Məhkəmə qərarları › İş №2-2(1-8)-285/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-285/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-285/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), zaminlərin birgə məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*- *)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı QSC ilə cavabdeh3 və zaminlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış 2023-cü il # #### tarixli, ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh3 120 ay müddətinə 1000000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, həmin müqavilənin 11.1-ci bəndinə müvafiq olaraq zaminlər cavabdeh2 və cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan cavabdeh3 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər.

2. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh3 İddiaçı QSC ilə 2023-cü il # #### tarixli, ***R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. 2023-cü il 6 avqust tarixli köçürmə sənədinə görə, İddiaçı QSC tərəfindən cavabdeh3 bank hesabına 50000 manat məbləğində pul köçürülmüşdür.

3. 2025-ci il tarixli 4 fevral tarixli bildirişlə kreditor, borc alan cavabdeh3 gecikmədə olan kredit ödənişlərinin edilməsini tələb etmiş, əks halda müqaviləni birtərəfli qaydada ləğv edərək kredit razılaşması üzrə bütöv borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə borc alanı xəbərdar etmişdir.

4. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh3 İddiaçı QSC ilə 2024-cü il # ### tarixli, ***R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma” əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6.000 manat məbləğində məbləğində kredit götürmüşdür. 2024-cü il # #### tarixli köçürmə sənədinə əsasən, İddiaçı QSC tərəfindən cavabdeh3 bank hesabına 6.000 manat məbləğində pul köçürülmüşdür.

5. İddiaçı QSC ilə iş üzrə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ( bundan sonra birlikdə -“cavabdehlər”, ayrıayrılıqda – cavabdeh3, M.Quliyev və cavabdeh1) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ***R********** saylı kredit razılaşması üzrə 5390.42 manat kredit borcu, 538.03 manat faiz borcu və 159.56 manat cərimə olmaqla cəmi 6088.01 manat, ***R********** saylı kredit razılaşması üzrə 33.599.83 manat kredit borcu, 2831.25 manat faiz borcu və 1034.88 manat cərimə olmaqla cəmi 37.465.96 manat, ümumilikdə 43553.97 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 220.66 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .

7. Iddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla əsaslandırılmışdır.

8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, */**** saylı ekspert rəyi məhkəməyə təqdim olunmuş, rəydə qeyd edilmişdir: - Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları 2023-cü il 8 iyun tarixli, ***L************ saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış 2024-cü il # ### tarixli, ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 İddiaçı QSC olan borcu - ## ###### 2025-ci il tarixə - maliyyə arayışın verildiyi tarixə əsas borc üzrə 5.435,94 manat, faiz borcu 511,35 manat, ## ##### 2025-ci il tarixə - xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə əsas borc üzrə 5 435,94 manat, faiz borcu üzrə 767,03 manat müəyyən edilir. - Ikinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları 2023-cü il 8 iyun tarixli ***L************ saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış 2023-cü il 8 iyun tarixli, ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 # ###### 2025-ci il tarixə maliyyə arayışının veridiyi tarixə, “xxxx” QSC-yə olan borcu - əsas borc üzrə 33 255.62 manat, faiz borcu üzrə 3.009,10 manat, ## ##### 2025-ci il tarixə - xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə əsas borc üzrə 33.255.62 manat, faiz borcu üzrə 4.289,44 manat müəyyən edilir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2023-cü il # #### tarixli, ***R********** saylı ( bundan sonra- İ kredit razılaşması) kredit razılaşması üzrə 33.255,62 manat məbləğində əsas borc, 2831,25 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, cəmi 36486,87 manat və 2024-cü il # ### tarixli, ***R********** saylı kredit razılaşması ( bundan sonra-II kredit razılaşması) üzrə 5390,42 manat məbləğində əsas borc, 511,35 manat məbləğində faiz borcu, 159.56 manat manat məbləğində cərimə, cəmi 6061,33 manat olmaqla, ümumilikdə cəmi 42548,20 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 217,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim R.Nəbiyev).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin maddi hüquqi əsasını hər iki kredit sazişi üzrə Mülki Məcəllənin cavamana görə qüvvədə olan, 37-ci fəslinin “Kredit müqaviləsi” münasibətlərini tənzimləyən normaları təşkil edir.

11. Iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə qeyd olunan kredit müqaviləsinə xitam vermiş sayılır.

12. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, */**** saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 2023-cü il # #### tarixli, ***R********** saylı və 2024-cü il # ### tarixli, ***R********** saylı kredit razılaşmalarına əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

13. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh cavabdeh3 2023-cü il # #### tarixli, ***L************ saylı kredit xətti müqaviləsi üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər cavabdeh2 və cavabdeh1 etibarlı şəkildə bağlanmış zaminlik müqavilələri ilə qeyd edilən kredit razılaşmaları üzrə iddiaçı qarşısında cavabdeh cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

14. Bu baxımdan, iddia tələbi İ kredit razılaşması üzrə 33599.83 manat əsas borca münasibətdə qismən - 33 255.62 manat hissədə əsaslıdır. Belə ki, ekspert rəyi ilə İ kredit razılaşması üzrə əsas borc 33 255.62 manat təşkil etmişdir.

15. Məhkəmə, ekspert rəyini nəzərə alaraq, həmçinin hesab etmişdir ki, iddia tələbi İ kredit razılaşması üzrə 2831.25 manat faiz borcuna münasibətdə əsaslıdır. Belə ki, ekspert rəyi ilə faiz borcunun ## ###### 2025-ci il tarixə 3.009,10 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə bu qənaətə gələrkən, iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsini və kredit müqaviləsinin ləğvi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarında ifadə olunan hüquqi mövqeyini nəzərə almışdır.

16. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan İ kredit razılaşması üzrə 1034.88 manat cərimə borclarına münasibətdə qeyd etmişdir ki, iddia olunan cərimə borcu tənasübsüz yüksək olduğundan, azaldılaraq 500 manat müəyyən edilməlidir.

17. Iddianın II kredit razılaşması üzrə əsas borca, faiz borcuna və cəriməyə aid hissələrinə də məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, 5390.42 manat əsas borca aid hissədə əsaslı hesab edilmişdir. Ona görə ki, ekspert rəyi ilə ## ###### 2025-ci il tarixə - maliyyə arayışın verildiyi tarixə əsas borcun 5.435,94 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbinə əsasən, hakim verilmiş tələb daxilində qətnamə çıxarır. Məhkəmə 538.03 manat faiz borcuna aid hissədə qismən- 511,35 manat hissədə əsaslı hesab etmiş, qənaətini belə əsaslandırmışdır ki, ekspert rəyi ilə faiz borcunun ## ###### 2025-ci il tarixə 511,35 manat olduğu müəyyən edilmişdir.

18. Eyni zamanda iddianı II kredit razılaşması üzrə 159.56 manat cərimə borcuna aid hissədə əsaslı hesab edən məhkəmə belə qənaətə gəlmişdir ki, cərimənin məbləği tənasübsüz yüksək olmadığından, iddia tələbi 159.56 manat cəriməyə aid hissədə təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 460.1, 462.1, 462.3, 465.2, 467, 470.1, 472.2, 739.1, 739.2, 739.3, 742.1, 743.1, 743.2, 742.5-ci və MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.

20. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Q.Əliyev, hakimlər T.Kərimov və C.Imanov).

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi ilə nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, MM-in 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023cü il tarixli Qərarında göstərilmişdir.

23. Iddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. Işə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni 2024-cü il 4 fevral tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyini nəzərə alaraq borc məbləğini müəyyən etmişdir. Cavabdeh cavabdeh3 apelyasiya şikayətində ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmədə iştirak etməmiş, hər hansı vəsatət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın rəyi və MPMin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla əsas borc və faiz borcu hissələrdə mübahisəyə düzgün, qanuni qiymət verilmişdir.

24. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə araşdıran məhkəmə kollegiyası cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı saymışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini zaminlərə aid hissədə qiymətləndirərkən MM-in 470 və 472.1-ci maddələrinə əsaslanmış, eyni zamanda qeyd etmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarı)

26. Hazırki işdə, uzunmüddətli kredit və təminat müqaviləsində kreditin verilmə müddəti, maksimum məbləği və illik faiz dərəcəsinin yuxarı həddi müəyyən edilmişdir. Zamin olaraq cavabdehlərin kreditor qarşısında məsuliyyətlərini istisna edən hal işdə yoxdur, birinci instansiya məhkəməsi iddianı zaminlərə münasibətdə təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

28. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 442, 445, 447-ci maddələrinin tələbləri üzrə- iş üzrə verilmiş ekspert rəyində faizlər əsassız olaraq şişirdilmişdir. Hesab edilir ki, ödənilən məbləğlər əsas borcun silinməsinə tam cəlb edilməmiş, nəticədə borc məbləği süni şəkildə artırılmışdır. 2024-cü il # ### tarixli, 6000 manat məbləğində olan kredit razılaşması üzrə zaminlərin məlumatı olmamış və onların imzaları alınmamışdır. Lakin məhkəmə bu borcu da müştərək qaydada tutmuşdur ki, bu da qanunvericiliyə ziddir. 2024-cü il # ### tarixli kredit razılaşması üzrə digər cavabdehlərin zaminlik öhdəliyi qanuna müvafiq rəsmiləşdirilməmişdir. Zaminlərin iradəsi və imzası olmadan borcun onlardan müştərək qaydada tutulması maddi hüquq normasının yanlış tətbiqidir. Apellyasiya məhkəməsi şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək formal xarakterli araşdırma aparmışdır. Iddiaçı tərəfindən hesablanmış faizlər və dəbbə pulu faktiki borc öhdəliyi ilə mütənasib deyildir. IŞ üzrə ekspert rəyində göstərilən rəqəmlər bankın birtərəfli hesablamalarına əsaslanmış, məhkəmə MM-nin 445.2-ci maddəsini rəhbər tutaraq aşkar dərəcədə yüksək olan dəbbə pulunu azaltmalı olduğu halda, bunu etməmişdir.

30. MPM-in 88 , 217.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri üzrə- Məhkəmə ödənilmiş məbləğlərin əsas borcun silinməsinə yönəldilməməsi barədə dəlilləri araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdehin apellyasiya şikayətində qeyd olunan konkret dəlillərin (məsələn: ekspert rəyindəki ziddiyyətlər) niyə rədd edildiyini əsaslandırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...” “Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ..” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. ...”

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

Maddə 743. Kredit müqaviləsinin anlayışı ( ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada)

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir:

... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. “...

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 38.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və iş üzrə ekspert rəyi ilə borcun miqdarının düzgün müəyyən edilməməsi barədə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, kassator tərəfindən həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan zəruri sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

39. Kassasiya şikayətinin digər bir dəlili ilə zaminlərin 2024-cü il # ### tarixli kredit razılaşması üzrə öhdəlik daşımadığı qeyd edilir. Həmin dəlilə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2024-cü il # ### tarixli kredit razılaşması tərəflərin, o cümlədən zaminlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış 2023-cü il # #### tarixli, ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi ilə ayrılan kredit xəttinə uyğun olaraq bağlanmışdır. Həmin kredit və təminat müqaviləsində zaminlər, borcalanla birlikdə kreditin ödənilməsi öhdəliyini götürmüşlər. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin zaminlərin borcalanla birlikdə müştərək məsuliyyət daşıması barədə gəldiyi nəticə mülki qanunvericiliyini zaminliyə dair normalarının (§34) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında (bax §25) ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

40. Cavabdehin cərimə məbləği üzrə irəli sürdüyü dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır .

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəllənin 467- ci maddəsinin tələblərinə uyğun olmuşdur. Cərimə məbləğinin daha az miqdarda müəyyən edilməsi üçün əsaslar işə mahiyyəti üzrə baxılarkən müəyyən edilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır.

42. Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması barədə dəlilərinə gəldikdə, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. MPM-in 416, 417-19-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar