Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-307/2026 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Inzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlu və Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə məhkəmə icraatı a) Şirvan Şəhər Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.000 manat pul və 120 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən iki il əvvəl cavabdeh ona təcili pul lazım olduğunu bildirərək iddiaçıdan 10.000 manat pul istəmiş və tez bir zamanda qaytaracağına söz vermişdir. Həmin məbləğin verilməsindən iki il vaxt keçməsinə baxmayaraq, dəfələrlə müraciət olunsa pul geri qaytarılmamışdır. 2023-cü il # ###### tarixində tərəflər öz aralarında borcun etirafını əks etdirən sənəd imzalamışlar.
3. Şirvan Şəhər Məhkəməsinin 2026-cı il ## ###### tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – A.Məmmədli).
4. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunanlara görə, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur.
5. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur.
6. Iddiaçı və cavabdeh vergi ödəyicisidirlər. Həmçinin tərəflərin izahatlarından da görünür ki, tələb cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlərdən irəli gələn mübahisələrdən yaranmışdır. Qeyd olunanlara əsasən, mübahisə fərdi sahibkar statusuna malik şəxsin kommersiya xarakterli fəaliyyətlərindən irəli gəldiyindən, məhkəmə işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir.
b) Şirvan Kommersiya Məhkəməsindəki icraat
7. Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Abbasov).
8. Kommersiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin predmetini iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş pul vəsaitinin sonuncunun geri qaytarmaması nəticəsində iddiaçının pozulmuş hüquqlarının müdafiəsi və bərpası ilə bağlı subyektiv hüququ təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa, tərəflərin izahatlarına, iş materiallarına əlavə edilmiş borcu etiraf barədə sənədin surətinə əsasən müəyyən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas vermişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçının tələbi cavabdehin aldığı borc pul vəsaitini şərtləşdirilmiş vaxtda geri qaytarmamasından irəli gələn mülki-hüquqi tələbdir.
9. Məhkəmə mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən əsas və həlledici meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd etmişdir ki, tərəflərin mübahisə predmeti ilə əlaqədar hüquq münasibətlərinə daxil olarkən güddükləri niyyət və məqsədləri onların birgə və ya ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsinə yönəlməmiş, adi borc (kredit) müqaviləsinin bağlanması xarakterində olmuşdur. Belə ki, iddia ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında və əvvəlki məhkəmə prosesində sərgilədiyi iradə ifadəsində iddiaçı, tələb etdiyi pul məbləğini cavabdehə borc (kredit) olaraq verdiyini qəti şəkildə bildirmişdir. Cavabdeh də iddiaçıdan borc pul aldığını etiraf etmişdir. Beləliklə, iddianın predmetinin borc (kredit) münasibətləri çərçivəsində yaranmış mübahisə ilə əlaqədar olması müəyyən edilmişdir.
10. Həmçinin, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Bu xüsusat da tərəflər arasında yaranmış borc münasibətlərinin əvəzsiz olmasını, iddiaçının borc verərkən gəlir əldə etmək məqsədini daşımadığını, dolayısı ilə iddiaçı və cavabdehin hər ikisinin sahibkarlıq subyektləri olmalarına baxmayaraq borc (kredit) müqaviləsinin kommersiya xarakterli olmadığını söyləməyə əsas vermişdir.
11. Beləliklə, məhkəmə, borc (kredit) müqaviləsi üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlmişdir. Işin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alan məhkəmə, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
Ali Məhkəmənin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir.
15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 13) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
16. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 12) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Iş materiallarından məlum olur ki, iddiaçı və cavabdehin hər ikisi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bununla belə, iddia ərizəsinin məzmununda, həmçinin iş materiallarında olan tərəflərin öz imzaları ilə təsdiq etdiyi və hazırkı iddianın faktiki əsasını təşkil edən iddiaçı tərəfindən cavabdehə verilmiş borcla bağlı sənədin məzmununda borcun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verildiyini təsdiq edən hər hansı hal mövcud deyildir. Borcun verilməsi ilə bağlı adıçəkilən sənəddə tərəflərin VÖEN-lərinin göstərilməməsi, eləcə də borc münasibətlərinin əvəzsiz olması, həmçinin məhkəmə iclasındakı izahatlardan (iş v. 20) tərəflər arasında adi borc münasibətlərinin müəyyən olunması, iddiaçının borc verərkən gəlir əldə etmək məqsədinin olmaması dolayısı ilə tərəflərin sahibkarlıq subyektləri olmalarına baxmayaraq, tərəflər arasında münasibətin kommersiya xarakterli olmadığına dəlalət edir.
18. Qarışıq məhkəmə tərkibinin mövqeyinə görə, tərəflərin fərdi sahibkar olmasına baxmayaraq, qeyd olunan xüsusatlar hazırkı mübahisənin şəxsi münasibətlər zəminində verilmiş borc ilə əlaqədar yarandığına dair kommersiya məhkəməsinin gəldiyi nəticənin doğru olduğunu güman etməyə kifayət qədər əsas verir.
19. Odur ki, iddiaçının və cavabdehin fərdi sahibkar statusuna malik olması (vergi uçotuna alınması) hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.
20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
21. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.