Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-267/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 17 fevral tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2024-cü il ## ####### tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 “xxxx” ASC-nin direktoru vəzifəsindən 2024-cü il ## ####### tarixində azad edilmiş, 2024-cü il ## ####### tarixli əmək müqaviləsi ilə Maraqlı şəxs “xxxx” ASC-nin baş direktoru vəzifəsinə işə qəbul olunmuşdur.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “xxxx” ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
3. “xxxx” ASC-nin (VÖEN: **********) 2025-ci il ## ###### tarixinə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 319.568,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 570.700,5 manat, işsizlikdən Sığorta Fonduna olan borcu 8.327,07 manat, Icbari Tibbi Sığorta Fonduna olan borcu isə 32.960,09 manat təşkil edir.
4. “xxxx” ASC-nin (VÖEN: **********) 2025-ci il ## ###### tarixinə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 316.764,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 565.962,7 manat, Işsizlikdən Sığorta Fonduna olan borcu 8.327,07 manat, Icbari Tibbi Sığorta Fonduna olan borcu isə 32.960,09 manat təşkil edir.
5. Vergi orqanı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 2024-cü il ## ####### və 2024-cü il ## ###### tarixli bildirişlər və xəbərdarlığın surətindən görünür ki, “xxxx” ASCdən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Ərizəçi (bundan sonra – “ərizəçi”) Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx”xxxx“ASC”) dövlət büdcəsinə olan 262.004,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 549.430,7 manat, Işsizlikdən Sığorta Fonduna olan 7.473,34 manat, Icbari Tibbi Sığorta Fonduna olan 29.630,74 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2025-ci il ## ###### tarixinə vergi ödəyicisi olan ASC-nin (VÖEN: **********) Icbari Tibbi Sığorta Fonduna 29.630,74 manat, Işsizlikdən Sığorta Fonduna 7.473,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 549.430,7 manat, dövlət büdcəsinə 262.004,75 manat (o cümlədən, vergilər üzrə 175.713,28 manat, faizlər üzrə 86.051,47 manat, maliyyə sanksiyası üzrə 240 manat) olmaqla, ümumilikdə 848.539,53 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
8. Maraqlı şəxsin nümayəndəsi ərizəyə etiraz edərək bildirmişdir ki, maraqlı şəxs ASC-yə yeni direktor təyin olunmuşdur. Borc isə əvvəlki qanuni təmsilçinin dövründə yaranmışdır. Maraqlı şəxs ASC-nin direktoru təyin edildikdən sonra borcun ödənilməsi üçün addımlar atmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim – N.Əhmədova).
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.
11. Hazırda vergi orqanı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün görülən digər tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Əksinə, maraqlı şəxs tərəfindən təqdim olunan avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə ərizəçi tərəfindən ASCyə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı **-AC- *** dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı **-AA-*** dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı **-AC-*** dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı **- AC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif olunduğu görünür.
12. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin olunması ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq olunması imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özü-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
13. Həmçinin iş materiallarından görünür ki, ASC-nin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının əksər hissəsi 2024-cü il ## ####### tarixinədək olan dövrü əhatə etmiş, maraqlı şəxs 2024-cü il ## ####### tarixində ASC-nin icra orqanının rəhbəri təyin olunmuş, bundan sonra ASC-nin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsi istiqamətində ayrı-ayrı hüquqi şəxslərlə müqavilələr imzalamış, həmçinin ödəmə tapşırıqları əsasında dövlət büdcəsinə ümumilikdə 17.713,12 manat ödəniş etmişdir. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur, onun dövlət qarşısında olan öhdəlikləri üçün icra orqanının rəhbərinin məsuliyyəti müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin müvafiq hüquqi standartları çərçivəsində tətbiq oluna bilər.
14. Beləliklə, qeyd olunanlar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istisna etmişdir. Belə ki, maraqlı şəxs tərəfindən borcun ödənilməsi istiqamətində addımlar atıldığı, eləcə də vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi barədə məlumat təqdim edilmədiyi halda, məhdudiyyətin tətbiq olunması mütənasib olmadığı kimi, legitim məqsəd də güdmür.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III, 71-ci maddəsinin II və 73-cü maddəsinin İ hissələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsinə, VMin 1.4, 16.1.1, 23.1.15-3, 77.3 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, E.Həsənov və L.Əliyeva).
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin firmanın hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, firmanın əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Iş üzrə tam, ədalətli və obyektiv nəticəyə gəlinməsi üçün VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi, onların tətbiqinin nəticə verib-verməməsi araşdırılmalı və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təminat üsulu kimi tətbiq zəruriliyi ilə əlaqələndirilməli idi.
19. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğun, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmuşdur.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni VM-in 16.1.1, 23.1.15-3, 24.0.2-1, 65.1, 65.2, 65.2.1-65.2.4, 65.2.2, 77.3 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.
21. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin isə təmin olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim – R.Qurbanov, hakimlər – B.Məmmədli və A.Abbasov).
23. Kassasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi meyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı
24. məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.
25. Hazırkı işdə isə aşağı instansiya məhkəmələri tərəfindən belə qiymətləndirmə aparılmamış, yalnız ərizəçi tərəfindən VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilibedilməməsi və onların tətbiqinin nəticə verib-verməməsi barədə sübutların təqdim olunmamasına istinad edilmişdir. Halbuki, qeyd olunan meyarlar üzrə hüquqi dəyərləndirmə aparılmadan hazırkı növ işlər üzrə mütənasiblik prinsipinin qiymətləndirilməsi mümkün deyil.
26. Bundan əlavə, məhkəmələr tərəfindən qeyd edilmişdir ki, maraqlı şəxs tərəfindən təqdim olunan avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə ərizəçi tərəfindən ASC-yə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən, hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı **AC*** dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı **AA*** dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı **AC*** dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı **AC*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif olunduğu görünür.
27. Bununla yanaşı, məhkəmələr tərəfindən həmin məktubda qeyd edilən məlumatların hazırkı işdə hansı əhəmiyyət daşıması ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Halbuki, həmin məktubun mövcud olması ərizəçinin VM-də nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi kimi də dəyərləndirilə bilər. Eyni zamanda, həmin məktubda qeyd edilən əmlakların satılması ilə cəmi 848.539,53 manatdan ibarət borcun ödənilməsinin, yəni həmin tədbirin real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü üzrə də hüquqi dəyərləndirmə aparılmamışdır.
28. Bundan başqa, aşağı instansiya məhkəmələri tərəfindən qeyd edilmişdir ki, 2003-cü il ## #### tarixli texniki pasportdan ASC-yə məxsus tikinti altı sahəsi 11835,3 kv.m, ümumi sahəsi 13016,9 kv.m olan müəssisənin olduğu görünür.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 139-cu maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 81-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Bu baxımdan, texniki pasport əsasında daşınmaz əmlakın mülkiyyətçisi müəyyən edilə bilməz. Aşağı instansiya məhkəmələri isə MPM-in 81-ci maddəsinin tələblərini nəzərə almayaraq qeyd olunan texniki pasportdakı daşınmaz əmlakın vergi ödəyicisinə məxsus olması və ərizəçi tərəfindən digər tədbirlərin həyata keçirilməsinin mümkün olması barədə nəticəyə gəlmişlər.
32. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, mövcud borcun əsas hissəsinin maraqlı şəxsin ASC-nin icra orqanının rəhbəri təyin edilməsindən əvvəlki dövrə aid olması onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hüquqi qiymətləndirilməsinə təsir etmir. Çünki VM-in 23.1.15-3-cü maddəsi məsuliyyəti borcun yaranma vaxtı ilə deyil, borcun mövcudluğu və ödənilməməsi faktı ilə əlaqələndirir.
33. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul olunmalıdır.
34. Kassasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ, 28-ci maddəsinin III, 71-ci maddəsinin II hissələrinə, VM-in 16.1.1, 23.1.15-3, 65.1, 65.2, 89.1, 89.2 və 89.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddəsinə, MPM-in 81 və 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 17 fevral tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ərizə təmin edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – T.Qocayev və S.Cəfərov).
36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, MPM-in 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini VM ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
37. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, 2026-cı il ## ###### tarixli e-*-*(*-*)-*/**** nömrəli məktubunuza cavab olaraq bildiririk ki, ASC-nin vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borc məbləği onun əmlakının siyahıya alınma tarixi olan 2026-cı il ## ###### üçün vergilər üzrə 371.738,28 manat, sosial sığorta haqları üzrə 673.042,73 manat, icbari tibbi sığorta üzrə 48.358,83 təşkil edir.
38. Eyni zamanda ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, ASC-nin dövlət büdcəsinə ödənilməmiş cəmi 371.738,28 manat vergi borcu vardır.
39. Iş materialları ilə müəyyən edilmişdir ki, maraqlı şəxs tərəfindən təqdim olunan avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim olunması barədə ərizəçi tərəfindən ASCyə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən, hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı **AC*** dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı **AA*** dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı **AC*** dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı **AC*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif olunduğu görünür.
40. 2024-cü il ## ###### tarixli əmlakın siyahıya alınması haqqında qərarlara əsasən “KAVZ 3271” avtobus markalı **AC*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “MAZ 5334” yük-yanacaq markalı, **AC*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “MMZ 4502” yük markalı **AC*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “QAZ 3102” minik markalı **AA*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri isə 3.000 manat müəyyən edilmişdir.
41. Nəqliyyat vasitələrinin texniki vəziyyəti, istehsal ili, istismar müddəti, aşınma səviyyəsi və bazar dövriyyəsində formalaşmış real satış qiymətləri nəzərə alınmaqla kollegiya hesab etmişdir ki, əmlakın qərarla müəyyən olunmuş dəyəri bazar reallıqlarına uyğun, iqtisadi cəhətdən əsaslandırılmış və ağlabatan hesab edilməlidir. Maraqlı şəxs tərəflər tərəfindən həmin qiymətləndirmənin qeyri-obyektiv və ya əsassız olması barədə hər hansı sübut təqdim olunmamışdır. Belə olan halda həmin əmlakların satışı ilə vergi borcunun əsas hissəsinin icrası baxımından real və effektiv nəticə əldə edilməsi obyektiv olaraq mümkün deyil.
42. Məhkəmə aktı qəbul olunarkən qiymətləndirmə yalnız formal mövcudluq meyarı ilə deyil, həm də tədbirin faktiki effektivliyi və ağlabatanlığı baxımından aparılmalıdır. Dəyəri vergi borcu məbləği ilə müqayisədə əhəmiyyətli dərəcədə az olan əmlakın mövcudluğu icra imkanının real, adekvat və ağlabatan olması kimi qiymətləndirilə bilməz.
43. Kollegiyanın qənaətinə görə, VM-in müddəaları vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır. Iş materialları ilə maraqlı şəxsin hazırda dövlət büdcəsinə vergi borcunun olduğu müəyyən edildiyindən və mövcud vəziyyətdə borcun məbləği, alternativ tədbirlərin qeyri-effektivliyi və borcun davamlı ödənilməməsi nəzərə alınmaqla, həmin məqsədə nail olunması üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ASC-nin icra orqanının rəhbəri maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır.
44. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə, VM-in 1.4, 16.1.1, 23.1.15-3, 32.1, 65.1, 77.1, 77.3 və 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsinə, MPM-in 14.1, 14.2, 88 və 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
46. Kassator şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi, 71-ci maddəsinin İ bəndi, 73-cü maddəsinin II hissəsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.6-cı maddəsi, Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun 2-ci maddəsinin 2-ci, 3-cü hissələri – qeyd edilən hüquq normalarının pozulmaması üçün birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Həmin mövqelər hazırda mübahisələndirilən qətnamənin qanunsuz və əsassız olduğunu təsdiq edir.
47. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin qorunmalı olan və qanunsuz, əsassız olaraq məhdudlaşdırılmalı olmayan konstitusion hüququnun müdafiəsinin nəzərdə tutulduğu maddi hüquq normalarının, vahid məhkəmə təcrübəsini formalaşdıran məhkəmə aktlarında göstərilmiş hüquqi mövqelərin tələblərinə tam uyğun olaraq əsaslandırılmışdır. Lakin apellyasiya məhkəməsi, qəbul etdiyi qətnaməsində eyni normalara, vahid məhkəmə təcrübəsi ilə bağlı hüquqi mövqelərə istinad etsə də, maraqlı şəxsin konstitusion hüququnun, buna hər hansı mötəbər əsas olmadan, məhdudlaşdırılmalı olması qənaətinə gəlmişdir. Bu da qanunsuz və əsassız olmuşdur.
48. MPM-in 88 və 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara, müvafiq olaraq iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bunun da nəticəsində iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator şikayətinin digər bölməsində bildirir ki, apellyasiya məhkəməsi ASCnin dövlət
49. büdcəsinə və müvafiq fondlara olan borclarının hüquqi şəxsin deyil, yanlış olaraq həmin borcların əksər hissəsinin yarandığı dövrdən sonra hüquqi şəxsin icra orqanının rəhbəri təyin edilmiş maraqlı şəxsin borcları kimi qiymətləndirmişdir.
50. Digər tərəfdən apellyasiya məhkəməsi işə tərəflərin iştirakını təmin etmədən baxmış, nəticədə işə baxıldığı dövrdə borcun əhəmiyyətli bir hissəsinin də ASC tərəfindən ödənilmiş olduğunu aşkar etməmişdir. Belə ki, apellyasiya şikayətinə qoşmada təqdim edilən ASC-nin ƏDV sub-uçot hesabından çıxarışdan və ödəniş qrafikindən görünür ki, 2024-cü ilin oktyabr - 2026-cı ilin aprel tarixləri üzrə dövrdə ASC tərəfindən 81.833,27 manat vəsait dövlət büdcəsinə köçürülmüşdür.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”
55. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.”
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...”
“Maddə 32. Vergi nəzarəti və onun formaları 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. ...” “Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. ...”
“Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
56. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər. ...”
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 17 fevral tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
59. Əvvəla, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir (MPM-in 355-5.1-ci maddəsi).
60. Bununla yanaşı, vergi qanunvericiliyində vergi orqanlarının hüquqlarından biri də vergi ödəyicisi vergi öhdəliyini VM ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdir (VM-in 23-cü maddəsi).
61. Göründüyü kimi, qanunvericiliyin vergi orqanlarına bu hüququ tanımasındakı məqsədi vergi ödəyicisinin vergi borclarını və ya vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməkdir. Belə ki, məhkəmə qərarı ilə bu cür məhdudiyyətlərin tətbiq edilməsi vergi ödəyicisinin vergi borcunu ödəməsini məqsədini güdür. Nəticədə, bu hüquq vergi orqanına vergi borcunu ödəməyənlərə qarşı əlavə bir vasitə təqdim edir ki, onlar qanuni öhdəliklərinə vaxtında əməl etsinlər.
62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği digər halları nəzərə almaqla mütənasiblik prinsipi əsas götürülməklə mübahisəyə lazımi qaydada hüquqi qiymət vermişdir.
63. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
64. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
65. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 17 fevral tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı 17 fevral tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.