Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-263/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)- ***/**** nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Sifarişçi”) ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (“Icraçı”) arasında # ###### 2019-cu il tarixli, **-AZK-HSS-*** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı özünə məxsus avadanlıqları (iskələni) sahəyə çatdırmaq, quraşdırmaq, sökmək və onlara gündəlik nəzarəti həyata keçirmək şərti ilə cavabdehə istifadə üçün vermiş, sifarişçi isə bundan istifadəyə görə müəyyən edilmiş məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək, 119.412,32 manat əsas borc, bütün ödənilməli vəsait üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi, həmçinin borcun ödənilmədiyi hər il üçün 5% dəbbə pulu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 3500 manat xidmət haqqı və ödənilmiş 420 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019cu il # ###### tarixli, **-AZK-HSS-*** nömrəli xidmət müqaviləsinin tələblərinə əsasən görülmüş işlər təhvil verildikdə müqavilə məbləğinin 100%-i ödənilməlidir. Iddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, bu günə qədər cavabdeh müqavilədə nəzərdə tutulmuş ödənişi müqavilənin şərtlərinə uyğun olaraq ödəməmişdir. Borc məbləği vurulmuş e-qaimələrə əsasən 119.412,32 manat təşkil edir. Borcun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən 119.412,32 manat borc məbləğinin ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 119.412,32 manat əsas borc və bütün ödənilməli vəsait üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehdən 119.412,32 manat borc, 1000 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,41 manat olmaqla, ümumilikdə 120.821,73 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2019-cu il # ###### tarixli, **-AZK- HSS-*** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmiş, müqavilədə razılaşdırılmış xidmətlər cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən 2019-cu il # ###### tarixli, **-AZK-HSS-*** saylı xidmət müqaviləsi üzrə 119.412,32 (tələbə uyğun) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 293.338,46 manat məbləğində xidmət təhvil verilmişdir. Təhviltəslim aktları cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya 165.171,54 manat ödəniş edilmişdir. Iddiaçı tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş təhvil verilmiş işlər və ümumi ödənişin müəyyən edildiyi cədvəldə cavabdeh tərəfindən ödənilmiş məbləğin 173.926,14 manat olduğu qeyd edilmişdir. Belə olan halda, iddia tələbə uyğun məbləğdə, yəni 293.338,46-173.926=119.412,32 manat məbləğində təmin edilməlidir. Cavabdeh tərəf həmin məbləğin ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
8. Həmçinin iddia tələbinin borcun ödənilmədiyi hər il üçün 5% dəbbə pulu olan 5.971 manatın tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Belə ki, əvvəla, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulmamış, həmçinin ərizə həmin hissələrdə əsaslandırılmamış, hansı əsaslarla, hansı qaydada, hansı məbləğ, tarixlə bağlı hesablama aparılmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 425.1, 442, 448.1, 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Qocayev, hakimlər E.Həsənov və S.Cəfərov).
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında 2019-cu il # ###### tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqları (iskələni) sahəyə çatdırmaq, quraşdırmaq, sökmək və onlara gündəlik nəzarəti həyata keçirmək şərti ilə cavabdehə istifadə üçün vermiş, cavabdeh isə bundan istifadəyə görə müəyyən edilmiş məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunu nəzərə alındıqda tərəflər arasında yaranmış münasibətlərin hüquqi mahiyyət etibarilə əsasən icarə münasibətlərindən irəli gəldiyi, lakin müəyyən xidmət elementlərini də ehtiva etdiyi müəyyən olunur.
13. Iş materiallarında olan təhvil-təslim aktlarından müəyyən edilir ki, tərəflər arasında bu müqavilədən irəli gələn münasibətlər üç dövrə bölünür. Tərəflər 2019-2020, 2022-2023 və 2024-2025-ci illər üzrə ümumilikdə 293.338,49 manat məbləğində icarə və xidmət haqlarının ödənilməli olmasını öz aralarında razılaşdırmışlar. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 165.171,54 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, tərəflər arasında aparılmış hesablaşmalar nəticəsində 128.166,95 manat məbləğində ödənilməmiş borcun mövcud olduğu müəyyən edilir. Həmçinin, 2019-2020-ci illər üzrə təhvil-təslim aktlarında 8.754,60 manat məbləğində borcun yarandığı qeyd edilmişdir. Həmin məbləğin ödənildiyini təsdiq edən sübutlar olmamasına baxmayaraq, iddiaçı həmin məbləğin tutulmasını tələb etməmişdir. Bu səbəbdən həmin məbləğ ümumi hesablamadan çıxılmaqla qalan borcun 119.412,35 manat təşkil etməsi müəyyən edilir (iddiaçı bu məbləğdən 3 qəpik daha az tələb etmişdir).
14. Cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını və bunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu, həmçinin elektron qaimə-fakturaların tərəfindən imzalanmadığını bildirərək onların mötəbər sübut kimi qəbul edilə bilməyəcəyini bildirmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında mövcud olan təhvil-təslim aktları və ödəniş sənədləri tərəflər arasında aparılmış hesablaşmaların həcmini və borcun məbləğini müəyyən etməyə kifayət edir. Bu səbəbdən borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə heç bir zərurət yoxdur. Elektron qaimə-fakturalar qanunvericiliyə uyğun olaraq elektron informasiya sistemi vasitəsilə tərtib edilən və təsərrüfat əməliyyatlarını təsdiq edən rəsmi uçot sənədləridir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutları iş üzrə bütün sübutları onların məcmusunda qiymətləndirir. Iş materiallarında olan təhvil-təslim aktları cavabdehin borcunun mövcudluğunu təsdiq etdiyindən elektron qaimə-fakturalarla bağlı əlavə araşdırma aparılmasına da zərurət yoxdur. Nəzərə alınmalıdır ki, cavabdeh həmin təhviltəslim aktlarının həqiqiliyinə heç bir etiraz etməmişdir.
16. Cavabdeh tərəfindən iddia müddətinin keçməsi ilə bağlı irəli sürülmüş dəlillər də əsaslı hesab edilmir. Belə ki, cavabdeh tərəfindən 2022-ci ilin iyul ayına qədər olan borclar üzrə iddia müddətinin ötürülməsi iddia edilsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb olunan borc 2024-2025-ci illər üzrə icarə və xidmət haqlarına aiddir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı 2019-2020-ci illər üzrə borcları ödənilmiş kimi qəbul etmiş və hesablaşmadan çıxmışdır. Bundan əlavə, MM-in 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə tərəfindən qərar qəbul edilənədək verdiyi ərizə əsasında tətbiq edilir. Iş materiallarından isə görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 373.2, 375.2, 441.1-441.3, 442, 684.1, 700.1, 700.3-cü, MPM-in 77.1, 88, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissələrdə ləğv edilməsi, həmin hissələrdə də rədd edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 567, 568.2, 570.1, 570.1.1, 570.1.2, 575.1-ci maddələri üzrə - birinci instansiya məhkəməsinin baxışı zamanı borcun məbləğinin müəyyən edilməsi üçün yetərli sübutlar mövcud olmamış, uyğun prosessual addımlar atılmamışdır. Nəticədə, Bakı Kommersiya Məhkəməsi əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu qətnamənin təmin olunan hissələrdə ləğv edilməsinə dair qərar verməli olduğu halda apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun deyil, sübutlar düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş, işin hallarını natamam araşdırmış və sübutları obyektiv qiymətləndirməmişdir ki, bu da MPM-in 372.7-ci maddəsini pozaraq qətnamənin əsassız olmasına səbəb olmuşdur.
21. MPM-in 4.1, 9, 76, 77, 88, 217-ci maddələri üzrə - işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə apellyasiya məhkəməsi qətnaməsinin MPM-in 418-ci maddəsinin tələblərinə görə kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
22. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddia müddətinin tətbiqini rədd edərkən səhvən bildirib ki, iddia müddəti yalnız birinci instansiya məhkəməsində ərizə verilməklə tətbiq edilə bilər və cavabdeh (şikayətçi) həmin instansiyada belə ərizə verməmişdir. Lakin bu, MM-in 375.2-ci maddəsinin səhv təfsiri və tətbiqidir. Bu norma iddia müddətinin avtomatik tətbiq edilməməsini nəzərdə tutur, lakin şikayətçinin apellyasiya şikayətində iddia müddətinin ötürülməsini qeyd etməsi ilə bağlı ərizə qüvvədədir və apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının düzgün tətbiqini müstəqil yoxlamalı idi. Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## #### tarixli qərarında (B.Mürsəlovun şikayəti üzrə) iddia müddətinin yuxarı instansiyalarda yenidən qiymətləndirilə biləcəyi qeyd olunur, çünki bu, hüququn əsaslı tətbiqinə xidmət edir. Şikayətçinin apellyasiya şikayətində qeyd etdiyi kimi, 2022-ci ilin iyul ayına qədər olan borclar üzrə iddia müddəti (MM-in 373.2-ci maddəsi – müqavilə tələbləri üzrə 3 il) ötürülmüşdür, lakin apellyasiya məhkəməsi bunu nəzərə almadan borcun 2024-2025-ci illərə aid olduğunu səhv hesab edib. Bu, MM-in 373-cü maddəsinin pozulmasıdır və qətnamənin ləğvinə əsas verir. Xüsusilə, iddiaçının 2019-2020-ci illər üzrə borcları “ödənilmiş kimi qəbul etməsi” məhkəmənin subyektiv fərziyyəsidir və iddiaçı tərəfindən bu borclardan rəsmi imtina edilməmişdir. Bu, MM-in 373.2-də nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiqi baxımından əhəmiyyət kəsb edir. Bundan əlavə Bakı Apellyasiya məhkəməsi qətnaməsində elektron qaimə-fakturaları və təhvil-təslim aktlarını borcun mövcudluğunu təsdiq edən sübut kimi qəbul edib, lakin şikayətçinin etirazını (elektron sənədlərin imzalanmaması və möhürsüz olması) nəzərə almayıb. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, lakin elektron qaimə-fakturalar sistemdən göndərilərək avtomatik təsdiqlənmiş, şikayətçinin imzası və möhürü yoxdur. Bu, sənədlərin həqiqiliyini şübhə altına qoyur, MPM-in sübutların qiymətləndirilməsinə dair 88ci maddəsi ilə ziddiyət təşkil edir. Cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə bunu rədd edib. Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan təhvil-təslim aktlarının və ödəniş sənədlərinin borcun məbləğini müəyyən etməyə kifayət etdiyini əsas gətirərək ekspertizaya zərurət görməmişdir. Lakin borcun hesablanması xüsusi biliklər tələb edən mühasibatlıq məsələsi olduğundan, MPM-in 97-ci maddəsinə əsasən ekspertiza təyin edilməli idi. Məhkəmənin özü tərəfindən bu hesablamaların aparılması prosessual hüquq normalarının pozulmasıdır. Bu, MPM-in 77.1ci maddəsinin (sübut etmə vəzifəsi) və 88-ci maddəsinin pozulmasıdır, çünki sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Ümumiyyətlə, Bakı Apellyasiya məhkəməsi səhv hüquqi nəticəyə gələrək elektron qaimə-fakturaları (EQF) rəsmi uçot sənədləri kimi qəbul etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə əsasən, elektron qaimə-faktura yalnız vergi uçotu sənədidir və alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsini birbaşa sübut edə bilməz. Tərəflər arasında xidmətlərin faktiki təhvil verilməsi və qəbul edilməsi təhvil-təslim aktları ilə təsdiq olunmalıdır. Cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmiş EQF-lərin və təhvil-təslim aktlarının sübut qüvvəsi isə düzgün qiymətləndirilməmişdir.
23. Həmçinin cavabdehin məhkəmə iclasının təxirə salınması vəsatəti əsassız olaraq rədd edilmişdir. Apellyasiya məhkəməsi nümayəndənin iştirak edə bilməməsinin səbəblərini göstərmədiyini əsas gətirərək iclasa onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin MPM-in 188-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin üzrlü səbəblərdən gəlmədiyi hallarda işin baxılmasını təxirə sala bilər. Nəzərə alınsa ki, Bakı Apellyasiya Məhkəməsi işə yalnız bir iclasda baxaraq qətnamə qəbul etmişdir, demək həqiqətə uyğun olar ki, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması onun müdafiə hüququnu məhdudlaşdırmış və prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsi ən azından bir iclas daha gözləyə, baxış iclasının təxirə salınmasına dair ərizə ilə eyni gündə verilmiş mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətə baxışı növbəti iclasda həyata keçirə bilərdi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 375. Iddia müddətinin tətbiqi 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”
“Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.”
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 209. Işə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. Işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.”
“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
30. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
31. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
32. Əlavə olaraq iddia müddəti ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, MM-in 375.2-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsində verilə bilər.
33. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. Iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.
34. Məhkəmə ekspertizasının təyin edilməməsi ilə bağlı dəlillərə dair qeyd edilir ki, ekspertizanın təyin edilməsi yalnız işin mübahisəli halların aydınlaşdırılması üçün xüsusi bilik tələb edildikdə və mövcud sübutlarla həmin halların müəyyən edilməsinin mümkün olmadığı hallarda zəruri hesab olunur. Apellyasiya instansiyası məhkəməsi də iş materiallarında olan təhvil-təslim aktları, ödəniş sənədləri və digər sübutların mübahisənin həlli üçün kifayət etdiyini əsaslandırmışdır. Kassasiya şikayətində isə həmin prosessual qiymətləndirmənin qanunvericiliyin tələblərinə zidd aparıldığını göstərən hüquqi əsaslar irəli sürülməmişdir.
35. Işin təxirə salınması barədə cavabdehin vəsatətinin təmin edilməməsi ilə bağlı dəlillər də qətnamənin ləğvinə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin vəsatətə qiymət vermiş, onun təmin edilməsini zəruri edən halları müəyyən etməmişdir.
36. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
37. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
40. Bundan başqa, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda iddiaya etiraz etməmiş, iddiaçının istinad etdiyi halları və təqdim etdiyi sübutları mübahisələndirməmiş, apellyasiya şikayətində isə iddiaya etiraz etmiş və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirmişdir.
41. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
42. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
43. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.