Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-27/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC (Cavabdeh MMC)-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC (Cavabdeh MMC)-yə qarşı icarə predmetlərinin qaytarılması, yaxud dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC (icarəyəverən) ilə “xxxx” MMC (sonradan Cavabdeh MMC, hazırda “xxxx” MMC) arasında 2021-ci il ## ####### tarixində *** saylı “Avadanlıqların icarə müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən müasir iskələ və teleskopik dəmir dirəkləri icarəçiyə istifadəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilə şərtlərinə görə icarə haqqı aylıq hesablanmış, avadanlıqların təhvil-təslimi isə təhvil-təslim aktları və ya onlara bərabər sənədlərlə rəsmiləşdirilmişdir. Müqavilə ilkin olaraq 1 il müddətinə bağlanmış və tərəflərdən hər hansı biri müddətin bitməsinə azı 10 gün qalmış yazılı xəbərdarlıq etmədiyi halda avtomatik uzadılmışdır.
3. Müqavilənin şərtlərinə əsasən icarəçi avadanlıqları işlək vəziyyətdə qəbul edib, müqavilə münasibətləri başa çatdıqdan sonra həmin vəziyyətdə icarəyəverənə qaytarmağa borclu olmuşdur. Icarə haqqının ödənilməsi də icarəçinin əsas öhdəliyi kimi müəyyən edilmişdir.
4. Müqaviləyə 2021-ci il ## #######, 2021-ci il ## ###### və 2022-ci il ## ###### tarixli əlavələrlə icarə predmetlərinin növləri və qiymətləri razılaşdırılmışdır.
5. Tərəflər arasında tərtib olunmuş təhvil-təslim aktlarına əsasən, 2021-ci il ## ####### tarixindən 2023-cü il ## ###### tarixinədək İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 30 054 ədəd müxtəlif ölçülü dəmir dirək təhvil verilmişdir.
6. Tərəflər arasında 2022-ci il ## ####### tarixində üzləşmə aktı tərtib edilmiş və həmin tarixdə cavabdehin ərazisində iddiaçıya məxsus 12 886 ədəd dəmir dirəyin mövcud olduğu təsdiq edilmişdir. Akt İddiaçı MMC adından Mehman Quliyev və Aqil Əhmədov tərəfindən imzalanmışdır.
7. Üzləşmə aktından sonra, 2022-ci il ## ###### tarixli aktla 100 ədəd, 2023-cü il ## ###### tarixli qaimə-faktura ilə isə 180 ədəd olmaqla cavabdehə əlavə 280 ədəd dirək verilmişdir.
8. 2022-ci il ## ####### - 2023-cü il # ###### tarixləri arasında tərtib edilmiş və yalnız hər iki tərəfin əməkdaşları tərəfindən imzalanmış iadə aktlarına əsasən, iddiaçıya ümumilikdə 11 166 ədəd dəmir dirək geri qaytarılmışdır.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2023-cü il ## ###### tarixində saziş imzalanaraq 2021-ci il ## ####### tarixli *** saylı icarə müqaviləsinə xitam verilmiş, həmin tarixə icarəçinin 267 746 manat borcunun olduğu qəbul edilmişdir. Bu borcun əvəzinə cavabdeh tərəfindən 8000 ədəd dirəyin verilməsi razılaşdırılmışdır.
10. Sazişə əsasən, göstərilən 8000 ədəd dirək borcun əvəzləşdirilməsi məqsədi ilə verilməli, tam təhvil verildikdən sonra tərəflərin bir-birinə qarşı hər hansı tələbi qalmamalı idi. Bu dirəklərin təhvili icarə predmetlərinin qaytarılması kimi deyil, icarə haqqı borcunun ödənilməsi kimi nəzərdə tutulmuşdur.
11. 2024-cü il ## ###### tarixində verilmiş etibarnamə əsasında 2024-cü il ## ###### və 2024-cü il # ##### tarixli aktlarla ümumilikdə 8000 ədəd dirək İddiaçı MMC tərəfindən cavabdehdən təhvil alınmışdır.
12. Tərəflər arasında 2024-cü il ## ### tarixli üzləşmə aktı ilə 2024-cü il ## ##### tarixinə cavabdehin iddiaçıya 5948,88 manat borcu olduğu təsdiq edilmiş, bu borcun 2024cü il # #### tarixində bank köçürmələri ilə qismən ödənildiyi müəyyən edilmişdir.
13. Dövlət Vergi Xidmətinin 2025-ci il ## #### tarixli çıxarışına əsasən Cavabdeh MMC-nin adı dəyişdirilərək “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında 2021-ci il ## ####### tarixdə bağlanmış *** saylı icarə müqaviləsi əsasında cavabdehə təqdim olunmuş 3,85 metr ölçüdə 11251 ədəd dəmir dirəyin, həmin dirəklər olmadığı halda onların dəyəri olan 281 275 manatın və 4,5 metr ölçüdə 9575 ədəd dəmir dirəyin, həmin dirəklər olmadığı halda onların dəyəri olan 287 250 manatın, hüquqi yardım üçün vəkilə ödənilən 300 manatın və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 859 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il ## ####### tarixdə *** saylı “Avadanlıqların icarə müqaviləsi” bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı, müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdehin sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC sonradan adı dəyişdirilərək ”xxxx” MMC adlandırılmışdır. Bundan başqa, tərəflər arasında həmin müqaviləyə 2021-ci il ## ####### tarixli * saylı, 2021-ci il ## ###### tarixli * saylı və 2022-ci il ## ###### tarixli * saylı Əlavələr ilə qiymətlərin razılaşdırma protokolları da imzalanmışdır. Həmin əlavələrdə icarəçiyə təhvil verilmiş icarə obyektlərinin (avadanlıqlarının) adları, ölçü vahidi və 1 m-nin icarə qiymətləri müəyyən edilmiş, bundan sonra icarəçiyə müqavilə üzrə müəyyən edilmiş 51 379 ədəd avadanlıqlar müxtəlif vaxtlarda təhvil-təslim aktları əsasında verilmişdir. Həmin avadanlıqlar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki “Sea Breeze” yaşayış və istirahət tikinti kompleksinin tərkibində yerləşən cavabdehin (“Nardaran”, “X2 3”, “X2 4”, “Nardaran Landao”, “X1”, “X3” adlı bir neçə) tikinti (sahələrində) layihələrində istifadə üçün təhvil verilmişdir. Hazırda cavabdeh ilə icarə münasibətləri sona çatsa da o, ona təqdim edilmiş 3,85 metr ölçülü dəmir dirəklərdən 11 251 ədədini və 4,5 metr ölçülü dəmir dirəklərdən 9575 ədədini geri qaytarmır. Icarəçiyə təqdim edilmiş, lakin onun tərəfindən qaytarılmayan avadanlıqlara aşağıdakılar aiddir: - 1 ədədinin dəyəri 25 manat, cəmi dəyəri 281 275 manat olan 3,85 m ölçüdə 11 251 ədəd dəmir dirək; - 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 287 250 manat olan 4,5 m ölçüdə 9575 ədəd dəmir dirək. Müqavilənin 5.3.3-cü bəndinə əsasən, icarəçinin icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyəverənə geri qaytarmaq öhdəliyi vardır.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək göstərmişdir ki, iadə aktları, 2023-cü il tarixli saziş, ödəniş tapşırıqları və s. sübutlar 2024-cü ilin iyun ayında tərəflər arasındakı bütün münasibətlərin bitdiyini təsdiq edir, iddiaçıya heç bir borcları qalmamışdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Həşimova).
18. Məhkəmə bildirmişdir ki, tərəflər arasında ##.##.2021-ci il tarixli *** saylı avadanlıqların icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdehə icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhvil-təslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi 2022-ci il ## ####### tarixdə olmuşdur. Tərəflər arasında imzalanmış 2022-ci il ## ####### tarixli üzləşmə aktından görünür ki, ərazidə çeşidi bildirilməməklə 12 886 ədəd dəmir dirək var. Həmin tarixdən sonra iddiaçıya cavabdeh tərəfindən 13 066 ədəd dirək qaytarıldığı barədə iadə aktları mövcuddur.
19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 2024-cü il ## ### tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, 2024-cü il ## ##### tarixinə cavabdehin iddiaçıya 5948,88 manat borcu var və həmin borcun ödənilməsi iş materiallarında olan ödəniş tapşırıqlarında öz təsdiqini tapır.
20. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olunmuşdur ki, tərəflər arasında başqa müqavilə mövcud olmamışdır.
21. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 2021-ci il ## ####### tarixli *** saylı icarə müqaviləsindən başqa müqavilə olmadığı təqdirdə, (iddiaçı tərəfindən tərəflər arasında başqa müqavilənin olması barədə heç bir sübut məhkəməyə təqdim ediməmişdir) 2024-cü il ## ##### tarixli üzləşmə aktı və həmin akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğlər tərəflər arasında heç borcun qalmadığnı təsdiq edir.
22. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2022-ci il ## ####### tarixli akta əsasən ərazidə çeşidi bildirilməməklə 12 886 ədəd dəmir dirəyin mövcud olduğu və həmin tarixdən sonra cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təhvil təslim aktları dəmir dirəklərinin qaytarıldığını sübut edir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 421.1, 421.2, 385.1, 442, 443.1, 448.1, 700.1, 700.3, 700.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə təqdim olunmuş dəmir dirəklərin, həmin dirəklərin olmadığı halda dəyərinin ödənilməsi tələbi qismən təmin edilmiş, tərəflər arasında 2021-ci il ## ####### tarixli, № *** saylı icarə müqaviləsi əsasında cavabdehə verilmiş 1540 ədəd dəmir dirək, həmin dirəklər olmadığı halda onların dəyəri qismində 46.200 manat, cavabdehdən iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva, Z.Şirinov).
26. Məhkəmə hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 51 379 ədəd avadanlıq verdiyini irəli sürsə də, onun məhkəməyə təqdim etdiyi çoxsaylı təhvil-təslim aktlarına görə, istinad etdiyi 2021-ci il ## ####### tarixli müqavilənin bağlanmasından müqaviləyə xitam verilən 2023cü il ## ###### tarixinə qədər cavabdehə ümumilikdə 30 054 ədəd avadanlıq (müxtəlif ölçülü dirəklər) təhvil verilmişdir.
28. Məhkəmə bildirmişdir ki, həmin dirəklərin iddiaçının mülkiyyətində olduğu da işin müəyyən edilən halı olduğundan, bununla bağlı əlavə əsaslandırmaya zərurət yoxdur.
29. Yuxarıda qeyd olunduğu kimi tərəflərin nümayəndələri tərtib etdikləri 2022-ci il ## ####### tarixli üzləşmə aktında, göstərilən tarixdə cavabdehin ərazisində iddiaçıya məxsus ümumilikdə olan dəmir dirəklərin sayının 12 886 ədəd olduğunu təsdiq etmişlər.
30. Həmçinin məhkəmə bildirmişdir ki, sözügedən üzləşmə aktının tərtib olunmasından sonra da cavabdehə 280 ədəd dirək verilmişdir.
31. Tərəflər arasında bağlanmış müqaviləyə 2023-cü il ## ###### tarixdə xitam verildiyindən, həmin tarixdən sonra cavabdehin dirəkləri öz sahibliyində saxlamasının qanuni əsası qalmamışdır.
32. Beləliklə, dirəklərin iddiaçının mülkiyyətində olduğu, 2022-ci il ## ####### tarixində cəmi 12 886 ədəd dirəyin cavabdehdə qaldığı, bu tarixdən sonra da cavabdehə əlavə 280 ədəd dirəyin verildiyi, 2023-cü il ## ###### tarixdən sonra cavabdehin dirəklərə sahibliyinin qanunsuz hala gəldiyi işin müəyyən olunan hallarıdır.
33. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, cavabdeh 2022-ci il ## ####### tarixindən sonrakı dövrdə iddiaçıya ümumilikdə 13 166 ədəd (12 886 + 280) dirəyi geri qaytardığını sübut etməlidir.
34. Məhkəmə vurğulamışdır ki, 2022-ci il ## ####### tarixindən sonrakı dövrdə iddiaçıya ümumilikdə 11 166 ədəd dəmir dirək geri qaytarılmışdır ki, bu da qaytarılmayan dirəklərin sayının 1 540 ədəd təşkil etdiyini göstərir (13 166 – 11 166 = 1 540).
35. Cavabdehin nümayəndəsi dirəklərin hamısının qaytarıldığını bildirsə də, kollegiyanın qənaətinə görə, işdə mövcud olan sübutların məcmusu, habelə bilavasitə tərəflərin nümayəndələrinin verdikləri izahatlar bu nəticəyə gəlməyə əsas verməmişdir.
36. Kollegiya onu da qeyd etmişdir ki, müqaviləyə xitam verilməsinə dair 2023-cü il ## ###### tarixli Saziş əsasında cavabdehin iddiaçıya təhvil verdiyi 8000 ədəd dirəyin 2022ci il ## ####### tarixli üzləşmə aktına heç bir aidiyyatı ola və onlar “iddiaçıya qaytarılan dirəklər” kimi qiymətləndirilə bilməz.
37. Belə ki, həmin 8000 ədəd dirək cavabdehin icarə haqqı borcunun əvəzinə iddiaçıya verilmişdir. Icarəçinin icarə haqqı borcunun isə icarə obyektini bu obyektin sahibinə qaytarması yolu ilə ödənilməsi mümkün deyildir.
38. Məhkəmə ağlabatan mühakimə əsasında belə qənaətə gəlmişdir ki, sözügedən 8000 ədəd dirək iddiaçının cavabdehə icarəyə verdiyi deyil, icarə borcunun müqabilində verilən başqa dirəklər olmuşdur.
39. Təhvil-təslim aktlarında dirəklərin qiymətləri qeyd olunmasa da (aktlarda yalnız icarə haqqının dəyəri göstərilmişdir), 2021-ci il ## ####### tarixli müqaviləyə xitam verilməsinə dair 2023-cü il ## ###### tarixli Sazişin məzmunundan bir ədəd dirəyin 33,5 manat dəyərində qiymətləndirildiyi aydın olur.
40. Belə ki, tərəflər həmin sazişdə cavabdehin 267 746 manat (ƏDV və bütün vergilər daxil) icarə haqqı borcunu cavabdeh tərəfindən iddiaçıya 8000 ədəd dirək verilməsi yolu ilə əvəzləşdirmək barədə razılığa gəlmişlər (267 746 / 8000 = 33,46).
41. Cavabdehdə qalan (iddiaçıya qaytarılmayan) dirəklərin çeşidi (növü, ölçüsü) məlum olmadığından kollegiya, iddiaçının 4,5 m ölçülü dirəklər üçün müəyyənləşdirdiyi qiyməti (bir dirək üçün 30 manat) 2023-cü il ## ###### tarixli sazişlə müəyyənləşdirilən qiymətə mütənasib hesab etmişdir.
42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 157.2, 385, 386.1, 390.1, 425, 442, 443.1, 697.1, 697.2, 700.1, 700.3, 705, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 385-ci maddələrinə istinadla əsaslandırmışdır.
43. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
44. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Iddiaçının kassasiya şikayətinin dəlilləri:
45. MM-in 425.1, 425.2, 430.1, 442, 448.1, 697.1-ci maddəsi üzrə - Məhkəmə qeyd olunan maddi hüquq normalarını nəzərə almayaraq onların tələblərini kobud şəkildə pozmuşdur.
46. MPM-in 217, 418.1, 418.2, 418.3, 390, 220.4, 372.1, 372.2-ci maddələri üzrə - Məhkəmə qətnamə qəbul edərkən məhkəmə iclasında müəyyən edilməmiş hallara istinad etmiş, nəticədə müvafiq qanun normalarının tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmənin əsaslandığı “dəlillər” mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, istinad edilən iadə aktları İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, habelə həmin dirəklərin iddiaçı tərəfindən qəbul edilməsi təsdiqlənməmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin həqiqi halları ilə uyğun gəlmir.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:
47. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsi, MM-in 421.1, 421.2, 442, 443.1, 448.1, 700-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və tərəflər arasında mövcud olmuş müqavilə öhdəliklərinin hüquqi mahiyyətinə düzgün və hərtərəfli hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmiş və iş üzrə yeni qətnamə qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi özü də iddianın təmin edilməsi üçün MM-nin 157.2 və 697.1-ci maddələrində nəzərdə tutulan şərtlərin iddiaçının mülkiyyət hüququnun, əşyaların cavabdehin faktiki sahibliyində olmasının və bu sahibliyin qanunsuzluğunun birgə mövcudluğunu tələb etdiyini qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin mübahisəli əşyalara sahibliyinin qanunsuz olmasını yetərli və inandırıcı sübutlarla əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə sübutetmə yükünü düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehin üzərinə mübahisəli əşyaların iddiaçı tərəfindən aparıldığını sübut etmək öhdəliyi qoyulduğu halda, cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif tarixli iadə aktları, 2023-cü il ## ###### tarixli Saziş və ödəniş tapşırıqları məhkəmə tərəfindən lazımi qaydada nəzərə alınmamışdır. Halbuki, həmin sənədlər cavabdeh tərəfindən icarə predmetlərinin iddiaçıya qaytarıldığını və tərəflər arasında hesablaşmanın aparıldığını təsdiq edir.
48. Xüsusilə qeyd edilməlidir ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş 2024-cü il # #### tarixli *** saylı ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçının hesabına 5 041,42 manat məbləğində pul vəsaitinin köçürüldüyü sübut olunur. Bundan əlavə, həmin tarixli digər ödəniş tapşırığı ilə cavabdehin ƏDV sub-uçot hesabından iddiaçının hesabına 907,46 manat məbləğində vəsait köçürülmüşdür. Hər iki bank əməliyyatı 2021-ci il ## ####### tarixli, *** saylı icarə müqaviləsi üzrə mövcud olmuş qalıq öhdəliklərin icra edildiyini təsdiq edir.
49. Eyni zamanda, tərəflər arasında bağlanmış 2023-cü il ## ###### tarixli Sazişə əsasən, icarəçinin 267 746 manat məbləğində icarə borcunun 8000 ədəd dirəyin verilməsi yolu ilə əvəzləşdirildiyi və bu dirəklər tam təhvil verildikdən sonra tərəflərin bir-birinə qarşı heç bir tələb və öhdəliyinin qalmadığı açıq şəkildə razılaşdırılmışdır. Saziş üzrə nəzərdə tutulmuş 8000 ədəd dirəyin faktiki olaraq təhvil verilməsi isə 2024-cü il ## ###### və 2024cü il # ##### tarixli təhvil-təslim aktları ilə təsdiq edilmişdir. Beləliklə, cavabdehin 2021-ci il ## ####### tarixli, *** saylı icarə müqaviləsindən irəli gələn öhdəliklərini tam və lazımi qaydada icra etdiyi sübutlarla təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsinin əks nəticəyə gəlməsi işin faktiki halları və hüquqi mahiyyəti ilə uzlaşmır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə qüvvədə saxlanılmalıdır.
50. MPM-məhkəmə qərar qəbul edərkən iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdırmaq və onlara hüquqi qiymət vermək vəzifəsini daşıyır. Lakin apellyasiya instansiya məhkəməsi bu vəzifəni icra etməmiş, iş materiallarında təsbit edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən təqdim olunmuş iadə aktları, 2023cü il tarixli saziş, ödəniş tapşırıqları və s.sübutları formal şəkildə nəzərdən keçirməklə kifayətlənmişdir. Eyni zamanda məhkəmə iş üzrə sübutların qiymətləndirilməsində birtərəfli yanaşmış, beləliklə ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
51. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh avadanlıqların icarə müqaviləsinə dair 2023-cü il ## ###### tarixli sazişin mahiyyətini səhv izah etməklə məhkəmədə yanlış fikir yaratmağa cəhd etmişdir. Həmin sazişin 1.2-ci bəndində tərəflər 2021-ci il ## ###### tarixli *** nömrəli avadanlıqların icarə müqaviləsi üzrə icarəçinin icarəyə verənə 267.746 manat (ƏDV və bütün vergilər daxil) borcu olduğunu müəyyən etmişlər. Sazişin 1.3-cü bəndində isə tərəflər sazişin 1.2-ci bəndində qeyd edilən borcun (267.746 manat) əvəzində icarəçi tərəfindən icarəyə verənə 3 gün ərzində hissə-hissə olmaqla, əsas müqavilə üzrə təhvil-təslim aktında qeyd olunan 8.000 ədəd dirəklərin verilməsini razılaşdırmışlar. Cavabdeh sazişin 1.3-cü bəndində nəzərdə tutulan 8.000 ədəd dirəyi sazişin 1.2-ci bəndində qeyd edilən borcun (267.746 manat) əvəzi kimi verilməsini qeyd etsə də, həmin 8.000 ədəd dirəyi həm 267.746 manat borcun əvəzi kimi, həm də ümumi geri qaytarılmamış dirəklərin hesabına aid edir. Bu cür hesablaşma isə ümumiyyətlə qəbul edilməzdir. Bu hal apellyasiya məhkəməsində də aşkar olmuşdur. Əgər tərəflər həmin saziş ilə tam hesablaşmışdırsa, sazişdən sonra cavabdeh tərəfindən 2024-cü il # #### tarixli *** nömrəli ödəniş tapşırığı ilə 2021-ci il ## ####### tarixli müqavilə üzrə iddiaçının hesabına 5.041,42 manat və 907,46 manat pul köçürülməsinin səbəbi sual olunur. Iddiaçıya məxsus dirəklərin xeyli hissəsi cavabdehdə qaldığından, həmin dirəklərə görə əlavə icarə haqqı hesablanması davam etmişdir.
Kassasiya baxışının hədləri
52. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ...”
“Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ...” “Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri
697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. ...”
“Maddə 700. Icarə müqaviləsi
700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. ...”
“Maddə 705. Icarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi
Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
56. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə qismən – iddianın təmin olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
57. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, həmin dəlillər əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, şikayətin dəlillərində qeyd olunanlarla bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyi müəyyən edilmir. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuş, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə istinad olunsa da, buna dair tutarlı dəlillər şikayətdə göstərilməmişdir.
58. Cavabdehin kassasiya şikayətinə gəldikdə isə kollegiya onu qismən əsaslı hesab edərək ilk olaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı iş üzrə toplanmış sübutların tam, obyektiv və hərtərəfli araşdırılması ilə bağlı üzərinə düşən prosessual vəzifələri tam yerinə yetirməmiş, nəticədə iş üzrə əhəmiyyət kəsb edən halları tam müəyyənləşdirməməklə qətnamə çıxarmışdır. Belə ki, apellyasiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə iş üzrə müəyyən edilməli olan bütün mühüm halların tam araşdırılmasına əsaslanmamışdır.
59. Ilk növbədə, apellyasiya məhkəməsi üzləşmə aktlarını konkret olaraq hansı müqavilə münasibətləri üzrə tərtib edilməsini, aktda göstərilən məlumatların hazırkı mübahisənin predmetini təşkil edən müqavilə münasibətləri ilə birbaşa bağlılığını, eləcə də tərəflər arasında paralel və ya əvvəlki təsərrüfat münasibətlərinin mövcudluğunu tam araşdırmamışdır.
60. Iş materiallarından görünür ki, tərəflər arasında uzunmüddətli müqavilə münasibətləri və müxtəlif mərhələlərdə aparılmış təhvil-təslim və qarşılıqlı hesablaşmalar mövcud olmuşdur. Belə olan halda üzləşmə aktlarında əks olunan məlumatların məhz hazırkı mübahisə predmetinə aid müqavilə üzrə formalaşıb-formalaşmadığının müəyyən edilməsi işin düzgün həlli baxımından həlledici əhəmiyyət kəsb etmişdir.
61. Lakin apellyasiya instansiyası məhkəməsi üzləşmə aktlarının digər sübutlarla qarşılıqlı əlaqəsini, həmçinin tərəflər arasındakı ümumi müqavilə icrası kontekstində hüquqi mahiyyətini araşdırmamışdır.
62. Bununla belə, o da nəzərə alınmalıdır ki, üzləşmə aktı özlüyündə yalnız tərəflər arasında müəyyən tarixə mövcud vəziyyəti əks etdirən sənəd olmaqla, həmin sənədin hüquqi nəticələrinin müəyyən edilməsi üçün onun hansı müqavilə münasibətindən irəli gəlməsi, hansı öhdəlikləri ehtiva etməsi və sonrakı icra hərəkətləri ilə dəyişib-dəyişməməsi ayrıca və hərtərəfli qiymətləndirilməlidir.
63. Bundan əlavə, iş materiallarında mövcud olan təhvil-təslim aktları, iadə sənədləri, ödənişə dair bank sənədləri və digər sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməmiş, həmin sənədlərin tərəflər arasında müqavilə öhdəliklərinin icrasını təsdiq edib-etməməsi barədə əsaslandırılmış nəticə çıxarılmamışdır.
64. Digər tərəfdən, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2022-ci il ## ####### tarixli üzləşmə aktında “xxxx” MMC-nin ərazisində iddiaçıya məxsus ümumilikdə olan dəmir dirəklərin sayının 12.886 ədəd olduğu təsdiqlənmişdir. Həmçinin, sözügedən üzləşmə aktının tərtib olunmasından sonra da cavabdehə 280 ədəd dirək verilmişdir (2022-ci il ## ###### tarixli aktla 100 ədəd, 2023-cü il ## ###### tarixli qaimə-faktura ilə 180 ədəd).
65. Bundan sonra tərəflər 2023-cü il ## ###### tarixində saziş imzalayaraq, cavabdehin iddiaçıya 267.746 manat borcunun qaldığı, bu borcun əvəzində 8.000 ədəd dirəyin veriləcəyi razılaşdırılmışdır.
66. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2023-cü il ## ###### tarixli sazişdə tərəflərin göstərdikləri 267.746 manat məbləğin əvəzində verilməsi nəzərdə tutulmuş 8.000 ədəd dirək faktiki olaraq icarə haqqı üzrə borcla bağlı olmuşdur və qaytarılması razılaşdırılan icarə obyekti olan dirəklərlə bağlılığı yoxdur.
67. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma sazişin 5-ci bəndində göstərilənlər baxımından məqbul hesab oluna bilməz. Belə ki, adıçəkilən sazişdə qeyd olunan 267.746 manat məbləğ icarə haqqı borcu kimi deyil, ümumilikdə borc kimi göstərilmişdir. Digər tərəfdən elə həmin sazişin 5-ci bəndində tərəflər belə qayda da nəzərdə tutmuşlar ki, öhdəliklərin icrası tam başa çatdıqdan sonra, yəni 8.000 ədəd dirəyin təhvil-təslimi icra edildikdə, icarəçinin icarəyə verən qarşısında borcu tam ödənilmiş hesab edildiyindən, tərəflərin bir-birinə qarşı bu barədə hər hansı tələbi və ya iddiası və ya bir-biri qarşısında ödənilməmiş borcuna dair hər hansı bir vəzifələri yoxdur və gələcəkdə də olmayacaqdır.
68. Göstərilənlərdən belə qənaətə gəlinir ki, bu sazişlə tərəflər arasında bağlanmış müqaviləyə xitam verildiyindən, sazişin yalnız icarə haqqı üzrə borcun deyil, ümumiyyətlə icarə münasibətlərindən (o cümlədən icarəyə götürülmüş əmlakın qaytarılması da daxil olmaqla) irəli gələn öhdəlikləri də ehtiva etməsi təəsüratı yaranır.
69. Xüsusilə qeyd olunmalıdır ki, sözügedən sazişdə onun 2021-ci il ## ###### tarixli *** nömrəli müqaviləyə xitam verilməsi nəzərdə tutulsa da, iş materiallarında yalnız eyni, yəni *** nömrəli və hazırkı mübahisənin əsasını təşkil edən 25 oktyabr tarixli müqavilə mövcuddur. Həmin müqavilələrin eyni ildə bağlanması, eyni nömrəli olması, hətta bağlandığı günlərin də eyniyyət təşkil etməsi, yalnız ay fərqinin olması və iş materiallarında sazişdə göstərilən müqavilənin mövcud olmaması onların eyni müqavilə olma (rəqəmlə ifadə olunarkən oxşar rəqəmlərdən ibarət olan ayların texniki olaraq yanlışlıqla qeyd olunması, 01.2021 – 10.2021) ehtimalını üzə çıxarsa da, apellyasiya məhkəməsi bu xüsusatları, yəni sözügedən müqavilələrin eyniyyət təşkil etdiyini, yoxsa fərqli müqavilələr olduğunu tam araşdırmamış və buna dair qiymətləndirmə aparmamışdır.
70. Belə olan təqdirdə həmin xüsusatlar araşdırıldıqdan sonra apellyasiya məhkəməsi tərəfindən həmin sazişlə tərəflərin nizamladığı qaydaya uyğun olaraq onun həmçinin icarəyə götürülmüş əmlakın qaytarılmasını əhatə edib-etməməsini mütləq qiymətləndirilməli idi.
71. Apellyasiya məhkəməsi isə 2023-cü il ## ###### tarixli sazişdə göstərilən 267.746 manat məbləğin icarə haqqı borcu olduğunu və ya qaytarılmalı olan dirəklərin dəyərlərini əhatə edib-etmədiyini, xüsusilə də tərəflərin qarşılıqlı hesablaşmalarının yekunlaşdırılması və mövcud öhdəliklərin aradan qaldırılması barədə olan bu sazişi, habelə sonrakı sənədləri tam qiymətləndirməmişdir.
72. Həmin sazişdən sonra, yəni 2024-cü il ## ### tarixində imzalanmış üzləşmə aktında borcun vergilər daxil 5.948,88 manat təşkil etdiyi göstərilmiş, bu borcun da cavabdeh tərəfindən ödənilməsi ilə bağlı iş materiallarına 2024-cü il # #### tarixli ödəniş tapşırıqları əlavə edilmişdir. Həmçinin, qeyd olunan tapşırıq sənədlərində ödənişin təyinatının 2021-ci il ## ####### tarixli *** nömrəli müqavilə olduğu göstərilmişdir (iş v. 119-120).
73. Göründüyü kimi apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.
74. Halbuki, MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il ## ### tarixli və 2018-ci il ## #### tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin
77. səbəbləri aydın göstərilməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
79. Belə olan halda işə yenidən baxılarkən apellyasiya məhkəməsi tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərini və həmin münasibətlər çərçivəsində aparılmış qarşılıqlı hesablaşmaları tam və hərtərəfli araşdırmalı, tərəflər arasındakı üzləşmə aktları, təhvil-təslim aktları, iadə sənədləri, ödəniş tapşırıqları, xüsusilə saziş və ondan sonrakı üzləşmə aktının konkret olaraq hansı müqavilə münasibətlərinə aid olmasına, həmin sənədlərdə əks olunan məlumatların hazırkı mübahisənin predmetini təşkil edən hüquq münasibətləri ilə bağlı olub-olmamasına, bu və digər sübutlar qarşılıqlı əlaqələndirilməklə, hazırkı mübahisə üzrə tərəflərin bir-birinə qarşı tələb və öhdəliklərinin qalıb-qalmadığına, həmçinin tərəflərin qarşılıqlı iradə ifadələrinə və müqavilələrin icrası zamanı formalaşmış faktiki münasibətlərinə hüquqi qiymət verməklə, iş üzrə toplanmış bütün sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək qanuni və əsaslı qərar qəbul etməlidir.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya qismən şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mövcud sübutlara isə bu Qərarın əsaslandırma hissəsində göstərilənlər nəzərə alınmaqla MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
81. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” (Cavabdeh MMC) MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi qismən, iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.