Məhkəmə qərarları › İş №2-2(1-8)-293/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-293/2026

21.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-293/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında 2023-cü il # ###### tarixində malların alqı-satqısına * nömrəli əlavə imzalanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən, malın qiyməti ilə əlaqədar olan və satıcı tərəfindən alıcıya verilən digər güzəşt və imtiyazlar (satış həcminə görə endirim, malın rəflərdə yerləşdirilməsinə görə endirim, marketinq xidmətlərinə görə endirim (və ya ödəmə), logistika xərclərinin bölüşdürülməsi, promisyon, kompaniyalar və s.) ayrıca razılaşdırılır və bu razılaşdırma şərtləri müqavilənin * nömrəli əlavəsində öz əksini tapır; - 2-ci bəndinə əsasən, satıcı alıcının aşağıda qeyd edilən müxtəlif təyinatlı cədvəllərdə kommersiya yerləri (rəf başı, rəf yanağı, rəf küncü, səbət/teşir, pallar, stend, kassa önü) və kommersiya şərtləri üzrə endirim və ödənişləri etməyi öhdəsinə götürür; - 3-cü bəndinə əsasən, 2023-cü il # ###### tarixindən etibarən 2023-cü il ## ###### tarixinədək satıcının illik satışından (ƏDV xaric) 3% endirim edilməsi nəzərdə tutulur. Qeyd olunan güzəşti satıcı nağd və ya nağdsız ödəniş etməklə həyata keçirməlidir; - 6-cı bəndinə əsasən, tərəflər razılaşırlar ki, alıcı alınmış malın ödənişini üzləşmə aktı maliyyə əməkdaşına təqdim edildikdən sonra 50 bank günü ərzində satıcının bank hesabına köçürməlidir.

2. İddiaçı MMC tərəfindən elektron formada 2023-cü il # ###### - 2024-cü il ## ####### üzrə satış dövriyyəsini əhatə edən üzləşmə aktı tərtib olunmuş, həmin üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq edilməmişdir.

3. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü il ## ###### tarixli **** nömrəli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər Cavabdeh MMC-nin İddiaçı MMC-yə həmin tarixə 37.743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ödənilməli olan 42.961 manat borc (36.407 manat əsas borc, 6.554 manat ƏDV) və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43.181 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçı ona məxsus malları cavabdehə satmağı, bunun müqabilində cavabdeh tərəflər arasında razılaşdırılmış malın satış dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin bu razılaşmasından sonra iddiaçı cavabdehə məxsus Bakı şəhərində, eləcə də müxtəlif rayon və şəhərlərində yerləşən mağazalarına ərzaq-yeyinti məhsullarını təhvil vermişdir. Bu barədə malların təhvil verilməsinə dair qaimələr tərtib olunmuşdur. Malların verilməsi və bəzi malların dəyərinin iddiaçıya ödənilməsi 2023-cü il tarixində də mümkün olmuşdur. Lakin bir müddət sonra cavabdeh ona verilmiş malların dəyərini bu günə qədər ödəməmiş və hazırda da müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, ümumilikdə ƏDV daxil 43.187 manat məbləğində mal dövriyyəsi olmuşdur. Yəni bu qeyd edilən məbləğin 36.599,15 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Bu dəyərdə olan malların məbləğlərdən cüzi bir hissəsi iddiaçıya qaytarılmış olsa da, digər malların dəyəri ödənilməmişdir. Qeyd olunan malların göndərilməsi və cavabdeh tərəfindən də təhvil alınması kağız üzərindən olmaqla, hər iki tərəfin məsul şəxsləri tərəfindən imzalanmışdır. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, artıq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə, 2025-ci il # ###### tarixli *** nömrəli pretenziya məktubu ilə 2025-ci il ## ###### tarixinə kimi borcun ödənilməsi tələb olunmuşdur. Göstərilən müddət ərzində borclu yenə də iddiaçıya olan borcunu ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-2-2(113)-2796/2025 qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh isə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 2025-ci il # ######## tarixli e-2- 2(113)-2796/2025 qərardadı ilə qiyabi qətnamə ləğv olunaraq, iş mahiyyəti üzrə baxışa təyin edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 42.961 manat əsas borc və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43.181 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – P.Zamanlı).

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müxtəlif vaxtlarda partiyalarla malları cavabdehə təhvil vermişdir. Iddiaçının malları cavabdehə təhvil verməsi işdə olan qaimə-fakturalarla öz təsdiqini tapır. Həmin qaiməfakturalar hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və həmin qaimə fakturalara cavabdehin adı əks olunmuş möhür də vurulmuşdur. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında qeyd olunan qaimələr üzrə malları təhvil alan şəxslərin hüquqi şəxsin işçiləri olduğunu və malların qəbul olunduğunu təsdiq etmişdir. Bunları nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı malların cavabdehə müqavilədə göstərilən qaydada təhvil verilməsi ilə bağlı MM-in 567-ci maddəsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. Həmçinin, sözügedən alıq-satqı münasibətləri çərçivəsində alınmış malların bir hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmişdir.

9. Digər tərəfdən cavabdehin nümayəndəsi öz izahatında Aida Quliyeva və Ilqar Mikayıllı arasında 2023-cü il ## ##### və 22 avqust tarixlərdə elektron poçt vasitəsi ilə aparılmış yazışmalara əsasən, 50.000 manat məbləğində ödəniş edildiyini və borcun silindiyini bildirsə də, qeyd olunan şəxslərin hazırkı işlə və tərəflərlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Habelə, iş materiallarına əlavə olunmuş **** nömrəli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər cavabdehin iddiaçıya 2023-cü il ## ###### tarixinə 37.743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.

10. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Buna görə də iddiaçı 36.407 manat əsas borc və ona hesablanmış 6.554 manat ƏDV borcunun cavabdehdən tutulmasına dair hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 462.1, 467, 567 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmuşdur (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən malların təhvil verilməsinin iş materialları ilə sübut olunmadığını bildirsə də, 2025-ci il ## ####### tarixli məhkəmə iclasının protokolundan müəyyən olunanlara görə, cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən malların təqdim olunduğunu və mağaza müdirləri tərəfindən malların qəbul edildiyini qeyd etmişdir (2025-ci il ## ####### tarixli məhkəmə iclasının audio-video yazısı: 10: 50; 21:58).

15. Bu baxımdan məhkəmə, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında malları qəbul etdiyini qəbul edib daha sonra apellyasiya şikayətində təkzib etməsi vicdanlılıq prinsipinə zidd olmuşdur.

16. Eyni zamanda, iddiaçı tərəfindən məhkəmə qaimə-fakturalar təqdim olunmuş, qaimə-fakturalar cavabdehin möhürü ilə təsdiq edilmiş və sonuncu qaimə-fakturalardakı möhürünü mübahisələndirməmişdir.

17. Elektron qaimənin təqdim edilməməsi qəbul etdiyi malların dəyərinin ödənilməməsi üçün əsas deyil. Belə ki, elektron qaimə mülki öhdəliklər üzrə ödəniş öhdəliyini yaradan ilkin sənəd deyil, vergi nəzarət mexanizmini tənzimləyən sənəddir. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələr ibarət olmuşdur.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 13, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 567, 598.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ##### tarixli Qərarına, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Kassator şikayətində MM-in 385.1-ci maddəsi üzrə bildirir ki, iddiaçı malları təhvil vermədiyi üçün cavabdehin ona qarşı hər hansı öhdəliyi yaranmır.

21. Kassator MM-in 442-ci maddəsinin pozulmasına və ya düzgün tətbiq olunmamasına həmin normaların məzmununu sadalamaqla istinad edir.

22. MPM-in 77-ci maddəsi üzrə - məhkəməyə sübut kimi təqdim olunan alqı-satqımüqaviləsi, təhvil-təslim aktları, qaimələr, üzləşmə aktları mötəbər sübutlar olmamışdır. Belə ki, malların verilməsini rəsmiləşdirən elektron qaimələr mövcud deyil və təqdim olunan təhvil-təslim aktları etibarsızdır, aktlarda təhvil alan şəxs göstərilməmişdir. Məhz bu səbəbdən iddiaçının sübutetmə vəzifəsi icra olunmamışdır.

23. MPM-in 88-ci maddəsi üzrə - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimələr, təhvil təslim aktları etibarsızdır. Mallar cavabdehə təhvil verilməmişdir. Bundan əlavə, iş üzrə faktiki borcun mövcud olub-olmaması məsələsinin müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Məhkəmə bu zəruri prosessual hərəkəti həyata keçirmədən, yəni sübut olunmamış və dəqiqləşdirilməmiş məlumatlara əsaslanaraq iddianı qismən təmin etmiş və nəticədə obyektiv həqiqət tam müəyyən edilmədən qərar qəbul olunmuşdur.

24. Kassator həmçinin sənədlərdə malların kimin tərəfindən təhvil alındığının göstərilmədiyini vurğulayır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ##### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“... Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. ...”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

33. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

34. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

35. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 42.961 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

36. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

37. Kassator dəlillərində “iddiaçının malları təhvil vermədiyi üçün cavabdehin ona qarşı hər hansı öhdəliyi yaranmadığını və.s” qeyd etmişdir. Kassasiya şikayətinin bu məzmunda dəlilləri apellyasiya məhkəməsində də bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

38. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

39. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

40. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar