərhəd Xidmətinin 2025-ci il ## ###### tarixli *-**-****- ******* nömrəli məktubundan görünür ki, Cavabdeh 2019-cu il ## #### tarixində Azərbaycan Respublikasının dövlət sərhədindən daxil olmuş, 2021-ci il # ####### tarixində ölkəni tərk etmiş, 2022-ci il # ###### tarixində yenidən Azərbaycan Respublikasına gəlmişdir.

2. İddiaçı tərəfindən 2023-cü il # ####### tarixində öz şəxsi telefonundan istifadə etməklə Cavabdeh qeydə alınmış söhbəti və səs yazılarında cavabdeh qeyd etmişdir ki, “qoyunun pulu 7.700 manat etmiş, 700 manatını həmin həftə, 1.000 manatını bir qaytarmışam, qoyunun pulundan başqa bizim aramızda 9.000 manat pul vardır, 9.000 manatdan heç nə qaytarmamışam, 4.400 manatını mən almışam, 4.600 manatını Gülağa almışdır. İddiaçı qeyd etmişdir ki, “qardaşın Gülağaya pulu sən demisən, mən də vermişəm”. Cavabdeh bildirmişdir ki, “mən demişəm sən də vermisən, qardaşım dedi Fuadda heyvan var, gəl onu alaq, heyvanı aldıq, 1 başı öldü, 7.700 manat idi, bir həftə sonra verildi, 1.000 manatı da sonra verdim sənə”. Cavabdeh bildirmişdir ki, “mənim sənə borcum 9.000 manat əvvəlki borc, 6.000 manat heyvanın pulu, cəmi 15.000 manat borcdur”.

3. Iş materiallarındakı diskdə olan digər səs yazısında Cavabdeh bildirmişdir ki, “mən pulu 2021-ci ilin axırları payızı, yəni dekabr ayı götürmüşəm, yüz faiz, borcumu danmıram”. İddiaçı bildirmişdir ki, “9.000 manat kredit götürdüm, dedin ki, mən ödəyəcəm, sən də ödəmədin, 950 manat ödəmisən.” Eyni zamanda, səs yazılarında Cavabdeh qeyd etmişdir ki, “İddiaçı tərəfindən təqdim edilmiş bank ödəniş cədvəli üzrə 105 manat, 108 manat və digər rəqəmlərlə ifadə olunan məbləği 4 dəfə mən ödəmişəm, 1 aylıq ödənişini sən ödəmisən, indi isə sənə göndərmişəm, 170, 150, 200 manat. Həmin pulu mənə vermisən, pulu tam verə bilmirəm”.

4. 2024-cü il ## ### tarixində poçt vasitəsilə İddiaçı 172 manat, 2024-cü il # #### tarixli pul köçürmə vasitəsilə 150 manat, 2024-cü il ## #### tarixli “birbank qəbzi” ilə 200 manat məbləğində ödənişlər olmuşdur (qəbzlər).

5. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2023-cü il # ####### tarixli ********- ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, İddiaçı tərəfindən 2023-cü il # ###### tarixindən başlayaraq 8.998,52 manat kredit borcu üzrə 101,48 manat məbləğdən başlamaqla ödəniş edilməli idi. İddiaçı qeyd olunan cədvəli təqdim edərək bildirmişdir ki, borcun qaytarılmadığına görə tərəfindən bankdan kredit götürülmüş, həmin məbləğ üzrə aylıq ödənişləri 2023-cü il # ###### tarixindən başlayaraq Cavabdeh ödəmiş, 4 dəfə ödənildikdən sonra isə ödəməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.043 manat pul və ödənilmiş dövlət rüsumuna görə 132 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə yaxın dost münasibətləri olmuş, buna əsasən cavabdeh təxminən 2021-ci ilin dekabr ayında ona müraciət edərək borc pul verməsini xahiş etmişdir. Ilkin olaraq cavabdehə 2.000 manat pul verilmişdir. Sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək biznes fəaliyyəti üçün ona yenə borc pul verməyi xahiş etmişdir. Buna əsasən cavabdehə 9.000 manat borc pul verilmişdir. Sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus xırda buynuzlu heyvanları nisyə olaraq 7.700 manat vəsaitə almış, bununla da cavabdehin ümumilikdə 16.600 manat borcu yaranmışdır. Cavabdehdən borcun ödənilməsi xahiş edilmiş, sonuncu 16.600 manat borcundan ümumilikdə 2.557 manat pulu hissə-hissə ödəmişdir. Hazırda cavabdehin 14.043 manat borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etsə də, lakin maddi imkanının zəif olması səbəbi ilə borcunu ödəməkdən imtina etmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – M.Hüseynov).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc və alqı-satqı münasibətləri yaranmış, müvafiq şifahi formada müqavilələr bağlanmış, müəyyən məbləğlərdə iddiaçı tərəfindən cavabdehə borc verilmiş, heyvan satılmış, borc məbləğindən qismən geri qaytarılsa da, tam qaytarılmamışdır. Işin mübahisələndirilən hallarına iddiaçı tərəfindən borcun yalnız cavabdehə deyil, cavabdehin qardaşına da verilməsi və digər xüsusatlar daxildir.

10. Iş üzrə cavabdehin sərbəst formada iddiaçıya göndərdiyi səs yazıları, o cümlədən iddiaçı tərəfindən bilərəkdən cavabdehin danışığının qeyd alınması ilə bağlı səs yazıları tərəflərin etiraz etməmələri və onların təkidi əsasında məhkəmə iclasında dinlənilmişdir. Cavabdeh tərəf səs yazılarını dinlədikdən sonra qeyd edilən yazıların qarşı tərəfin xəbəri olmadan aparıldığından qanunsuz hesab edilməsini və sübut olaraq nəzərə alınmamasını bildirmişdir. Məhkəmə iclasında cavabdeh tərəfdən hər hansı bir təzyiq və ya fiziki zor tətbiq edilməsi nəticəsində danışığının qeydə alınması ilə bağlı soruşulmuş və cavabdeh səs yazıları zamanı iddiaçı tərəfindən hər hansı bir qeyri-qanuni təsirlərə məruz qalmadığını bildirmişdir.

11. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından səs yazılarının hər iki şəxsin arasında olan mübahisənin obyektiv qiymətləndirilməsi üçün hər hansı bir təzyiq və hədə-qorxu olmadan sərbəst formada aparılan söhbətin səs yazısı olduğundan, məhkəmə həmin səs yazısını qanunsuz sübut olaraq qiymətləndirməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

12. Tərəflər arasında hazırkı münasibət sahibkarlıq fəaliyyəti ilə bağlı olmuş, borc və alqı-satqı müqavilələrindən yaranmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə bilavasitə özü tərəfindən və ya cavabdehin özünün xahişi ilə qardaşı Gülağa vasitəsilə göndərilməklə borc pul verilmişdir. Bundan əlavə 7.700 manat məbləğində xırdabuynuzlu mal-qara alqı-satqısı da cavabdehin qardaşı Gülağanın xahişi ilə cavabdehlə iddiaçı arasında bağlanmış və həmin malları cavabdehə görə iddiaçı cavabdehə nisyə satmışdır. Eyni zamanda, tərəflər arasında aparılmış danışıqlarda cavabdeh etiraf etmişdir ki, iddiaçıya borcu 4.600 manat borcu qardaşı vasitəsilə, 4.400 manat borcu isə özü bilavasitə almış, 7.700 manat isə iddiaçıdan aldığı heyvanların dəyəri olaraq borcu qalmışdır.

13. Borc müqaviləsinin bağlanması vaxtı ilə bağlı iddiaçı qeyd etmişdir ki, 2021-ci ilin dekabrında cavabdehə borc verdiyini bildirmiş, cavabdeh isə 2020-ci ilin payızında borc aldığını bildirmişdir. Cavabdehin səs yazılarında borcun 2020-ci ildə yeni qurduğu evə köçdüyünü, həmin ilin qış fəslindən sonra qəssabxana aldıqlarını, 2021-ci ilin payızında borcu aldığını bildirmişdir. Düzdür sərhədkeçmə məlumatlarında cavabdehin 2021-ci ilin # ####### tarixində ölkədən çıxışı barədə qeydiyyat mövcuddur. Buna baxmayaraq 2021-ci ilin payızında, yəni 4 oktyabr tarixinə kimi borcun alınması tərəflərin izahat və sübutlarına uyğun gəlmişdir. Bu halla bağlı borcun alınma tarixinin hansı aya düşməsi ilə bağlı iddiaçı tərəf cavabdehin səs yazılarına əsasən iddiasını irəli sürsə də, cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə verməsi səbəbindən müqavilənin bağlanma anının 2020-ci ilin dekabr ayına aid etməklə 3 illik müddətin tətbiq edilməsinə nail olmaq məqsədini daşımışdır.

14. Lakin işin faktiki halları və tərəflərin arasında münasibətlərin normal olduğu sərbəst vaxtı danışıqlarından müəyyən edilmişdir ki, borcla bağlı münasibət 2021-ci ilin payızında tərəflər arasında yaranmışdır. Qeyd olunan borcdan sonra 1 və ya 2 ay sonra tərəflər arasında heyvanların alqı-satqı münasibəti baş vermiş, bir həftə sonra cavabdeh tərəfindən 700 manat, bir müddət sonra isə 1.000 manat qaytarılmışdır. Iddiaçının satdığı heyvanların dəyərindən 6.000 manat, borc müqaviləsi əsasında verilən borcdan isə 9.000 manat borc qalmışdır. Tərəflərin məhkəmə iclaslarında etiraf etdikləri sübutlar əsasında isə 957 manat həmin borcdan ödəniş edilmişdir. Cavabdeh tərəfindən borc ödənilmədiyi təqdirdə cavabdeh tərəfindən ödənilmək şərti ilə tərəflər razılaşmış ki, iddiaçı adına kredit götürsün. 2023-cü il # ####### tarixli iddiaçı ilə “xxxx” ASC arasında kredit müqaviləsi əsasında 9.000 manat kredit götürülmüş, həmin kreditin ilk 4 ayını cavabdeh aylıq ödənişləri ödəmişdir. Bunu tərəflər etiraf etmişlər. 957 manat vəsaitin ödənilməsi 2023cü ilin noyabr ayı və ondan sonrakı aylara təsadüf etmişdir.

15. Beləliklə, cavabdehin 15.000 (9.000+6.000=15.000) manat borcu qalmış həmin məbləğdən 957 manat kart vasitəsilə bank kreditini ödəmək üçün iddiaçıya göndərdiyi vəsaiti çıxılmaqla 14.043 manat iddiaçıya borcu qalmışdır. Iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc və digər alqısatqı 16. müqavilələri üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflərin (əsasən səs yazıları) təsdiq etdikləri fakt odur ki, borc məbləği 2021-ci ilin payızında cavabdehə verilmiş, 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçının götürdüyü kredit üzrə aylıq bank ödənişlərini iddiaçıya göndərərək borcu ödəməklə borcu etiraf edən hərəkətlər etməklə icra müddəti bitdikdən sonra 3 illik iddia müddətinin axımı kəsilmişdir. 2020-ci ilin dekabr ayında cavabdehin qeyd etdiyi kimi, borcun verildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülməmişdir. Çünki cavabdeh 2023-cü ilin noyabr, dekabr aylarından bank ödənişi üzrə kart vasitəsilə iddiaçıya borcundan qaytarmaqla pul göndərmişdir. Ödəniş cədvəlində olan ödəniş tarixləri ilə qeyd olunan faktlar üst-üstə düşür. Bu tərəflər məhkəmə iclasında etiraf etmişlər.

17. Cavabdehin qeyd etdiyi əsas arqument borcun hamısını ona deyil, qardaşı Gülağaya verildiyi və heyvanların alqı-satqısı ilə bağlı müqavilənin Gülağa ilə bağlandığını bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin tərəflərlə yaxın qohumluq münasibətləri baxımından onların ifadələrinin obyektivliyinə də diqqət yetirib, iş materiallarında olan ifadə və izahatlar və səs yazılarından müəyyən edilmişdir ki, qeyd olunan borc pul məbləğləri bilavasitə cavabdehə çatdırmaq və cavabdehin xahişi ilə onun qardaşı vasitəsilə cavabdeh özü almış, eyni zamanda heyvanlar da cavabdeh tərəfindən qiyməti razılaşdırılmaqla iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. Ən əsası isə qeyd edilən həm borc məbləğlərindən geri qaytarılan vəsait və həm də satılmış heyvanların dəyəri yalnız cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, həmçinin cavabdehin qardaşı ilə iddiaçının hər hansı bir yoldaşlıq, dostluq və ya digər yaxınlıq mütəmadi əlaqə saxlama ilə bağlı münasibətlərinin olması müəyyən olunmamışdır. Iddiaçının belə münasibətlərinin yalnız cavabdeh ilə olduğu müəyyən edilmişdir.

18. Qeyd olunan borc və nisyə mal-qaranın dəyərindən ödənilən vəsaitlərin cavabdeh tərəfindən bilavasitə iddiaçıya qaytarılması bir daha sübut etmişdir ki, həm sözügedən borc, həm də alqı-satqı müqaviləsi üzrə borc cavabdehin borcu olmuşdur.

19. Məhkəmə, tərəflərin məhkəmə qarşısında irəli sürülmüş arqument və dəlilərin sübut olaraq yekunda təsdiq etmələri üçün onlara çəkişmə, bərabərlik və sübutetmə yükünün qanuna uyğun bölüşdürülmüş formada təzahürü üçün lazımi şərait yaratsa da cavabdeh tərəf iddiaçının arqumentlərini təkzib edə bilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 353, 385.1, 386.1, 425.1, 567, 600.1 və 600.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2. 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 27 yanvar tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid olunmuşdur (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh səs yazıları zamanı iddiaçı tərəfindən hər hansı bir qeyri-qanuni təsirlərə məruz qalmadığını bildirmişdir. Məhkəmə kollegiyası vurğulanan məqamla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

24. Tərəflər arasında baş vermiş səs yazısından müəyyən olunmuşdur ki, cavabdeh səs yazısında iddiaçıya pul borclu olduğunu və bu pulu danmadığını etiraf etmişdir. Eyni zamanda səs yazısından aydın olmuşdur ki, cavabdeh tərəf borcu tam şəkildə qaytara bilmədiyini bildirmiş, lakin bunun əvəzində iddiaçıya öz adına kredit götürməsini, şəxsi məqsədləri üçün xərcləməsini və həmin kredit borcunu özünün yəni cavabdehin ödəyəcəyini bildirmişdir. Həmçinin 10 dəqiqəlik səs yazısının 9:50-ci dəqiqəsində cavabdeh etiraf etmişdir ki, “mənim fakt sənə borcum budur. 6.000 qoyunun pulu, 9.000 verdiyin pul”.

25. Birinci instansiya məhkəməsi haqlı olaraq mülki prosessual qanunvericiliyin tələbləri baxımından səs yazılarının hər iki şəxsin arasında olan mübahisənin obyektiv qiymətləndirilməsi üçün hər hansı bir təzyiq və hədə-qorxu olmadan sərbəst formada aparılan söhbətin səs yazısı kimi qəbul edərək, həmin səs yazılarını qanunsuz sübut olaraq qiymətləndirməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

26. Səs yazılarının dinlənilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən tərəflərin fikri öyrənilmiş, tərəflər səs yazılarının dinlənilməsinə etiraz etməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh səs yazılarının ona və iddiaçıya aid olduğunu təsdiq etmişdir.

27. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi səs yazılarının sübut kimi qəbul olunması məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, təqdim olunmuş səs yazıları sübutlar siyahısına aid edilməsəydi də belə, orada olan tərəflər arasında danışıqlar işə baxan məhkəmələrdə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da cavabdehin izahatlarının qeyri-səmimiliyi ilə bağlı daxili inam yaratmışdır.

28. Bundan başqa cavabdeh apellyasiya şikayətində hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq olunması ilə bağlı vəsatət verməsini və həmin vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməməsini qeyd etmişdir.

29. Halbuki, iddia müddətinin tətbiq olunması ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc və digər alqı-satqı müqavilələri üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflərin (əsasən səs yazıları) təsdiq etdikləri fakt odur ki, borc məbləği 2021-ci ilin payızında cavabdehə verilmiş, 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçının götürdüyü kredit üzrə aylıq bank ödənişlərini iddiaçıya göndərərək borcu ödəməklə borcu etiraf edən hərəkətlər etməklə icra müddəti bitdikdən sonra 3 illik iddia müddətinin axımı kəsilmişdir. 2020-ci ilin dekabr ayında cavabdehin qeyd etdiyi kimi borcun verildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülməmişdir. Çünki cavabdeh 2023-cü ilin noyabr, dekabr aylarından bank ödənişi üzrə kart vasitəsilə iddiaçıya borcundan qaytarmaqla pul göndərmişdir. Ödəniş cədvəlində olan ödəniş tarixləri ilə qeyd olunan faktlar üst-üstə düşmüşdür. Bunu tərəflər məhkəmə iclasında etiraf etmişlər.

30. Cavabdehin qeyd etdiyi əsas arqument borcun hamısını ona deyil, qardaşı Gülağaya verildiyi və heyvanların alqı-satqısı ilə bağlı müqavilənin Gülağa ilə bağlandığını bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin tərəflərlə yaxın qohumluq münasibətləri baxımından onların ifadələrinin obyektivliyinə də diqqət yetirib, iş materiallarında olan ifadə və izahatlar və səs yazılarından müəyyən edilmişdir ki, qeyd olunan borc pul məbləğləri bilavasitə cavabdehə çatdırmaq və cavabdehin xahişi ilə onun qardaşı vasitəsilə cavabdeh özü almış, eyni zamanda heyvanlar da cavabdeh tərəfindən qiyməti razılaşdırılmaqla iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. Ən əsası ilə qeyd edilən həm borc məbləğlərindən geri qaytarılan vəsait və həm də satılmış heyvanların dəyəri yalnız cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, həmçinin cavabdehin qardaşı ilə iddiaçının hər hansı bir yoldaşlıq, dostluq və ya digər yaxınlıq mütəmadi əlaqə saxlama ilə bağlı münasibətlərinin olması müəyyən olunmamışdır. Iddiaçının belə münasibətlərinin yalnız cavabdeh ilə olduğu müəyyən edilmişdir.

31. Həmin borc və nisyə mal-qaranın dəyərindən ödənilən vəsaitlərin cavabdeh tərəfindən bilavasitə iddiaçıya qaytarılması bir daha sübut etmişdir ki, qeyd edilən həm borc, həm də alqı-satqı müqaviləsi üzrə borc cavabdehin borcudur.

32. Beləliklə, iş materialları ilə müəyyən olunmuşur ki, cavabdehin 15.000 (9.000+6.000=15.000) manat borcu qalmış həmin məbləğdən 957 manat kart vasitəsilə bank kreditini ödəmək üçün iddiaçıya göndərdiyi vəsaiti çıxılmaqla, 14.043 manat iddiaçıya borcu qalmışdır.

33. Kollegiya qeyd edir ki, işin diqqətə layiq məqamlarından biri odur ki, iddiaçı iddia ərizəsində ilkin olaraq cavabdehə 2.000 manat pul verdiyini, sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək biznes üçün ona yenə borc pul verməyi xahiş etdiyinə görə, cavabdehə ümumilikdə 9.000 manat borc pul verdiyini, sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus xırda buynuzlu heyvanları nisyə şəkildə 7.700 manata aldığını, bununla da cavabdehin ümumilikdə 16.600 manat borcu yarandığını göstərmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan hər dəfə 2.000 manat olmaqla iki dəfə pul aldığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanmışdır.

34. Tərəflər borc münasibətlərinə girərkən əvvəlcə MM-in 740.2-ci maddəsinin tələblərinə uyğun hərəkət etmiş, onların sonrakı münasibətlərində (hərəkətlərində) həmin maddənin tələbi pozulsa da, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan 9.000 manata dair mübahisəyə ümumilikdə borc münasibətləri kimi qiymət vermişdir.

35. Kollegiya tərəflər arasında uzunmüddətli işgüzar münasibətlərin olduğunu, bu münasibətlərin yaranmasında tərəflərin sərgilədiyi davranışları, onlar arasındakı borc münasibətlərindən sonra, malların nisyə alqı-satqı münasibətlərinin yarandığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin tərəflər arasında şifahi qaydada bərqərar olmuş borc münasibətlərinin bir hissəsinə MM-in əsassız varlanmaya aid müddəaların tətbiq etməməsi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş, bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

36. Apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Şikayətdə göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim edilməmişdir.

37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 353, 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 380.1, 385.1, 386.1, 425.1, 567, 600.1 və 600.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il ## ##### tarixli Qərarına, MPM-in 10.10, 14.2, 77.1, 88, 175.1 və 200-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Kassator şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 32 və 63cü maddələrinin, MPM-in 76.3, 95, 739.2, 740.2-ci maddələrinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə həmin normaların məzmununu sadalamaqla istinad edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il ## ##### tarixli qərarı üzrə - mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutlarının qanunazidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanunazidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

41. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - dəlillər obyektiv və ədalətli araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntuları apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır.

42. Kassator şikayətinin digər bölmələrində bildirir ki, iddiaçının təqdim etdiyi səs yazılarının sübutlar siyahısından çıxarılması ilə bağlı cavabdehin hazırlıq iclasında vəsatət verməsinə baxmayaraq, həmin vəsatət müzakirə olunmamışdır.

43. Işə əlavə edilmiş qeyri-qanuni səs yazılarına istinad edilməsinə baxmayaraq, məhkəmə həmin səs yazılarında tələb olunan pulun yarıdan çoxunun cavabdehə aid olmadığını nəzərə almamış, şahid ifadəsini də qiymətləndirməmişdir.

44. Iddiaçı cavabdehin ağır formalı xərçəng xəstəliyindən istifadə edərək qabaqcadan düşünülmüş şəkildə razılığı və xəbəri olmadan, onu danışdıraraq çaşdırıcı suallar verməklə səs yazılarının olduğu diskləri sübut növü təqdim etmiş, məhkəmə də onları sübut kimi qiymətləndirmişdir. Halbuki, həmin səs yazıları qeyri-qanuni olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz.

45. Iddiaçı ilə cavabdeh aramda olan borc məsələsi 2020-ci ilin sentyabr ayının axırlarında olmuşdur. Belə ki, cavabdeh əvvəl iddiaçıdan 2.000 manat, daha sonra yenə 2.000 manat, ümumilikdə 4.000 manat pul almışdır. Onu da qısa zamanda qaytarmışdır.

46. Iddiaçının cavabdehdən tələb etdiyi digər pulun bir hissəsi sələm puludur, digər hissəsi isə cavabdehin qardaşı Abdulxalıqov Gülağa ilə 2021-ci ilin may ayına qədər aralarında olan pul haqq-hesabıdır.

47. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, o, pulu cavabdehə 2021-ci ilin dekabr ayında vermişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarında və Zərdab Rayon Məhkəməsində vermiş olduğu izahatında həmin pulu cavabdehə 2020ci ildə verdiyini təsdiq etsə də, üzrsüz səbəbdən ötürülmüş iddia müddətini bərpa etmək üçün qəsdən tarixi bir ildən çox müddətə arxaya çəkmişdir. Halbuki, cavabdeh iddiaçının pulunu qaytardıqdan sonra 2021-ci il # ####### tarixində ailə üzvləri ilə birlikdə həm müalicə olunmaq, həm də işləmək üçün Rusiya Federasiyasına getmişdir. Yalnız 2022-ci ilin dekabrında valideynlərini görmək üçün vətənə qayıtmış, təxminən 20 gün sonra yenidən Rusiyaya ailə üzvlərinin yanına qayıtmışdır. Bu, ailə üzvlərinin xarici pasportlarından çıxarışlarla da təsdiq edilir.

48. Yuxarıda göstərilənləri cavabdehin ailə üzvlərinin sərhədi keçərkən xarici pasportlarına Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş möhürlər təsdiq edir. Cavabdehin xarici pasportu dəyişdirildiyindən, həmin möhürlər onun yeni pasportunda yoxdur. Ona görə də cavabdehin 2021-ci il # ####### tarixində Rusiya Federasiyasına getməyi və qayıtmağı ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi barədə cavabdeh vəsatət qaldırmışdır. Dövlət Sərhəd Xidmətinin sorğuya cavabına əsasən, o, 2021-ci ilin oktyabr ayında ölkə hüdudlarından kənara çıxmış, 2022-ci ilin noyabr ayında vətənə geri qayıtmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

50. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə pulun 2020-ci ildə verildiyi və iddia müddətinin ötürüldüyü bildirilir. Lakin səs yazısından cavabdehin borcun 2021-ci ildə yarandığını bildirdiyi, habelə 2024-cü ildə borcu hissə-hissə ödəməklə onu etiraf etdiyi müəyyən olunur. Bu səbəbdən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.

51. Cavabdehin pulun ona verilmədiyi barədə dəlili də əsassızdır. Səs yazısı pulların və xırda buynuzlu heyvanların cavabdehin istəyi ilə məhz ona verildiyini, cavabdehin qardaşı ilə isə iddiaçının hər hansı borc və alqı-satqı münasibətində olmadığını təsdiq edir.

52. Səs yazısından cavabdehin borcunu etiraf etdiyi açıq şəkildə müəyyən olunur. Səs yazısı cavabdehin könüllü iradəsini əks etdirir.

53. Şikayətin səs yazısının qanunsuz əldə edilməsi barədə dəlili də əsassızdır. Səs yazısı cavabdehin şəxsi həyatı ilə bağlı deyil, borcun qaytarılmasını təmin etmək məqsədilə aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə qərarında bu məsələyə hüquqi qiymət verilmişdir.

Kassasiya baxışının hədləri

54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 353. Əqdin konversiyası Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.”

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...” “Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”

“Maddə 375. Iddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

“Maddə 377. Iddia müddətinin başlanması 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. ...”

“Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. ...”

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il ## ##### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. ...”

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 10. Məhkəmə baxışının aşkarlığı ... 10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. ...”

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 175. Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. ...”

“Maddə 200. Şəxsi yazışmaların elan edilməsi Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 27 yanvar tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

60. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

61. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh şifahi müqavilələr üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu razılaşdırılmış vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

62. Apellyasiya instansiyası iddiaçının şifahi müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

63. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 14.043 manat manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

64. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

65. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

66. Kassasiya şikayətinin “iddia müddətinin ötürülməsi” ilə bağlı dəlillərinə gəldikdə kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə, borc məbləği 2021ci ilin payızında cavabdehə verilmiş, 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçının götürdüyü kredit üzrə aylıq bank ödənişlərini iddiaçıya göndərərək borcu ödəməklə borcu etiraf edən hərəkətlər etməklə icra müddəti bitdikdən sonra 3 illik iddia müddətinin axımı kəsilmişdir. 2020-ci ilin dekabr ayında cavabdehin qeyd etdiyi kimi, borcun verildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülməmişdir. Çünki cavabdeh 2023-cü ilin noyabr, dekabr aylarından bank ödənişi üzrə kart vasitəsilə iddiaçıya borcundan qaytarmaqla pul göndərmişdir. Bu səbəbdən məhkəmələr haqlı olaraq iş üzrə iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmiş və bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişlər.

67. Bununla bağlı mülki qanunvericilikdə təsbit olunmuşdur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (MM-in 380-ci maddəsi).

68. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

69. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

70. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

71. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 27 yanvar tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 27 yanvar tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar