Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-278/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı İmamverdiyev Zakir İslam oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı İmamverdiyev Zakir İslam oğlunun cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Gədəbəy Rayon Məhkəməsindəki icraat
1. İddiaçı İmamverdiyev Zakir İslam oğlu (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra –“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32000 manat, 11507 manat və 9587 manat olmaqla, ümumilikdə 53094 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gədəbəy Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qərardadı ilə mülki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Rəsulov).
3. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin vergi məlumatları üzrə çıxarışdan vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən olunur. Digər şərtin, yəni hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə isə mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması öz təsdiqini tapır.
4. Hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Sonuncu şərtin mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə isə işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehin aldığı borcun maşın alqısatqısı ilə bağlı gəlir əldə etmək, yəni sahibkarlıq məqsədi ilə almasını iddia edir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24, 26.1, 30, 32.2, 32.4, 32.5, 32.6-cı maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına (bundan sonra – Plenum Qərarı) istinadla əsaslandırmışdır.
b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Məmmədli).
7. Məhkəmə bildirmişdir ki, həm iddia ərizəsindən, həm də tərəflərin izahatlarından görünür ki, tərəflərin hər ikisi VÖEN-ə malik olsa da, onlar arasında heç bir sahibkarlıq xarakterli münasibət olmamış, iddiaçının cavabdehə verdiyini bildirdiyi pullar sadəcə olaraq cavabdehlə aralarında olan dostluq münasibətindən irəli gəlmişdir. Bununla bağlı, məhkəmə iclasında izahat verən iddiaçı İmamverdiyev Zakir İslam oğlu cavabdeh Cavabdeh verdiyi borc pulların heç birində məqsədinin gəlir əldə etmək olmadığını, Fəqanın sadəcə olaraq ona verdiyi borc məbləğlərini qaytarmalı olduğunu bildirmiş, cavabdeh Cavabdeh iddiaçı ilə aralarında sahibkarlıqla bağlı heç bir münasibət olmadığını qeyd etmişdir.
8. Beləliklə, məhkəmə göstərmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş meyarlardan biri olan hüquq münasibətlərinin xarakterinə dair şərtlər olmadığından hazırki mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1, Vergi Məcəlləsinin 13, MPM-in 24.1, 25.1, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə və Plenum Qərarının 11, 26, 27-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. ...”
11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...” “Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
Ali məhkəmənin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.
15. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan (o cümlədən onlar arasında deliktlə bağlı yaranan) mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
16. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
17. Qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisənin hansı məhkəmənin aidiyyətinə daxil olmasının müəyyən edilməsi zamanı yalnız tərəflərin formal subyektiv tərkibi deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin mahiyyəti əsas meyar kimi qiymətləndirilməlidir. Bu baxımdan, mübahisənin kommersiya xarakterli hesab olunması üçün onun hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı olması zəruridir.
18. Ali Məhkəmə Plenumunun ## ######## 2020-ci il tarixli qərarından irəli gələn hüquqi mövqeyə əsasən, mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün tələbin yalnız tərəflərdən birinin deyil, ən azı iki qarşı tərəfin birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Bu zaman mübahisənin predmeti və hüquqi mahiyyəti həlledici əhəmiyyət kəsb edir.
19. Hazırkı iş üzrə tərəflərin hər ikisinin vergi ödəyicisi kimi qeydiyyata alınması onların avtomatik olaraq kommersiya mübahisəsinin tərəfi hesab edilməsi üçün yetərli əsas yaratmır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən pul vəsaiti cavabdehə aralarında olan dostluq münasibətləri çərçivəsində verilmiş, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi daşımamışdır. Tərəflər hər ikisi izahatlarında da bu halı təsdiq etmiş və aralarında hər hansı sahibkarlıq münasibəti olmadığını bildirmişlər. İddiaçı tərəfin məqsədi kommersiya gəliri əldə etmək deyil, cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsidir.
20. Belə olan halda, tərəflər arasında yaranmış münasibətlər kommersiya hüquq münasibəti kimi qiymətləndirilə bilməz. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, işin kommersiya məhkəməsində baxılması istisna edilir.
21. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı mübahisənin tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirilməlidir.
22. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisəyə rayon məhkəməsində baxılmalı, işin kommersiya məhkəməsinə aid edilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmadığından, iş aidiyyəti üzrə ümumi məhkəməyə qaytarılmalıdır.
23. Digər tərəfdən qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
24. Həmçinin MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilmir.
25. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi Gəncə Kommersiya Məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab edir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş meyarlardan biri olan hüquq münasibətlərinin xarakterinə dair şərtlər olmadığından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403- 1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı İmamverdiyev Zakir İslam oğlunun cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.